Azərbaycanda dini tolerantlıq: sosial-fəlsəfi təhlil Layihə

Azərbaycanda dini tolerantlıq: sosial-fəlsəfi təhlil

(əvvəli ötən sayımızda)

Bu gün Şərqdə bəzi dövlətlər dini və mənəvi identiklik böhranı yaşayırlar. Müxtəlif qlobal güclərin də marağı olan qeyri-sabitlik vəziyyəti bu cəmiyyətlərdə vətəndaş konsensusuna mane olur. Azərbaycan ötən əsrin 90-cı illərində bu problemlə üzləşmişdir. Bu vəziyyətin aradan qaldırılması üçün, qeyd etdiyimiz kimi, "azərbaycançılıq" ideyası misilsiz rol oynadı. Demokratik, dünyəvi dövlət quruculuğu insanların bir identiklik formasını inkar edərək, digərini qəbul etdiyi cəmiyyət demək deyil. Bu, mənəvi və hüquqi sanksiyaların ahəngini təmin edən cəmiyyət deməkdir. İctimai şüurda dünyəvi və dini idealların sintezi Azərbaycanda özünəməxsus milli mənəvi identikliyi təmin etməklə, dövlətin müəyyən etdiyi modernləşmə kursunun hədəflərindən biri, cəmiyyətdə inkişaf və sabitliyin qarantıdır.
Dövlət səviyyəsində dözümlülük ədalətli və qərəzsiz qanunvericilik, qanunçuluğa, məhkəmə-prosessual və inzibati normalara əməl edilməsi deməkdir. Tolerantlıq hər bir insana heç bir diskriminasiya olmadan iqtisadi və sosial inkişaf imkanı yaradılmasını tələb edir. Bu gün Azərbaycan Yer kürəsindəki ən demokratik dövlətlərə belə nümunə ola biləcək bəşəri bir tolerantlıq məkanıdır. O, ənənəvi dini icmaların konstruktiv fəaliyyətindən və qarşılıqlı ünsiyyətindən yaranmış dünyəvi hakimiyyət və dövlət-din münasibətlərinin nadir modelinin yarandığı ölkədir. Müqəddəs islami dəyərlərdən bəhrələnib, qarşılıqlı hörmət, faydalı ünsiyyət və sarsılmaz əməkdaşlığa söykənən tolerantlıq Azərbaycanda çox qədim tarixi köklərə və zəngin ənənələrə malikdir.
Müstəqillik əldə edən respublikamızda ardıcıl davam edən inkişaf prosesləri birmənalı olaraq həm də mənəviyyat və mədəniyyət sferasını da əhatə etmişdir.
Azərbaycanda dini etiqad azadlığının təmin edilməsi, din-dövlət münasibətlərinin tənzimlənməsini vacib hesab edən Heydər Əliyevin fərmanı ilə 2001-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradıldı.
Son illərdə isə Azərbaycan yalnız iqtisadi tərəqqi göstəriciləri ilə deyil, həm də multietnik cəmiyyət və milli dövlət münasibətlərinin necə tənzimlənməli olduğunu bu illərdə dünyaya nümayiş etdirmişdir. Bu inkişaf mövcud sabitlik, vətəndaş sülhü və mədəni özünüifadə imkanlarının genişlənməsində təzahür edir.
Bu gün biz klassik demokratiya ölkəsi və örnəyi olan qabaqcıl dövlətlərdə etnik, dini və irqi münaqişələrin baş verməsini, bu cəmiyyətlərdə parçalanma olduğunun etiraflarını eşidirik (Ferqyuson hadisələri və Obamanın etirafı). Etnik, irqi və dini zəmində ekstremizm və radikalizmin güclənməsi halları, təəssüf ki, bu gün Avropada da baş verir və geniş yayılmaqdadır.
Azərbaycan rəhbərliyi dünya siyasilərinin artıq "vaxtı keçmiş, yanlış" adlandırdıqları "multikulturalizm"in sözün əsl mənasında himayədarına çevrilmiş, onun alternativi olmadığını bəyan etmişdir. Dövlət başçısı Bakı və Azərbaycan Yeparxiyasının Pravoslav Dini-Mədəniyyət Mərkəzinin açılışında qeyd etmişdir: "Multikulturalizm Azərbaycanın dövlət siyasəti və həyat tərzidir. Təəssüf ki, belə fikirlər də var ki, bəzi ölkələrdə multikulturalizm iflasa uğrayıb, özünü doğrultmayıb. Əgər bu, həqiqətən belədirsə, onda bu, ciddi müzakirə mövzusudur. Azərbaycanda isə biz öz siyasətimizlə də, cəmiyyətin durumu ilə də sübut edirik ki, multikulturalizm yaşayır. O, dərin köklərə malikdir və gələcəkdə bəşəriyyətin inkişafının yeganə yoludur. Dünya ölkələrinin əksəriyyəti multimədəni ölkələrdir. Bu ölkələrdə müxtəlif xalqların və müxtəlif dinlərin nümayəndələri arasında dialoq, dostluq və qardaşlıq münasibətləri gələcək inkişafın əsasıdır".
Qafqaz Müsəlmanları İdarəsi, onun sədri, bütün Qafqazın şeyxi A.Paşazadənin həyata keçirdiyi fəaliyyəti də Prezidentin bu mövqeyinə ən böyük dəstəkdir. Bilavasitə Şeyxülislam Hacı Allahşükür Paşazadənin təşəbbüsü ilə təşkil edilən qlobal sammitlər, forum və konfranslar Azərbaycanın dövlət siyasəti olan tolerantlığa böyük töhfələr verir.
Azərbaycan XXI əsrə özünün etnik zənginliyi ilə daxil olaraq istər çoxsaylı, istərsə də azsaylı bütün etnoslara eyni dövlət qayğısı ilə yanaşdığını beynəlxalq aləmə sübut edir. Azərbaycan reallığında etnik varlıqlar özlərinə məxsus adət-ənənələrin, din və dillərin, etnik psixologiyanın, maddi və mənəvi mədəniyyətlərin lokal səciyyəvi xüsusiyyətlərini qorumaqla yanaşı, Azərbaycan dilinə, adət-ənənələrinə, mənəvi dəyərlərinə yiyələnmişlər. Bu etnik qruplar nə qədər etnikdirlərsə, o qədər də azərbaycanlıdırlar.
Xalqımız coğrafi və geosiyasi baxımdan həmişə bütün dünyaya açıq olmuş, ən müxtəlif mədəniyyətlər arasında sintez-qovşaq missiyasını daşımışdır. Şərq mədəniyyətini dünya və Avropa mədəniyyətinə və əksinə keçid alması üçün Azərbaycan körpü rolunu oynamışdır. Çoxmillətli, çoxdinli, çoxdilli Azərbaycan üçün bu ideologiyanı tarixi reallığımızın özü irəli sürmüşdür. Həqiqətən ən müxtəlif milli-etnik qrupların nümayəndələrinin yaşadığı Azərbaycan unikal tolerantlıq məkanıdır.
Azərbaycan öz tolerantlıq təcrübəsini bölüşməyə hazırdır. Çünki bu təcrübə hazırda dünyanı düşündürən aşağıdakı suallara cavab tapmağa imkan verir:
1. Ölkənin mədəni müxtəlifliyini onun inkişafına əngəl olmasına deyil, sərvətinə çevirmək necə mümkün olur?
2. Mövcud birgəyaşayışın hansı məlum modelləri mövcuddur? Multikulturalizm modeli yalnız sırf Qərb hadisəsidirmi (ABŞ və Kanada)?
3. Şərq-islam ölkələrində hansı birgəyaşayış modellərinin müqayisəli təhlili nə göstərir və onların qarşılıqlı bəhrələnməsini necə mümkün etmək olar?
4. Multikulturalizmin böhranı və "panika"sının təməlində nə durur?
Bu gün ölkəmizdə çoxsaylı millətlərin nümayəndələri yaşayır və onların sosial-mədəni problemlərininhəlli həmişə dövlətin diqqət mərkəzindədir. Azərbaycan tarixinin bütün səhifələrində bu ərazidə yaşayan insanların qarşılıqlı hörmət, dostluq əlaqələrini əks etdirən nə qədər çox fakt varsa, bunun əksini sübut edən sənədlər yox səviyyəsindədir. Müxtəlifliyin vəhdətindən yaranan bu tarixi birliyin əsl dəyəri dərk edilməlidir. Bu, azərbaycançılığa dayaqlanan multikulturalizm və tolerantlıq fenomenidir.

Bu gün respublikamızda azərbaycançılıq həm də mükəmməl tolerantlıq və real inkişaf modelidir. Azərbaycançılıq ideologiyası, dini tolerantlığın, polietnik mövcudluğun qarantı kimi çıxış edir…Azərbaycanda dözümlü ictimai mühitin formalaşmasını bu gün və gələcəkdə təmin edən tolerantlığın praqmatik konsensus modeli daim inkişafdadır. Tolerantlıq bütün demokratik ölkələr tərəfindən qəbul edilsə də, onun praktiki surətdə həyata keçirilməsi üçün mərkəzlər, institutlar yaradılsa da, lakin bu sahədə hələ də çətinliklər mövcuddur.
Tolerantlıq müxtəlif elmi aspetklərdən – psixoloji, sosioloji, kulturoloji, fəlsəfi aspektlərdən təhlil olunur. "Fəlsəfi baxımdan tolerantlıq dedikdə – həmçinin müxtəliflik və fərqin qəbul edilməsi, onlara hörmət və rəğbət nəzərdə tutulur. Tolerantlıq həm də başqalarının hüquqlarını tanımaq əsasında, fərqi düşünmək tərzinə malik olduğunu anlamaq əsasında münaqişə və ziddiyyətlərin həllinin axtarılmasını təmin edən əxlaqi imperativ, maksimadır".
Ölkə Prezidenti müasir dövrdə dini tolerantlığın yüksək mədəniyyəti və həyat tərzinə, dövlət siyəsətinə çevirmişdir. Azərbaycan əsrlər boyu dinlərarası münasibətlərinin inkişafında öz rolunu oynamışdır. İctimai-siyasi quruluşdan asılı olmayaraq, bütün dövrlərdə Azərbaycanda dini, milli dözumlülük, tolerantlıq çox yüksək səviyyədə olub. Bu, Azərbaycan xalqının döümlülüyünün, eyni zamanda müstəqil Azərbaycan dövlətinin siyasətidir və Azərbaycanda fəaliyyət göstərən dini qurumların əməyinin praktiki nəticəsidir.
Göründüyü kimi, Azərbaycan xalqının özünün dözümlülüyü, dövlət və dini qurumların birgə fəaliyyəti ölkəmizdə dini tolerantlığın inkişafının əsas, mühüm amilidir. Əsası Azərbaycan xalqının öz təbiətindən, onun milli mədəniyyətinin tərkib hissəsi olan islam dinindən irəli gələn, ölkəmizdə dövlət səviyyəsində yaranan dözümlülük mühiti Azərbyacanda dini tolerantlığın inkişafında mühüm rol oynayır.
"Hazırda Azərbaycanda formalaşan dini tolerantlıq mühitinin qorunub saxlanması və onun daha da möhkəmlənməsində Azərbaycan Prezident mühüm rol oynamışdır. Məhz Prezident İ.Əliyevin dini tolerantlığın möhkəmləndirilməsi sahəsində həyata keçirdiyi tədbirlər nəticəsində respublikamızda rəsmi olaraq 525 islam, 34 qeyri-islam təmayüllü dini icma, eyni zamanda 11 kilsə, 6 sinaqoq fəaliyyət göstərir. Hazırda ölkəmizdə 1802 məscid, 550-yə yaxın pir və zayarətgah bərpa və təmir edilərək dindarların ixtiyarına verilmişdir.
Azərbaycan özünün mədəniyyəti, sivilizasiyasının, milli dini müxtəlifliyinin, özündə etnik və etiqad rəngarəngliyini əks etdirmişdir. Dözümlülük, tolerantlıq azərbaycanlıların öz təbiətindən, mənəviyyatından, dünyagörüşündən, mentalitetindən, milli psixologiyası və xarakterindən irəli gəlir: "Sayca dominant üstünlüyə malik olan azərbaycanlı özünə hörməti zor və basqı ilə deyil, qarşılıqlı münasibətlərdəki davranışla qazanmağa üstünlük verir… Xəyanətə, böhtana və təcavüzə dözümsüzlük, ailəyə, dostluğa və peşəyə sədaqət azərbaycanlının ən çox dəyərləndirdiyi keyfiyyətdir… Öz milli mənsubluğu ilə fəxr edən azərbaycanlı digər millətlərə də hörmətlə yanaşmaq, onlardan özünə və millətinə hörmət etmək haqqı əldə edir.
Tolerantlıq birmənalı olmamışdır, əks təqdirdə dinlərarası, millətlərarası ziddiyyyətlər yarana bilər. Başqalarına dözümlülük özünə dözümlülüyün yaranmasını tələb edir . Bir sözlə, tolerantlıq fərdlərarası münasibətlərdən başlayaraq sosial qruplar, millətlər, mədəniyyətlər, sivilizasiyalar arasında dözümlülüyün təzahürüdür. Azərbaycanda tolerantlıq müxtəlif mədəniyyətlərə, milli azlıqların dilinə, dininə, bütün vətəndaşların hüquq və azadlıqlarınan hörmət, əmin-amanlıq, sülh mədəniyyəti, həyat və düşüncə tərzidir.
Cavid