Azərbaycanın işğal altında olan mirvarisi - Şuşa Layihə

Azərbaycanın işğal altında olan mirvarisi - Şuşa

Azərbaycanın bu qədim, zəngin tarixə və mədəniyyətə malik şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ələ keçirilməsi ilə Dağlıq Qarabağın işğalı başa çatdırılıb

1992-ci il mayın 8-nə keçən gecə erməni birləşmələrinin Şuşa şəhəri üzərinə hücum əməliyyatının məxfi adını «dağlarda toy» adlandırırdılar.

8 may 1992-ci il tarixdə qalmış Qarabağ cəbhəsinin komandanı Arkadi Ter-Tadevosyan Şuşa şəhərinə hücum üçün əmr imzaladı. Əslində isə ermənilərin Şuşa üzərinə hücumlarının icrasına artıq aprel ayının 27-dən başlanmışdı. Arkadi Ter–Tadevosyan bu əmri isə cəbhə boyu ermənilərin hücumlarını rəsmləşdirməklə bərabər bu hücumları daha da intensivləşməsinə səbəb oldu. Şuşa istiqamətində bütün cəbhə boyu ermənilər üstünlüyü ələ almışdılar, onlar bütün imkanlarını səfərbər edərək Şuşanın süqutuna doğru irəliləyirdilər. Ermənilər aldadıcı manevrlərlə Şuşa şəhərinin mühasirəsini daraltmağa çalışırdılar. Belə ki, 1992-ci il may ayının 6-da Yura Ovanesyan Canhəsən istiqamətindəki Azərbaycan mövqelərinə bir neçə sarsıdıcı zərbələr endirərək, döyüş mövqeyini dəyişib Şuşa şəhərinə doğru istiqamətləndi. Canhəsən–Kosalar istiqamətindəki Yura Ovanesyanın başladığı döyüşü davam etdirilməsi tapşırığını 26-cı bölmə öz üzərinə götürdü. Burada erməni ordusunun əsas məqsədi Azərbaycan döyüşçülərinin diqqətini Canhəsən–Kosalar istiqamətinə cəlb etməklə Şuşa şəhərini mühasirəyə salmaq idi. Həmin gün axşama doğru Azərbaycanın iki hərbi vertolyotu Şuşa ətrafındakı ermənilərin təmas xəttinə zərbələr endirdilər.Bundan bir neçə dəqiqə sonra Su-25 döyüş təyyarəsi qalxaraq Xankəndi şəhərinə bir neçə bomba atıb Ağdam istiqamətində uçub getdi. Bu Azərbaycan tərəfinin Şuşanın süqutuna qədər sonuncu həmlələri oldu. Şuşanın işğalını müşahidə etmək üçün may ayının 6-da bütün erməni komandanlığı, xarici qonaqlar və jurnalistlər dəniz səviyyəsindən 1207,3 m şimal yüksəkliyində yerləşən Şuşakəndə toplaşmışdılar. Onların sırasında Qarabağ cəbhəsinin komandanı Arkadi Ter–Tadevosyan, Ermmənistanın müdafiə naziri Vazgen Sərkisyan, general Qurqen Dalıbaltayan, Ermənistanın hərbi qərəargah rəisi Feliks Qozoryan, Robert Koçaryan, Serj Sarkisyan, Leonid Martirosyan, Oleq Eseyan, Zori Balayan, Andrey Saxarovun ögey oğlu Aleksey Semenov, Elena Bonner, Baronessa Koks, eləcə də «Ümumdünya xristian həmrəyliyi» və “Daşnaksütun” terror təşkilatının rəhbərləri özlərinə xüsusi yer almışdılar. Onlar buradan bütün cinahlar boyu hücum xəttini izləyir və öz döyüşçülərinə göstərişlər verirdilər. Ermənilərin, birinci və ikinci cinahlarla irəliləyən qoşun hissələrinin döyüş tapşırığı, Şuşaya istiqamətlənən yollardakı azərbaycanlıların bütün atəş nöqtələrini susduraraq qala divarlarına yaxınlaşmaq idi.

Üçüncü cinahın döyüşçüləri isə Şuşa – Laçın yolunu atəş altında saxlayaraq Şuşanı mühasirəyə salmaqla, Laçın – Qubadlı istiqamətindən Şuşaya köməyə gələn azərbaycanlı döyüşçülərin hərəkətinə mane olmaqla bərabər Zarıslı kəndini işğal edərək orada möhkəmlənmək bununla da Laçınla Şuşanın əlaqəsini tamam kəsmək əmri almışdılar. Canhəsən – Kosalar istiqamətindəki döyüşçülərə çoxlu sayda aldadıcı manevrlər etmək, azərbaycanlı döyüşçülərin diqqətini bu aldadıcı manevrlərə cəlb etmək tapşırılmışdı. Məhz bundan sonra süni yaradılmış vəziyyətdən istifadə edərək Şuşanın mühasirəsini getdikcə daraldaraq şəhəri təslim etmək olardı. Kərkicahan kəndindən və Xankəndindəki Rus Hərbi bazalarından Şuşa şəhərinin yaşayış məntəqələrinə və ictimai iaşə obyektlərinə fasiləsiz raket zərbələri endirilirdi. Bundan vahiməyə düşən Şuşanın mülki əhalisi keçilməz meşələrlə Laçın istiqamətində canlarını götürüb qaçırdılar. Nə səbəbdənsə Şuşanın mühasirəsindən qabaq Azərbaycanın Hərbi komandanlığı Şuşadakı azərbaycanlı döyüşçülərin bir qismini cəbhə xəttindən geri çəkmiş, digər bir qismi isə məzuniyyətə buraxmışdı. Cəbhə xəttində pərakəndəlik və özbaşınalıq hökm sürdüyündən, döyüşçülərin sırasında üstəlik özbaşına döyüş mövqelərini tərk edənlər də var idi. Komandanlıq tərəfindən hücum tapşırığı verilmədiyindən döyüşçülərimiz yalnız müdafiə mövqeyində dayanırdılar. Onsuz da ermənilərin mühasirəsini yarmaq və ya erməni hücumlarının qarşısını almaq üçün heç canlı qüvvə və texnika da çatışmırdı.

Bütün bu qeyri bərabər ölüm-dirim savaşında hələlik öz mövqelərini müvəqqəti də olsa qoruya bilən azərbaycanlı döyüşçülər Şuşaya daxil olmaq istəyən 422 №-li tankı vurmağa nail oldular. Tankın komandiri Qaqik Avşaryan, sürücü mexanik Aşot Avanesyan, atıcı-artirelist Serj Sərkisyan elə ilk və son atəşdən maşının kabinəsindəcə ölmüşdülər. Xocalı üzərinə hücum zamanı xüsusi “qəhrəmanlıq” göstərən bu tanka və onun heyətinə etimad göstərilmişdi ki, onlar bir “qəhrəman” kimi Şuşa qalasına taxmaq üçün Ermənistanın bayrağını aparsınlar. Odur ki, hələ Xocalı ağrısı yaşayan əsgərlərimiz üçün bu tankın vurulması xüsusi əhəmiyyət daşıyırdı. Bu hadisəni gözləməyən erməni hərbçiləri mərkəz istiqamətdə döyüşü dayandıraraq, cinahlardan hücumlarını gücləndirdilər. Onlar Qala divarları üzərindən Şuşa türməsinə daxil olmağa qərar vermişdilər. Fasiləsiz raket zərbələri Şuşanın cənubuna və qala divarlarına istiqamətlənmişdi. Bu raket zərbələri Qala divarları üzərindəki bütün müşahidə qüllələrini dağıtdı, həmin gün bütün şəhər od tutub yanırdı. Bu həmlədən sonra Şuşanın mühasirəsinə son qoyuldu və ermənilər qala divarları üzərindən şəhərə daxil olmağa başladılar. Üçüncü cinahdakı erməni qoşun bölmələri Laçın – Şuşa yoluna çıxdılar, Şuşanın Laçınla əlaqəsi tamam kəsildi. Bununla da Şuşa, Canhəsən, Kosalar, Qaraqaya erməni işğalının altına düşdü. May ayının 7-dən Şuşaya daxil olmuş erməni qoşun hissələri, küçə döyüşləri ola biləcəyindən ehtiyatlanaraq küçələrdə açıq şəkildə hərəkət etməyə cürət etmirdilər. Nəhayət may ayının 9-da gecə saat 4-də şəhərin boş olduğuna əmin olan ermənilər Şuşa şəhəri üzərindəki qələbələrini bayram etməyə başladılar. Lakin bu işğal ermənilərə o qədər də asan başa gəlməyib. 11 min erməni əsgərinə cox az sayda azərbaycanlı müqavimət göstərirdi. Azlıqda olan Azərbaycan əsgərləri isə kömək gözləyirdilər. 10 saatdan artıq davam edən döyüşlərdə 1860 azərbaycanlı yaralandı, 480-i həlak oldu, 22 min nəfər öz yurdundan didərgin düşdü. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər məlumat yoxdur.

Şuşaya hücumdan bir neçə saat öncə Tehranda İran başçısının vasitəçiliyilə ErmənistanAzərbaycan rəhbərləri Qarabağ münaqişəsinin dinc yolla həllinə dair saziş imzalayıb. Agentilk ekspertlərə istnadən yazır ki, Şuşanın işğalı Rusiyanın hərbi-siyasi dairələrinin iştirakı ilə təşkil olunub. Məqsəd Azərbaycanın Rusiyadan aralanmasına yol verməmək idi. İşğalın ilk günlərində Rusiya generalları və müxtəlif səviyyədə siyasətçilər işarə ilə bildirirdilər ki, Bakı öz silahlı qüvvələrini vahid MDB komandanlığına tabe etməyə razı olsa, həmçinin rusiyapərəst xarici və daxili siyasi kurs aparsa şəhər qaytarıla bilər.

1992-ci il mayın 14-də hakimiyyətə qayıdan prezident Ayaz Mütəllibov Şuşanın işğalını "hərbi dövrün şıltaqlığı" adlandırmışdı və şəhərin azad olunacağına işarə etmişdi. Lakin bir sutkadan da az vaxtda A.Mütəllibov devrildi.

300 kvadrat kilometr ərazisi olan Şuşa şəhərində həmin dövrdə 24.900 əhali yaşayıb.

Şuşanın işğalı zamanı yerli əhalinin 193 nəfəri şəhid, 102 nəfəri isə əlil olub.

İşğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edildi. Beş minə yaxın eksponatı olan Şuşa tarix muzeyi, Dövlət xalça muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyi, Qarabağ dövlət tarix muzeyi, həmçinin Laçın rayonundakı Ağoğlan məbədi, dünya əhəmiyyətli arxeoloji abidə sayılan paleolit dövrünə aid Azıx mağarası, Xocalıdakı Əsgəran qalası, Kəlbəcər tarix muzeyinin və digər mədəniyyət ocaqlarının, rəsm qalereyalarının bənzərsiz ekspozisiyaları dağıdılıb və talan olunub, müqəddəs məbəd və məscidlər təhqir edilib, kitabxanalar yandırılıb, misilsiz əlyazma nümunələri məhv edilib.

Bu siyahıya Xan mağarası, Qaxal mağarası, Şuşa qalası da olmaqla bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir. Ermənilər Azərbaycana məxsus olan bir çox abidənin məhv edilməsinə və ya onların erməniləşdirilməsinə nail olublar. Onlar Şuşada 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, 8 mədəniyyət evini, 14 klubu, 20 kitabxananı, 2 kinoteatrı, 3 muzeyi, Şərq musiqi alətləri fabrikini dağıdıblar.

Yeri gəlmişkən, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 27-ci ildönümü ilə əlaqədar yaydığı bəyanatda deyilir ki, Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin 80 mindən çox, o cümlədən Şuşa rayonunun 34 mindən çox olan azərbaycanlıları beynəlxalq birliyi Azərbaycan xalqına qarşı bu gün də davam edən təcavüz hərəkətlərinə obyektiv siyasi-hüquqi qiymətin verilməsi üçün ölkəmizin haqlı mövqeyini dəstəkləməyə çağırır: “Biz dünya ictimaiyyətini və beynəlxalq təşkilatları Azərbaycanın tarixi, memarlıq və dini abidələrin məqsədyönlü şəkildə dağıdılması, talan edilməsi və mənimsənilməsinə, eləcə də bu işğala son qoyulmasına çağırırıq. Biz humanizm ideyalarının daşıyıcısı olan bütün beynəlxalq təşkilatlardan tələb edirik ki, Ermənistanın işğalçılıq siyasətinin ifşa olunması üçün təsirli tədbirlər görülsün. Bununla yanaşı, Ermənistanın təcavüzünün qurbanı olan bir milyondan çox insanın haqq səsi eşidilsin və pozulmuş hüquqlarımızın bərpa olunması üçün ermənilərin cinayətkar əməlləri beynəlxalq səviyyədə qınaq obyektinə çevrilsin.

Qeyd etmək vacibdir ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə əlaqədar 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bir daha təsdiq olunur, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu bildirilir, işğalçı qüvvələrin işğal etdikləri Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxması göstərilir. Ancaq BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə, Qoşulmama Hərəkatının, Avropa Şurası Parlament Assambleyasının, İslam Əməkdaşlıq Təşkilatının və eləcə də digər beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərə baxmayaraq, indiyə kimi Ermənistan Respublikasının açıq-aşkar hərbi işğalçılıq mövqeyi tutması ucbatından münaqişə ölkəmizin ərazi bütövlüyü və suverenliyi çərçivəsində öz həllini tapmayıb.

Hesab edirik ki, münaqişənin ədalətli həlli Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasından, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsindən təcavüzə məruz qalaraq qovulmuş 80 mindən çox azərbaycanlının doğma torpaqlarına qayıtmasından sonra mümkündür. Biz, Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının Azərbaycan dövlətinin sərhədləri və ərazi bütövlüyü çərçivəsində yenidən birlikdə sülh şəraitində yaşamasına inanırıq. Yalnız bu halda regionda davamlı və ədalətli sülh təmin oluna bilər".

Cavid