Sivilizasiyalararası münasibətin fəlsəfəsi Layihə

Sivilizasiyalararası münasibətin fəlsəfəsi

Ölkəmiz Şərq ilə Qərb arasında körpüdür

I yazı

Azərbaycanda da digər Şərq ölkələrində olduğu kimi, sivilizasiyalararası münasibət probleminə elmi-fəlsəfi münasibətdən öncə ədəbi-bədii münasibət formalaşıb. Yəni ilk reaksiya şair mütəfəkkirlərdən gəlib. Professor Səlahəddin Xəlilovun fikrincə, zamanca dünyanın intellektual dərkinin hissi dərkdən sonra gəlməsi qanunauyğun haldır. Və bir problem kimi fəlsəfi əhəmiyyət kəsb edən ancaq bu iki düşüncə tərzi və mədəniyyət formaları arasında münasibətin öyrənilməsidir. Coğrafi mənada Şərq və Qərb olsa-olsa geopolitika problemi sayıla bilər. Sadəcə olaraq, müasir mənada elm Qərbi Avropada yaranıb inkişaf etdiyindən elmə əsaslanan sivilizasiya formasının şərti olaraq "Qərb" adlandırılması daha məqsədyönlüdür. Reallıqda isə bu gün ABŞ və Yaponiya elmi-texnoloji sistemlərin inkişafında liderliyi ələ keçirdiklərindən fəlsəfi və coğrafi bölgü arasındakı adekvatlıq artıq çoxdan sıradan çıxıb. Qərb sivilizasiyası hissə-hissə, damla-damla bütün planetə paylanmışdır və getdikcə daha çox dərəcədə planetar hadisəyə çevrilmək cəhdləri göstərir. Qloballaşma da məhz bu dəyərlər sisteminin dünyaya yayılması, hamı tərəfindən qəbul olunması və ya hamıya qəbul etdirilməsi proseslərini əhatə edir. Dünyada gedən bu proseslərin dərk olunmuş surətdə, təbii-tarixi inkişaf yolu ilə, mədəniyyətlərin yüksəlişi, sivilizasiyaların dialoqu sayəsində həyata keçməsi üçün mütərəqqi qüvvələrin birgə səyi tələb olunur. Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan da bu proseslərin fəal iştirakçısına çevrilmişdir. Bu məsələyə münasibətini Heydər Əliyev belə ifadə etmişdir: "Avropa ölkələri ilə münasibətlərin inkişafında qədim "İpək yolu"nun bərpasını nəzərdə tutan TRASEKA proqramının həyata keçirilməsinə başlanması mühüm yer tutur. Bu nəhəng nəqliyyat dəhlizinin mərkəzində yerləşən ölkə kimi Azərbaycan Şərqlə Qərbin qovuşmasında mühüm rol oynayır". İndi Azərbaycanda bu strateji kurs Prezident tərəfindən inamla davam etdirilməkdədir.
Son vaxtlaradək Azərbaycanın coğrafi mövqeyi Qədim İpək yolunun bərpasında oyanaya biləcək strateji rol, beynəlxalq neft-qaz kəmərlərinin və dəmir yollarının Azərbaycandan keçməsi və s. bu kimi amillərə istinadla belə bir fikir səslənirdi ki, ölkəmiz Şərq ilə Qərb arasında körpüdür. Lakin prezident İlham Əliyevin qeyd etdiyi kimi, indi Azərbaycanın iqtisadiyyatı və elmi-mədəni potensialı elə bir səviyyəyə çatmışdır ki, biz daha sadəcə olaraq iki sivilizasiya arasında körpü rolunu oynamırııq; biz bu sivilizasiyaların hər ikisinin daşıyıcısı olmaqla onların vəhdətini təcəssüm etdiririk. Çünki "Azərbaycan iqtisadi cəhətdən artıq oturuşmuş dövlət kimi tanınır. Mən hesab edirəm ki, biz artıq iqtisadi sahədə keçid dövrünü başa vurmuşuq." Son illərdə qazanılmış böyük iqtisadi nailiyyətlər Azərbaycana özünün beynəlxalq mövqeyini möhkəmləndirmək, Şərq ilə Qərb arasında tutduğu əlverişli coğrafi vəziyyətdən daha optimal surətdə istifadə etmək imkanı verib.
Şərq-Qərb sivilizasiyalarının dialoqu və ümumbəşəri vəhdət ideyası bu gün diqqət mərkəzindədir. XXI əsrin zaman məsafəsindən baxdıqda, dünyada gedən qlobal proseslərin konturları kifayət qədər aydın görünür və məlum olur ki, dünyanın yeni nizamının formalaşması sivilizasiyaların qarşılıqlı əlaqəsinə də fərqli münasibət göstərilməsini tələb edir. XX əsrin 70-80-ci illərində isə bu yeni tendensiyanın mahiyyətini və üstün istiqamətlərini çox az adam görə bilirdi. Bu yenilik, ilk növbədə mədəniyyət müstəvisində baş verən qlobal proseslərin siyasi müstəvidə təzahüründən ibarət idi. Dünyada Şərq və Qərb bölgüsünün aktuallığının artması da məhz bu yeni tendensiyaların nəticəsi idi.
Azərbaycan əsrlər boyu bir Şərq ölkəsi kimi mövcud olduğundan, azərbaycanlı alimlər SSRİ-də aparılan tədqiqatların əsasən şərqşünaslıq aspektlərinə cəlb edilirdilər; qərbşünaslıq və xüsusən Şərq-Qərb münasibətlərinin tədqiqi isə bizim üçün bir növ yasaq mövzu idi. Belə bir dövrdə – XX əsrin 70-ci illərində Azərbaycanda ilk dəfə görkəmli şərqşünas alim Aida İmanquliyeva öz elmi mühitinin ətalətini dəf edərək və öz zəmanəsini qabaqlayaraq, olduqca aktual, gələcəyə yönəlmiş bu mövzu ətrafında ciddi araşdırmalar apardı. O, problemin elə aspektlərini ön plana çəkdi ki, onlar təkcə Azərbaycanda yox, bütün dünyada ancaq 90-cı illərin axırlarında, iki əsrin qovuşuğunda aktuallaşmış oldu. Siyasi və iqtisadi müstəvidə bu tendensiyanı dünyada ilk dəfə nəzərə alan və Böyük İpək Yolunun bərpası ideyasını irəli sürən ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 8-9 sentyabr 1998-ci ildə 32 dövlət başçısının iştirakı ilə Bakıda keçirilən beynəlxalq konfransda bir sıra planetar miqyaslı strateji layihələrə start verildi. Onu da qeyd etmək yerinə düşər ki, 2000-ci ildə İran prezidenti Məhəmməd Hatəmi Şərq və Qərb sivilizasiyalarının dialoqu ideyası ilə çıxış edəndə, bir çoxları bunu bir yenilik kimi dəyərləndirdi. 2001-ci il isə YUNESKO tərəfindən "Sivilizasiyaların dialoqu" ili adlandırıldı. Məqsədyönlü fəaliyyət nəticəsində bu dəfə ölkəmiz bu dialoqda təşəbbüskar və aparıcı tərəf kimi çıxış etdi. Məhz bu fəaliyyətin sayəsində Bakı 2009-cu ildə bütövlükdə İslam mədəniyyətinin paytaxtı elan olundu. Şərq ilə Qərbi birləşdirən İpək Yolunun bərpası işinin təməli Bakıda qoyulduğu kimi, şəhərimiz "Şərq-Qərb" mövzusunda kino festivalları, incəsənət bayramları, beynəlxalq elmi konfranslar üçün də mədəni-mənəvi məbədə çevrildi.
10 iyun 2008-ci ildə Bakıda "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişlənməsi" mövzusunda keçirilən Beynəlxalq forumdakı çıxışında Mehriban xanım Əliyeva bu sahədə qarşıda duran vəzifələrdən danışaraq dedi: "Görəsən, sivilizasiyalara, xalqlara və ayrı-ayrı insanlara bir-birini eşitməyə, anlamağa nə mane olur və nə kömək ola bilər?"
Maddi mədəniyyətin, elmin, texnologiyanın, iqtisadiyyatın, fiziki sağlamlığın, idmanın prioritetliyinə əsaslanan Qərb sivilizasiyası və mənəvi mədəniyyətin, əxlaqın, dini dəyərlərin prioritetliyinə əsaslanan Şərq sivilizasiyası ancaq bir-birini qarşılıqlı surətdə tamamladıqda kamil insanın formalaşmasına xidmət edir.
Cəmiyyətin həyatında elmlə yanaşı, əxlaq və din də həlledici rol oynayır. Ruhun sağlamlığı təkcə bilik üzərində qurula bilmir. Burada inam, etiqad da eyni dərəcədə önəmlidir. Bütün bu cəhətlər ilk növbədə təhsil strategiyasında öz əksini tapır. Son dövrlərdə Azərbaycanda məktəblərə dövlət qayğısının artması da bu baxımdan qanunauyğun görünür. Milli Olimpiya Komitəsi tərəfindən bütün bölgələrdə yeni idman komplekslərinin tikilməsi işi indi bütün bölgələrdə yeni məktəb binalarının tikilməsi ilə davam etdirilir ki, bu da "sağlam bədən" üçün görülən işlərin "sağlam ruh" üçün görülən işlərlə tamamlanması deməkdir. Siyasi və iqtisadi kursun prioritetliyini önə çəkən, ölkənin davamlı inkişafını təmin etmək üçün möhkəm iqtisadi baza yaradan ölkə Prezidentinin quruculuq fəaliyyəti mədəni-mənəvi dəyərlərimizin qorunub saxlanması, inkişaf etdirilməsi və dünya ictimaiyyətinə çatdırılması sahəsində böyük işlərlə tamamlanır ki, bu da Azərbaycanın hərtərəfli və ahəngdar tərəqqisinə xidmət edir.
Təsadüfi deyildir ki, bu gün bütün dünyanın böyük din xadimləri də özünü artıq tolerantlığın ideoloji mərkəzi və praktik təcəssümü kimi təsdiq etmiş olan Bakıda toplaşır və dinlərin dialoqu çərçivəsində və bununla həm də sivilizasiyaların qarşılıqlı anlaşması istiqa-mətində səmərəli iş aparırlar.
Azərbaycanın eyni zamanda dinlərarası və sivilizasiyalararası dialoqun mərkəzinə çevrildiyini diqqətə çatdıran Prezident İlham Əliyev "Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru" mövzusunda beynəlxalq konfransdakı çıxışında dünyada sülhün təmin olunmasında belə dialoqlara böyük ehtiyac olduğunu demişdir. Həqiqətən də, bu gün Azərbaycan təkcə Şərqdən Qərbə və Qərbdən Şərqə gedən yolların baş keçidi deyil, habelə siyasi və iqtisadi maraqların, dinlərin, mədəniyyətlərin, sivilizasiyaların da qovuşduğu və bir-birini qarşılıqlı surətdə tamamladığı siyasi-iqtisadi və mədəni-mənəvi mərkəzə çevrilmişdir. Bu mənada Azərbaycan həm Şərq, həm də Qərb dəyərlərini ehtiva edir.
Dünyada yeni inteqrativ meyllərin güclənməsi, xüsusən, qloballaşma hadisəsi bu mövzuya diqqətin daha da artırılmasını tələb edir. Son vaxtlar fəlsəfi və ictimai-siyasi fikirdə ən çox rast gəlinən anlayışlardan biri qloballaşmadır. Lakin təhlil göstərir ki, fəlsəfi kontekstdə bu anlayış heç bir yük daşımır. Belə ki, son dövrlərdə dünyanın coğrafi-siyasi xəritəsində ikiqütblü inkişafdan birqütblü inkişaf yoluna keçid tendensiyası müşahidə olunursa, bu hal ancaq yaranmış konkret siyasi-iqtisadi situasiyanı ifadə edir və hər hansı obyektiv-zəruri inkişaf qanunauyğunluğunu əks etdirmir. Fəlsəfə maddi dünyada olduğu kimi, ictimai-siyasi həyatda da konkret tarixi vəziyyətləri yox, insan-dünya münasibətlərinin zəruri mərhələlərini öyrənir. Bu zərurət isə ondan ibarətdir ki, ilk insan cəmiyyətləri yarandığı gündən bu günə qədər insanın əməli fəaliyyəti kiçik ictimai qruplar miqyasından başlayaraq daha böyük ictimai birlikləri və nəhayət, bütün bəşəriyyəti ehtiva edən genişmiqyaslı, qlobal ictimai proseslərin tərkib hissəsi kimi üzə çıxır. Yəni fərdi fəaliyyətlər ancaq ictimai fəaliyyət kontekstində məna kəsb edir.

Cavid