“Avropanın regional sabitlik prioritetləri Azərbaycanın siyasəti ilə uzlaşır” Siyasət

“Avropanın regional sabitlik prioritetləri Azərbaycanın siyasəti ilə uzlaşır”

“Dublində keçirilən “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə toplantısı Azərbaycanın Avropa siyasi məkanında artan rolunun və beynəlxalq nüfuzunun növbəti göstəricisi kimi qiymətləndirilə bilər. Xüsusilə diqqətçəkən məqam ondan ibarətdir ki, Avropanın enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları və regional sabitliklə bağlı strateji prioritetləri Azərbaycanın həyata keçirdiyi siyasətlə birbaşa uzlaşır”.

Bunu xalqcebhesi.az-a siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva bildirib.

Z.Qarayeva qeyd edib ki, bu gün Azərbaycan artıq Avropa üçün yalnız enerji təchizatçısı deyil, həm də etibarlı siyasi tərəfdaş, mühüm tranzit mərkəzi və regional təhlükəsizlik proseslərində fəal iştirak edən dövlətdir: “Cənub Qaz Dəhlizi, Orta Dəhliz, yaşıl enerji layihələri və Şərqlə Qərbi birləşdirən nəqliyyat infrastrukturu ölkəmizin geosiyasi əhəmiyyətini daha da artırır. Prezident İlham Əliyevin həyata keçirdiyi çoxvektorlu və milli maraqlara əsaslanan xarici siyasət Azərbaycanın müxtəlif güc mərkəzləri ilə bərabərhüquqlu əməkdaşlıq qurmasına imkan yaradıb. Xüsusilə Cənubi Qafqazda sülh gündəliyinin irəli aparılması Azərbaycanın regional proseslərdə təşəbbüskar mövqeyini gücləndirir. Bu baxımdan Dublin Sammiti həm Azərbaycanın Avropa ilə münasibətlərinin inkişafı, həm də ölkəmizin beynəlxalq siyasi dialoqda mövqeyinin möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır”.

“2028-ci ildə “Avropa Siyasi Birliyi”nin Zirvə toplantısının Bakıda keçirilməsi isə Azərbaycanın diplomatik uğurlarının daha bir mühüm mərhələsi olacaq. Nəzərə almaq lazımdır ki, belə mötəbər platformanın Azərbaycana həvalə edilməsi ölkəmizin beynəlxalq tədbirləri təşkil etmək imkanlarına, siyasi sabitliyinə və diplomatik potensialına göstərilən etimadın ifadəsidir. Azərbaycan artıq yalnız beynəlxalq təşəbbüslərə qoşulan dövlət deyil, müxtəlif siyasi və geosiyasi məkanları bir araya gətirən dialoq platformalarının təşkilatçısı kimi çıxış edir. AQEM çərçivəsində sədrliyimiz, 2027-ci ildə İslam Əməkdaşlıq Təşkilatının Zirvə toplantısına ev sahibliyi perspektivi və Mərkəzi Asiya dövlətləri ilə dərinləşən əməkdaşlıq bu siyasətin ardıcıl xarakter daşıdığını göstərir” - deyə politoloq diqqətə çatdırıb.

O eləcə də deyib ki, Bakının gələcəkdə beynəlxalq diplomatiyanın mühüm mərkəzlərindən birinə, hətta yeni Cenevrə və ya Vyana kimi dialoq məkanına çevrilməsi perspektivi də məhz bu proseslər fonunda aktuallaşır: “Ən mühüm məqam isə odur ki, Azərbaycan Avropa, Asiya və İslam dünyası arasında siyasi dialoqun inkişafında özünəməxsus mövqe formalaşdırır. Hesab edirəm ki, 2028-ci il Bakı Sammiti ölkəmizin beynəlxalq nüfuzunu daha da möhkəmləndirməklə yanaşı, Azərbaycanın qlobal diplomatik proseslərdə təşəbbüskar və birləşdirici aktor kimi rolunun güclənməsinə mühüm töhfə verəcək”.

Röya İsrafilova