“Orta əsrlərdə dini plüralizm mövcud deyildi” Layihə

“Orta əsrlərdə dini plüralizm mövcud deyildi”

"Avropanın özündə də orta əsrlərin başlanğıcından etibarən müxtəlif xristian məzhəbləri arasında qanlı çarpışmalar gedib"

"Çoxmillətli və fərqli dinlərin bərqərar olduğu Azərbaycanın milli siyasəti müxtəlif millət, etnik qrup və dini azlıqların birgə yanaşı yaşaması və dözümlülük prinsipləri əsasında müəyyənləşdirilib. Konstitusiyanın 25-ci maddəsinin III bəndinə görə "Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir və bütün vətəndaşlar eyni hüquqlara malikdir".
Cinayət Məcəlləsinin 109-cu maddəsinə əsasən "Siyasi, irqi, milli, etnik, mədəni, dini, cinsi və ya beynəlxalq hüquq normaları ilə yasaqlanmış digər əsaslara görə müəyyənləşdirilmiş hər hansı bir qrupu və ya təşkilatı izləmə, yəni qrupa və ya təşkilata mənsub olduqlarına görə insanların əsas hüquqlarını kobudcasına tapdama, bəşəriyyət əleyhinə digər cinayətlərlə əlaqədar olduqda – 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır". Bu fikirləri Fəlsəfə doktoru Rəşad İlyasov öz yazııznda qeyd edib.
O bildirib ki, Azərbaycanda dini azlıqların hüquqlarının qorunması və təminatı sahəsində də müstəqillik illərində də çox mühüm addımlar atılıb: "1992-ci ildə "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikası Qanunu qəbul edilib, 1996 və 1997-ci illərdə müvafiq düzəlişlər edilib. Həmin qanuna görə, Azərbaycanda vətəndaş hüququna malik "Hər bir kəs dinə münasibətini müstəqil müəyyənləşdirir, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, dinə münasibəti ilə əlaqədar əqidəsini ifadə etmək və yaymaq hüququna malikdir".
Azərbaycan dövləti dini etiqad azadlığının təmin edilməsi, din-dövlət münasibətlərinin tənzimlənməsi sahəsində də bir sıra islahatların həyata keçirilməsini məqsədəuyğun sayır. Bu baxımdan Azərbaycanın ümumilli lideri, mərhum prezident Heydər Əliyev 21 iyun 2001-ci il tarixdə, 512 saylı fərmanı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) yaradılmasını təsdiqlədi. Həmin fərmanla müəyyən edildi ki, yeni yaranmış Dövlət Komitəsinin əsas vəzifəsi konstitusiyanın dini əqidə azadlığını təmin edən 48-ci maddəsinin icrası üçün müvafiq şəraitin yaradılmasından, dini etiqad azadlığı ilə bağlı digər qanunvericilik aktlarına riayət olunmasına nəzarəti təmin etməkdən, dini qurumlarla dövlət arasında münasibətləri daha ciddi tənzimləməkdən ibarətdir. DQİDK ölkədə dini durumda gərginlik yaranmaması, dini ayrı-seçkilik meyllərinin milli münasibətlər səviyyəsinin yüksəlməsinə yol verilməməsi, dini mərasim adı altında müxtəlif antidövlət meylli şəxs və qrupların qarşıdurma yaratmaq cəhdlərinin qarşısının alınmasını həyata keçirir. Eləcə də ictimai təhlükəsizlik və sosial sabitliyin qorunması, din-dövlət münasibətlərinin normal səviyyədə tənzimlənməsi üçün mövcud dini duruma lazımi nəzarəti həyata keçirir və bu yolda hər cür mənfi halların qarşısının alınması işində müvafiq beynəlxalq təşkilatları ilə əməkdaşlıq edir.
Azərbaycandakı mövcud tolerantlığın bir çox ölkələrə yaxşı nümunə ola biləcəyi respublikamıza gələn müxtəlif din xadimləri və rəsmi şəxslər tərəfindən də etiraf edilib. Məsələn, 2006-cı il fevralın 28-dən martın 5-dək Azərbaycanda səfərdə olan BMT-nin İnsan Hüquqları Komissiyasının din və əqidə azadlığı üzrə xüsusi məruzəçisi Asma Cahangir cəmiyyətdə mövcud olan dözümlülük səviyyəsinin xoş təəssürat yaratdığını demişdi.
Məlumat üçün xatırladaq ki, 1999-cu ildən etibarən ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 16 noyabr tarixi Azərbaycanda tolerantlıq günü kimi qeyd edilir".
O diqqətə çatdırıb ki, modern cəmiyyətin dünyəvi hüquqi prinsiplər kontekstində dini dəyərlərdən müstəqil şəkildə formalaşması iki cəhətdən özünü büruzə verir: "İlkin olaraq siyasi hakimiyyət özünü dini simvol və dəyərlərə istinad etmədən öz hüquqi-siyasi statusunu təşkil edir. İkinci olaraq isə ictimai həyatı tənzimləyən prinsiplər dini hökmlərə istinad etməz.
Bu baxımdan dinin ictimai həyatda yer alması fərqli bir məsələdir və dinin ictimai həyatda yer alması demokratik prinsiplərlə paradoks təşkil etmir. Demokratik prosesə tərs olan isə dinin və ya başqa bir dini sektanın təzyiq ünsürü halına gəlməsidir. Bunun xaricində hər bir etiqad və düşüncə cəmiyyət həyatında, həm düşüncə həm də həyat tərzi olaraq öz yerini ala bilər. Ən çox bilinən mənada dünyəvilik, dinin ictimai əhəmiyyətinin zəiflədiyi prosesin adıdır. Digər bir cəhətdən dünyəvilik modern cəmiyyətlərdə müştərək bir xüsusiyyət olaraq bu cəmiyyətlərin hamısında eyni bir formada yayılmamışdır. Məsələn, Qərbi Avropa dövlətlərinin dünyəvi, ABŞ-ın dindar, Kanadanın isə bu iki kateqoriya arasında yer aldığı bilinir. Məhz bu mənada dinin gələcəyini müzakirə edən müasir sosioloqlar "dinsiz bir gələcək düşüncəsinin illüziya" olduğunu ifadə edirlər.
Tarixdən məlumdur ki, müxtəlif dinə mənsub insanlar arasında yaranan konfliktlər dialoqdan çox müharibələrlə nəticələnib. Çünki hər bir din mütləq həqiqətin öz dini sistemində olduğunu iddia edərək məsələyə bu rakursdan baxır. Orta əsrlərdə dini plüralizm yəni, mütləq həqiqətin müxtəlif cəhətlərdən təcrübə edilə biləcəyi və hər bir dinin mütləq həqiqəti öz məfhum və terminləri ilə izah etdiyi düşüncəsi mövcud deyildi. Digər tərəfdən isə İslam dinin yayılması ilə tarix səhnəsində qanlı çarpışmaların olduğunu görürük. Belə ki bu savaşlar və işğallar din altında aparılır və din adı altında mütləq həqiqət uğuruna insanlar qətl edilirdilər. Avropanın özündə də orta əsrlərin başlanğıcından etibarən müxtəlif xristian məzhəbləri arasında qanlı çarpışmalar gedib. Dini hökmlər, qanunlar və şərhlərin cansıxıcı hakimiyyəti altında insanlar müstəqil, rasional qərarlar verə bilmirdilər. İslam dünyası ilə xristian dünyasının qarşı-qarşıya gəldikləri xaçlı (səlib) yürüşlərini və müharibələrini də qeyd edə bilərik. Bütün bu müharibələr dini ad altında, iqtidar istəklərinə və torpaqların işğal edilməsi üçün məsələyə dini don geyindirilib "Tanrı Dövləti" (Divine State) məfhumuna istinad edilərək aparılırdı. Həm bəzi Türk imperiyaları, həm də Xilafət dövründə islami məzhəblər və təriqətlər arasında da qanlı vuruşmalar olub. Bütün bunlar dini həqiqətə dair müxtəlif görüşlərin, plüralizmin qəbul edilməməsindən irəli gəlirdi. Bütün bu mülahizələr əsasında deyə bilərik ki, tarixə nəzər saldıqda hakimiyyət və iqtidar məqsədilə din fərqli görüş sahiblərinin əlində alətə çevrilə bilmişdi".
Onun fikrincə, müasir dövrdə din və dövlət əlaqəsi müxtəlif ölkələrdə fərqli istiqamətlərdə inteqrativ mahiyyətə malikdir: "Məsələn, Almaniyada Xristian Demokrat Partiyasının reallığı, Fransada məktəblərin çoxunun katolik kilsəsinə aid olduğu, İtaliya daxilində Vatikan kimi papalıq qurumunun, İran İslam Respublikasının mövcudluğu və s. faktorlar din-dövlət münasibətlərini təhlil edərkən çox yönlü baxış tərzinin aktuallığını labüd edir. Bir çox müsəlman ölkəsinin öz konstitusiyasında dünyəvi hüquqa əsaslanmasına baxmayaraq dini qurumlar və xidmət mərkəzləri dövlət vasitəsi ilə idarə olunur və tənzimlənir. Bunun ən böyük nümunəsini Türkiyə Respublikasında olan Din İşləri Nazirliyi timsalında görmək olar.
Ümumiyyətlə isə din-dövlət münasibətlərində dünyəvi sistem tərəfindən-"azadlıq, demokratiya, insan hüquqları və hüququn üstünlüyü"- anlayışı prinsipial hüquqi ifadə olaraq qəbul edilir. Bu baxımdan modern dövlət iddiasını daşıyan hər bir dövlət bu və ya digər cəhətdən bu prinsiplərə sadiq qalmağa çalışır. Ancaq reallıqda isə müxtəlif regionlarda bu sadiq qalma heç də müvafiq şəkildə həyata keçirilmir. Belə ki, müxtəlif dini cərəyanlar və təriqətlər siyasətə təsir edərək öz maraqlarını həyata keçirməyə çalışırlar. Məsələn, son dövrlərdə Yaxın Şərqdə baş verən hadisələri təhlil etdiyimizdə rəqabətdə olan dini baxış tərzləri ilə rastlaşırıq. Misirdə "Müsəlman Qardaşların" hakimiyyətə gəlməsi, Suriyada hakimiyyətdə olan Ərəb ələvi elitanın mövcudluğu, Bəhreyndə əksəriyyəti təşkil edən şiə xalq ilə sünni iqtidarın çəkişməsi, İraqdakı etnik-məzhəbi müxtəlifliyin siyasətə sıçraması və s. faktorlar müasir dövrdə din-siyasət əlaqəsinin tarixdə olduğu kimi hazırda da "dalğalı" olduğunu göstərir.
Digər tərəfdən müasir dövrdə "Mülayim İslam" (Moderate İslam) -terminindən istifadə olunması da bu çərçivədə aktuallıq kəsb edir. Bu terminlə, əsgərlərin, diplomatların və şirkətlərin canlı bombalarla hücuma məruz qalmadığı, demokratiyanın az da olsa işlədiyi müsəlman ölkələr nəzərdə tutulur.
Nəticədə hazırda həm Qərb, həm də bir çox müsəlman ölkəsində din və dövlət münasibətləri bir çox aspektdən problemli mahiyyət daşıyır. Bu isə əsasən modern dövlətin dünyəvilik məfhumuna əsaslanmasından irəli gəlir. Müxtəlif dini cərəyan və təriqətlər dünyəvi hüququ qəbul etməyərək öz tarixi missiyalarını siyasət vasitəsi ilə həyata keçirməyə çalışırlar. Bu da öz növbəsində din və dövlət münasibətlərində konfliktə gətirib çıxardır. Məhz dünya miqyasında bu istiqamətdə baş verən hadisələri təhlil etdiyimizdə meydana çıxan əsas nəticələrdən biri də budur ki, tarixdə olduğu kimi hazırda da din, fövqəltəbii hadisə olmaqla bərabər siyasi arenada təsir edici faktor olaraq istifadə olunur. Məhz 21-ci əsrdə də din və dövlət münasibətləri ciddi şəkildə həm regional, həm də qlobal siyasətdə öz aktuallığını mühafizə edəcək".