Ortaq mühit və adət-ənənələr Layihə

Ortaq mühit və adət-ənənələr

Azərbaycanın Şəki-Zaqatala bölgəsində bir çox xalqların nümayəndələri yaşayır. Filologiya üzrə fəlsəfə doktoru Mətanət Yaqubqızı bildirir ki, Qafqaz sıra dağlar silsiləsinin cənub-qərb hissəsində yerləşən Şəki-Zaqatala bölgəsi şimaldan Dağıstan Muxtar Respublikası, qərbdən Gürcüstan Respublikası ilə sərhəddir: "Bu əraziyə Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonları daxildir.
Şəki-Zaqatala bölgəsi milli azlıqların kompakt yaşadığı ərazidir. Bu bölgədə avarlar, saxurlar, ingiloylar, gürcülər, udilər, ləzgilər, laklar, qrızlar (Qəbələ rayonunun Ovculu kəndi), ərəşdi (Balakən rayonunun Poştbinə kəndi) və s. millət və etnik qrupların nümayəndələri yaşayır. Bölgədə kompakt şəkildə yaşayan milli azlıqlar tarixən nəinki öz keçmiş milli adət-ənənələrini qoruyub saxlayıb, hətta başqa millətlərin müəyyən xüsusiyyətlərini də mənimsəyiblər. Bu, onların həyat tərzində, məişətində özünü göstərir.
Məlumdur ki, etnik amil bölgə örnəklərinin spesifikasına təsir edən faktorlardan biridir. Xüsusilə də dil faktlarının örnəklərə təsiri danılmazdır. Udilər Qəbələdə ən böyük yaşayış məntəqələrindən biri olan Nic qəsəbəsində və az hissəsi Oğuz rayonunda yaşayır. Qədim yunan tarixçi-coğrafiyaşünası Strabon "Coğrafiya" kitabında göstərirdi ki, Albaniyada 26 dildə danışan türk tayfaları, ümumilikdə, Alban adlanan hər bir tayfanın özünə məxsus etnik adı var idi". Mərhum prof. Qəmərşah Cavadov prof. Rauf Hüseynovla birgə yazdığı "Udilər" kitabında bir daha Strabonun "Coğrafiya kitabına istinad edilir: "Qafqaz Albaniyasında hər birinin öz dili olan 26 tayfa var. Bunlar gellər, qarqarlar, silvlər, didurlar, leqlər, utilər-albanlardır". Müasir udi dilində Suriya sözlərinin və terminlərinin (qədim Suriya dillərindən alınma sözlər saxlanıb) siyasi, dini, etnik-mədəni həyatın xüsusiyyətləri ilə bağlı olaraq qeydə alınması bir daha sübut edir ki, onların dili alban (qədim udi) dilinin birbaşa varisidir.
Prof. Q.Voroşil yazırdı: "Bizim fikrimizcə, alban yazılarının statistik quruluşu udi dilinin quruluşuna çox yaxındır". Prof. Q.Voroşil "Qafqaz Albaniyası" kitabında nümunələr verib ki, bu sözlər kök baxımından alban sözləridir: kat - qətrə, damcı; çav - şan-şöhrət (çuv – şan-şöhrət); ça – yun (ça-bəh-bəh), ip, ciyə.
Araşdırmaçı daha sonra bildirir: "Avarlar Zaqatala rayonunun Car, Kebeloba, Axaxdərə, Zilbal, Dardoqqaz, Mazıx, Qobizdərə, Maqov, Uzuntala, Danaçı, Paşan, Hötala, Abaylı, Çardaxlar, Balakən rayonunun Katex, Qabaqçöl, Mahamalar, Binə, Sarıbulaq və s. kəndlərində kompakt halda yaşayırlar. Macar tarixçisi Andras Rona-Tasa görə avarlar ilk dönəmlərdən etibarən türk dilinin bir ləhcəsini danışırdılar. Szarvas şəhərində tapılan iynə qutusundakı yazılar Andras Rona-Tasa görə türk dilində yazılıb.
"Qafqaz avarlarına edilən DNT testləri və araşdırmaları nəticəsində avarların iranlı bir millət olmadığı aydın bir şəkildə faktlarla təsdiq olunub, avarların Dağıstan türkləri ilə qohumluğu ilə bağlı vacib məlumatlara rast gəlinib. Bu gün tarixə bitərəf şəkildə yanaşan və tarix elminə inanan bütün tədqiqatçılar bunu çox yaxşı bilirlər ki, avarlar da, onların əcdadları olan iskitlər də öz be öz türk oğlu türkdür."
"Avar dilinin çoxlu dialektləri var ki, bu dialektdə danışan bu dilin daşıyıcıları bir-birini çətin başa düşürlər. Avar dilinin dialektləri şimal, cənub-qərb, cənub-şərq qrupuna bölünür ki, Zaqatala bölgəsində yaşayan avarlar andalan, antsux, karah, kusur, Zaqatala (car) dialektində danışırlar."
"Tarixən Asiya ilə Avropanı bir-birinə çulğalaşdıran ilk Asiya xalqı Saka türkləri, onlardan sonra isə Hun türkləridir. Hun türklərinin ən yaxın xələfləri isə Topa, Sabir və Avar türkləridir. Avar türkləri imperatorluq quran iyirmi beş türk xalqından biridir... Bu gün Macarıstanda, Dunay sahillərində qapalı toplum kimi qədim adət-ənənələrini yaşadan avar türkləri Bolqarıstanda yaşayan türklərin mühüm bir qismini təşkil edirlər".
Saxurlar özlərini "yıkbı" adlandırırlar. Onlar Rusiyada, Dağıstanın Rutul rayonunun qərb bölgəsində, Samur çayının yuxarılarında, Dağıstanın Babayurd rayonunda, Maxaçqala, Dərbənd, Kizlər və digər şəhərlərində, Azərbaycanda isə şimal-qərb rayonları olan Qax, Zaqatala, Balakən rayonlarında, habelə Bakı, Gəncə, Sumqayıt və Şəki şəhərlərində yaşayırlar.
"Alban tarixində və V-VII əsrlərə aid qədim mənbələrdə həmin bölgədə yaşayan ıpin (ıbin), silv və ciqb tayfalarının adları çəkilir. Ibinlər avarların Albaniyada yaşayan hissəsinin, silvlər Dağıstanda yaşayan hissəsinin etnik adlarıdır, ciqblər indiki saxurlardır, onlar özlərinə indi də yixbı deyirlər." "Ehtimal var ki, saxurlar leq, gel, qarqar, bəlkə də elə sak tayfalarından törəyiblər". "İngiloylar Qafqaz Albaniyası tərkibinə daxil olan, beləliklə, Azərbaycanın etno-siyasi tarixinin ayrılmaz tərkib hissəsi olan qədim gel tayfasının varisləridir"; "İngiloylar qədim Alban soykökünə bağlı müstəqil etnos olub".
Müxtəlif fikirləri təqdim edən araşdırmaçı bildirir ki, akademik Y.Yusifov, akademik M.İsmayılov, Z.İ.Yampolski, Q.Qeybullayev, K.Əliyev, Z.Bünyadov, Ş.Kaya, M.Bala, F.Cəlilov, X.Xəlilli albanları türk mənşəli tayfa hesab edir: "Tədqiqatlar göstərir ki, bəzi alban tayfaları əsasən Dağıstanla həmsərhəd bölgələrdə yaşayan dağıstandilli, alban etnik adını daşıyanlar, yəni alban tayfası olub, daha bir neçə tayfa isə türkdilli idi. Dağıstandilli tayfalar indiki udilərin, ləzgilərin, avarların, saxurların, qrızların, buduqların əcdadları idi".
Milli Məclisin deputatı, AMEA Tarix İnstitutunun direktoru, professor Yaqub Mahmudov "Gündəlik teleqraf" qəzetinə 15 fevral 2014-cü ildə verdiyi müsahibədə bildirir: "Müstəqillik dövründə "Altay dünyası" adlı jurnal buraxmışdıq. O jurnalda qosqoca palıd ağacı verilmişdi. O palıd ağacının bir kökü Altaylardadır, o biri kökü Cənubi Koreyadadır, digər kökü Qafqazdadır, gedir Bosniya-Herseqovinaya çıxır. Sonra budaqlardır, hər biri müasir türk xalqlarıdır. Tarixin dərin qatında eyniləşirik... Türkçülüyün vətəni Azərbaycandır. Azərbaycan möhürü o qədər güclüdür ki, bu möhür üstümüzdə getməlidir. O möhür olmazsa, parçalana bilərik".
M.Yaqubqızı: "Azərbaycan suveren və demokratik respublikadır. Respublikamız onun ərazisində yaşayan bütün etnosların Vətənidir. Azərbaycanda yaşayan ruslar, beloruslar, tatlar və talışlar, avarlar və ləzgilər, udilər və ingiloylar, kürdlər və tatarlar, ümumiyyətlə, özünü bu ərazinin bərabər hüquqlu sakini sayan bütün xalqların nümayəndələri hərəkətləri ilə sübut etdilər ki, Azərbaycan təkcə azərbaycanlıların deyil, eyni dərəcədə onların da Vətənidir. Hüquqi baxımdan özünü bu respublikanın vətəndaşı sayan hər bir xalqın nümayəndəsi elə azərbaycanlı sayılmalıdır, çünki bu ərazinin sakinidir, onun çörəyi, suyu, havası ilə qidalanır. Azərbaycan özünü bu torpağın vətəndaşı hesab edənlərin vətənidir. Azərbaycan milli azlıqların - udi, avar, saxur, ingiloy, ləzgi və başqalarının Vətənidir.
Hər bir xalq qoynunda boya-başa çatdığı bu torpağın yetirməsidir. Şəki-Zaqatala bölgəsində yaşayan azsaylı xalqların nümayəndələri müxtəlif dil daşıyıcıları olmasına baxmayaraq, azərbaycanlıdırlar. Tarixən Azərbaycan müxtəlif dilli xalqların məskəni olub və bu xalqları birləşdirən Azərbaycan dili olub. Bu dil həm Azərbaycan türklərinin, həm də bu bölgədə yaşayan etnosların ünsiyyət vasitəsinə çevrilmişdi. Bu da Azərbaycanda yaşayan bütün xalqlar arasında ortaq bir dilin yarandığını sübut edirdi".
Çox maraqlı faktdır ki, azsaylı xalqların örnəklərində qədim sözlər mövcuddur ki, bu da dilçilər üçün ən sanballı mənbədir: "Bir neçə nümunəyə diqqət edək: Məsələn, udi dilində işlənən siyux - sıyıq, tabak (tabax) - xonça – sini, yəxni – (yəxnə) - ət yeməyi; saxur dilində işlənən qadax (qədək) - mismar; ərava – araba; doxxaz (doqqaz)-küçə - həyət qapısı; arxaç-arxac–sürü və naxırların yatağı; açıq havada istirahət etdiyi yer və s. qədim türk sözləridir və günü bu gün nitqdə işlənməkdədir. Bölgədə yaşayan insanlar günü bu gün də adət-ənənələrimizi böyük sevgiylə həyata keçirməkdədirlər: 7 arxa dönənə, kirvəyə qız verməmək ənənəsi; dizdayağı, digər gözəl məqamlar...
Toy və digər mərasimlərdə su, alma, yağ, un, çörək, Şəki halvası və s. nəsnələrin iştirakı – bütün bunlar ortaq adət-ənənələrimizdir. Hər bir xalqın dilində onun tarixi, adət-ənənələri bu və ya digər şəkildə öz əksini tapır. Ona görə də "... Bir nəsil dünyadan köçüb gedəndə gələcək nəsillərə ana dilini miras qoyub gedir." Dünyada saysız-hesabsız millət, etnik qrup vardır ki, bu da onların sayı qədər psixologiyanın, etnik şüurun olması deməkdir. Hər bir xalqın özünüdərk prosesində milli adət-ənənələr əvəzolunmaz vasitədir. Azsaylı xalqların folkloru onların mənəvi-mədəni dünyasını əks etdirir. Azərbaycanda milli-mədəni irsin yüksəldiyi bir dövrdə fоlklоrun təbliği geniş vüsət tapır. Hazırda hər bir xalqın öz tarixi kökünə marağı artıb. Azərbaycanda da bununla bağlı xeyli işlər görülüb.
Azsaylı xalqların öyrənilməsi, tədqiq edilməsi mühüm məsələlərdən biridir. 16 sentyabr 1992-ci ildə "Azərbaycan respublikasında yaşayan milli azlıq, azsaylı xalq və etnik qrupların hüquq və azadlıqlarının qorunması, dil və mədəniyyətinin inkişafı üçün dövlət yardımı haqqında" adlı fərman təsdiq olunub. Fərmanda azsaylı xalqların milli özəlliyinin qorunub saxlanması, inkişaf etdirilməsi, tarixi və mədəniyyət abidələrinin qorunması bir vəzifə kimi qarşıya qoyulub. 1999-cu il noyabrın 24-25-də Azərbaycanda Milli Azlıqlar üzrə Dövlət Siyasətinə həsr edilmiş ikigünlük konfrans keçirilib. 2012-ci ildə Zaqatala, 2014-cü ildə isə Balakən folklor mərkəzi elan olunub. Hər il milli azlıqların mədəni irsinin qorunub saxlanması və inkişaf etdirilməsi məqsədilə Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə "Azərbaycan – doğma diyar" devizi altında Azsaylı Xalqların İncəsənəti festivalı keçirilir. Müxtəlif bölgələrdə, o cümlədən Şəki-Zaqatala bölgəsində fəaliyyət göstərən mədəniyyət mərkəzlərinin təşəbbüsü və dəstəyi ilə bölgənin folklor kollektivləri bu festivala hər il böyük həvəslə qatılırlar.

Uğur