Almaniya Ukraynaya 200 milyon avro ayıracaq Gündəm

Almaniya Ukraynaya 200 milyon avro ayıracaq

Almaniya hökuməti qış dövründə humanitar və infrastruktur yardımı üçün Ukraynaya əlavə 200 milyon avro ayıracaq.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin və İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin birgə bəyanatında bildirilib.

"Xarici İşlər Nazirliyi və İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi qış yardımının göstərilməsi üçün ən qısa müddətdə ümumi məbləği 200 milyon avro olan əlavə vəsait ayırır. Bundestaqın büdcə komitəsi bu gün buna yaşıl işıq yandırıb", - deyə sənəddə qeyd olunur.

Vəsaitlər Ukrayna şəhərlərində elektrik, istilik və su təchizatı sistemlərinin işinin dəstəklənməsinə, həmçinin əhalinin zəruri tələbat malları ilə təmin olunmasına yönəldiləcək.

İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi xətti ilə maliyyələşmə məktəblərin, uşaq bağçalarının, kənd təsərrüfatının və mülki müdafiə xidmətlərinin dəstəklənməsinə sərf ediləcək. Almaniya XİN isə cəbhəyanı rayonların sakinlərinə, məcburi köçkünlərə və Moldova da daxil olmaqla qonşu ölkələrdəki qaçqınlara humanitar yardıma, eləcə də şəhər infrastrukturunun qışa hazırlanmasına diqqət yetirəcək.

Almaniyanın xarici işlər naziri Yohann Vadeful Berlinin Kiyevə humanitar dəstək göstərməyə davam edəcəyini bəyan edib.

Məryəm Quliyeva