“Azərbaycan ordusunun gücü sayəsində üçrəngli bayrağımız...” Layihə

“Azərbaycan ordusunun gücü sayəsində üçrəngli bayrağımız...”

Elman Məmmədov: "Şuşada, Xankəndində və digər işğaldan azad edəcəyimiz ərazilərimizdə dalğalanacaq"


Dağlıq Qarabağ probleminin həlli ilə bağlı proseslərə əngəl yaradan səbəblərdən biri də Paşinyanın sərsəmliyidir. Hazrıda Ermənistanın qeyri-konstruktivliyi ilə yanaşı danışıqlar prosesinə daha bir maneənin adı Paşinyandır. Görünən odur ki, nə edəcəyini bilməyən və təcrübəsiz, qeyri ciddi insan və qeyri peşəkar siyasətçi olan Paşinyanla nəticə əldə etmək mümkün deyil.
Ermənistanda onsuz də vəziyyət gərgindir. Ermənistan ictimaiyyətinin əsas qorxusu isə Azərbaycan ordusudur.
Ermənistanın müdafiə naziri David Tonoyan düşmən hərbi birləşmələrinin törətdiyi təxribatdan sonra sərhəddəki vəziyyətdən danışıb. O jurnalistlərə açıqlamasında hazırda sərhəddə nisbətən sakitlik olduğunu deyib. Qeyd edək ki, bu, erməni nazirin erməni hərbi birləşmələrinin sərhəddə son təxribat hücumundan sonra ilk bəyanatıdır. Bir neçə gün öncə erməni hərbi birləşmələri sərhəddə təxribat hücumuna cəhd edib. Azərbaycan Ordusunun cavab atəşi nəticəsində düşmənə ağır zərbə endirilib.
Ermənistan mediası isə Ermənistanın KTMT-yə ümid etməsinin də mənasız olduğunu yazır.
"armenianreport.com" saytı yazır ki, bizə belə bir vəziyyətdə yalnız general Sidorovu ayaq üstündə alqışlamaq qalır, çünki o, növbəti dəfə bizə göstərdi ki, Ermənistanla Rusiyanın yolları ayrıdır və KTMT bizim təhlükəsizliyimizə tüpürür. Bildirilir ki, KTMT general Sidorovun simasında növbəti dəfə nümayiş etdirdi ki, bu qurum üzərinə düşən birbaşa öhdəlikləri açıq-aşkar qulaqardına vuraraq, Ermənistanın təhlükəsizliyini hesaba almır.
Xatırladaq ki, Moskva-Yerevan-Minsk-Bişkek-Astana videokörpüsü zamanı Ermənistanın "Tavuş" rayonunun Azərbaycan tərəfindən "atəşə" məruz qalması ilə bağlı sualları cavablandıran KTMT-nin Birləşmiş Qərargah rəisi, general-mayor Anatoli Sidorov bəyan edib ki, belə vəziyyətdə hərbi alyansın müdaxiləsindən söhbət belə gedə bilməz. Bununla yanaşı, Sidorov onu da bildirib ki, münaqişə tərəfləri yalnız öz aralarında, sülh yolu ilə porblemin həllinə nail ola bilərlər.
Sayt həmçinin qeyd edir: "Prinsipcə, KTMT-nin Ermənistana nə dost, nə də yoldaş olmadığı barədə biz dəfələrə yazmışıq. Bu gün Ermənistanda çox cüzi şəkildə Rusiyanın cib təşkilatı (KTMT) barədə illüziya quranlar var. Biz, bu qurumun yararsızlığını dəfələrlə görmüşük. Ona görə də Sidorovun bəlli bəyanatından təəccüblənməyə dəyməz. Rusların bənzər davranışları əvvəllər olduğu kimi, artıq ölkədə elə də kəskin reaksiyalara səbəb olmur". "Maraqlı olan isə tam başqadır", deyə yazılan məqalədə daha sonra bildirilir: "Məhz hamımız rus generallarının və KTMT nümayəndələrinin hədəflərinin nə olduğunu və müvafiq sözlərinin hədəfinin haraya tuşlandığını bilirik". Sayt həmçinin əlavə edir: "Moskva məhz bu yolla Paşinyana təsir göstərmək istəyir. Belə ki, əgər sən bizə tərəf başını aşağı salaraq, günahkar qismində gələrsənsə, NATO və Qərblə əməkdaşlıq məsələsindən imtina edərsənsə, bizdən heç bir köməyi gözləmə".
Armenianreport.com" saytı Moskvanın Ermənistanı və erməni baş naziri şantaj etdiyini yazır və qeyd edir ki, həmin vasitə ilə Rusiya erməni ictimai rəyindəki rusiyayönümlü qalıqları da məhv edir. "Bununla da Koşaryan-Sarkisyan cütlüyünə aid beşinci kolonun ayaq altındakı tabureti vuraraq, vəziyyəti daha da gərginləşdidir. Axı bir neçə gün öncə Robert Koçaryan öz müsahibəsində ağzı köpüklənə-köpüklənə sübut etməyə çalışırdı ki, Ermənistanın Avrasiya sisteminin dəyərlərinə, KTMT-yə üzvlüyün saxlanılmasına və Rusiyaya tərəf orientasiyaya alternativ yoxdur. Hansı ki, Ermənistan partlayış təhlükəsi olan regionda yerləşir və ona əsas təhlükə Türkiyə və Azərbaycan tərəfindən gələ bilər, bu baxımdan da KTMT-dən başqa ona heç kim kömək edə bilməz. Bəs biz nə görürük? Görürük ki, KTMT-nin rusiyalı generalları öz sarsaq və yekəbaş bəyanatları ilə Koçaryanın moskvayönümlü düşüncələrini rədd edirlər. Bizə belə bir vəziyyətdə yalnız general Sidorovu ayaq üstündə alqışlamaq qalır, ona görə ki, o, növbəti dəfə bizə göstərdi ki, Ermənistanla Rusiyanın yolları ayrıdır və KTMT bizim təhlükəsizliyimizə tüpürür. Axı onların hərəkətə gəlmələri üçün daha nə baş verməlidir?. Sidorovlar və onların Ermənistandakı simaları olan oçaryan-Sarkisyan cütlüyü qoy bundan sonra da banlasınlar, erməni xalqı artıq onlara inanmır", deyə məqalənin sonunda bildirilir.

Millət vəkili Elman Məmmədov deyib ki, son 25-30 ildə birinci dəfədir bir dövlətə rəhbərlik edən şəxsin başqa dövlətin rəhbəri və ailəsi haqda sərsəmlədiyini görürəm: "Bu, ləyaqətsizliyin bir nümunəsidir və onu göstərir ki, Paşinyan dövlət rəhbəri, baş nazir, siyasətçi yox, küçə adamı, səviyyəsiz ünsürdür".
Onun sözlərinə görə, Nikol Paşinyan hansısa qüvvələr tərəfindən vəzifəyə təsadüfi gətirilmiş küçə adamıdır: "Ona görə də ağlına gələni çərənləyir. Onun sözlərinin başına ip salmaq lazım deyil. Nə dövlət rəhbəri, nə də sanballı siyasətçi kimi tanınır. Aralıq mərhələdir deyə gətiriblər və gətirdikləri kimi də küçəyə atacaqlar. Paşinyana sual edirəm, nə üçün səfalət içində boğulan ermənilərin qayğısına qalmırsan, Azərbaycanın daxili işlərinə burnunu soxursan?"
Elman Məmmədov Nikol Paşinyanın səsləndiyi bəyanatların məsuliyyətini dərk etmədiyini söyləyib: "Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın baş nazirinin iddialarına layiqli cavab verdi. Bizim ordumuz gündən-günə qüdrətlənir. Müdafiə Nazirliyi 1991-ci ilin payızında yaradıldı, ancaq ordu quruculuğu ulu öndər Heydər Əliyev dövründən başladı. Cənab prezident İlham Əliyev 2003-cü ildən bu günə qədər ordumuzun dünyanın ən güclü ordular sırasında yer almasına nail ola bildi.
Azərbaycan xalqı öz ordusu ilə fəxr edir, vətəndaş kimi mən əsgərlərimizin, zabitlərimizin, şücayətinə görə qürur duyuram. Cənab prezidentimiz hər dəfə inamla bəyan edir ki, Azərbaycan ordusunun gücü sayəsində üçrəngli bayrağımız Şuşada, Xankəndində və digər işğaldan azad edəcəyimiz ərazilərimizdə dalğalanacaq".
Deputat qeyd edib ki, bunu ordumuz erməni təxribatlarına cavab verərkən hər dəfə sübut edir və gücünü, gələcək zəfər yürüşünü təsdiqləyir: "O gün çox da uzaqda deyil. İnşallah, Ali baş komandanımızın rəhbərliyi ilə Azərbaycan ordusu öz sözünü deyəcək.
Prezidentimiz çıxışında söylədi ki, Biləsuvar rayonu Mübariz İbrahimov kimi gözəl övlad yetişdirdiyinə görə fəxr edə bilər. Dövlət başçımiz çıxışlarında Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman övladlarımızı hər zaman xatırladır və fədakarlığını yüksək səviyyədə dəyərləndirir. Onlar və xalqımızın yaddaşında, tariximizdədir, Mübariz İbrahimov başda olmaqla şəhidlərimizin adları qürur duyduğumuz adlardır".
Onu da əlavə edək ki, problemlər içində çabalayan Paşinyan beynəlxalq dəstək üçün səy göstərsə də heç bir nəticə əldə edə bilmir və əksinə daha çox uğursuzluğa düçar olur.
Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Zoqrab Mnasakanyan dünən erməni mətbuatına açıqlamasında baş nazir Nikol Paşinyanın BMT Baş Assambleyasının toplantısında iştirak etmək üçün Nyu-Yorka səfəri çərçivəsində ABŞ prezidenti Donald Trampla görüşəcəyinə dair yayılan informasiyalara münasibət bildirib. Onun sözlərinə görə, səfər zamanı Tramp-Paşinyan görüşü baş tutmayacaq: "Bu görüşün təşkili ilə bağlı erməni və Amerika tərəfi işləyirdi. Lakin bu iş vaxt aparan məsələdir. Tələskənliyə ehtiyac yoxdur".
Qeyd edək ki, uğursuz Brüssel səfərindən sonra Paşinyan ABŞ prezidenti ilə görüşə xüsusilə can atırdı. Bu onun ölkədə yaxınlaşmaqda olan seçkilər ərəfəsində artıq itirilməkdə olan nüfuzunun bərpası üçün yaxşı piar vasitəsi hesab edilirdi. Özünü dünyaya "demokratiyanın əsas daşıyıcısı" kimi sırımağa çalışan, lakin verdiyi təzadlı bəyanatlar və atdığı qanunsuz addımlarla Ermənistanda ciddi nüfuz itkisi ilə üzləşən Paşinyan və ətrafı hətta bu görüşün reallaşması üçün ABŞ-dakı erməni lobbisini də planlarına daxil etmişdi.
Ermənistanın 1in.am saytının yazdığına görə, Paşinyan-Tramp görüşünün təşkili ilə bağlı ABŞ konqresmenləri də ciddi səy göstərirdi. Hansı ki, bu konqresmenlər ABŞ-dakı erməni lobbisi ilə sıx əlaqələrə malikdir. Onlar bu məqsədlə Trampa müraciət də ünvanlamışdılar:
"Əgər Nyu-Yorkda bu görüş reallaşsaydı, təbii ki alqışalayiq olardı. Lakin görüşün reallaşmaması mənfi siqnal kimi dəyərləndirilməlidirmi? Təbii ki, yox. Xüsusilə də söhbət ABŞ prezidentindən gedirsə. Bu fortmatda görüş tək Ermənistan üçün yox, hətta ABŞ-la xüsusi münasibətləri olmayan onlarla dövlət üçün çox çətindir. Ermənistanla ABŞ-ın isə xüsusi münasibətlərinin olmadığı hamıya məlumdur".
Erməni mətbuatında yer alan bu fikirlərin Paşinyanın növbəti uğursuz diplomatik cəhdlərini ört-basdır etmək üçün nə dərəcədə primitiv olduğu açıq şəkildə görünür. Heç kimə sirr deyil ki, ABŞ dünyadakı erməni lobbisinin ən güclü dayaqlarından biri sayılır. Konqresdə və Senatda illərlə erməni maraqlarını müdafiə edən konqresmenlər və senatorlar mövcuddur. Bu siyasətçilərin hər birinin ABŞ siyasi həyatının iki əsas partiyasına güclü təsir imkanları da mövcuddur. Belə olan halda Trampın görüşdən imtina etməsini Ermənistan-ABŞ münasibətlərinin məsafəli olduğu ilə əsaslandırmaq isə dadəcə gülüncdür. Bir haşiyə olaraq onu da xatırlatmaq yerinə düşər ki, Paşinyan məhz ABŞ-dakı erməni lobbisinin layihəsi hesab edilir. Hansı ki, Vaşinqtonun bölgə siyasətində istifadə olunan ən mühüm təsir vasitələrindən sayılır. Deməli, bu görüşün reallaşmamasının ən başlıca səbəbkarı və motivi yalnız Paşinyanın şəxsi keyfiyyətləri və siyasi lider adına yaraşmayan, özünü həmişə gülünc vəziyyətdə qoyan bacarıqsızlıqlarıdır.


Əli