Ermənilər 1918-ci ildə Bakıda mart qırğınlarını necə təşkil etmişdilər? Layihə

Ermənilər 1918-ci ildə Bakıda mart qırğınlarını necə təşkil etmişdilər?

1-ci yazı

99 il öncə ermənilər Bakıda və Azərbaycanın bölgələrində çoxsaylı soyqırım aktları törətdilər. Bu gün dayanmadan özlərinin fağır, məzlum obrazını yaradan ermənilərin tarixən vəhşi xislətli olduğu isə dünyaya aydındır. Tarix üzrə fəlsəfə doktoru Vaqif Abışov 1918-ci il Bakı qırğını ilə bağlı araşdırmasında bildirir ki, Qafqaz və İran cəbhəsindəki türk qoşunları tərəfindən sıxışdırılan və Brest sülhünün şərtlərinə (1918-ci ilin martında bağlanmış Brest sülhünün şərtlərinə görə Ərdəhan, Qars və Batum Türkiyəyə verilmişdi) əməl etməyə məcbur olan rus-erməni qoşun birləşmələrinin bir hissəsi Azərbaycan torpaqlarına - İrəvan, Şərur-Dərələyəz, Qarabağ, Bakı və başqa ərazilərə gəlirdilər. Bakıda isə bolşeviklər özlərini vətəndaş müharibəsinə hazırlayırdılar, həmin müharibənin nəticələri onları Bakının və uzun müddət bütün Zaqafqaziyanın əsl sahiblərinə çevirə bilərdi: "Əslində, Cənubi Qafqaza sahib çıxmaq və keçmiş rus imperiyasının ərazisini yenidən bir dövlət tərkibində birləşdirmək V.İ.Leninin arzusu idi. Çünki Bakı nefti Rusiyada öz hakimiyyətlərini qoruyub saxlamaq istəyən və buna görə də vətəndaş müharibəsi aparan bolşeviklərə çox lazım idi. Ona görə də RSFSR hökuməti S.Şaumyana hər cür yardım etməyə çalışırdı. Bu yardımların içərisində hərbi və maddi yardım xüsusilə üstünlük təşkil edirdi. 1917-ci ildə Bakı Sovetinə keçirilən seçkilərdə üstünlük qazana bilməyən bolşeviklər silah gücünə hakimiyyətin ələ keçirilməsinə üstünlük verirdilər. Bu dövrdə Bakıda Daşnaksütyun partiyası və erməni milli şurasına tabe olan yaxşı silahlanmış hərbi dəstələr yerləşmişdi. Daşnakların hərbi hissələri yaxşı təlim görmüş və türklərə qarşı dərin nifrət ruhunda tərbiyələnmişdilər. Erməni milli hərbi hissələri Q.Korqanovun yaratmağa başladığı silahlı qüvvələrlə birləşdi. Bakıda mart qırğını ərəfəsində Qırmızı Ordunun gərargah rəisi, çar ordusunun keçmiş polkovniki, "Daşnaksütyun" partiyasının üzvü Z.Avetisov idi. Qafqaz cəbhəsinin ləğv olunması nəticəsində vətənə qayıtmalı olan rus alaylarının əsgər və zabitləri də silah və sursatları dəyər-dəyməzinə ruslara (molokanlara) və daha çox ermənilərə satırdılar. Bakı bolşeviki Avakyan vəziyyətindən və vəzifəsindən asılı olmayaraq komitəyə gələn bütün ermənilərə silah və patron paylayırdı. Ermənilər artıq bir neçə ay idi ki, ciddi silahlanırdılar, şəhərin ermənilər yaşayan hissəsinə, ermənikəndə və onların yaşadığı Bakı kəndlərinə silah, patron, pulemyot daşınırdı. Bütün bunlar S.Şaumyanın rəhbərlik etdiyi Bakı Sovetinin gözü qarşısında baş verirdi. 1828-ci ildən 1918-ci ilədək, yəni çar Rusiyasının əsarəti altında olduğu 90 il ərzində azərbaycanlılar heç vaxt orduya çağırılmamışdı. Ona görə də azərbaycanlıların hərbi təcrübəsi, demək olar ki, yox idi. Belə bir vəziyyətdə təpədən dırnağa qədər silahlanmış və uzun müddət hərbi təcrübəyə malik olan ermənilərin qarşısına çıxmaq olduqca çətin idi. 1918-ci ildə Bakıda hakimiyyət uğrunda üç siyasi qüvvə arasında ciddi mübarizə gedirdi: birinci qüvvəyə daşnaklar, sağ eserlər və menşeviklər, ikinci qüvvəyə bolşeviklər və sol eserlər, üçüncü qüvvəyə isə müsəlman təşkilatları ilə ittifaqa girən "Müsavat" partiyası daxil idi. Lakin mübarizənin şiddətli bir vaxtında birinci iki qüvvə erməni-rus bolşeviklərin rəhbərliyi altında müsəlmanlara qarşı birləşdi".
S.Şaumyan 1918-ci il martın 15-də çıxış edərkən "Bakı Soveti Zaqafqaziya vətəndaş müharibəsinin mərkəzinə və istehkamına çevrilməlidir" demişdi. O yazırdı: "Bizim siyasətimiz - vətəndaş müharibəsidir. Kim bu siyasətin əleyhinə gedir, həmin adamlar düşmənlərimizdir".
Birinci Dünya müharibəsi başlayanda Türkiyə ərazisinə daxil olan rus ordusunun tərkibində 8 erməni alayı da var idi: "Onlara türklərin qatı düşməni Andronik, Dro, Hamazasp, Kerri, Canpoladyan, Banduxt, knyaz Arqutinski, Xeço rəhbərlik etmişdilər. Bu erməni alayları Türkiyə torpaqlarında ağır məğlubiyyətdən sonra Azərbaycan ərazisinə soxularaq burada azərbaycanlılara qarşı kütləvi qətliamlar törətməyə başlamışdı. Həmin erməni silahlı dəstələrinin bir hissəsi sonradan Bakıda real hakimiyyətə malik olan və S.Şaumyanın rəhbərlik etdiyi Bakı Sovetinin əsas hərbi qüvvəsinə çevrilmişdi. Ümumiyyətlə, Bakı Sovetinin silahlı qüvvəsi 6 min nəfərdən ibarət idi. 3-4 minlik daşnak qoşun hissələri də Bakı Sovetinin ixtiyarına verilmişdi. N.Nərimanov daşnakların məkrli siyasətini özünün "Qafqaz işğalına baxış" adlı məqaləsində açıb göstərmişdi. O yazırdı ki, daşnaklar özlərinin otuzillik siyasi həyatları ərzində göstərdilər ki, onlar "Böyük Ermənistan" arzularını həyata keçirmək üçün istənilən halda sifətlərini dəyişə bilərlər. Daşnaklar Qolitsinin dövründə (Rusiya imperiyasında Nazirlər Sovetinin sədri olmuşdur) inqilabi partiya hesab olunurdular, Vorontsov-Daşkovun dövründə onun ayaqlarını öpürdülər və ən qatı əksinqilabçı idilər. Bunun səbəbi onda ki, Vorontsov müharibədən sonra "Böyük Ermənistan" yaratmağa söz vermişdi. 1918-ci il mayın 16-da fəhlələr qarşısında çıxış edən S.Şaumyan bildirmişdi ki, müsavatçıların Bakını muxtar Azərbaycanın paytaxtı elan etmək planı vardı. Onu qorxudan Azərbaycanın muxtariyyəti, Azərbaycan türklərinin müstəqil dövlət olmaq şansı idi. Heç cür razılaşa bilmirdi ki, Azərbaycan müstəqil olsun. S.Şaumyan yaxşı başa düşürdü, nə qədər ki, Müsavat partiyası və Müsəlman Milli Şurası mövcuddur, onların təkhakimiyyətliliyi mümkün olmayacaq. Çünki Bakının müsəlman (azərbaycanlı) əhalisinin hamısı Müsavatı və Müsəlman Milli Şurasını müdafiə edirdi. Həmin təşkilatların əhali arasında nüfuzu günü-gündən artırdı. Əyalətlərdə də tam üstünlük Müsavat partiyasının və Müsəlman Milli Şurasının tərəfində idi. Sovet tarixçisi S.E.Sef qeyd edirdi ki, bolşeviklərə silahlı mübarizə aparmaq üçün yalnız bəhanə lazım idi. Həqiqətən də hadisələrin sonrakı gedişi S.Şaumyan və onun ermənilərdən ibarət ətrafının şəhərin müsəlmanlar yaşayan hissəsinə hücum etmək üçün yalnız bəhanə lazım olduğunu sübut etmiş oldu. Belə bir bəhanə "Evelina" gəmisində Lənkərana getməyə hazırlaşan əsgərlərin tərksilah edilməsi hadisəsi oldu.
Martın 29-da Ş.Əsədullayevin oğlu, zabit Əli Əsədullayevin komandanlığı altında "Dikaya diviziya" hissələri Lənkərandakı öz hərbi hissələrinə getmək üçün Bakı limanında "Evelina" gəmisinə minmişdilər. Şəhərdə çoxsaylı erməni silahlı dəstələrinin olmasına göz yuman Bakı Soveti martın 29-da gəmi ilə Lənkərana qayıtmaq üçün toplaşan müsəlman zabit və əsgərlərini S.Şaumyanın tapşırığı ilə tərksilah etdi. Bu təxribatın təşkilatçıları çalışırdılar ki, azərbaycanlıları cavab hərəkətlərinə sövq etsin və onlara qarşı əsl müharibəyə başlamaq üçün bəhanə əldə etmiş olsunlar. S.Şaumyanın qabaqcadan hazırladığı təxribat baş tutdu və bu, vətəndaş müharibəsinin başlanması üçün siqnal oldu. Kimin birinci atəş açması əhəmiyyət kəsb etmirdi. Əsas odur ki, 1918-ci il martın 30-da axşam saat 6-da Bakı əsas döyüş meydanına çevrilmişdi. Təxribatın əvvəlində özlərinin bitərəfliyini bildirən erməni milli şurası və ona tabe olan bütün erməni silahlı qüvvələri, sonradan S.Şaumyanın rəhbərlik etdiyi Bakı Sovetinin tərəfinə keçdi. Erməni-rus qüvvələrinin azərbaycanlılara qarşı mart qırğınına başlaması ərəfəsində menşevik, eser, kadet və daşnaklar bütün qüvvələri ilə onlara kömək göstərdi, daha doğrusu, S.Şaumyanın başçılıq etdiyi Bakı Sovetini müdafiə etdilər. Bakı sovetinin rəhbərləri şəhərin bütün əhalisinə ünvanladığı müraciətində özlərinin bəd niyyətlərini gizlətmək üçün yalandan beynəlmiləlçilikdən dəm vuraraq yüzlərlə fəhlə müsəlmanı silahlandırdıqlarını bildirirdilər. Halbuki Bakı Sovetinin hərbi-inqilabi komitəsinə rəhbərlik edən Korqanovun yaratdığı "inqilabi" orduya bir nəfər də olsun azərbaycanlı qəbul edilmirdi. Ermənilər isə yeni yaradılan orduya cəlb edilərək ciddi silahlandırılırdı. Bu faktı erməni müəlliflərinin özləri də etiraf etmişdilər. Suren Şaumyan yazırdı: "Bakı soveti ordusunun yalnız adı sovetlərin siyahısındadır, əslində həmin ordu erməni milli şurasına tabe idi".
Bolşeviklər martın 31-də bütün mübarizəni öz üzərinə götürən inqilabi müdafiə komitəsi yaratmışdılır. Bu komitənin tərkibinə P.Caparidze, Q.Korqanov, İ.Suxartsev (sol eser), S.Şaumyan və başqaları daxil idilər. Eyni zamanda, mart döyüşləri günlərində Bakıda bolşevik dəstəsinin rəisi N.Anançenko, komissarı isə S.Martikyan idi. Yeni yaradılan erməni-bolşevik komitəsi aprelin 1-də səhər tezdən bütün qüvvələri ilə hücuma keçmişdi. Bakıda azərbaycanlılar erməni silahlı dəstələrinin aktiv fəaliyyətini gördüyündən, özünümüdafiə tədbirləri görməli və silaha əl atmağa məcbur idilər. Lakin azərbaycanlıların hərbi təşkilatı və sursatı kifayət qədər deyildi, hətta demək olar ki, yox dərəcəsində idi. Belə olan halda təbii ki, mübarizədə azərbaycanlıların qalib gəlməsi mümkün deyildi. Arxiv sənədlərində qeyd olunur ki, erməni milli komitəsinin hərbi drujinası adlandırılan Yeqişa Paxlavuninin rəhbərlik etdiyi erməni silahlı dəstəsi müsəlmanların yaşadığı ərazilərə atəş açmağa başlamışdı. Martın 19-da səhər tezdən, hələ müsəlmanların oyanmadığı bir vaxtda erməni əsgərləri hücuma keçdilər. Ermənilərin birinci hücumu şəhərin "Kərpiçxana", "Məmmədli" adlandırılan hissəsinə istiqamətlənmişdi. Burada yaşayan əhalinin demək olar ki, hamısı müsəlman idi. Şəhərin bu rayonu və başqa müsəlman rayonları dənizdən "Ərdəhan" və "Janr" hərbi gəmilərinin toplarından atəşə tutulurdu, ermənikənd tərəfdən isə toplardan atəş açırdılar. Erməni hərbi hissələri bolşevikləri müdafiə bəhanəsi ilə azərbaycanlılara amansızcasına və qəddarcasına divan tuturdular. Rusların Xəzər dənizində olan hərbi donanması ermənilərin fitvasına uyaraq müsəlmanların sıx yaşadığı məhəllələri top atəşinə tutdu. Bu atəş nəticəsində "Təzə pir" məscidinin minarələri ağır zədə aldı. Mənbənin verdiyi məlumata görə, rus matrosları müsəlmanlara qarşı çıxmaq istəmirdilər. Ermənilər onları da aldadaraq inandırmışdılar ki, müsəlmanlar rusları, ümumiyyətlə, bütün xristianların hamısını doğrayıblar. Lakin matroslara aydın olanda ki, müsəlmanlar ruslara nəinki toxunmayıblar, əksinə, onları müdafiə edib və yedizdiriblər, yalnız bundan sonra top atəşini dayandırdı".

Uğur