Zaqatala aşıq mühiti etnik zənginliyin qorunmasında özünəməxsus rol oynayıb Layihə

Zaqatala aşıq mühiti etnik zənginliyin qorunmasında özünəməxsus rol oynayıb

VI yazı

Azərbaycan aşıq sənəti insani-bəşəri halıyla ölkəmizdə yaşayan hər bir kəs üçün doğma sayılmağa özündə haqq tapır. Zaqatala bölgəsindəki etnik zənginliyin insanlıq-ulusallıq-bəşərilik yönündə davamlı olaraq cilalanmasında aşıq sənəti özünəməxsus, bənzərsiz rol oynayır. Zaqatala aşıq mühitini araşdırmış Z.Mənsimovanın tədqiqatından aydın olur ki, 1861-ci ildə Zaqatalanın Qandax kəndində yoxsul, zəhmətkeş bir ailədə anadan olan Aşıq Arab əzablı bir həyat yolu keçib: "Hələ kiçik yaşlarından atasını itirən Aşıq Arab ailəsinin yükünü öz üzərinə götürmək məcburiyyətində qalır. Arabın dərdinə ortaq olan, ona təsəlli verən qonşusu və müasiri Aşıq Əzizxan olub. Aşıq Arabda aşıq sənətinə olan marağı sazı, şən və şirin çalğısı ilə məhz qonşusu Əzizxan yaratmışdı. Ona tez-tez klassik aşıqlarımızdan söz açır, şeirin-sənətin və sözün hikmətini öyrədirdi. Aşıq Şenlik haqqında aşıq Əzizxandan həmişə xoş sözlər eşidən, yaradıcılığına və şəxsiyyətinə böyük hörmətlə yanaşan sənətkar 1930-cu ildə "Öldü" rədifli qoşmasını yazır. Çox təəssüf ki, onun yaradıcılığından bizə gəlib çatan yalnız "Bu gələn", "Baxın", "Dağlar" rədifli qoşmaları və "Yoxdur", "Mən" rədifli gəraylıları olub. Aşıq Arabın müraciət etdiyi mövzuların əsasını nəsihət xarakterli ustadnamələri, insan və təbiət gözəlliyinin tərənnümü, nəhayət, dinin təbliği, ürfani şeirlər təşkil edir. Ustad sənətkar şeirlərinin əksəriyyətində dərsini haqdan, gücünü, qüdrətini eldən aldığına işarə edir. "Bu gələn" qoşmasında ustad sənətkar insanlar arasında xaini, pisi, pisliyi görmək istəmədiyini bildirir:

Aşıq Arab haqdan aldı payını,
Çıxdaş olsun aralıqdan xaini.
İtirmərəm yarın haqqı-sayını,
Köhnə yardı, vəfadardı bu gələn.

Burada onun sevgisinə olan vəfası, etibarı da çox aydın şəkildə duyulmaqdadır".
Tədqiqatçı bu qənaətdədir ki, Aşıq Arab insanlara olduğu kimi qiymət verməyə üstünlük verib: "O, insanın əxlaqi keyfiyyətlərinə, onun tərbiyəsinə daha çox önəm verib:

Öz doğma yurdumun meyvə bağında,
Alma, heyva dərən bir sona gördüm.
Başında ağ çalma, ayağında məs,
Bürünmüş ipəkdən ağ dona, gördüm.
Söz açdım, gənclikdən, sevgidən, yardan,
Arada dik baxıb, dil açdı birdən.
Söylədi, oğlum var, incimə məndən,
Mən onu mehriban bir ana gördüm.

Burada gözəlin yalnız daxili aləmi deyil, onun saf məhəbbətinə, övladına sadiqliyi deyil, eyni zamanda xarici görkəmi, geyindiyi libası səmimiyyətilə təsvir olunur. Bütün bu xüsusiyyətlər ustadın klassik irsə dərindən bələd olmasından və insanlığa verdiyi yüksək dəyərdən irəli gəlir. Əlimizdə olan şeirlərindən məlum olur ki, Aşıq Arab zəngin yaradıcılıq irsinə malik olub. Zaqatalalı ustad aşıqların dediklərinə görə, Aşıq Arabın özünəməxsus və maraqlı tərzdə məclis aparmağı varmış. O, hər hansı məclisdə olarkən özündən əvvəlki ustadların yaradıcılığına müraciət etməklə yanaşı, öz repertuarından da böyük məharətlə istifadə edərək, məclis əhlinin ruhunu oxşayan havalar ifa edərmiş. Qurban Şabanov atası Aşıq Murtuzəliyə istinadən yazır ki, Kor Nəzirlə Aşıq Arab məclislərin birində deyişib. Çox təəssüf ki, deyişmə yazıya alınmadığından bu günümüzə gəlib çatmayıb. Aşıq Arab 1938-ci ildə vəfat edib. Onun mənəvi irsi sonrakı aşıqların yaradıcılığında da dərin iz buraxıb".
Zaqatala aşıq mühitinin tarixi nümayəndələrindən biri də Aşıq Dibro olub. O, 1861-ci ildə Zaqatalanın Aşağı Tala kəndində anadan olub: "Onun şeirləri XX əsrin 30-cu illərində çap olunan "Aşıqlar" kitabında verilib. Sonralar isə "Şəki-Zaqatala antologiyası" kitabında ustad sənətkarın bir neçə şeiri nəşr olunub. Burada diqqəti çəkən məqamlardan biri də budur ki, adı çəkilən mənbələrdə sənətkarın olum tarixi müxtəlif illərə təsadüf edir. Azərbaycan Folkloru antologiyası (Şəki, Qəbələ, Oğuz, Qax, Zaqatala, Baləkən folkloru) kitabında Aşıq Dibronun 1875-ci ildə anadan olduğu göstərilir. Onu da qeyd edək ki, Aşıq Dibro Molla Cumanın müasiri olub, eyni zamanda ustadın qızı Xanımbalanın onun yeganə davamçısı olduğu göstərilib. Zaqatalalı ustad aşıqların dediklərinə görə, Molla Cuma Zaqatalada tez-tez məclislər aparıb, tanınmış aşıqlarla deyişib. Onun istər öz elindən, istərsə də kənar ellərdən onlarla şagirdləri olub. Balakənin İtitala kəndindən olan Aşıq Məhəmməd Həsrətov Məhəmməd Əli oğlu da onun yetirmələrindən olub. Molla Cuma Zaqatalada və onun bir çox kəndlərində  Carda, Talada məclislərdə olarkən "Əliabad", "Dünya", "Yollar" və s. şeirlərini bədahətən deyib. Bütün bunlar Aşıq Dibro haqqında maraqlı məlumatlar verir. "Aşıq Dibronun yaratdığı sənət inciləri, xüsusilə təcnis, qıfılbənd, ustadnamə və s. kimi başqa şeirləri onun aşıq yaradıcılığındakı mövqeyini yada salmağa və onun istedadlı bir sənətkar olduğunu söyləməyə haqq verir".
Aşıq Dibronun şeirlərində yaşadığı zəmanədən şikayət, təbiət tərənnümü və gözəlin real təsviri öz əksini tapır. Onun "Dünya" rədifli qoşmasında isə öyüd-nəsihət məzmunlu misraları diqqət çəkir:

Azma bu dünyada haqqın yolunu,
Adildi, müdrükdü, uludu dünya.
Ötər, fəhm etməzsən qilü-qalına,
Çiskindi, dumandı, doludu dünya".

H.İsmayılov Aşıq Dibro yaradıcılığında böyüyə hörmətin, insanpərvərliyin, dostluğun, sadiqliyin, mərdliyin təbliği, namərdlik, pislik, paxıllıq kimi mənfi sifətlərin tənqid olunması baxımından yüksək dəyər verir və onun poeziyasını "əxlaqi fikirlər mənbəyi" adlandırır. Tədqiqatçı Z.Səmədova vurğulayır ki, Aşıq Dibro poeziyası insanı düşündürür, ona bədii zövq, rahatlıq bəxş edir, mənəviyyatını saflaşdırır: "Saf məhəbbəti Aşıq Dibro yaradıcılığının əsas qayəsi hesab etmək olar. Mühitin digər aşıqlarından fərqli olaraq, Aşıq Dibro gözələ fərqli mövqedən yanaşır. O, gözəlin əxlaqı, tərbiyəsi, daxili aləminin zənginliyi ilə yanaşı, onun xarici gözəlliyinə də üstünlük verir. Aşıq Dibro gözəlin bütün cizgilərini tam incəliyi ilə təsvir etməyə çalışıb və qoşmalarında bir-birindən rəngarəng bənzətmələr yaradıb:

Sərt uçuş turaca, qaçmaq ceyrana,
Xoş duruş marala nə gözəl imiş.
Mərd baxış aslana, döyüş pələngə,
Ah-nalə bülbülə nə gözəl imiş.

Onun "Danış", "Adam var ki", "Meydandır", "Eləməz", "Öysün", "Nəsihət" divaniləri, "İndi", "Düşdü", "Nazlı", "Bənövşə", "Var" qoşmaları, "Görüm" və s. gəraylıları vardır. Azərbaycanın bir çox bölgələrində məclislər aparan sənətkarın yaradıcılığı xəlqi və bəşəridir. 1928-ci ildə keçirilən Aşıqların I qurultayında Zaqatalalı Aşıq İsmayılla yanaşı, Aşıq Dibro da iştirak edib. İstər Zaqatala elində, istərsə də kənarda (Gürcüstan, Dağıstan) apardığı bütün məclislərdə insanları doğruluğa, düzlüyə, mərdliyə səsləyib. Yeri gəldiyi məqamda ağıla, kamala da önəm verilib. Ustadnamələrində atalar sözlərindən, hikmətlərdən yerli-yerində istifadə edən aşıq yaşadığı zamanın reallığını tam şəkildə açıqlayıb. Mükəmməl şeirləri, dərin hafizəsi ilə elin-obanın yaddaşında yaşayan aşıq Dibro 1947-ci ildə vəfat edib".
XIX əsrin ortaları və XX əsrin əvvəllərində yaşayıb-yaratmış ustad sənətkarlarımızdan biri də Aşıq Könlü olub: "Aşıq Könlünün şəxsiyyəti haqqında heç bir yazılı mənbədə məlumat verilmir. 1995-ci ildə prof. P.Əfəndiyevin təşəbbüsü ilə çıxan "Molla Cuma" kitabında Molla Cumanın Aşıq Könlü ilə deyişmələri verilib. Amma təəssüf ki, orada da sənətkarın şəxsiyyəti barəsində heç bir konkret fakt verilməyib.
Zaqatala aşıqlarından olan varxiyanlı Aşıq Mədət və Səadəddinin dediklərinə əsasən Aşıq Könlü əslən Zaqatalanın Car mahalındandır. Molla Cumanın müasiri hesab olunan sənətkarın haqqında el arasında dolaşan rəvayətlər onun şəxsiyyəti barədə kifayət qədər bilgi verir. Ustad aşıqların dediklərinə əsasən Molla Cuma Zaqatalaya tez-tez səfər edər, Carda, Talada olar, məclislər aparardı. Aşıq Könlünün Molla Cuma ilə deyişmələrindən məlum olur ki, Könlü ustadın uydurduğu xəyali obraz deyil, elə dövrünün tanınmış sənətkarıdır. Zaqatala aşıqlarından varxiyanlı Mədətin də yaradıcılığında da xəyali obrazla canlı insan kimi deyişməyinə təsadüf edirik. Əslində xəyali deyişmə bu mühitin özünəməxsus xüsusiyyətlərindən biri hesab oluna bilər. Amma bu da həqiqətdir ki, Aşıq Mədət yaratdığı xəyali obraza öz dərdini, nisgilini deməklə, sanki içində təsəlli, rahatlıq tapmış olur. Bununla yanaşı, sənətkar uydurduğu müsbət xəyali obraza yüksək dəyər verir, onun yerini müqəddəslər və pirlərlə yanaşı görür. Amma bütün bu kimi başqa xüsusiyyətləri biz Molla Cuma ilə Carlı Aşıq Könlünün deyişmələrində izləmirik. Molla Cumanın aşıq Könlü ilə olan deyişmələrinin birində el arasında Könlü sayılıb-seçilən ustad aşıq kimi təqdim olunur. Zaqatalalı ustad aşıqlardan topladığımız rəvayətə əsasən, bir gün Molla Cuma Aşıq Könlü ilə təsadüfən Carda olarkən qarşılaşırlar. Tanışlıq verib deyişməyə başlayırlar. Molla Cumanın Aşıq Könlüyə meydan verməsinə baxmayaraq Könlü "bizlərdə sözü ustad başlar" deyir. Molla Cuma onun bacarıq və qabiliyyətinə heyran qalır. Aşıq Mədətin dediyinə əsasən, Molla Cumanın meydanına çıxanda sənətkarın 55-60 yaşı olardı. Bu da təxminən 1915-ci ilə təsadüf edir. Bu yaş dövründə Aşıq Könlünün Molla Cumanın meydanına çıxması, onunla ərkyana deyişməsi, hərbə-zorbaya cavab vermə cəhdi onların səmimi dostluq münasibətlərindən də soraq verir. El arasında dolaşan rəvayətlərdən birində deyilir ki, Aşıq Könlü Molla Cumanın sənətkarlıq qüdrətinə, dərin fitri istedadına bələd olduğundan onunla görüşmək arzusunda olub. Aşıq Könlü Molla Cumaya həmişə müqəddəs pir, ustad kimi baxıb. Onlar deyişdikdə klassik ənənəyə uyğun hərəkət ediblər. Bildiyimiz kimi, deyişmə məclisləri əsasən bu mərhələdə aparılırdı: 1. Tanışlıq; 2. Dəvət; 3. Hərbə-Zorba; 4. Qıfılbənd.
Onların deyişmələrindən birinə diqqət edək:

Molla Cuma:

Bu meydanda sənə tənə deyərəm,
Barmaq soxub gözlərini oyaram.
Oxlov alıb xinqal kimi yayaram,
Fətir kimi görünürsən mənə sən.

Aşıq Könlü:

Ləc olan bəndəyə yaman ləcəm mən,
Aşıqlıx elmində səndən ucam mən.
Bilirsənmi, hindi necə acam mən,
Külçə kimi görünürsən mənə sən.

Bu deyişmə başqa bir variantda digər mənbələrdə də daha mükəmməl formada verilib. Aşıq Könlünün sənətinə böyük hörmətlə yanaşdığı Molla Cumaya "Aşıqlıq elmində səndən ucam mən" deməsi elə də inandırıcı görünmür. Çox təbii ki, bu, sonradan aşıqlar tərəfindən deyilib. Sonda Molla Cuma qalib gəlib. Amma Aşıq Könlünün sənətkarlıq qüdrəti onu heyran edir. Bütün bunlar göstərir ki, Aşıq Könlü adlı sənətkar mövcud olmuşdur və yaradıcılıq qüdrəti ilə el arasında ad-san qazanıb.
Uğur