Danışıqlar prosesinin formatı dəyişilməz qalır Layihə

Danışıqlar prosesinin formatı dəyişilməz qalır

"Ötən həftə Düşənbədə MDB-nin zirvə toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında söhbət Ermənistan baş nazirinin təşəbbüsü ilə baş tutub. Bu, bir daha onu göstərir ki, danışıqlar prosesinin formatı dəyişilməz qalır və münaqişə tərəfləri olaraq danışıqlar məhz Ermənistan və Azərbaycan arasında aparılır".
Bunu Azərbaycan Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdir müavini Hikmət Hacıyev deyib.
H.Hacıyev bildirib: "Onu da əlavə etmək istərdim ki, eyni format çərçivəsində Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin 26 sentyabr tarixində Nyu Yorkda BMT Baş Assambleyası çərçivəsində, bu ilin iyulunda isə Brüsseldə görüşü keçirilmişdi. Biz bunu müsbət qarşılayırıq və Azərbaycan tərəfi Ermənistan-Azərbaycan münaqişənin həllinə xidmət edən konstruktiv danışıqlara və təmaslara həmişə hazırdır. Bu Azərbaycanın mövcud format əsasında danışıqlar prosesinə sadiqliyini növbəti dəfə nümayiş etdirir".
H.Hacıyev həmçinin Ermənistan-Azərbaycan sərhədi və qoşunların təmas xəttində atəşkəs rejiminin möhkəmləndirilməsi məsələsini şərh edib:
"Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, atəşkəsin pozulmasının əsas səbəbi Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni mövcudluğu və hərbi işğal faktının davam etməsidir. Bu əsnada həmişə də atəşkəs rejiminin pozulmasının və vəziyyətin gərginləşdirilməsinin səbəbkarı Ermənistan tərəfi olmuşdur. 2014-cü ilin noyabrında dövlət başçılarının Parisdə keçirilmiş görüşündən sonra Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində keçirdiyi genişmiqyaslı hərbi təlimləri və məlum helikopter insidentinin baş verməsinin təhrik edilməsini, həmçinin, 2016-cı ilin aprelində Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xətti boyunca sıx şəkildə yaşayan mülki Azərbaycan əhalisini ağır silahlardan atəşə tutmasını və vəziyyətin qəsdən gərginləşdirilməsini xatırlatmaq istərdim. Odur ki, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması ilə nəinki hərbi risk amili aradan qalxmış olar, heç atəşkəs rejiminə ehtiyac belə qalmaz və münaqişənin siyasi həlli üçün hərtərəfli imkanlar açılmış olar.
Bununla da regionda dayanıqlı sülh, sabitlik və təhlükəsizlik təmin olunmuş olar".
Millət vəkili Azər Badamovun fikrincə, Paşinyan öz dediklərinə nəzarət edə bilməyən, ağzından çıxan ifadələrin məğzini özü dərk etməyən, konkret öz mövqeyi və gələcəyə planı olmayan xalq hərəkatın içindən meydana gəlmiş küçə adamıdır. Paşinyanın hakimiyyətə gəlməsi sırf təsadüfdən baş verib. Çünki, Ermənistan erməniləri qan içən, cəllad, talançı və Ermənistanı məhvə doğru aparan "Qarabağ klanı"ndan cana gəlmişdi. Ermənistan erməniləri isə Qarabağ klanından cana gəldiyindən kim hakimiyyətdə olacağına varmadan Koçaryanları, Sarkisyanları hakimiyyətdən qovdu və göyərçin Paşinyanın çiyninə qonaraq hakimiyyətə gəldi.
Onun sözlərinə görə, dövləti idarə etmək, düzgün beynəlxalq siyasət yürütmək, ölkəni düşdüyü vəziyyətdən qurtarmaq üçün isə təcrübəli siyasətçi lazımdır: "Təcrübəli siyasətçi vəziyyəti düzgün qavrayıb, dəyərləndirə bilir. Paşinyan isə içində yenə də "Qarabağ klanı"nın qorxusunu gəzdirir və hətta gözünə yuxu da girmir. Ona görə də hələ ki, tərəddüd içindədir. Bilmir Qarabağdan tutsun və ya Ermənistanın gələcək taleyini düşünsün. Ona görə də əvvəl xəlvəti yerlərdə danışıqlar prosesində Dağlıq Qarabağla danışıqların aparılmasından, sərsəm bəyanatlar verməkdən danışır. Amma Azərbaycan Prezdenti cənab İlham Əliyevi görəndə dovşana dönür. Prezidentlərin Düşənbəyə səfərində baş tutmuş qısa təkbətək görüşdə də hamı bunu aydın görür. Cənab Prezidenti görəndə Paşinyan valını dəyişir və məzlum bir sifət çıxarmaqla atəşkəsin dayandırılmasını, dığalara hələlik möhlət verilməyini xahiş edir. Bəli, müvəqqəti möhlət.
Cənab İlham Əliyev humanistdir, səbirlidir. Paşinyanı öz hakimiyyətini möhkəmlətməsinə və ağıllı olmasına vaxt verilib. Paşinyan başa düşməlidir ki, Azərbaycan torpaqlarına qarşı öz siyasətində dəyişiklik etməlidir. O, bilməlidir ki, pafoslu çıxışlar ermənilərin yavaş-yavaş məhvi deməkdir. Hər keçən gün Azərbaycanın xeyrinə işləyir. Hətta NATO-nun hesabatında da qeyd olunub ki, Azərbaycan Ordusu 48 saat ərzində Qafqazda nəzarəti öz əlinə ala bilər. Paşinyanın isə belə güclü Azərbaycan Ordusu qarşısında sərsəm bəyanatların səsləndirilməsi gülməli çıxırdı və düşünürəm ki, Düşənbə görüşündən sonra özünü yığışdırar və Azərbaycanla birbaşa danışıqlara gedərək işğala son qoyulması ətrafında düşünər".
"Nezavisimaya qazeta" isə yazır ki, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov ilə Zoqrab Mnatsakanyan BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 73-cü sessiyası çərçivəsində bir araya gəliblər. ATƏT-in Minsk qrupu həmsədrlərinin də iştirak etdiyi görüşdə nazirlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yollarını müzakirə ediblər.
Bu görüş ərəfəsində istər tanınmamış respublika ilə təmas xəttində, istərsə də Azərbaycanın Ermənistanla sərhədində, o cümlədən Naxçıvan Muxtar Respublikası istiqamətində gərginlik olub.
Bu, Məmmədyarovla Ermənistanın XİN başçısı vəzifəsində Edvard Nalbandyanı əvəzləmiş Mnatsakanyanın ilk rəsmi görüşüdür. Bundan əvvəl onlar iyulun 11-də Brüsseldə tanışlıq görüşü keçirmişdilər.
Dağlıq Qarabağ münaqişəsinin həllilə bağlı danışıqlar prosesi artıq neçə ildir ki, "yerində sayır". Dialoqa 3 əsas məqam ətrafında aparılır: Dağlıq Qarabağ ətrafında yerləşən və Ermənistanın təhlükəsizlik zolağı adlandırdığı rayonların Azərbaycana qaytarılması, qaçqınların doğma yurdlarına dönməsi və Dağlıq Qarabağın statusu.
Birinci iki məsələ ilə bağlı güzəştlərin əldə olunması çətin də olsa, mümkün görünürsə, status məsələsində tərəflərin mövqeyi kökündən fərqlənir. Ermənistan tanınmamış respublikanın gələcəyini heç bir halda Azərbaycanın tərkibində görmür. Bakı isə münaqişənin yeganə ədalətli həlli yolunu muxtariyyət üzərində öz qanuni hakimiyyətinin bərpasında görür.
Məhz bu səbəbdən Bakı Ermənistandakı "məxməri inqilab"a və nəticədə Nikol Paşinyanın hakimiyyətə gəlişinə müəyyən nikbinliklə yanaşırdı. Məsələ ondadır ki, yeni baş nazir Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın siyasi tərəfdaşı olmasa da, Qarabağ məsələsində müəyyən mənada onunla həmfikridir. Bu qənaətə əbəs yerə gəlinməyib. 2008-ci ildə onlar doğrudan da müttəfiq olaraq, Serj Sarqsyanın prezident elan olunduğu seçkinin nəticəsinə etiraz edirdilər. Məlum olduğu kimi, həmin etirazlar hüquq-mühafizə orqanları tərəfindən güclə yatırılıb və bu zaman 10 nəfər həlak olub.
Ter-Petrosyan ölkədə bir neçə ay əvvəl baş vermiş "məxməri inqilab"ı da dəstəkləyib və ondan sonra Paşinyanla görüşüb. Görünür, indiki baş nazirlə keçmiş prezidentin baxışlarının yaxın olduğu barədə "nəzəriyyə"ni də məhz bu amillər ortaya çıxarıb. Xatırlayırsınızsa, 1998-ci ildə Ter-Petrosyan Azərbaycana güzəştə getməyə hazır olduğu bir vaxtda istefaya məcbur edilmişdi.
Lakin məsələnin əslində nə yerdə olduğu Nikol Paşinyanın Dağlıq Qarabağ təmsilçilərinin danışıqlarda birbaşa iştirakını tələb etməsilə üzə çıxıb. Hətta baş nazir çıxışlarından birində "qarabağlılar adından danışıq aparmağa nə hüquqi, nə də mənəvi haqqı olduğunu" söyləyib. Bu, Bakını daha da qəzəblərdirib və indi onlar belə bir sualla çıxış edir: görəsən bu, vaxt uzatmağa çalışan Ermənistan rəhbərliyinin yeni hoqqası deyil ki? Dağlıq Qarabağda, Ermənistanın Tavuş rayonu ilə sərhəddə, həmçinin Naxçıvanla sərhəddə gərginlik də elə bundan sonra baş verib.
Bakını maraqlandıran daha bir məqam isə Paşinyanın tanınmamış respublikanın danışıqlar masası arxasına gətirilməsi zərurəti barədə dediklərinin reallığa nə qədər uyğun gəlib-gəlmədiyidir. Yeri gəlmişkən, tanınmamış respublikada da neçə illərdir buna israr edirlər. Azərbaycan tərəfi anlayır ki, Ermənistanda baş vermiş inqilab onun liderini müəyyən vaxta qədər populist bəyanatlar verməyə sövq edir və Paşinyan öz fəaliyyətinə Bakının da ümid etdiyi hansısa güzəştlərdən başlasaydı, onun populyarlığından əsər-əlamət qalmazdı. Üstəlik, bu, inqilab liderinin çəkə biləcəyi ən kiçik ziyan olardı.
Yerevan meri seçkisində təmsil etdiyi siyasi qüvvənin qələbə qazanması ilə Paşinyanın hakimiyyəti daha da güclənib. Qarşıdan parlament seçkisi gəlir və onun da baş nazir üçün zəfərlə nəticələnəcəyi gözlənilir. Görünür, Paşinyan son olaraq öz komandasını məhz həmin seçkildən sonra formalaşdıracaq və o zaman hakim komandada təkcə inqilabçılar deyil, işinin peşəkarları da yer alacaq.
Azərbaycan tərəfi üçün vacib olanı isə erməni liderin Qarabağ probleminə yanaşmasıdır: məsələn, onun tanınmamış respublika adından danışıq apara bilməyəcəyi haqda dedikləri sadəcə populist bəyanatdır, yoxsa real yanaşma?
Hələlik, şübhə doğurmayan yalnız Paşinyanın güzəştlər barədə bəyanatıdır. Qarabağ problemini güzəştlər yolu ilə həll etmək lazımdır. Bəs Azərbaycan bu güzəştlərə nə qədər hazırdır? Çıxışlarından birində Paşinyan demişdi ki, əgər Bakı güzəştlərə hazırdırsa, "onda biz də hazırıq, yox hazır deyilsə, Ermənistandan da güzəşt tələb etməsin". Bu bəyanat onu Ermənistanın əvvəlki rəhbərlərindən o qədər də fərqləndirmir.
Cavid