Ahıska türkləri Layihə

Ahıska türkləri

Fərqanə hadisələrindən sonra ahıskalılar əsasən Azərbaycanda məskunlaşmağa çalışırdılar

IV yazı

Araşdırmaçı Sevil Piriyeva bildirir ki, "1957-ci ildən 1967-ci ilin may ayına kimi Sov. İKP MK-ya Ahıska türklərinin öz torpaqlarına qayıtması ilə bağlı 3500 məktub daxil olub. Bu şikayət məktublarına isə "Kütləvi dönmək məqsədə müvafiq hesab edilmir" kimi eyni məzmunda cavablar verilirdi. Göründüyü kimi, Ahıska türklərinin əzəli torpaqlarına dönməsi haqqında 1956-ci ildə dövlət tərəfindən verilmiş qərardan uzun müddət keçməsinə baxmayaraq, onun icrasına hələ də əməl olunmayıb. 1980-cı illərin birinci yarısını Ahıska türklərinin vətənə dönmək uğrunda apardıqları mübarizənin "zəifləmə dövrü" adlandırmaq olar. Çünki bu hərəkata başçılıq edən Ənvər Odabaşov və Xəlil Omarov arasında ciddi fikir ayrılığı, qarşıdurma yaranmışdı. Məsələ bundadır ki, Ə.Odabaşov Ahıska türklərinin ümumi mənafeyini müdafiə edərək onların türk mənşəli olduğunu xüsusi vurğulayır və Ahıskaya da türk kimi qayıtmalarında israr edirdi. X.Omarov isə bundan fərqli olaraq ahıskalıların türkləşmiş gürcülər versiyasına üstünlük verirdi. Bu fikir ayrılığı nəticəsində 80-ci illərin birinci yarısında Ahıska türklərinin vətənə dönmək uğrunda hərəkatı müəyyən qədər zəifləmiş oldu.
1956-cı ildə Ahıska türkləri bəraət aldıqdan sonra onlardan 5-6 ailə Gürcüstan SSR-nin qoyduğu bütün tələb və şərtlərlə razılaşsalar da, Gürcüstana qayıtmaq arzusunda olsalar da, Gürcüstan hökuməti buna da razılıq vermir, onları qəbul etmir. 1958-ci ildə gürcü soyadını qəbul etmiş ahıskalı Lətifşah Barataşvili öz ailəsi ilə birlikdə Azərbaycanda müvəqqəti məskunlaşır. Bir müddət keçdikdən sonra vətənə dönmək hissi milli mənsubiyyət hissini üstələyir, bir neçə ailə, o cümlədən, L.Barataşvili ailəsi ilə əzəli torpaqlarına köçürlər. Onlar Gürcüstan hökumətinin mənafeyini müdafiə edir, bunu guya ahıskalıların doğma yurdlarına
qayıtmaq uğrunda vacib şərt olduğunu hesab edirlər. Lakin ahıskalılar özlərinin milli-etnik mənsubiyyətlərinə, öz adət-ənənələrinin qorunub saxlanmasına sadiq qaldılar. L.Barataşvilinin ahıskalıların türkləşmiş gürcülər olması fərziyyəsi qəbul edimədi, əhali ona etimadsızlıq göstərdi. Lakin L.Barataşvili ahıskalıların tarixi vətənə qayıtmaq uğrunda Mübarizə Komitəsi yaradır və komitəyə özü rəhbərlik edir. 1958-ci ildə L.Barataşvili Azərbaycan hökumətinə müraciət edir. O, ahıskalıların Gürcüstana qayıtması üçün Azərbaycan hökumətindən kömək istəyir. Müraciətə Azərbaycan hökuməti müsbət cavab verir. Eyni zamanda, həmin ərəfədə SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri K.Voroşilovun və katibi M.Qeorqadzenin imzası ilə 1957-ci il 31 oktyabr tarixli əmri imzalanır. Həmin əmrdə aşağıdakılar göstərilib:
1. 1944-cü ildə Gürcüstanın Ahıska, Ahılkələk, Adıgün, Aspinza (Əspincə), Boqdanovka (Hocabəy) rayonlarından köçürülmüş milliyətcə Azərbaycan vətəndaşlarının üzərindən bütün məhdudiyyətlər götürülsün.
2. Nəzərə almaq lazımdır ki, onların Gürcüstan SSR-dən köçürüldüyü yerlərində indi ermənilər və gürcü millətindən olanlar yaşayırlar. Onlar, ola bilər ki, təsərrüfatın inkişafı üçün respublika ərazisinə müvafiq olaraq başqa rayonlarda da yerləşdirilsin. Müvafiq yerləşdirmə təlimatına uyğun olaraq daimi yaşayış yerinə köçürülənlər öz arzularına əsasən Azərbaycanı da özlərinə daimi yaşayış yeri kimi seçə bilərlər.
1958-ci ildə Özbəkistandan Azərbaycana köçmüş Ahıska türklərinin bir hissəsi Saatlı rayonunun Varxan kəndində məskunlaşdırıldı. Kənddə Ahıska türkləri üçün kolxoz təşkil edildi. 1958-ci ildə Azərbaycana gələn Ahıska türkü Gülbay Murtazov kolxoz sədri seçildi. Bakıda ali təhsilini aldıqdan sonra kəndə qayıdan G.Murtazov bütün bacarıq və imkanlarını kəndin və kolxozun inkişafına sərf edib".
Hələ 1957-ci ilin fevralında RSFSR Ali Sovetinin altıncı sessiyasında sürgün
olunmuş Ahıska türklərinin doğma yurdlarına qaytarılması haqqında qərar çıxarılıb: "Həmin qərardan dərhal sonra digər türkdilli xalqlar öz daimi yaşayış yerlərinə qaytarılıb. Lakin çox təəssüf ki, bu qərarın da Ahıska türklərinin öz vətənlərinə qayıtmasına gücü çatmadı. Lətafət Tağızadənin "Yaddaşın uzun yolu" adlı məqaləsində ahıskalıların məskunlaşmasının ziddiyyətli məqamları obyektiv əks olunub. "Beyləqan rayonunun Dünyamalılar kəndi ilə Yoloba kəndlərinin arasındakı boş səhraya bizi boşaltdılar. Beyləqan Rayon Partiya Komitəsinin birinci katibi Mürşüd Əzimovun köməkliyi və yerli camaatın qayğısı ilə tez bir zamanda burada böyük bir qəsəbə saldıq və hamımız evlə, işlə təmin olunduq". O günlərdə kənddə məskunlaşan Ahıska türk qadınlarından Xədicə xanım, Gülyaz xanım, Əminə xanım da bunları yaxşı xatırlayırlar. Onlar Azərbaycan xalqının milli mentalitetinə, soykökünə bağlılığına, qonaqpərvərliyinə xüsusi qiymət verirlər.
Kəndin sakinlərindən Ahıska türk xanımı Səbinə Dəvrişovanın dediklərindən: "Dörd azyaşlı uşağım var idi. İyirmi beş nəfər bir otaqda məskunlaşmışdıq, qonşu kəndin camaatı bizə hər cür yardım edirdilər". Minə xanımin dediklərindən: "Allah razı olsun, bizə ana-bacı oldular, kişili-qadınlı, uşaqlı-böyüklü hamısı gəldiyimiz gündən bizə arxa durdular. Əllərindən gələni edirdilər ki, özümüzü qərib saymayaq. Mal-qaraları olmadığından, körpə-südəmər uşağı olan ailələr süd, ağartı məhsulları üçün kəndlilərə müraciət edib, heç vaxt da boş qayıtmırdılar. Kəndin adamları bizə süd-qatıq satmırdılar, təmənnasız verirdilər".
Kəndin sakinləri ilə söhbətlərdən aydın olur ki, onlar özlərini burada çox rahat hiss edirlər. Amma doğma yurda qayıtmaq arzusu onları heç vaxt tərk etmir, hər zaman qədim Ahıskaya dönmək ümidi ilə yaşayır, bu iş uğrunda daim mübarizə aparacaqlarını deyirlər. Kolxoz sədri Hümbət Mehdiyevin dediyi bu sözlər azərbaycanlılarla ahıskalıların eyni kökdən olmasını göstərirdi: "Başqa yerlərdə "mesxeti" sözü bizi bezdirmişdi. Bu sözdən xoşumuz gəlməzdi. İndi isə çox şükürlər olsun, o sözü eşitmirik, türkün bir adı var: Türk".
Yarım əsrdən çox müddətdə dəfələrlə yerindən-yurdundan didərgin salınmış, XX əsrin sonunda isə orta əsrlər vandalizmilə üzləşmiş bir xalqın "Niyə?, Nə üçün?" suallarına cavab tapmaqda açiz qalan rayon rəhbərliyi ahıskalıların qısa zamanda ən adi ehtiyaclarının ödənilməsi üçün gecə-gündüz çalışırdılar. O vaxt didərgin düşmüş ahıskalılarla söhbət zamanı öz hisslərini gizlədə bilməyən jurnalist Svetlana Nəcəfova yazırdı: "Baş vermiş faciələrə, təqiblərə baxmayaraq, xalqın öz dilini, adət-ənənəsini, milli ruhunu saxlaya bilmək bacarığını, əsrlərin keşməkeşindən keçirib gətirdikləri "Dizqırma" rəqsində və başqa musiqi nömrələrində ifadəsini tapmış qüdrətli bir həyat eşqinin şölələndiyinin şahidi olursan".
"İnam da bir etibardır" başlıqlı yazıda Azərbaycan Kommunist Partiyası Saatlı rayon Partiya Komitəsinin katibi Esmira Qasımovanın dediklərindən: "Ermənistandan qovulmuş bacı və qardaşlarımız, Fərqanədəki ev-eşiklərindən didərgin düşərək respublikamıza pənah gətirən Ahıska türklərinin vəziyyəti ilə əlaqədar görülən və görəcəyimiz işlər razılıqla qarşılanır. Çətin sınaqlarla üzləşdik, mətinləşdik. Lakin sınmadıq, əyilmədik. Əksinə, daha da qayğıkeş, daha qonaqpərvər olduq. Kolxozlarımızda yerləşdirilmiş ahıskalıların vəziyyəti təkcə rayonumuzun əməkçilərini deyil, hamını maraqlandırır. Tez-tez paytaxtdan maşın karvanları ilə ərzaq, geyim, məişət əşyalarının göndərilməsi bizi sevindirir".
Araşdırmaçı bildirir: "Ahıska türklərinin Azərbaycanda məskunlaşması xüsusi dövlət yardımı ilə təşkil edilsə də, ictimai diqqətdən də kənarda qalmırdı. Fərqanə faciəsindən sonra Saatlı rayonunun Adıgün kolxozunda məskunlaşmış Ahıska türklərinin vəziyyəti, onların zəhmətsevərliyi haqqında o vaxt respublikanın əksər kütləvi informasiya vasitələrində geniş məlumat verilirdi. Qısa müddət ərzində gecələrini gündüzlərinə qataraq özlərinə ev-eşik qurmuş insanların vətənə, torpağa bağlılığını, milli adət-ənənəyə sadiqliyini çox asanlıqla görmək olurdu. Belə ağır faciə ilə üzləşmiş, neçə-neçə yaxınlarını, qohumlarını itirmiş bu insanlar həyatın bütün sahələrinə diqqətlə yanaşırlar. Öz milli ruhunu saxlaya bilmək bacarığı, əsrlərin keşməkeşindən keçirib gətirdikləri milli mədəniyyət nümunələrinə isti münasibət bu xalqın maddi-mənəvi dəyərləri uca tutmasından xəbər verir".
Fərqanə hadisələrindən sonra məskunlaşma problemi Ahıska türklərinin rəhbərliyindən bir sıra təşkilati işləri operativ sürətdə görməyi tələb edirdi: "Onlar əsasən Azərbaycanda məskunlaşmağa daha çox çalışırdılar. Sovet postməkanında yaşayan türklərin Müvəqqəti Təşkilat Komitəsi o dövrdə Y.Sərvərovun, S.Səidovun, P.Rəsulovun, A. Əliyevin, T.Səidovun imzası ilə Azərbaycan rəhbərliyinə göndərilmiş müraciətində ahıskalılara Azərbaycana köçməyə icazə verilməsini xahiş etmişdi. Xahişnamədə deyilirdi ki, ahıskalıların yerləşdiyi Rusiya Federasiyasının orta zonasının çöllərində sosial-məişət şəraiti yaxşı deyil. O da
vurğulanırdı ki, hazırda əhali, demək olar, SSRİ-nin bütün bölgələrində məskunlaşıb. Bu da ahıskalıların bir-birinə mənəvi-maddi yardım göstərmələrini çətinləşdirir. Üstəlik də yaşayış yerlərində digər xalqlarla milli, dil, din fərqləri onsuz da çətin olan sosial vəziyyəti bir qədər də mürəkkəbləşdirir. Belə şərait əslində hüquqsuzluq və siyasi müdafiəsizlik övqatı yaradırdı. Müxtəlif səbəblər üzündən əhalinin çıxıb gələ bilməyən hissəsinin fiziki məhv olmaq təhlükəsizliyinin qorunması üçün təminatın olmaması, ən qısa müddətdə uşaqların
və yaşlıların uyğunlaşmasının qeyri-mümkünlüyü ahıskalıları daha çox narahat edir. Buna görə də onlar Azərbaycan xalqı ilə dil, din, adət-ənənə ümumiliyini, habelə əlverişli şəraiti nəzərə alaraq Azərbaycana köçməyə icazə istəyiblər. Həmin dövrdə ümumi vəziyyətdə qeyri-müəyyənlik hökm sürürdü. Məsələ burasındadır ki, Özbəkistandan, Qazaxıstandan və Qırğızıstandan Ahıska türklərinin axını ara vermirdi".

Uğur