“Ermənistan sülh üçün Konstitusiyasını dəyişməlidir” Siyasət

“Ermənistan sülh üçün Konstitusiyasını dəyişməlidir”

44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Cənubi Qafqazda yeni siyasi reallıq yaradıb. Ermənistan istəsə də, istəməsə də, bu reallığı qəbul etməli və ona uyğunlaşmalıdır.

Bu barədə politoloq Azad Məsiyev “Xalq Cəbhəsi”nə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Azərbaycan regionda sabitliyin, sülhün və əmin-amanlığın təmin olunması üçün praktiki addımlar atır: “Ermənistana strateji yüklərin daşınması, benzin və dizel yanacağının satılması Azərbaycanın sülh təşəbbüslərinin real təzahürləridir. Azərbaycan qonşularla dinc yanaşı yaşamaq prinsipini əsas götürür və Ermənistanın da bu prinsipə uyğun davranmasını məqsədəuyğun hesab edir. Vətən müharibəsindən sonra Prezident İlham Əliyevin təşəbbüsü ilə Ermənistanla münasibətlərin normallaşdırılması üçün beş əsas prinsip irəli sürülüb. Bu prinsiplərin təməlində iki dövlətin bir-birinin suverenliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını tanıması dayanır.Lakin Ermənistan Azərbaycanın sülh təşəbbüsünün mahiyyətini hələ də tam şəkildə qəbul etmir. Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının qalması sülh prosesinin qarşısında ciddi maneədir.Ermənistan dünyaya inteqrasiya etmək və sözün həqiqi mənasında müstəqil dövlətə çevrilmək istəyirsə, mütləq qonşularla münasibətlərini bərpa etməli, dinc yanaşı yaşamaq prinsipinə əməl etməlidir. Bunun üçün Azərbaycanla sülh sazişi imzalanmalı, Azərbaycanın, eləcə də Türkiyənin ərazi bütövlüyü tanınmalı və torpaq iddialarından imtina edilməlidir”.

Politoloqun fikrincə, Ermənistan Konstitusiyasına dəyişiklik edilməsi və bu məsələnin referendum yolu ilə həll olunması zəruridir: “Azərbaycan sülh sazişinin yalnız Ermənistanın baş naziri Nikol Paşinyanla deyil, erməni xalqının iradəsini əks etdirən siyasi qərar əsasında imzalanmasının tərəfdarıdır. Referendum xalqın iradəsinin ifadəsidir. Əgər Ermənistan xalqı qonşularla dinc yanaşı yaşamaq prinsipini qəbul edirsə, bunu praktiki addımlarla da göstərməlidir. Bu addımlardan biri referendum keçirərək qonşu dövlətlərin ərazilərinə qarşı iddialardan imtina etməkdir. Xalqın bu qərara səs verməsi erməni xalqı ilə sülhün təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır”.

A.Məsiyev Azərbaycanın irəli sürdüyü bu yanaşmanın beynəlxalq hüququn prinsiplərinə uyğun olduğunu bildirib: “Sülh sazişinin əsas şərti dövlətlərin bir-birinin ərazi bütövlüyünü tanımasıdır.Ermənistanın Avropaya və dünyaya inteqrasiyası da Azərbaycanla münasibətlərin normallaşdırılmasından keçir. Bununla belə, sülh sazişinin mətni razılaşdırılsa da, onun hüquqi status alması və imzalanması üçün Ermənistan Konstitusiyasında müvafiq dəyişikliklər edilməlidir. Ermənistanın müstəqil dövlət kimi dünyaya inteqrasiya etmək niyyəti varsa, Konstitusiyasına yenidən baxmalıdır. Söhbət təkcə Azərbaycana qarşı ərazi iddialarından getmir. Ümumilikdə, avantürist müddəalar Konstitusiyadan çıxarılmalıdır ki, qonşularla münasibətlərdə dinc yanaşı yaşamaq prinsipinə əməl edilsin. Bu baxımdan referendum keçirilməsi və erməni xalqının bu dəyişikliklərə səs verməsi zərurəti gündəmə gəlir”.

Günel Elxan