İrəvan xanlığı XIX yüzilliyin əvvəllərində Layihə

İrəvan xanlığı XIX yüzilliyin əvvəllərində

11-ci yazı

Təhlükənin sovuşduğunu görən Məhəmməd xan rus komandanlığı ilə danışıqları kəsərək, onlardan hərbi kömək almaqdan əl çəkdi. P.Butkov həmin aylarda Məhəmməd xanın siyasətini belə şərh edirdi: "Bununla bərabər, İrəvan xanı təhlükənin sovuşduğunu görərək, nəinki, təbəəliyə daxil olmaq fikirindən yayınır, eyni zamanda Rusiyanın düşməni Naxçıvanlı Kəlbəli xanla, şahzadə Aleksandrla (II İraklinin oğlu- E.Q.) birlikdə zahirdə ruslara dostluq münasibəti göstərir, batində isə imkan düşən kimi Gəncə xanı, Axalsıx paşası və İmeretiya çarı ilə birlikdə rusları Kartli-Kaxetiyadan sıxışdırmaq, əgər buna nail olmadıqda imkan düşdükcə ziyan vurmaq üçün yürüşlərdə iştirak edirdi".
Tarix üzrə fəlsəfə doktoru Elçin Qarayevin İrəvan xanlığı ilə bağlı araşdırmasında bildirilir ki, Qacar təhlükəsindən qurtaran Məhəmməd xan qaynı Kəlbəli xanla birlikdə Qars paşasına qarşı müharibəyə başlayır. Onlar arasında düşmənçilik Qars hakimi Məhəmməd paşanın günahı üzündən başlamışdı. 1802-ci il mayın 26-da Kəlbəli xanın polkovnik Karyaginə yazdığı məktubdan bəlli olur ki, Qars hakimi Məhəmməd paşa İrəvan və Naxçıvan xanlıqlarına düşmən olan qüvvələrlə birləşərək tez-tez bu xanlıqların sərhəd ərazilərinə qarət məqsədilə hücumlar təşkil edir, onların Qarsdan keçən karvanlarını soyur, tacirlərini döyür və mallarını əllərindən alırdı. Kəlbəli xan mayın 27-də yazdığı digər məktubda isə Qars paşası ilə barışmaq üçün bir neçə təklif irəli sürmüşdü. Bu təklifdə Məhəmməd paşanın düşmənçilik əməlləri göstərilmişdi. Bu təkliflər aşağıdakılardır: 1) İrəvan sakinləri olan Qarapapaqlıların geri qaytarılması; 2) ələ keçirilmiş Eçmiədzinə məxsus əşyaların təhvil verilməsi; 3) orada sığınacaq tapmış əhalinin geri qaytarılması; 4) qarət edilmiş tacirlərin mallarının geri qaytarılması; 5) yandırılmış və talan edilmiş 10 kəndin meşəsinin yenidən bərpa edilməsi.
Məktub Kəlbəli xanın adından yazılsa da, burada İrəvanla bağlı hadisələrə toxunulmuşdu. Məhəmməd paşanı cəzalandırmaq məqsədilə İrəvan qoşunu Kəlbəli xanın başçılığı ilə Qars ərazisinə daxil olaraq onun bir hissəsini tutdu. İrəvanlıların təzyiqinə davam gətirə bilməyən Məhəmməd paşa kömək üçün general leytenant Knorrinqə müraciət etdi. Məhəmməd xanın bu addımı rus komandanlığını narahat etməyə bilməzdi. Rus komandanlığı İrəvan xanını cəzalandırmaq qərarına gəldi və K.F.Knorrinq Məhəmməd paşanın müraciətindən istifadə edərək Osmanlı ərazisinə qoşun yeridir. 1802-ci il aprel ayının əvvəllərində Osmanlı ərazisinə daxil olan rus qoşunu Məhəmməd paşanın dəstələri ilə birlikdə Kəlbəli xanın başçılıq etdiyi İrəvan qoşununu məğlub etdi. Bu qələbədən sonra Qars hakimi Məhəmməd paşa fürsətdən istifadə edərək rus komandanlığına İrəvan xanlığını işğal etməyi məsləhət görmüşdü. O, dəfələrlə P.İ.Kovalenskiyə və K.F.Knorrinqə məktub yazaraq İrəvanı işğal etmək üçün əlverişli fürsətin olduğunu bildirsə də, bu müraciətlər cavabsız qalmışdı. Məğlubiyyətə baxmayaraq, İrəvan xanı geri çəkilmək niyyətində deyildi. Yürüşü davam etdirmək üçün 1802-ci ilin mayında İrəvanda güclü qoşun toplandı. Kəlbəli xanın başçılığı ilə İrəvan qoşunu mayın ortalarında Pəmbək və Qars istiqamətində yenidən yürüşə başlayır. Bu hücumun qarşısını almaq üçün K.F.Knorrinqin əmrinə əsasən Pəmbək ərazisində yerləşən rus qoşunlarının başçısı pokovnik Karyagin öz dəstəsini döyüş hazırlığına gətirdi. Mayın 17-də isə general-leytenant Knorrinq Qars paşasına məktub yazaraq ruslarla birlikdə yürüşüşdə iştirak etməyi təklif edir. Beləliklə, 1802-ci il mayın 28-də rus qoşunu ilə Qars paşasının qüvvələri Arpa çayının sahilində, Qars paşalığına məxsus ərazidə, İrəvan qoşunu ilə üz-üzə gəldi. Bu döyüşdə 12000 süvaridən, 2500 piyadadan ibarət İrəvan qoşunu, müttəfiq qoşunlarından - 583 nəfər, 3 topa malik rus, 6.000 süvari, 2.000 piyadadan və 3 topdan ibarət osmanlı qoşunu iştirak etmişdi. Rus qoşununun tərkibində 202 nəfərdən ibarət pəmbəkli də vardı. Üç saata qədər davam edən döyüşdə İrəvan qoşunu güclü müqavimət göstərməsinə baxmayaraq, məğlub olaraq geri çəkildi. Döyüşdə İrəvan qoşunundan 500, osmanlılardan isə 70-ə qədər əsgər ölmüş və yaralanmış, ruslardan isə itki olmamışdı. Məğlub olan Kəlbəli xan geri çəkilərək Arpa çayının yuxarı hissəsində düşərgə saldı. O, İrəvandan kömək almaqla yürüşü davam etdirmək niyyətində idi.
Qars hakimi Məhəmməd paşa irəvanlıların məğlubiyyətindən istifadə etmək qərarına gəldi. O, mayın 31-də K.F.Knorrinqə yazdığı məktubda İrəvana hücum üçün əlverişli imkanın olduğunu bildirmişdi. Qars paşası rus komandanlığından hərbi kömək istəyərək, İrəvanı tutacağına söz verirdi. İyunun 23-də yazdığı digər məktubda isə o, bu planı həyata keçirmək üçün baş komandandan artilleriya ilə təchiz olunmuş 2 min nəfərdən ibarət hərbi qüvvəni polkovnik Karyaginin başçılığı ilə İrəvana göndərilməsini xahiş etmişdi. İyunun 28-də üçüncü dəfə göndərdiyi məktubda isə K.F.Knorrinqdən İrəvanın işğalı üçün 1000 nəfərdən ibarət hərbi qüvvə istəmişdi. Lakin Məhəmməd paşanın niyyətini bəyənməyən və İrəvana dair öz planı olan rus komandanlığı onun məktublarını cavabsız qoymuşdu.
Məhəmməd xan rus komandanlığı ilə münasibətləri yenidən bərpa etmək məcburiyyətində qaldı. 1802-ci ilin yayında İrəvan xanı yenidən Qacar təhlükəsi ilə üzləşdi. Fətəli şahın yaxın sərkərdəsi Pirqulu xan iyul ayında Şuşaya və oradan da Naxçıvana gəldi. Naxçıvandan 60 verst aralıda düşərgə salan Pirqulu xanın ilk işlərindən biri şahın adından İrəvan xanına məktub göndərmək olmuşdu. O, məktubda Məhəmməd xandan Naxçıvandan İrəvana köçmüş 200 kəngərli ailəsini geri qaytarmağı, əks halda bəzi məlumata görə 100.000 rubl (10.000 tümən-E.Q.), digər məlumata görə isə 80.000 rubl (8.000 tümən-E.Q.) məbləğində bac verməyi tələb etmişdi. Bundan əlavə, İrəvan xanı öz dəstəsi ilə şah qoşununa birləşərək Şuşaya getməli və burada Qarabağ, Şəki, Şamaxı xanlıqlarının qoşunları ilə birlikdə Kartli-Kaxetiyaya yürüş etməli idi. Yürüşdə gürcü şahzadəsi Aleksandrın da iştirakı nəzərdə tutulmuşdu. Fətəli şaha tabe olmaq istəməyən Məhəmməd xan kömək üçün rus komandanlığına müraciət etdi. O, 1802-ci ilin iyununda Məhəmməd Zaman bəyin başçılığı ilə Tiflisə nümayəndə heyəti göndərdi. Heyətin məqsədi Qacar təhlükəsinə qarşı hərbi kömək istəmək və Qarsla olan münasibətlərə aydınlıq gətirmək idi. Baş komandanın qəbulunda olan elçi İrəvanla Qars arsında baş verən düşmənçiliyin səbəblərini izah etmək istəsə də, onun izahı kobudluqla kəsilmiş və heyət əliboş geri qayıtmışdı. Lakin rus komandanlığından hərbi kömək almaq ümidini itirməyən Məhəmməd xan Tiflisə Eyvaz xanın başçılığı ilə yeni nümayəndə heyəti göndərdi. İrəvan xanının bu cəhd də boşa çıxdı. Hərbi kömək almaq ümidinin boşa çıxdığını görən Məhəmməd xan Pirqulu xanın tələblərini yerinə yetirmək məcburiyyətində qaldı. O, Naxçıvandan İrəvana köçmüş 200 kəngərli ailəsini geri qaytarmağı və tələb olunan məbləği ödəməyə söz verdi. Lakin rus komandanlığının Qacar təhlükəsinə qarşı müəyyən tədbirlər görməsi nəticəsində Pirqulu xan Azərbaycandan geri çağrıldı. Təhlükənin sovuşduğunu görən Məhəmməd xan Qars paşalığına qarşı mübarizəni davam etdirdi. O, bu mübarizədə özünə müttəfiq də tapa bilmişdi. İrəvan xanı Axalsıxda qiyam nəticəsində hakimiyyətə gəlmiş Şərif paşadan istifadə etmək qərarına gəlmişdi. Belə ki, 1801-ci ililin ortalarında Axalsıxda baş vermiş qiyam nəticəsində Sabit paşa əmisi oğlu Şərif paşa tərəfindən hakimiyyətdən devrildi. Hakimiyyətini geri qaytarmaq üçün mübarizə aparan Sabit paşa 1802-ci ilin əvvəllərində İmeretiyada öldürüldü.
Rəqibini aradan götürən Şərif paşa qonşu paşalıqlara və Kartli-Kaxetiyaya hücumlar təşkil etməyə başlayır. Onun bu hərəkəti Qars paşalığı ilə düşmən olan İrəvan xanının siyasətinə uyğun gəlirdi. O, Şərif paşaya məktub yazaraq onu dəstəklədiyini və lazım gələrsə hərbi qüvvə ilə kömək göstərməyə hazır olduğunu bildirmişdi. Məhəmməd xandan müsbət cavab alan Şərif paşa kömək almaq məqsədilə İrəvana gəlmişdi. Axalsıqlı Şərif paşanı Məhəmməd xandan başqa naxçıvanlı Kəlbəli xan və Bəyazid paşası da dəstəkləyirdi. Şərif paşa müttəfiqlərin köməyi nəticəsində türklərdən və dağıstanlılardan ibarət 12.000 qoşun toplaya bildi.
Şərif paşa və müttəfiqləri gürcü şahzadəsi Aleksandr Mirzə ilə də əlaqə saxlayırdı. Müttəfiqlərin gürcü şahzadəsini bu hadisəyə cəlb etməsinin daha ciddi səbəbi vardı. Qars hakimi Məhəmməd paşa 1802-ci il iyunun 28-də rus qoşunlarının baş komandanı K.F.Knorrinqə yazdığı məktubda onların planını belə şərh edirdi: "... Axalsıqlı Şərif paşa İrəvan xanı ilə birləşərək dağıstan qoşunu gətirib ki, Gürcüstanı ələ keçirsin, Tiflisi Aleksandr Mirzəyə təhvil versin. Hətta onlar bu planı həyata keçirmək üçün maliyyə mənbəyi də tapmışdılar. Erməni arxiyepiskopu David Eçmiədzin taxt-tacına yiyələnmək üçün kilsənin xəzinəsini onlara vermişdi. İrəvan xanı ilə birləşən, dağıstanlılardan kömək alan Şərif paşa Kartli-Kaxetiya, Qars və Çıldır ərazilərinə tez-tez yürüşlər təşkil edirdi. Qiyamın genişlənməsi sultanı bərk narahat edirdi. O, Ərzurum paşasına fərman göndərərək bu üsyanı yatırmağı əmr etdi. Fərmana görə, sultan tərəfindən sərəsgər rütbəsi alan Ərzurum paşası Qars və Çıldır əhalisi ilə birlikdə Şərif paşa qiyamını yatırmaq göstərişi almışdı. Öz qüvvələrilə bu qiyamı yatıra bilməyəcəyini hiss edən paşalar kömək üçün rus komandanlığına müraciət etdilər. Ərzurum paşası yaxın adamı Səlim ağanı general leytenant K.F.Knorrinqin yanına göndərərək, İrəvan xanını düşmənçilik hərəkətlərindən çəkindirməyi xahiş etmişdi. us komandanlığı ilə münasibətləri gərginləşdirmək istəməyən və bölgədə qüvvələr nisbətinin Rusiyanın xeyrinə dəyişməsi İrəvan xanının niyyətindən əl çəkməsinə səbəb olmuşdu.

Elçin Qaliboğlu