“Azərbaycan bütün zamanlara örnək ola biləcək əsl tolerantlıq nümunəsidir” Layihə

“Azərbaycan bütün zamanlara örnək ola biləcək əsl tolerantlıq nümunəsidir”

Oruc Quliyev: "Multikulturalizm ayrıseçkiliyə yol vermir, əksinə bütün xalqları birləşdirir"

Azərbaycan mədəniyyəti xalqımızın tarixi qədər qədim və zəngindir. Uzun və mürəkkəb inkişaf yolu keçmiş teatr, kino, musiqi və xalq sənətinin müxtəlif növlərinin tətqiqi Azərbaycan xalqının yüksək mədəni irsə malik olmasını sübut edir. Azərbaycan xalqı özünün tarixi, maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə haqlı olaraq fəxr edir və onu qoruyub, olduğu kimi gələcək nəsillərə ötürür. Azərbaycan çoxmillətli, çox dinli bir ölkədir. Azərbaycanda təxminən 20-dən artıq azsaylı xalqların nümayəndələri, müxtəlif dinlərin daşıyıcıları yaşayır. Bunlar həm də müxtəlif sivilizasiyaların Azərbaycanda mövcud olduğunu göstərir. Tarix göstərir ki, bütün dövrlərdə xalqımız müxtəlif millətlərin nümayəndələrini həmişə hörmətlə qarşılayıb. Mövcud milli-mədəni müxtəliflik və etnik dini dözümlülük mühiti Azərbaycanı çoxmillətli, çoxkonfessiyalı diyar, dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanı etmişdir. Bu səbəbdən Azərbaycanda millətlərarası, dinlərarası tolerantlığın olduğunu söyləmək mümkündür. Ölkədə azsaylı xalqların milli mədəniyyətinin inkişafına şərait yaradılmışdır. Millətin öz varlığını qorumasının yollarından biri onun dilinin, mədəniyyətinin qorunub saxlanılmasıdır ki, bu da Azərbaycan dövləti tərəfindən təmin olunur. Azərbaycanda olan dəyərlər Qərb üçün də, Şərq üçün də vacib və çox əhəmiyyətli nümunədir.
Xətai rayon MKS-nin Mərkəzi Kitabxansının direktoru Oruc Quliyevin fikrincə, bu gün dünyanın bir nömrəli problemi məhz tolerantlığın, qarşılıqlı hörmətin, mədəniyyətlərarası dialoqun olmamasıdır. Bu gün Avropada, Yaxın Şərqdə gedən proseslər onu göstərir ki, dünya sivilizasiyasının bünövrəsini təşkil edən, millətlərarası münasibətlərə çox ciddi təsir göstərən qarşılıqlı hörmət, tolerantlıq anlayışı aradan götürülüb, nəinki aradan götürülüb, hətta bir alət kimi istifadə olunur ki, milləti millətə qarşı qaldırsınlar və hansısa problemlər yaratsınlar. Həm dünyada baş verən bu kimi hadisələr nöqteyi-nəzərindən, həm də Bakıda bir neçə mötəbər tədbirin keçiriləcəyini nəzərə alaraq, 2016-cı ilin "Multikulturalizm" ili elan etməsi bu proseslərə bir cavabdır. Multikulturalizm ilinin elan olunması, həm insanların, millətlərin, konfessiyaların birgə yaşaması üçün ən əsas düsturdur, həm də Azərbaycanın regionda rolunu müəyyən edən bir faktordur. Yəni biz bir körpü kimi Şərqi də, Qərbi də özümüzdə birləşdirmək iqtidarındayıq. Biz bu gün bağlayıcı, inkişaf etdirici bir amilə çevrilmişik. "Multikulturalizm ili" Azərbaycanın dünyadakı mədəniyyətlər və sivilizasiyalararası dialoqa töhfəsi ilə yanaşı, dünyadakı sülh və əməkdaşlığa xalqın milli iradəsinin ifadəsidir. Multikulturalizm ilində ölkəmizdə yaşayan azsaylı xalqların, toplumların dillərinin, adət-ənənələrinin, mədəniyyət nümunələrinin qorunması strateji istiqamət kimi müəyyən edilib. Bu il maarifləndirmə məsələsinə üstünlük verilməsi, multikulturalizm, tolerantlıq anlayışının düzgün qəbul olunması üçün tədbirlərin keçirilməsi bir məqsəd kimi qarşıya qoyulub. Tolerantlığın məkanı, multikultural ənənələrə sadiq müstəqil Azərbaycan mədəniyyətlərin dialoqunun inkişafına, mədəni müxtəlifliyin qorunub saxlanılması və sivilizasiyalar arasındakı qarşılıqlı münasibətlərin tənzimlənməsinə yönəlmiş mühüm layihələrin, mötəbər forumların gerçəkləşdirilməsi sahəsində zəngin təcrübəyə malikdir. Multikulturalizmin əsasında müxtəlif millətlərdən olan insanların hər bir şəxsiyyətə hörmət qoyaraq, qanunlara əməl edərək birgə yaşaması ideyası dayanır. Amma bu zaman mədəni, dini, dil, etnik və digər xüsusiyyətlərə zərər dəyməməlidir. Əsl multikulturalizmin hökm sürdüyü cəmiyyətə nail olmağın alətləri də gözəl və dəqiqdir – tolerantlıq, qanunlara, bir-birinin azadlığına hörmət. Multikulturalizm ayrıseçkiliyə yol vermir, əksinə bütün xalqları birləşdirir.
Öz mədəniyyətinə, tarixinə, ənənələrinə, əməllərinə hörmətlə yanaşan xalq, gərək eyni şəkildə fərqli mədəniyyətlərə də, fərqli tarixə də hörmətlə yanaşsın. Mövcud milli-mədəni müxtəliflik və etnik dini dözümlülük mühiti Azərbaycanı çoxmillətli, çox konfesiyalı diyar, dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanı etmişdir. Bu gün həmin mədəni, linqvistik etnik rəngarəngliyin qorunmasına yönəldilən və uğurla həyata keçirilən dövlət siyasəti multikulturalizm sahəsində əsrlərdən bəri toplanmış böyük tarixi təcrübənin xüsusi qayğı ilə əhatə olunmasını, zənginləşdirilməsini, cəmiyyətdə bu istiqamətdə qazanılmış unikal nailiyyətlərin beynəlxalq aləmdə təbliğinin gücləndirilməsini zəruri edir. Azərbaycanda həm multikulturalizm ənənələri, həm də tolerantlıq xalqın milli xüsusiyyətləri ilə bağlıdır. Sivilizasiyaların qovuşuğunda yerləşən Azərbaycanın zəngin mədəni-mənəvi irsə və tolerantlıq ənənələrinə malik olması beynəlxalq aləmdə etiraf edilən həqiqətlərdəndir. Azərbaycan bütün zamanlara örnək ola biləcək əsl tolerantlıq nümunəsidir. Dünyada sivilaziyalararası dialoqla ciddi problemlərin yaşanması, bu fonda konfliktlərin artması tendensiyasının müşayiət olunması, xüsusilə də islamafobiya kimi təhlükəli meyllərin bir sıra dövlətlərin və digər subyektlərin siyasətində özünə geniş yer alması reallığında Azərbaycanın mədəniyyətlərarası dialoq məkanına çevrilməsi faktı qlobal əhəmiyyət kəsb edən məsələdir. Bu məsələnin həlli istiqamətində Azərbaycanın təcrübəsi digər ölkələr üçün örnək ola bilər. Mövcud multikultural mühit, tolerantlıq dünyanın bir çox dövlətlərinin diqqətini cəlb edib. Dünyadakı din xadimləri Azərbaycandakı mövcud vəziyyəti yüksək qiymətləndirirlər. Hazırda Avropanın bir sıra universitetlərində "Azərbaycan multikulturalizmi" fənni tədris edilir. Bu fənn təkcə Azərbaycan multikulturalizminin təbliği ilə deyil, eyni zamanda, dünyada, xüsusən də Avropa ölkələrində olan multikultural ənənələrin müqayisəli şəkildə öyrənilməsi ilə bağlıdır. Bu, Azərbaycan dövlətinin son illərdə əldə etdiyi nailiyyətlərdən biridir.
Prezidentin müvafiq sərəncamı ilə 2016-cı ilin ölkəmizdə "Multikulturalizm ili"nin elan edilməsi ilə bağlı müxtəlif dövlət qurumlarının qarşısına ciddi vəzifələr qoyulub. Qloballaşma, sürətli məlumat mübadiləsi, məlumatın ötürülməsinin asanlaşması və XXI əsrdə gerçəkləşən digər proseslər bir çox ölkədə mədəniyyət fərqini daha da artırmışdır. Bu səbəbdən kitabxanaların mədəniyyətinə, dilinə və dininə baxmadan cəmiyyətin bütün üzvlərinə xidmət etməsi, cəmiyyətin ehtiyacını qarşılayaraq bilik mənbəyi kimi çıxış etməsi onların üzərinə düşən əsas vəzifələrdən biridir. Kitabxanalar ənənəvi xidmətlərlə yanaşı, cəmiyyətdə ehtiyac duyulan yeni xidmət sahələrinə cavab verə bildikləri müddətcə bilik mənbəyi olaraq qalacaqlar. Cəmiyyətə xidmət göstərən hər bir qurum, inkişaf və dəyişimə uyğunlaşdığı zaman var olacaqlar. Multikulturalizm qavramından qaynaqlanan fərqli mədəniyyət qruplarına istiqamətlənmış kitabxana xidməti də bu mənada dövr və mühitə uyğunlaşmalıdır. Kitabxanaların və digər mədəniyyət müəssisələrinin, insanların ünsiyyətində və daha sağlam bir cəmiyyətin ortaya çıxmasında vacib rolları olması danılmazdır. Mövcud mədəni irsin gələcək nəsillərə ötürülməsində kitabxanaların yeri böyükdür. Bu onların yalnız vəzifəsi deyil, uzun müddət varlıqlarını qoruya bilmələrinin sığortasıdır. Xüsusilə uşaqlar və gənclərə yönəlmiş xidmətləri bu mövzuda daha vacib yer tutur. Mədəniyyət baxımından getdikcə fərqliləşən bir cəmiyyətin ehtiyaclarını qarşılamaq kitabxanalar üçün həm bir təhlükə, həm də fürsət qaynağıdır. Bu vəziyyət isə kitabxanaların mövcud quruluşlarında vacib dəyişiklikləri gündəmə gətirir. Mövzu ilə əlaqədar kitabxanaların üzərinə düşən rol üçün öz planlarını yenidən gözdən keçirmək gərəkdir. Multikulturalizm və onun ədəbiyyata yeni anlayış kimi daxil olması müasir dövr üçün çox aktualdır. Belə ki, o, bütövlükdə mədəniyyətə baxışı dəyişir. Mədəniyyət bütün sahələrdə bizim dünyaya baxışımızı müəyyənləşdirir, bizim verdiyimiz qərarlara və hərəkətlərə təsir edir. Ölkə xaricindən qaynaqlanan mədəniyyət fərqləri ilə yanaşı, ölkə içindəki fərqli qruplar arasındakı məsələlərin də qarşılıqlı anlayışa əsasən həll olunması Azərbaycanda kitabxana xidmətlərinə öz təsirini göstərmişdir. Kitabxana əməkdaşları çalışmalıdır ki, bu sahəni tədris edən kadr heyəti, ilk növbədə, ölkədə yaşayan milli azlıq, azsaylı xalq və etnik azlıqlar – onların tarixi, təsərrüfatı, məişəti, yaşadıqları coğrafi ərazi, təhsili, mediası, ölkənin ictimai-siyası həyatındakı rolları və ən nəhayət, beynəlxalq sənədləri və təcrübə barədə məlumatlı olsunlar. Məlumatın əldə olunmasını asanlaşdırmaq, ehtiyac duyulan xidməti vermək, fərqli mədəniyyətləri təbliğə yönəlmiş tədbirləri dəstəkləmək və s. multikultural ölkələrdəki kitabxanalardan gözlənilən funksiyalardan yalnız bir neçəsidir. Kitabxanalar multikultural bir cəmiyyətdə körpü vəzifəsini yerinə yetirirlər. Mədəniyyətlərin və sivilizasiyaların dialoqunun təşkilində kitabxanaların da üzərinə çox böyük yük düşür. Azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın və mədəni, dini linqvistik müxtəlifliyin qorunmasını təmin etmək, multikulturalizmin və tolerantlığın həyat tərzinə çevrildiyi Azərbaycanda mövcud olan multikultural ənənələri, habelə bölgələrə aid mədəni irsi, onların bir-birinə təmas dərəcəsini öyrənmək, təbliğ etmək 2016-cı il və bundan sonrakı illərdə əsas məqsədlərdən biri olacaqdır. Müasir multimədəni cəmiyyətlər kulturoloji strategiyalara əsaslanan düşünülmüş multikulturalizm siyasəti olmadan sabit inkişaf edə bilməzlər. Azərbaycan tarixən sahib olduğu tolerantlıq və multikulturalizm ənənələrini hüquqi və siyasi müstəvidə yenidən bərpa etdi. Bu gün dünya üçün multikultural dəyərlər nə qədər yeni olsa da, Azərbaycan bu dəyərlər sisteminə - yəni, eyni bir ölkədə yaşayan müxtəlif xalqların mədəni hüquqlarını tanıyan humanist dünyagörüşü və ona uyğun siyasəti ilə bəşəriyyətə yaxşı nümunələr göstərir.

Cavid