““Lavrov planı” Dağlıq Qarabağ ətrafındakı beş rayonun qaytarılmasını nəzərdə tutur ki...” Layihə

““Lavrov planı” Dağlıq Qarabağ ətrafındakı beş rayonun qaytarılmasını nəzərdə tutur ki...”

Politoloq: “Bu, bizim Dağlıq Qarabağ üzərində olan suveren hüquqlarımızın itirilməsinə gətirib çıxara bilər”

“Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri Slovakiyanın paytaxtı Bratislavada görüşüblər. Bu iki ölkənin xarici işlər nazirlərinin 2019-cu ildə 5-ci görüşüdür. Əvvəlki 4 görüşdən nəticə əldə edilməmişdi”.
Bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, nazirlərin görüşündən əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair mövqeyini Bratislavada ATƏT-in Nazirlər Şurasına təqdim edib:
“Sənəddə bildirilir ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin BMT və digər beynəlxalq təşkilatların qətnamələri çərçivəsində həllini məqbul sayır. Yəni münaqişə mərhələli şəkildə həll olunmalıdır.
Azərbaycanın ərazi bütövlüyü təmin olunmalı, işğala son qoyulmalıdır. Sənəddə bildirilir ki, həll prosesinin növbəti mərhələsi Azərbaycanın Konstitusiyasına və qanunvericiliyinə uyğun olaraq, Azərbaycanın daxilində Dağlıq Qarabağ bölgəsi əhalisi üçün özünüidarəetmə statusunun müəyyənləşdirilməsidir: “Azərbaycan bu çərçivədən kənarda münaqişənin heç bir siyasi həllini düşünmür və bu anlayışa əsaslanan həll prosesində iştirak edir”.
Bratislavadakı görüşdən əvvəl rəsmi Bakının belə bir bəyanat yayınlanması o deməkdir ki, Azərbaycanın Ermənistanın heç bir şərtini və istəyini qəbul etməyəcək. Ermənistan hakimiyyəti də Bratislava görüşünə özünəməxsus şəkildə hazırlaşıb.
Bratislava görüşündən bir neçə gün əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan yenə Dağlıq Qarabağa gəldi. Orada separatçılarla fikir mübadiləsi apardı, Dağlıq Qarabağda “prezidentliyə namizədlərlə” də görüşdü. Bu azmış kimi Paşinyan Dağlıq Qarabağın “xarici işlər naziri” Masis Mailyanı dekabrın 3-də İrəvana çağırdı. Paşinyan Bratislava görüşündən bir gün əvvəl iqamətgahında Ermənistanın və Dağlıq Qarabağın “xarici işlər naziri” birgə görüş keçirdi. Paşinyan Xankəndidə Mailyanla görüşmüşdüsə bir gün sonra onu yenidən niyə İrəvana çağırdı? Bunun iki səbəbi var.
Birinci səbəb odur ki, bununla Paşinyan hamıya göstərir ki, onunla Qarabağ separatçıları arasında münaqişəsi və fikir ayrılığı yoxdur və separatçılar onunla hesablaşırlar.
İkinci səbəbi isə odur ki, Paşinyan “üçlü” görüş keçirməklə Bakıya və beynəlxalq aləmə mesaj göndərir ki, münaqişənin həlli Dağlıq Qarabağdakı separatçıların maraqlarına cavab verməlidir və İrəvanın bu mövqeyi Bratislavada bir daha səsləndiriləcək. Bunun özü göstərir ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Bratisladavakı görüş başlamadan nəticəsiz qalıb”.
Politoloq Elşən Manafov isə bildirib ki, biz münaqişənin “Madrid prinsipləri” əsasında həllində maraqlıyıq və bunu Rusiyanın özü də qəbul edib. Digər yandan, Rusiya münaqişənin mərhələli həll edilməsi kimi variantlara əl ata bilər ki, bunlar Azərbaycanın maraqlarını əks etdirməyə, suveren hüquqlarını poza bilər.
Politoloq Rusiya xarici işlər naziri Lavrovun İrəvandan sonra Bakıya səfərinə də toxunub. Bildirib ki, Lavrovun İrəvana səfəri zamanı səsləndirdiyi fikirlər Azərbaycanda bir sıra suallar doğurdu. Lavrov o zaman demişdi ki, Dağlıq Qarabağ münaqişəsi Ermənistan və Azərbaycanın siyasi iradəsi ilə yanaşı, “Dağlıq Qarabağ xalqı”nın da bu prosesdə iştirakı ilə öz həllini tapa bilər. Kifayət qədər təcrübəli diplomat olan Lavrov “Dağlıq Qarabağ xalqı” deyəndə nəyi nəzərdə tuturdu? Söhbət hazırda Qarabağda yaşayan ermənilərdən gedir? Söhbət bundan gedirsə, Moskvanın özü də bilməmiş deyil ki, Yeltsin dönəmində Rusiyanın dəstəyi nəticəsində Ermənistan və Qarabağdakı erməni icmasının birbaşa iştirakı ilə bölgədə etnik təmizləmə siyasəti aparılıb. Dağlıq Qarabağın aborigen xalqı olan azərbaycanlılar bu etnik təmizləmə və dövlət səviyyəsində aparılan terror siyasəti nəticəsində öz yurdlarından didərgin düşüb.
Əslində azərbaycanlı icmasının iştirakı olmadan bu münaqişəni həll etmək mümkün deyil. Söhbət “Dağlıq Qarabağ xalqı”ndan gedirsə, bu adda xalq yoxdur. Söhbət Dağlıq Qarabağ icmalarından gedə bilər ki, bu icmalar azərbaycanlılar və ermənilərdən ibarətdir. Digər yandan, Lavrov onu da bilməmiş deyil ki, bu kimi münaqişələrdə separatçı və ya dövlət terroruna müraciət etmiş tərəf heç vaxt masa arxasında oturmur. Özünə hörmət edən dövlət heç vaxt separatçılarla danışıqlara getmir. Beynəlxalq hüquq da bunu ehtiva edir. Amma Lavrovun Bakı səfəri ərəfəsində Rusiyadan verilən açıqlamalar göstərir ki, Moskva bu münaqişənin dinc yolla və tərəflərin maraqlarının nəzərə alınması şərti ilə həllində maraqlıdır.
E.Manafov onu da qeyd edib ki, Rusiya tərəfinin vaxtilə irəli sürdüyü “Lavrov planı” Dağlıq Qarabağ ətrafındakı beş rayonun qaytarılmasını nəzərdə tutur ki, bu da Azərbaycanın maraqlarına cavab vermir: “Perspektivdə buna razılıq versək, bu, bizim Dağlıq Qarabağ üzərində olan suveren hüquqlarımızın itirilməsinə gətirib çıxara bilər. Çünki Qarabağ erməniləri tam mənada Azərbaycandan müstəqillik istəyirlər. Azərbaycan tərəfinin rəsmi mövqeyi isə budur ki, Qarabağda yaşayan ermənilərə muxtar statusun verməyə razıdır. Vaxtilə Heydər Əliyev də belə bir fikir səsləndirmişdi. Bu, Naxçıvana verilən statusa bərabər hüquq ola bilər. Amma Qarabağdakı ermənilər Azərbaycan Respublikasının vətəndaşları sayılmalıdır, ikili vətəndaşlığı olmamalıdır, orada erməni ordusu olmayacaq, orada Azərbaycan manatı tədavüldə olacaq. Heç bir halda da, bufer zonanın yaradılmasına getməməliyik. Ermənistan tərəfinin mövqeyi isə bundan ibarətdir ki, bölgədə bufer zona olmalı və erməni Silahlı Qüvvələri bura yerləşdirilməlidir. Habelə gömrük məsələsi və Qarabağ ermənilərinin xarici ölkələrdə nümayəndəliklərinin açılması Azərbaycan üçün qəbuledilməzdir”.
Onun fikrincə, Azərbaycan prezidentinin və Ermənistan baş nazirinin son çıxışları göstərir ki, hələlik tərəflərin baxışlarında ortaq məxrəc yoxdur. Buna görə də düşünürük ki, Rusiyanın təklif etdiyi variant, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini özündə ehtiva etməlidir. Burada “xalqların öz müqəddəratını təyin etmək” məsələsindən söhbət gedə bilməz. Azərbaycan Prezidenti İlham Əliyev də dəfələrlə çıxışında bildirib ki, ikinci dəfə Azərbaycan ərazilərində ermənilərə dövlətin yaradılmasına icazə verilməyəcək. Əlbəttə biz anlayırıq ki, Rusiya bizim strateji tərəfdaşımızdır, münasibətlər yüksək səviyyədədir, amma hansısa təklif irəli sürəndə, Azərbaycanın milli maraqları nəzərə alınmalı, suverenliyimizə təhdid olmamalıdır: “Biz münaqişənin “Madrid prinsipləri” əsasında həllində maraqlıyıq və bunu Rusiyanın özü də qəbul edib. Digər yandan, Rusiya münaqişənin mərhələli həll edilməsi kimi variantlara əl ata bilər ki, bunlar Azərbaycanın maraqlarını əks etdirməyə, suveren hüquqlarını poza bilər”.
Politoloq bildirib ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Əks halda, münaqişənin hansı variantda həlli BMT Nizamnaməsinin 57-ci maddəsində öz əksini tapıb: Azərbaycan bu münaqişədə təcavüzə məruz qalmış dövlət kimi işğal altındakı ərazilərini hərbi yolla azad etmək hüququnu özündə saxlayır. Bunu beynəlxalq ictimaiyyətlə yanaşı, ATƏT-in Minsk qrupunda təmsil olunan dövlətlər də yaxşı bilir.
E.Manafov Rusiyanın bu məsələdə mövqeyinə də toxunub. Bildirib ki, Rusiyanın Azərbaycandan müəyyən istəkləri var. Məlumdur ki, Azərbaycan strateji bir bölgədə yerləşir. Azərbaycan MDB dövlətləri arasında özünün zəngin resursları və maliyyə imkanları ilə fərqlənən bir ölkədir. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, biz bu gün kredit alan yox, kredit verən dövlətik. Rusiya da Azərbaycanın bu üstünlüklərini görür, onun geostrateji mövqedə yerləşməsi faktorunu nəzərə alır, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu görür və bunu qiymətləndirir: “Bunlarla yanaşı, Rusiya Azərbaycanı özünün patronajlığı altında olan Avrasiya İttifaqında görmək istəyərdi. Əlbəttə, Azərbaycan müəyyən şərtlər daxilində Avrasiya İttifaqına qoşula bilər. Lakin Rusiyanın başqa bir istəyi də budur ki, Azərbaycan Qərbdə “Rus NATO-su” adlandırılan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) da qoşulsun. Vaxtilə Azərbaycan bu hərbi-siyasi blokun üzvü olub. Amma Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dönəmdə bu blokdan çıxmağa məcbur olduq. Çünki bu ittifaqda təmsil olunan Ermənistan Azərbaycan ərazilərini işğal altında saxlayırdı. Bu mənada, Ermənistanla eyni hərbi-siyasi blokda təmsil oluna bilmərik. Ən azı Rusiya təminat versə ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapacaq, bu halda məsələyə baxılması mümkün ola bilər.
Bununla yanaşı, Rusiyanın bir istəyi də bundan ibarətdir ki, bölgəyə - Azərbaycana sülhyaratma adı altında rus qoşunları yeritsin. Hər halda Azərbaycan bu məsələlərə ölkəmizin milli təhlükəsizlik məsələləri baxımından münasibət bildirə bilər. Düşünürəm ki, bütün hallarda Azərbaycanın suveren hüquqları nəzərə alınacaq”.

Cavid