Azərbaycanda mədəni müxtəliflik sferası Layihə

Azərbaycanda mədəni müxtəliflik sferası

Müasir dünyada müxtəlif səbəblərdən baş verən münaqişələr fonunda dünya insanının yaşadığı cəmiyyəti qorumağa istiqamətlənmiş çağırışların olmasına hər zaman ehtiyac duyulur. Bu məqsədlə beynəlxalq təşkilatların, ayrı-ayrı ölkələrin təşəbbüsləri ilə davamlı olaraq beynəlxalq konfranslar, forumlar, toplantılar təşkil edilir. Belə tədbirləri sülh və sabitliyin qarantı olduğunu adlandırmaq doğru olmasa da, amma ən azından təcrübənin paylaşılması, mümkün problemlərin çözülməsinə kömək göstərilməsi baxımından vacibdir.
Görünür, elə bu səbəbdən də 1995-ci ildə UNESCO-nun qərarı ilə 16 noyabr dünyada Tolerantlıq Günü elan edilib. Tolerantlıq Günü Birləşmiş Millətlər Təşkilatının məqsədlərinə uyğun olaraq dünyada insanların davamlı sülh içərisində yaşaması naminə atdığı addımlardan biri kimi xarakterizə edilə bilər. XX əsrin sonunda demokratikləşmə prosesinin dünyanın bir çox ölkələrini əhatə etdiyini və insan hüquqlarının mühüm amil kimi ön plana çəkildiyini nəzərə alsaq, bu, çox vacib qərardır.
Bəşəriyyətin tarixən yaratmış olduğu maddi və qeyri-maddi mədəniyyət nümunələrini, dünya mədəniyyəti incilərini qorumağı təbliğ və təşviq edən UNESCO öz qərarları və amalı ilə həm də bu mədəniyyəti yaradan insanı qorumağı tərcih edir. Təşkilat bu missiyanı öz xoşməramlı səfirləri vasitəsilə ölkələrə, insanlara çatdırır.
Tolerantlıq olduqca geniş anlayışdır. O, həm insani münasibətlərin və cəmiyyətdə gedən proseslərin, həm də dövlətlərarası, millətlərarası, dinlərarası münasibətlərin bir çox cəhətləri kimi də anlaşıla bilər. Bu mənada tolerantlıq öz tarixi və bugünkü yaşam tərzi ilə azərbaycanlıların və Azərbaycanın xalqının günüdür. Çünki Azərbaycanın tarixi torpaqlarında da, hazırki Azərbaycan Respublikasının ərazisində də tarix boyu heç vaxt dini və etnik zəmində münaqişə qeydə alınmayıb. Bu yerləri özlərinə vətən bilən xalqlar, milli və dini azlıqların nümayəndələri hər zaman qarşılıqlı anlaşma və mehribanlıq şəraitində yaşamışlar. UNESCO-nun üzvü kimi ölkəmiz daim bu və digər beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərə, qoşulduğu müxtəlif konvensiyalara böyük hörmətlə yanaşıb və dünyada daim sülh və sabitlik tərəfdarı kimi çıxış edib.
Dövlətimizin həyata keçirdiyi ardıcıl və məqsədyönlü dövlət siyasətinin də qayəsində humanizm, insanpərvərlik, bərabərhüquqluluq və bunlara uyğun olaraq tolerantlıq və multikulturalizm dayanır. Prezident müxtəlif beynəlxalq təşkilatların tribunalarında, ölkəmizdə və xaricdə təşkil olunan humanitar forumlarda hər zaman vurğulayır ki, tolerantlıq xalqımızın qədim tarixindən və köklərindən gəlir. Əsrlər boyu Azərbaycan dinlərin, etnik qrupların sülh şəraitində, yan-yana yaşadığı məkan olub. Etnik, mədəni və dini müxtəliflik Azərbaycanın ən böyük sərvətlərindən biridir. Ölkəmizin uğurlarını təmin edən əsas amillərdən biri məhz Azərbaycanda çoxmədəniyyətli cəmiyyətin olmasıdır.
Ölkəmizdə dünya din xadimlərinin, dini liderlərin toplantılarının keçirilməsi, mütəmadi humanitar forumların, beynəlxalq təşkilatların yığıncaqlarının təşkil olunması artıq Azərbaycanı dünya xəritəsində tolerantlıq mərkəzinə çevirib. Azərbaycan dövləti təkcə müxtəlif dinlərə ibadət edən, müxtəlif mədəniyyətlərin daşıyıcısı olan, müxtəlif dillərdə danışan insanların – vətəndaşlarının hüquq və azadlıqlarının təminatçısı deyil, Azərbaycan dövləti həm də bu insanların ulu babalarının qurub-yaratdıqları abidələri, bu günə qədər yaşatmış olduqları mədəniyyəti, dili qorumaqdadır. Ölkəmizdə dövlət hesabına məscidlər, imamzadələr, müqəddəs ziyarətgahlar, eyni zamanda katolik və pravoslav kilsələri, sinaqoqlar təmir və bərpa edilir, insanların istifadəsinə verilir.
Mədəniyyətin ən mühüm amillərindən biri mədəni müxtəliflik və plüralizmdir. Azərbaycan çox qədimdən ən müxtəlif xalqların və mədəniyyətlərin vətəni olmuşdur. Şərq mədəniyyətinin dünya və Avropa mədəniyyətinə, yaxud əksinə keçid alması üçün Azərbaycan körpü rolunu oynamışdır. Çoxmillətli, çoxdinli, çoxdilli Azərbaycan üçün bu ideologiyanı tarixi reallığımızın özü irəli sürmüşdür. Həqiqətən də ən müxtəlif milli-etnik qrupların nümayəndələrinin yaşadığı Azərbaycan unikal coğrafi, geosiyasi və mədəni məkandır.
Tarixin bütün dövrlərində özünün rəngarəng tərkibli olması ilə fərqlənən Azərbaycanda bu müxtəlifliyin etnik-milli mənbələri mövcuddur. Azərbaycanda yaşayan onlarla etnik-dini birliklərin qarşılıqlı münasibəti və mədəniyyəti - folklor, dialekt, adət, məişət tərzi, inam sistemi və s. müxtəlifliyin vəhdətini müəyyənləşdirib. Azərbaycanda, tarixən, bütün xalqlara, mili azlıqlara və etnik qruplara eyni - normal münasibət bəslənib. Azərbaycan dövləti ardıcıl və düzgün milli siyasət yeridib, milli azlıqların hüquqlarının təminatı sahəsində mühüm nailiyyətlər əldə edib.
Azərbaycan dövləti təminat verir ki, ölkə ərazisində yaşayan milli azlıqlar qanunla nəzərdə tutulan hər cür təşkilat yarada bilərlər. Belə təşkilatların hüquqi vəziyyətini Konstitusiya və ya qanunlar tənzimləyir. Azlıqların milli təşkilatlarının müxtəlifliyi ənənələrlə bağlıdır. Xüsusi etnik birliklər daha çox dini zəmində yaranır. Azərbaycan xalqı ölkə ictimaiyyətinin əsas hissəsi olan azərbaycanlılardan və ölkənin müxtəlif guşələrində yığcam halda yaşayan 30 sayda millət və etnik qruplardan ibarətdir. Sayı, dil və dinlərinin müxtəlifliyinə baxmayaraq, onlar Azərbaycanın bərabərhüquqlu vətəndaşlarıdır
Müstəqillik əldə etdikdən sonra bir çox region ölkələrindən fərqli olaraq, Azərbaycanda yaşayan milli azlıq və etnik qrupların mədəniyyəti ölkə mədəniyyətinin tərkib hissəsi kimi qorunur və inkişaf edir. Bu, regionun inkişaf edən ölkəsi kimi Azərbaycan üçün ən təqdirəlayiq hal kimi qiymətləndirilməlidir. Sovetlər Birliyi dağılandan sonra Azərbaycanda bır sıra mədəniyyət mərkəzləri yaradıldı. Milli azlıqlar tarixi, mədəni adət-ənənələrini qoruyub saxlamaq naminə öz mədəniyyət mərkəzlərini yaratdılar. Bunun nəticəsidir ki, hazırda Azərbaycanda onlarla milli-mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi UNESKO-nun, Avropa Şurası və ATƏT-in "mədəni müxtəlifliyə" dair proqramlarında fəal iştirak edir. Mədəniyyət və Turizm Nazirliyi "Azərbaycan mədəni müxtəlifliyi" layihəsini həyata keçirir.
Hər il mayın 21-də Dialoq və İnkişaf Uğrunda Dünya Mədəni Müxtəliflik Günü qeyd olunur. Bu gün BMT Baş Məclisi tərəfindən 2002-ci ilin dekabrında təsis edilib. Dialoq və İnkişaf Uğrunda Dünya Mədəni Müxtəliflik Günü ilk dəfə 2003-cü il mayın 21-də keçirilmişdir. UNESCO-ya üzv olan dövlətlər bu qurumun Bəyannaməsini təsdiqləməklə mədəni müxtəlifliklə əlaqədar dəyərlərin tanınmasını, qorunmasını və yerli, milli və beynəlxalq səviyyədə fəal təbliğ olunmasını öhdələrinə götürüblər.
Müxtəlifliyin vəhdəti etnik, milli və ya konfessional fərqlərin aradan qaldırılması demək deyil. Hazırda Azərbaycanda onlarla milli azlığın nümayəndəsi yaşayır: rus, ukrayn, tat, kürd, belorus, talış, yəhudi, türk, alman, ləzgi, tatar, avar, gürcü, saxur, udin və s. Onlar öz dillərindən istifadə edir, maddi-mənəvi mədəniyyətlərini qoruyub saxlayır, özlərinin milli-mədəni birliklərini, assosiasiyalarını və ittifaqlarını yaradırlar. Belə təşkilatlardan Talış Mədəni Mərkəzi, Kürd Mədəni Mərkəzi (Ronai), Ləzgi Mədəni Mərkəzi (Samur), Ləzgilərin Mifologiyasını Öyrənən Mərkəz, "Saxur" Mədəni Mərkəzi, Şeyx Şamil adına Avar Cəmiyyəti, Udinlərin "Orayin" Mədəni Mərkəzi, tatların "Azəri" Mərkəzi, Buduq Mədəni Mərkəzi, Azərbaycan Slavyanlarının Mədəni Mərkəzi, Rus İcması Cəmiyyəti, Xınalıq Mədəni Mərkəzi, Azərbaycan Tatlarının İcması, Azərbaycan Gürcülərinin Cəmiyyəti, Azərbaycan Ukraynalılarının Cəmiyyəti, Azərbaycan Avropa Yəhudilərinin İcması, Almanların Milli - Mədəni Cəmiyyəti, Azərbaycan Yəhudiləri Cəmiyyəti, Beynəlxalq "İudaika" Cəmiyyəti, Məhsəti Türklərinin Vətən Cəmiyyətini göstərmək olar.
Milli azlıqların bu və ya digər strukturları dəfələrlə hökumətdən maliyyə yardımı alıblar. Eyni zamanda, yerləşdikləri binalara görə icarə haqqı vermirlər. Dövlət onların müdafiəsini müxtəlif formalarda həyata keçirir. Dövlət səviyyəsində milli-mədəni cəmiyyətlərlə görüşlər keçirilir və burada milli azlıqlarla bağlı konkret problemlər operativ həll olunur. Eyni zamanda, mütəmadi olaraq elmi-praktiki konfranslar keçirilir.
Milli mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikası vətəndaşlarının keçmişinə aid olan tikililər "tarix və mədəniyyət abidələri" kimi siyahıya alınaraq dövlət tərəfindən qorunur və bərpa olunur. Misal olaraq Şəki rayonunun Kiş və Qəbələ rayonunun Nic kəndindəki kilsələri göstərmək olar. Qax rayonu ərazisində xristian kilsəsi, Masallı rayonunun Ərkivan kəndində XIX əsr məscidi bərpa olunmuşdur. Dövlət tərəfindən Qax rayonu ərazisində yerləşən Allahverdi kilsəsində "Milli azlıqların mədəniyyəti və etnoqrafiyası" adlı muzeyin yaradılması ideyası əsasında layihə hazırlanmış və həmin layihə Avropa Şurası tərəfindən müsbət qiymətləndirilib.
Hazırda da milli azlıqları təmsil edən mədəni mərkəzlər və birliklərlə bağlı mühüm işlər görülür. Məsələn, dövlət büdcəsindən maliyyələşən Qusar rayonundakı Ləzgi Dövlət Dram Teatrının və Qax rayonunda yaradılmış Dövlət Kukla Teatrının maddi-texniki bazaları möhkəmləndirilib. Qax rayonunun Əlibəyli kənd Mədəniyyət evində 1981-ci ildə yaradılmış və 1985-ci ildə "xalq teatrı" adını almış gürcü dram dərnəyinə dövlət statusu verilib. S.Vurğun adına Rus Dram Teatrı ilə yanaşı, Azərbaycan Dövlət Musiqili Komediya, Azərbaycan Dövlət Gənc Tamaşaçılar və Azərbaycan Dövlət Kukla Teatrlarındakı rus bölmələri müvəffəqiyyətlə fəaliyyət göstərirlər.

Cavid
Davamı var