Çavuşoğlunun həmsdərlərlə görüşü erməniləri əndişələndirib Layihə

Çavuşoğlunun həmsdərlərlə görüşü erməniləri əndişələndirib

Ermənistan Türkiyənin gücündən qorxuya düşüb

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun Ankarada ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü işğalçı Ermənistanın narahatlığına səbəb olub. Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Leyla Abdullayeva Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun Ankarada ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşünə dair Ermənistan XİN-in mövqeyini şərh edərkən deyib ki, əslində, belə bir absurd mövqeyi ilə Ermənistan tərəfi özünü kifayət qədər gülünc vəziyyətə qoyur. Göründüyü kimi, bölgəmizdə və onun ətrafında baş verən və sürətlə cərəyan edən hadisələr ya onların görmə qabiliyyətindən və təhlil sahəsindən kənarda qalır, ya da emosiyalar yenidən üstünlük təşkil edir.
Onun sözlərinə görə, dünyada və xüsusilə də bölgədə baş verən hadisələrin dəqiq və müfəssəl təhlili erməni tərəfinin qonşu ölkələrlə münasibətlərində konstruktiv yanaşmasına kömək edə bilərdi:
“Türkiyə bölgədəki bütün layihə və proseslərin fəal iştirakçısıdır və Ermənistanla Azərbaycan arasındakı münaqişənin tezliklə həllində maraqlıdır. Türkiyə ATƏT-in Minsk Qrupu yarandığı ilk gündən onun daimi üzvüdür və hər zaman onun işində, eləcə də ATƏT-in Minsk Qrupu həmsədrləri ilə məsləhətləşmələrdə fəal iştirak edib.
Emosiyaları yüksək olsa belə, Ermənistan tərəfinin Türkiyənin yüksək səviyyəli nümayəndələrinin ATƏT-in Minsk Qrupu həmsədrləri ilə görüşünün qiymətləndirilməsində nədən təhrifə yol verdiyi aydın deyil”.
Erməni hərbi ekspert Karen Veranyanın fikirncə, İdlib ətrafında yaranmış rus-türk qarşıdurması və ya münaqişəsi bu halla əlaqəlidir ki, Türkiyə Qarabağ münaqişəsi də daxil olmaqla rus tərəfinə təsir qolu ola bilən müxtəlif məsələləri oynayır.
Erməni ekspert qeyd edib ki, Ankara öz işini anti-erməni məntiqində aparmağa çalışacaq, bu, ilk növbədə qardaş ölkə olan Azərbaycanla ümumi strategiyadır və bu strategiya Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü kontekstində həll edilməli olduğunu nəzərdə tutur.
“Təsadüfi deyil ki, Ərdoğan-Əliyev görüşündən sonra Çavuşoğlu Minsk qrupunun həmsədrləri ilə görüşür. Bu, bir daha bu məntiqi vurğulayır ki, Azərbaycan və Türkiyə eyni əlyazmaya sahibdir”, - deyə Veranyan bildirib.
Erməni diplomat Arman Navasardyan Suriyanın İdlib bölgəsində baş verən hadisələrə toxunarkən deyib ki, Rus-türk münasibətləri Yaxın Şərqdə gərginləşib və “qaynama nötqəsi”nə çatır.
Onun sözlərinə görə, hazırkı siyasi inkişaflar Ermənistana qarşı səylərin həyata keçirilməsi üçün katalizator rolunu oynaya bilər.
“Bakı Qarabağ məsələsini öz maraqlarına uyğun şəkildə həll etmək üçün mütləq Türkiyə vasitəsilə Rusiyaya təzyiq göstərməyə çalışacaq. Burada variantlar bizim üçün gözlənilməz, inanılmaz və qəbuledilməz ola bilər”, - deyə Navasardyan qeyd edib.
Ermənistanın “Adekvat” ictimai təşkilatının rəhbəri Artur Danielyan isə öz “Facebook” səhifəsində yazıb ki, ATƏT-in Minsk qrupunun Çavuşoğlu ilə görüşməsi faktı çoxlarına təəccüblü gələ bilər, lakin Sorosun maliyyəsi ilə fəaliyyət göstərən, rəhbərlərindən biri Ermənistan prezidenti Armen Sarkisyan olan Avro-Atlantik Təhlükəsizlik Təşəbbüsünün bunu uzun illər təbliğ etdiyini bilənlərə yox.
Onun sözlərinə görə, bu struktur iddia edir ki, Cənub Dəhlizinin (yəni Azərbaycan qaz kəmərlərinin) təhlükəsizliyini gücləndirmək üçün Türkiyə ATƏT-in Minsk qrupunun həmsədri olmalıdır.
“Təkrar edirəm, Ermənistan prezaidenti bunu iddia edənlərdən biridir və bəli, “screenshot”lar da var, beləliklə, eşşək-eşşək təkzib etməyə tələsməyin. Onların fikrincə, Qarabağın gələcəyinə Türkiyə qərar verməlidir. Və əslində bunu etməyə başlayır, artıq de-yure də edib”.
“Turan” informasiya agentliyinin direktoru Mehman Əliyevin fikrincə isə, Türkiyə həmsədr ölkələrdən olmasa da, ATƏT-in Minsk Qrupunun üzvüdür. Hesab edirəm ki, Minsk Qrupunun həmsədrlərinin və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin Türkiyəyə gələrək Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə müzakirələr aparması, baş verən proseslərə dair məlumatlandırması təbii başa düşülməlidir. Yəni bu məsələnin heç bir halda gərginləşən Türkiyə-Rusiya münasibətləri fonunda qiymətləndirilməsi doğru olmazdı: “Türkiyə Azərbaycan və Rusiya ilə enerji layihələrinə dair danışıqlar aparır. Bu fakt göstərir ki, Suriyada baş verənlərə baxmayaraq, siyasətdə və münasibətlərdə heç nə dəyişməyib. Bu mənada həmsədrlərin Türkiyəyə gedərək izahat işləri aparması normaldır. Əvvəla, Türkiyə Azərbaycanın əsas müttəfiqidir, Qarabağ məsələsində rəsmi Bakını prinsipial müdafiə edir. Odur ki, həmsədrlərin Türkiyə ilə məsləhətləşmələr aparması vacibdir. Unutmayaq ki, Türkiyə, eyni zamanda, ATƏT-in Minsk Qrupunun üzvüdür və bu proseslərin içindədir. Hesab edirəm ki, Ankarada baş tutan görüş normal haldır”.
Mehman Əliyev qeyd edib ki, Türkiyə bacardığı qədər Dağlıq Qarabağ münaqişəsinin həllinə töhvə verir:”Türkiyə Ermənistanla sərhədlərini faktiki olaraq bağlayıb. Bu göstərir ki, ortada səbəb yalnız “soyqırım” məsələsi deyil. Yəni sərhədlərin açılması münasibətlərin sağlamlaşdırılması və Qarabağ münaqişəsinin həllindən keçir. Türkiyə beynəlxalq təşkilatlarda və arenalarda Azərbaycanın mövqeyini müdafiə edir. Üstəlik nəzərə almaq lazımdır ki, Türkiyə bir növ Qafqaz ölkəsidir. Kiçik Qafqaz sıra dağları Türkiyə ərazilərinə qədər uzanır. Türkiyə Qafqaz ölkələri ilə sərhəddir, Ermənistan istisna olmaqla digər dövlətlərlə sıx əlaqələrə sahibdir, bu regionda maraqları var. Odur ki, Qarabağ münaqişəsinə dair həmsədrlərin Ankarada apardığı müzakirələrə təbii yanaşmaq lazımdır”.
Hərbi-siyasi təhlilçi Teymur Zahidoğlu isə deyib ki, rəsmi Ankaranın Qarabağ münaqişəsinin tənzimlənməsində iştiraka dəvət edilməsi nədən irəli gələ bilər? Detalları nəzərdən keçirək:
Söz yox ki, Ermənistan iqtisadi cəhətdən Avropa İttifaqı, maliyə sarıdan Birləşmiş Ştatlar və Avropadakı erməni diaspor təşkiltalarından, hərbi nöqteyi-nəzərdən isə Rusiyadan asılı vəziyyətdədir. Əgər Ermənistan Qarabağ münaqişəsinin tənzimlənməsində Türkiyənin iştirakına razılıq verirsə, deməli, bu ölkə iqtisadi baxımdan tamam çöküb və İrəvanda anlayırlar ki, Azərbaycanla sülh şəraitinə qayıtmaq onu rəsmi Bakıdan qaynaqlanan beynəlxalq layihələrdə pay sahibinə çevirər, digər tərəfdən də Türkiyə ilə sərhədlərinin açılması rəsmi İrəvanın dənizə və Avropaya çıxışını asanlaşdıra bilər. Bu isə Ermənistan iqtisadiyyatı üçün ciddi imkanların yaranmasına xidmət edəcək. Bir sözlə, proseslərin qeyri-müəyyən zamanlarda əvvəlcədən bəlli olmayan istiqamətlərə yönəlməsi, rəsmi İrəvanın Kremlin diktəsi ilə “oturub-durmaq”dan artıq cana doymasına eyham kimi qəbul oluna bilər və onun beynəlxalq aləmə inteqrasiyaya can atması qaçılmazdır. Bunun üçünsə mövcud olduğu regionda sülh və əmin-amanlığa, dünya əhəmiyyətli iqtisadi layihələrin təhlükəsizliyinə dövlət səviyyəsində təminat vermək vacibdir. Məhz, bu baxımdan rəsmi İrəvan Azərbaycan torpaqlarından çəkilməli, problemin sülh yolu ilə həllinə töhvə verməli, Türkiyə ilə münasibətlərini nizama salmalıdır.
Görünür ki, bu amilin özü Qarabağ müharibəsinin sülh yolu ilə sonlandırılmasında mühüm əhəmiyyətə malikdir və Türkiyənin tərəfdaşlığı olmadan Ermənistanın iqtisadi dirçəlişinə nail olmaq mümkün deyil.
Digər tərəfdən isə, yuxarıda deyildiyi kimi, Qarabağ münaqişəsini öz problemi kimi qəbul edən Türkiyənin son vaxtlar Suriyada nümayiş etdirdiyi güc və qətiyyət həm də dolayısı ilə Ermənistana mesaj kimi qəbul oluna blər.
Qarabağ müharibəsinin aktiv silahlı əməliyyatlar müstəvisinə keçdiyi halda Azərbaycanın yanında olacağını dəfələrlə bəyan edən rəsmi Ankaranın Suriyada həyata keçirdiyi döyüşlər təbii ki, rəsmi İrəvanı düşündürməyə bilməz... Rusiya kimi güc mərkəzinə arxalanan Əsəd rejiminin düşdüyü hərbi-siyasi vəziyyət Ermənistan hakimiyyətinin gələcəkdəki anoloji məzərəsinin eskizlərini cızır.
Onsuz da Ermənistan rəhbərliyi özünə düşmən hesab etdiyi Azərbaycanın kifayət qədər qüdrətli silahlı qüvvələrə malik olduğunu çox yaxşı dərk edir. Ən azından, 2016-cı ilin aprelində “dördgünlük müharibə”nin nəticələrini rəsmi İrəvan hələ də həzm edə bilmir. Qarabağda döyüş əməliyyatlarının başlayacağı təqdirdə isə Ermənistanın Azərbaycanla dövlət sərhədləri boyunca, daha konkret desək Ağstafa-Qazax-Tovuz-Gədəbəy istiqamətində geniş miqyaslı hərbi əməliyyatlar apara bilməyəcəyi şəksizdir. Bir tərəfdən, erməni hökuməti münaqişədə əsas tərəf kimi Ermənistanın yox, Qarabağ ermənilərinin olduğunu dəfələrlə bəyan edib, digər tərəfdən də 268 kilometr uzunluqda sərhədə malik olduğu Türkiyənin hansı addım atacağı müəmmalı qalır. Çünki, 1993-cü ildə Kəlbəcərin işğalından dərhal sonra Ermənistanla sərhədləri bağlayan rəsmi Ankara dünya ölkələrinin siyasi təzyiqlərinə rəğmən öz qərarını dəyişmədi. Bu isə, Ermənistanın düşdüyü iqtisadi blokadanı daha da möhkəmləndirdi.
Onu da bildirək ki, Azərbaycan Ordusunun genişmiqyaslı təlimlərə başlaması Ermənistanda narahatlıqla izlənilir.
Ermənistanda Azərbaycanın Yaxın Şərqdə pisləşən vəziyyət fonunda əraziləri azad etmək üçün anti-terror əməliyyatlarına başlaya biləcəyindən qorxurlar.
Erməni ekspert Van Hambartsumyan bildirib ki, Azərbaycan Ordusunun təlimlərə başlamasından sonra erməni hərbi birləşmələri birinci dərəcəli döyüş hazırlığı vəziyyətinə gətirilməlidir.
“Azərbaycan Türkiyə-Rusiya münasibətlərindən, ümumilikdə Yaxın Şərqdəki vəziyyətdən yararlana bilər. Azərbaycan hərbi təlimlər vasitəsilə cəbhəyə və sərhədə qüvvələr cəmləyə bilər. Buna görə də Ermənistan cəbhə xəttinə və sərhədə əlavə qüvvə toplamalıdır”.
Bütün müharibələrin təlim səfərbərliyi ilə başladığını xatırladan erməni ekspert Azərbaycan Ordusunun təlimlərində “Polonez” kimi uzunmənzilli silahların iştirakına diqqət çəkib.
İddia edib ki, hər an hər şey ola bilər, bu baxımdan, erməni ordusu 1 nömrəli hazırlıq vəziyyətinə gətirilməlidir.
Qeyd edək ki, 1 nömrəli hazırlıq vəziyyəti müharibə vaxtı olur. Ermənistan mediasında və ekspert cameəsində belə təkliflərin ictimaiyyətləşdirilməsi, işğalçı ölkənin cəbhədə və sərhəddə yeni təxribatlarına hazırlıq məqsədindən də qaynaqlana bilər. Ötən ay Ermənistanın cəbhədə və dövlət sərhədində təxribatlara əl atması da bu ehtimalı gücləndirir.
Maraqlıdır ki, V. Hambartsumyan ordunun döyüş hazırlığı vəziyyətinə gətirilməsi ilə yanaşı, Ermənistanda mitinqlərin dayandırılmasını və bütün daxili siyasi çəkişmələrin təxirə salınması təklifini də irəli sürüb.
“Yəqin ki, Ermənistan hakimiyyəti referendumu təxirə salmalıdır”, - ekspert bildirib.

Cavid