Dağlıq Qarabağ münaqişəsinin həllində Nikolay Patruşev vasitəçi ola bilərmi? Layihə

Dağlıq Qarabağ münaqişəsinin həllində Nikolay Patruşev vasitəçi ola bilərmi?

Sentyabrın 3-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə iki ölkə arasında siyasi, iqtisadi, təhlükəsizlik və bütün digər sahələrdə uğurlu inkişafdan söhbət açılıb.
Qeyd edək ki, Patruşov avqust ayında Ermənistana da səfər etmişdi.
Maraqlıdır, qısa zaman kəsiyində Patruşovun bir-biri ilə müharibə vəziyyətində olan iki ölkəyə səfər etməkdə məqsədi nədir? Dağlıq Qarabağ münaqişəsinin həllində Nikolay Patruşev vasitəçi ola bilərmi?
Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Rusiya Təhlükəsizlik Şurasının katibinin Azərbaycana səfərini şərh edərkən bildirib ki, Nikolay Patruşevin Azərbaycana səfəri Ermənistan-Azərbaycan cəbhəsində gərginliyin artdığı bir vaxta təsadüf edir. “Hiss olunur ki, Nikolay Patruşevin səfəri vacib və ciddi bir səfərdir. Ən əsası da Ermənistan-Azərbaycan münasibətlərinin gərgin halını nəzərə alsaq, hiss olunur ki, vacib mövzulara həsr olunan bir səfərdir. Bir də qeyd etmək lazımdır ki, Ermənistanın baş naziri Paşinyanın bu ilin yayından başlayan təhdidedici siyasəti Rusiyanı ciddi şəkildə narahat etməyə bilməz. Çünki Ermənistan rəhbərliyinin bu cür siyasəti hərbi əməliyyatların bərpasını çox real edir. Hiss olunur ki, Paşinyanın əsas məqsədi bu hərbi əməliyyatlardan bəhanə kimi istifadə edərək, qərbyönümlü siyasətini daha da fəallaşdırmaqdır. Ermənistan rəhbəri həm də bundan istifadə edərək, onu qəbul etməyən Rusiya rəhbərliyinin himayəsindən uzaqlaşmaq istəyir,” – Zülfüqarov bildirib.
Rusiya Elmlər Akademiyasının elmi əməkdaşı Aleksandr Karavayev isə bildirib ki, Bakı üçün bunu bilmək vacibdir ki, Ermənistan baş nazirinin Qarabağa dair verdiyi son bəyanatlardan sonra Yerevanın danışıqlardakı rəsmi mövqeyi dəyişibmi.
“Böyük ehtimalla Patruşev əmin edib ki, söhbət Paşinyanın siyasi dəstək səfərbər etmək üçün daxili auditoriyaya hesablanmış bəyanatlarından gedir. Lakin burada etiraf etmək lazımdır ki, Qarabağ mövzusu iki ölkə Təhlükəsizlik Şuralarının ümumi gündəmində periferik xarakter daşıyır”,-müəllif yazır.
Karavayev bunun səbəblərini belə izah edir ki, Bakı ilə Moskva arasında təhlükəsizlik şuraları arasında qarşılıqlı əməkdaşlıq iki ölkənin münasibətlərində əsas xətlərdən biridir.
Müəyyən mənada bu İlham Əliyevlə Vladimir Putin arasında şəxsi təmasların, münasibətlərin təkcə indikatoru deyil, eyni zamanda güc bloku elitası səviyyəsində praktiki ifadəsidir.
“Məsələ bundadır ki, bizim hakimiyyət sistemlərində bir-birinə çox oxşayan məqamlar çoxdur. Məsələn, təhlükəsizlik şuralarının katibləri və müdafiə nazirləri milli liderlərə xarici işlər nazirlərindən və iqtisadi blokun rəhbərlərindən daha çox yaxındır. Xüsusən də Rusiyada Təhlükəsizlik Şurası indi getdikcə daha çox “güc strukturlarının nazirlər kabinetinə” çevrilir, prezidentə təsirini gücləndirir. Nikolay Patruşev Kremldə azsaylı məmurlardan biridir ki, Putinlə hər həftə rəsmi iclaslar zamanı görüşür, ola bilsin qeyri-formal şəraitdə daha tez-tez təmasda olur”,-A.Karavayev bildirir.
Bu arada Ermənistanın baş naziri Nikol Paşinyanın Ermənistanın diplomatik korpusunun nümayəndələri ilə görüşündə Dağlıq Qarabağ mnünaqişəsinin həlli ilə bağlı səsləndirdiyi fikirlər bu şəxsin sərsəmliyindən xəbər verdi.
Politoloq Mübariz Əhmədoğlu bildirib ki, Paşinyan Ermənistanın diplomatik korpusunun nümayəndələri ilə görüşdə Dağlıq Qarabağ məsələsi ilə bağlı daha yeni nüans ortalığa qoydu; Dağlıq Qarabağ münaqişəsi digər münaqişələrdən fərqlidir və fərqililiyin əlamətləri sırasında MDB məkanındakı digər münaqişələrdə münaqişə təmsilçilərinin bir-biri ilə dialoqda olduğunu, bir-birinin ərazisinə gedib, gəldiyini bildirdi: Abxaziya və Cənubi Osetiya əhalisi Tbilisiyə sərbəst gedib gəlir, meyvələrini satıb sakitcə evlərinə dönür. Azərbaycanlılar isə hətta Bakı aeroportunda Rusiyadan gələn ermənini geri qaytarır.
"Dədə-baba yurdlarına baş çəkməyə gedən Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənov həqiqətən Kəlbəcərdən geri qayıtmadılar. Son aqibətləri Paşinyana yaxşı məlumdur.
N.Paşinyanın həqiqəti əymək qabiliyyəti çox güclü olduğunu heç kəs inkar edə bilməz. Ermənilərlə azərbaycanlıların arasında münasibət dedikdə görünür, uşaqlığını yada salır. Çünki onun uşaqlığı Azərbaycanın Tovuz rayonunda xırda-para şey satmaqla keçib. Ermənilər tut araqlarını aparıb Azərbaycanla həmsərhəd kəndlərdə satardılar və yaxud hədiyyə edərdilər.
Amma Paşinyan həqiqətən savadsızdır və onun dediyi bu fikir məhz savadsızlığının göstəricilərindən biridir. Gürcü və abxaz, gürcü və osetin Gürcüstan ərazisindəki münaqişələrdə zərər çəkən tərəflərdir. Dağlıq Qarabağ münaqişəsində də zərər çəkən tərəf Dağlıq Qarabağın azərbaycanlıları və Dağlıq Qarabağın erməniləridir və onların "paytaxtı" Xankəndi/Stepanakertdir. Bu rəsmən belə qəbul olunub. Reallıqda zərər çəkən Dağlıq Qarabağ azərbaycanlılarıdır, çünki heç nədən öz torpaqlarından deportasiya olunublar və ermənilər də indi aləmə qışqırırlar ki, deportasiya olunan azərbaycanlılar deportasiya edən Dağlıq Qarabağ ermənilərinin guya hüquqlarını pozurmuş. Qarabağ münaqişəsi kontekstindən əhali qrupları arasında əgər dialoqdan danışılırsa bu Dağlıq Qarabağ azərbaycanlıları ilə Dağlıq Qarabağ ermənilərinin dialoqundan, əlaqələrindən, hüquqdan, humanitar və digər təmaslardan danışılmalıdır. N.Paşinyan bir dəfə də olsun bu məsələnin üstünə gəlməyib.
N.Paşinyanın demokratiyası da belədir. Sərbəst yerdəyişmə azadlığı demokratiyanın ən əsas prinsiplərindən biridir. Paşinyanın düşüncəsində demokratiya yoxdur, ola da bilməz. Paşinyan icazə vermir ki, Dağlıq Qarabağ azərbaycanlıları Xankəndi/Stepanakertə getsinlər, otursunlar və bir-birlərinin problemlərini müzakirə etsinlər və tarixi danışsınlar. O tarix ki, şəxsən N.Paşinyan bilir ki, orda müsbət məqamlar daha çoxdur. Belə müsbət məqamların üstünlük təşkil etməsi Dağlıq Qarabağ münaqişəsinin dərhal həllinə gətirib çıxaracaqdır. Deməli, N.Paşinyan Dağlıq Qarabağ münaqişəsinin həllini istəmir. Həm də demokrat deyil.
Paşinyanın saxtakarlığı ilk növbədə onun özünü dünya miqyasında rüsvay edir və bu təkcə Dağlıq Qarabağ məsələsində deyil, digər məsələlərdə də özünü göstərib".
Siyasi şərhçi Arzu Nağıyev isə deyib ki, Ermənistanın baş naziri Nikol Paşinyan “Dağlıq Qarabağ Ermənistandır və vəssalam” açıqlama və digər ziddiyyətli bəyanatlar verdikdə bir sıra məqsədlər güdür.
"Birincisi, son zamanlar Paşinyan həm Dağlıq Qarabağ klanı, həm də öz hakimiyyəti arasında olan uçurumu müəyyən qədər düzəltməyə çalışır ki, guya o Dağlıq Qarabağda olan prosesləri daimi izləyir və onlara qarşı belə addımlar atmağa hazırdır. İkincisi, Paşinyan dəfələrlə öz çıxışında qondarma DQR-nın qeyri-leqitim olduğunu qeyd etməklə əslində gələcəkdə keçiriləcək qondarma seçkilərdə öz istədiyi şəxsi yerləşdirməyə çalışır. Üçüncüsü, bu həm Rusiya üçün, həm də ATƏT-in digər Minsk Qrupunun həmsədrləri üçün bir mesajdır. Adekvat olaraq onlara cavab verilməlidir. Əgər siz danışıq proseslərində sülh yolu ilə bu problemi həll etməyə çalışırsınızsa, təbii ki, bu məsələ həll olunmalıdır. Onlar birmənalı şəkildə buna öz fikrini, mövqeyini bildirib kəskin surətdə bəyanat verməlidirlər. Əgər danışıqlar sülh yolu ilə həll edilməsə, bu ancaq müharibə ilə nəticələnə bilər. Azərbaycan tərəfi bunun qarşısında hər hansı bir digər bəyanatla çıxış edə bilər ki, artıq bu yolu müharibə ilə həll etmək lazımdır. Paşinyanın bu addımları həm daxili, həm də xarici siyasətə hesablanmış bir gedişdir"-deyə, A.Nağıyev fikrini tamamlayıb.
“Ermənistanın ali hakimiyyəti Paşinyanın simasında verdiyi bəyanatla Ermənistanı işğalçı dövlət kimi tanıdığını dünyaya bəyan edib”.
Bu sözləri isə qondarma qurumun sabiq “təhlükəsizlik şurasının sədri” Vitali Balasanyan deyib.
Paşinyanın işğal olunmuş Azərbaycan torpaqlarında səsləndirdiyi “Qarabağ Ermənistandır, Vəssalam” təxribatçı çağırışı hələ də müxtəlif dairələrdə qızğın müzakirə edilir.
Paşinyanın səsləndirdiyi bu bəyanatdan 1 ay keçsə də, indiyədək nə Baş nazir, nə də iqtidar qanadından hər hansı biri açıqlama verməyib.
Balasanyan bu çağırışın altında böyük təhlükələrin dayandığını hesab edir. O, həmsədrlərin səssiz qalmasını onlar üçün əlverişli bəyanat səsləndirilməsi ilə əlaqələndirib.
“Ermənistan hakimiyyəti nə barədə danışdığını bilmir. Bir anlığa təsəvvür edin ki, Qarabağın (qondarma qurum-red.) əlində kütləvi qırğın silahı peyda olur və bunu istisna etmirik. Biz Azərbaycanla güc yolu ilə danışırıq, bu halda kim məsuliyyət daşıyır?... Bu cür bəyanatı yalnız siyasi cəhətdən zəif insan edə bilərdi. Əks halda bəyanatın müəllifi bununla sətiraltı nə demək istədiyini açıqlamalı idi”, - deyə Balasanyan bildirib.
Paşinyan Ermənistan və qondarma qurumun “hərbi-siyasi elitası” arasında baş tutan görüşdə Qarabağ məsələsinin həllində öz proqramını təqdim etdiyi və onun hamı tərəfindən qəbul olunduğu bildirib.
Xatırladaq ki, həmin vaxt Balasanyan sözügedən “vəzifə”də idi. O bildirib ki, o, ya həmin görüşdə iştirak etməyib, yaxud da Paşinyanın Qarabağ münaqişəsinin həlli ilə bağlı proqramını eşitməyib.
“Həqiqəti etiraf edək, belə bir proqram yoxdur. Siyasi reytinqi yüksək saxlamaq üçün bu cür üsullara əl atmaq olmaz. Lakin əgər belə bir proqramın olduğunu hesab edirlərsə, yaxşı olardı ki, bu proqram diplomatik baxımdan yol verildiyi həcmdə cəmiyyət üçün açıqlanardı. Yaxud Baş nazir ənənəsinə uyğun canlı “Facebook” yayımı ilə bu barədə danışardı”, - deyə Balansyan bildirib.

Cavid