Qədimdən gələn zəngin ənənələr günümüzədək qorunub saxlanır Layihə

Qədimdən gələn zəngin ənənələr günümüzədək qorunub saxlanır

Azərbaycan qədim tarixə, zəngin mədəni irsə malik olan bir ölkədir. Əlverişli təbii-coğrafi mövqeyi Azərbaycanda tarixin müxtəlif mərhələlərində bir çox qəbilə, tayfa və xalqların məskunlaşmasına səbəb olmuşdur. Qərblə Şərq arasınada bir körpü rolu oynayan bu əraziyə axışan tayfaların hər biri müasir Azərbaycan xalqının etnik təşəkkülündə özünəməxsus rol oynamışdır. Azərbaycan etnomədəni mühitində formalaşan və Azərbaycan xalqının etnososial birliyinə daxil olan etnoslar bu ərazidəki təşəkkülü mərhələsində uzun bir tarixi yol qət etmiş, nəticədə Azərbaycan ərazisində minilliklər boyu formalaşmış spesifik, rəngarəng ənənəvi mədəniyyətə özünəməxsus rəng qatmışlar. Bunun nəticəsində Azərbaycan hər zaman "etnoqrafik xəzinələr muzeyi" kimi tanınmışdır.
Tarix elmləri doktoru Məhəbbət Paşayeva bildirib ki, əsrlər boyu birgə yaşamış, tarixin müəyyən dövrlərindən Azərbaycanı özlərinə məskən seçmiş etnosların hər biri zaman keçdikcə vahid ümumazərbaycan dəyərlərinə sahib olmaqla yanaşı etnik spesifikliyi də qoruyub saxlamışlar. Bununla da Azərbaycan mənəvi irsinin daha da zənginləşməsinə öz töhfələrini vermiş, bütövlükdə Azərbaycan mənəvi mədəniyyətinin tərkib hissəsinə çevrilmişlər.
Bu gün Azərbaycanda əhalinin böyük əksəriyyətini təşkil edən Azərbaycan türkləri ilə yanaşı tatlar, dağ yəhudiləri, udilər, saxurlar, xınalıqlar, buduqlar, qrızlar, ingiloylar kimi bir sıra etnoslar yaşamaqdadır. Qeyd etmək lazımdır ki, Azərbaycanın Quba bölgəsində, Şahdağın qoynunda məskunlaşdıqlarına görə tarixi-etnoqrafik ədəbiyyatda "Şahdağ etnik qrupları" və ya "Şahdağ xalqları" kimi qruplaşdırılan xınalıqlar, qrızlar, buduqlar kompakt olaraq yalnız Azərbaycanda yaşayırlar və dünyanın etnik xəritəsində yalnız bu ölkədə qeydə alınmış nadir etnoslardandır.
"Şahdağ xalqlarının", həmçinin udilərin və ingiloyların mənşəyi ilə bağlı aparılan araşdırmalar bu etnosların Azərbaycanın qədim dövləti olan Qafqaz Albaniyasında məskunlaşan, Azərbaycanın, həmçinin Qafqazın antik və orta əsr mədəniyyətinin əsas yaradıcılarından sayılan alban tayfalarından olduqlarını söyləməyə əsas verir. Etnik tərkibinə görə rəngarəng olan Qafqaz Albaniyasında Azərbaycan xalqının etnogenezində mühüm rol oynamış uti, qarqar, hun, udi, kaspi, qel, hər, qat kimi bir çox tayfalar, Strabonun da qeyd etdiyi kimi, alban tayfa ittifaqında birləşmişdilər (Strabon, Coğrafiya, XI kitab, IV fəsil). Bu gün Azərbaycanda yaşayan udilər, ingiloylar, o cümlədən xınalıqlar, qrızlar, buduqlar kimi etnoslar kök etibarilə Azərbaycanın alban mənşəli tayfaları olaraq udi, qel, hər, qat kimi qədim alban tayfalarının varisləridir.
Şahdağın ətəklərinə yayılmış Qrız, Buduq kəndləri, xüsusilə də, Şahdağın ən yüksək zirvəsində, dəniz səviyyəsindən 2350 metr yüksəklikdə yerləşən Xınalıq kəndi dağların arasında bəşər sivilizasiyasının dağıdıcı qüvvəsindən qoruna bilmiş canlı tarixdir. Azərbaycan tarixində özünəməxsus izləri olan olan xınalıqlar, qrızlar, buduqlar müstəqil etnik qruplar kimi öz kəndlərinin adı ilə tanınsalar da, bu etnosların etnik özünüadlandırmasında qədim alban etnonimləri özünü büruzə verir. Tədqiqatlar nəticəsində məlum olub ki, xınalıqlar, buduqlar, qrızlar erkən orta əsrlərdə Qafqaz Albaniyasının şimal-qərb sərhədlərində bir-birinin qonşuluğunda, Şəki, Kambisena kimi vilayətlərin yaxınlığında yerləşən Xeni, Hereti, Bed mahallarında məskun olmuşlar (7, s.40-41). Bu etnoslar VI-VIII əsrlər boyu davam edən İran, xəzər, nəhayət, ərəb istilalarından qorunmaq üçün Tufan dağını aşaraq hazırda yaşadıqları Şahdağ ətəyindəki kəndləri salmışlar. Xınalıqlar və hapıtlar arasında dolaşan əfsanələrdə də onların əcdadlarının Tufan dağının o tayındakı Xeni və Hərnə şəhərlərindən gəldikləri söylənir. Əhalinin "Tufan dağının o tayı" adlandırdığı ərazi müasir Azərbaycan Respublikasının Şəki-Zaqatala bölgəsi ilə, yəni yuxarıda adı çəkilən alban mahallarının yerləşdiyi ərazilərlə üst-üstə düşür.
Azərbaycanın alban köklü tayfalarından biri də hazırda kompakt şəkildə Qəbələ rayonunun Nic kəndində və Oğuz rayonunda yaşayan udilərdir. Udi etnoniminə antik müəlliflərdən Herodot, Strabon, Plini və Ptolomeyin əsərlərində rast gəlinir. Alban tarixçisi Мusa Kalankatlının "Alban tarixi" əsərində (I kitab, 4-cü fəsil) udilər haqda daha ətraflı məlumat verilir.
Qel tayfalarının varisləri sayılan ingiloylar isə Azərbaycanın şimal-qərb bölgəsinin Qax, Zaqatala, Balakən rayonlarında məskunlaşıblar. Qellərin tarixən yaşadığı yer Qafqaz Albaniyasının Hereti vilayəti olub. XIX əsr müəllifləri də Heretinin ingiloyların əcdadlarının yaşadığı qədim Albaniya vilayəti olduğunu qeyd edirdilər. XVII əsrin II yarısından etibarən qellər kütləvi şəkildə müsəlmanlığı qəbul etdiklərindən Azərbaycanın şimal-qərb bölgəsinin əhalisi tərəfindən "yengi qeloylar", yəni yeni yolu – müsəlmanlığı qəbul etmiş qeloylar adlandırılmağa başlamışdılar. "Qel" və ya "qeloy" etnonimi tədricən fonetik dəyişikliyə uğrayaraq "yengiloy"-"ingiloy" şəklinə düşmüşdür. Azərbaycanın şimal-qərb bölgəsində yaşayan əhali ingiloyları indi də çox zaman elə keçmiş etnik adları ilə "qeli" və ya "qeloy" adlandırır. Çar Rusiyasının bu bölgədə yeritdiyi milli müstəmləkə və dini parçalama siyasəti nəticəsində hazırda ingiloyların bir qismi xristian, bir qismi isə müsəlmandır.
Azərbaycanlıların mənəvi irsini təşkil edən alban mədəniyyəti və etnosu müəyyən transformasiyaya uğrasa da, bu mədəniyyətin bir sıra zəngin və qədim ənənələri günümüzədək qorunub saxlanmışdır. Həm yazılı qaynaqlar, həm də arxeoloji və tarixi-etnoqrafik araşdırmalar qədim alban еtnoslarının təbiət qüvvələrinə, Göyə, Aya, Günəşə sitayiş etdiyini və bu inanclar sistemini xristianlıq, islam ideologiyalarının tərkibində də yaşatdığını təsdiqləyir. Xristianlığın Qafqaz Albaniyasında çox erkən dövrlərdən yayılmasına baxmayaraq, alban tarixçisi Musa Kalankatlının da yazdığı kimi, VII əsrdə belə yerli əhali arasında qədim ilahilərə sitayiş edənlər vardı (Alban tarixi, I, 14). Alban tanrılarını yunan adları ilə tanıdan Strabon xristianlığın qəbuluna qədər albanların Helios (Günəş), Zevs (Yerin və Göyün tanrısı) və Seleneya (Ay), xüsusilə İberiya yaxınlığındakı Selenaya sitayiş etdiklərini yazırdı (Strabon, Coğrafiya, XI kitab, 4-cü fəsil). Ölkəmizin digər bölgələrinə nisbətən aya, xüsusilə də təzə aya sitayişin izlərinə daha çox rast gəlinir.
Azərbaycanın şimal-qərb bölgəsində rast gəlinir. Strabonun qeyd etdiyinə görə, Ay məbədinin yerləşdiyi bu bölgədə qoruyucu vasitə kimi uşaqların boynuna xüsusi ayinlə hazırlanan aypara medalyonu taxılması ənənəsi mövcud olub. Belə medalyon yalnız Ay tutulanda dəyirmi metal parçasını qövsvari formada kəsməklə hazırlanar, bu zaman şər qüvvələri qorxutmaq üçün mis qab döyəclənərdi. Udilər Aya qurban kəsər, həyat, artım simvolu kimi sonsuz qadını təzə ayın işığında axar sudan keçirər, təzə aydan uzun ömür diləyərdilər. Azərbaycanın bir çox bölgəsində rast gəlinən bu ənənə hazırda islam ideologiyası ilə qaynayıb-qarışmışdır: təzə ayı görən zaman yaşlı insanlar islam adətilə salavat çevirərlər.
Daşkəsən, Şəmkir, Naxçıvan, Şəki bölgələrindəki arxeoloji abidələrdən aypara və günəş fiqurlu qəbir örtüklərinin aşkar edilməsi Azərbaycanda Ay, Günəş kultu ilə bağlı qədim inamların hələ e.ə. III minillikdə mövcud olduğunu təsdiqləyir. Strabonun Ay kimi öləndən sonra yenidən doğulacağına inanan yaşlı insanların təzə ayın şərəfinə bütün gecə şənlik etməsi barədə verdiyi məlumat qədim Azərbaycan əhalisinin dəfn mərasimlərində özünəməxsus yer tutan aypara nişanının mahiyyətini anlamağa imkan verir (Coğrafiya, III, 4). Təbiətin ölüb yenidən canlanması, Günəşin, Ayın batması və doğması kimi insanların da ölümdən sonra yeni bir həyata başlayacağına inancın izlərini Azərbaycandakı yas mərasimlərində yayqın olan "Ay kimi doğdun, gün kimi batdın…" ağısında da görmək olur.
Alban mədəniyyəti üçün səciyyəvi olan astral inamlar, təbiət qüvvələri ilə bağlı müəyyən simvolik işarələr Xınalıq, Qrız kəndlərindəki qədim qəbir abidələrində bu günədək qorunur. Bu qədim alban tayfalarının astral təsəvvürləri sonralar islam ideologiyasının təsiri ilə daha da təkmilləşərək tədricən islami dəyər qazanmışdır.
Xınalıq kəndində ən qədim qəbiristanlığında aşkar etdilmiş bir başdaşının üzərindəki təsvirdə inanc sistemlərinin belə sinkretizmini görmək mümkündür: qəbirüstü abidədə aypara simvolu, ərəb yazıları, eləcə də, alban başdaşları üçün xarakterik olan nəbati və zoomorf təsvirlər bir aradadır. Bu başdaşında həyat ağacını qoruyan iki quş, daşın yuxarı hissəsində su qabı, aypara simvolundan başqa, daşın yan tərəfində yuxarı qalxan həyat ağacı təsvir edilmişdir. Göründüyü kimi, həyat ağacı ilə bağlı çox qədim kökləri olan ənənələrin, mifik dünyagörüşlərin izlərini daşıyan bu süjet klassik ideologiyaların da tərkibində yaşamağa davam etmişdir. Xınalıq, Qrız kəndlərindəki qədim qəbiristanlıqlarda Qafqaz albanlarının ta qədimdən riayət etdikləri adətə görə ucaldılmış adsız qəbir daşları da var.
Tədqiqata cəlb etdiyimiz qədim alban tayfalarında Günəş kultunun izləri özünü daha çox büruzə verir. Ümumiyyətlə, azərbaycanlılar səma cisimləri içərisində Günəşi daha müqəddəs hesab edir, hətta günə and içirlər. Udilər Günəşin şərəfinə bazar gününü qədim astroloji təqvimlərdə olduğu kimi "Günəş günü" adlandıraraq həmin gün ailəlikcə günəşin doğmasını seyr edərlər. XIX əsrdə burada günəşlə bağlı ovsun ayini keçirildiyi məlumdur.
Cavid