“Azərbaycanın əldə etdiyi uğurlar bizə dost olmayan ölkələri ciddi şəkildə narahat edir” Siyasət

“Azərbaycanın əldə etdiyi uğurlar bizə dost olmayan ölkələri ciddi şəkildə narahat edir”

Mübariz Əhmədoğlu: "Bizim ən böyük qələbəmiz isə məhz Ermənistan üzərində çaldığımız qələbə olacaq"

Bu gün politoloq Mübariz Əhmədoğlu mətbuat konfransı keçirib. Konfransda politoloq ölkəmizdə və dünyada baş verən bir sıra proseslərə münasibət bildirib. Mübariz Əhmədoğlu Azərbaycanda keçirilən I Avropa Oyunlarının açılış mərasimində bir sıra dünya dövlətlərinə öz gücümüzü tariximizlə, adət-ənənələrimizlə göstərdiyimizi qeyd edərək deyib ki, Azərbaycanın əldə etdiyi uğurlar bizə dost olmayan ölkələri ciddi şəkildə narahat edir, o cümlədən işğalçı Ermənistanı: "Bizim ən böyük qələbəmiz isə məhz Ermənistan üzərində çaldığımız qələbə olacaq. O gün heç də uzaqda deyil. Biz buna addım-addım yaxınlaşırıq. Demək olar ki, siyasi fəaliyyətimizlə biz bu qələbənin təməlini artıq qoymuşuq. ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin böyük sülh sazişi ifadəsini işlətməsi, zəngilanlı qaçqınlarla görüşməsi bunu bir daha sübut edir. Bu gün Dağlıq Qarabağ münaqişəsinin həll olunması istiqamətində beynəlxalq təşkilatların, ölkəmizin strukturlarının səyləri artıb. Əvvəllər bununla təkcə Müdafiə və Xarici İşlər Nazirlikləri məşğul idisə, indi bu prosesə digər strukturlar da qoşulub. Biz hərtərəfli Ermənistanla mübarizə aparırıq və bu yolda qalib gələcəyimizə inanırıq. Çünki güclü dövlətimiz, dövləti idarə edən güclü Prezidentimiz var".
Mübariz Əhmədoğlu həmçinin ermənilərin nə qədər səriştəsiz, siyasətdən bixəbər olduğunu təsdiqləyən faktlar da açıqlayıb. Belə ki, politoloq ermənilərin səhvini dilə gətirərək qeyd edib ki, ermənilərin etdiyi sonuncu səhv Varatan su elektrik stansiyasını ABŞ-a satmaq arzusu oldu: "İlkin olaraq su stansiyasının müqabilində istənilən məbləğ yüksək olsa da, faktiki ABŞ 110 milyon dollar pul verir. Buna da Ermənistan razıdır. Çünki səfalət içində yaşayan ermənilər bu dəqiqə hər şeylə razılaşır. Azərbaycanın əzəli torpağında yerləşən Varatanın ABŞ-a satılması İranı narazı salıb. Ona görə ki, İran sərhədində yerləşən bu ərazidən ABŞ İranın xeyli ərazisini izləyə biləcək".
Mübariz Əhmədoğlu deyib ki, Rəcəb Tayyib Ərdoğan hələ Türkiyənin baş naziri olarkən Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Sankt-Peterburqda Rusiya prezidenti Vladimir Putinlə görüş keçirdi: "Ərdoğan dedi ki, Rusiya ilə Türkiyə arasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı razılaşdırılmış variant mövcuddur. Sonradan "erməni soyqırımı"nın 100 illiyi ərəfəsində Türkiyə ilə Rusiya arasında müəyyən gərginlik yarandı. Azərbaycan prezidentinin apardığı siyasət, onun yaratdığı aura Türkiyə ilə Rusiyanı Bakıda barışdırdı".
Politoloq bildirib ki, Avropa Oyunlarının açılış mərasimində iştirak edən Putin Rusiyaya gedəndən sonra Türkiyənin energetika və təbii ehtiyatlar naziri Taner Yıldız bildirib ki, Rusiya "Türk axını" layihəsinin koordinatlarını bizə verib: "Əgər Türkiyə bunu təsdiq edirsə, deməli koordinatları qəbul edib və bu məlumatlara münasibəti müsbətdir deyə bunu yayıb".
Politoloq Putinlə Azərbaycan prezidenti İlham Əliyevin görüşünə də toxunub. O qeyd edib ki, Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov iki dəfə vurğuladı ki, prezidentlər Dağlıq Qarabağ münaqişəsini müzakirə edib: "Putinin Bakıda keçirdiyi görüşlərin alt konteksti Dağlıq Qarabağ məsələsidir".
M.Əhmədoğlu bildirib ki, əgər Dağlıq Qarabağ münaqişəsi tənzimlənməyəcəksə, Türkiyə istənilən anda Rusiyanın Türk axını layihəsini dayandıra biləcək: "Rusiya da bunu bilir və Azərbaycanla Türkiyəni itirmək istəmir".
O sonra qeyd edib ki, Bakı görüşü Azərbaycan, Türkiyə və Rusiya üçbucağının yaranması üçün bünövrə oldu, bu artıq regionda təhlükəsizliyin möhkəmlənməsi deməkdir.

Əli