Milli azlıqlar və mətbuat Layihə

Milli azlıqlar və mətbuat

"Samur" qəzeti azad və sərbəst şəkildə fəaliyyət göstərir

Həm qədimlərdə, həm də müasir dövrdə Azərbaycan öz yüksək tolerantlığı ilə seçilən bir bölgə kimi tarixdə qeyd olunub. Belə ki, müxtəlif etnosların sülh içində yaşadığı ərazi olaraq tanınıb. Azərbaycan etnosunun tarixinə nəzər salsaq, görərik ki, ölkə əhalisinin əsas hissəsini azərbaycanlılar təşkil etsə də, azsaylı xalqlar, etnik və milli qruplar da bu tərkibdə yer alıb. Belə ki, bu etnik qruplara tatarlar, mesxeti türkləri, tatlar, talışlar, dağ yəhudiləri, kürdlər, udilər, ləzgilər, avarlar, saxurlar, ruslar, molokanlar və s. daxildir.
Azərbaycanda yaşayan etnik azlıqların təhsil, mətbuat, mərkəzi televiziya və radio ilə xüsusi verilişlərin təşkili, tolerantlıq, bərabərlik və əməkdaşlıq hüquqlarına xüsusi önəm verilir. Etnik qrupların hərtərəfli inkişafı üçün dövlət tərəfindən zəmin yaradılıb. Dövlət tərəfindən ölkə ərazisində yaşayan azsaylı xalqlara hörmətlə yanaşılır, onların bütün sahələrdə azad fəaliyyəti üçün dövlət səviyyəsində şərait yaradılıb. Azərbaycan milli azlıqların müdafiəsi məqsədilə bir çox nüfuzlu beynəlxalq təşkilatlarla işgüzar əməkdaşlıq əlaqələri yaradıb. Belə ki, respublikamız insan haqları və milli azlıqların müdafiəsi ilə bağlı 50-dən çox beynəlxalq konvensiyaya qoşulub. YUNESKO-nun 2005-ci il tarixində qəbul etdiyi "Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında Konvensiya"ya uyğun olaraq, ölkəmizdə yaşayan milli azlıq və etnik qrupların mədəniyyəti Azərbaycan mədəniyyətinin tərkib hissəsi kimi qorunur və inkişaf edir. Bu xalqların milli mədəniyyətinin, incəsənətinin, adət-ənənələrinin və dilinin qorunub saxlanılması üçün məqsədyönlü iş aparılır.
Azərbaycanda yaşayan etnik icmaların dilində 15-dən, rus dilində isə 30-dan çox qəzet və jurnal nəşr olunur. Telekanallarda milli azlıqların etnik-mədəni həyatı, etnoqrafiyası barədə müntəzəm materiallar hazırlanır. Milli azlıqların sıx yaşadığı 5 bölgədə isə yerli teleradio kanalları fəaliyyət göstərir. Həmin telekanallarda mütəmadi olaraq milli azlıqların mədəniyyətini, adət -ənənəsini əks etdirən verilişlər yayımlanır. Regional televiziyalardan əlavə İctimai Televiziya da bu məsələyə xüsusi önəm verir. Bu kanalda hətta sayı 5 mindən az olan xalqlar barəsində belə verilişlər gedir. Radioda isə hər gün rus, fars, ingilis, hətta erməni dillində verilişlər yayımlanır. Etnik azlıqlar ölkədə fəaliyyət göstərən kabel və peyk televiziyalarından da sərbəst istifadə edə bilirlər. Bundan əlavə, ölkədə rus dilində gündəlik radio və televiziya verilişləri yayımlanır.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun fəaliyyətə başladığı vaxtdan indiyədək milli azlıqların dillərində nəşr edilən mətbuat orqanlarına da maliyyə dəstəyi göstərilib. Dövlət büdcəsindən maliyyələşdirilən verilişlər yayımlanır. Balakən rayonunda avar dilində, Xaçmaz rayonunda isə ləzgi və tat dillərində, Qusar və Xaçmaz rayonlarında yerli televiziyada ləzgi dilində verilişlər yayımlanır. Bakı da rus, kürd, ləzgi və talış dillərində qəzetlər nəşr olunur. Məsələn, "Samur" və "Dəngi Kürd" ləzgi və kürd dillərində nəşr olunur, Yəhudi cəmiyyəti "Soxnut" isə "Əziz" qəzetini nəşr edir.
Bu dəfə Azərbaycanda yaşayan ləzgilərin yeganə qəzeti olan "Samur"dan bəhs edəcəyik.
2014-cü ilin yanvarında nəşr olunan "Samur"un 22 yaşı tamam oldu. Ötən 22 ildə redaksiyanın kollektivi nə qədər çətinliklərlə üzləşsə də, hətta maliyyə çatışmazlığı üzündən qəzetin bağlanması təhlükəsi yaransa da, hər bir ləzginin milli qürur nişanəsi olan Samur çayının adından götürülmüş qəzet öz adını - "Samur"u qoruyub saxlaya bilib. "Samur"un ilk redaktoru jurnalist Feyruz Bədəlov olub. Onun redaktor olduğu 8 ay ərzində qəzetin 24 sayi işiq üzü gördü. Bundan sonra incəsənət elmləri doktoru Nurəddin Həbibov qəzetin redaktoru təyin olundu. Onun redaktorluğu dövründə qəzet fasilələrlə çıxdi.
1997-ci ildə yazıçı-jurnalist Sədaqət Kərimova "Samur"un baş redaktoru təyin olundu. O, "Samur"u yenidən dirçəltməyi qərara aldı. Tanınmış qələm sahibi Müzəffər Məlikməmmədov redaktor müavini kimi fəaliyyətə başladı. Amma "Samur"u dirçəltmək, yenidən oxuculara sevdirmək o qədər də asan deyildi. Hər şeyi sıfırdan başlamaq lazım gəlirdi. Əksər insanlar qəzetin yenidən fəaliyyət göstərə biləcəyinə inanmırdılar. Çətinlikləri aradan qaldırmaq, işləri qaydaya salmaq üçün ilk növbədə üç dildə - ləzgi, Azərbaycan və rus dillərində çıxan qəzetdə oxucuları maraqlandıran məqalələr dərc etmək lazım idi. Oxucular cəlb etmək, abunə aparmaq tələb olunurdu. "Samur"un nəşrindən ötrü pul vəsaiti də tapılmalı idi. Onu Azərbaycanda, Dağıstanda, bir sözlə, bütün dünyada yaşayan ləzgilərin qəzetinə çevirmək lazım gəlirdi. İlk növbədə "Samur" Azərbaycanın qəzetləri sırasında layiqli yer tutmalı idi. Qəzet ləzgi xalqının tarixindən, mədəniyyətindən, dilindən, adət-ənənələrindən, problemlərindən elə təsirli yazmalı idi ki, oxucuları cəlb edə bilsin. Üç dildə maraqlı məqalələrin dərc olunması oxucuların da istəyi idi. Bir sözlə, qəzeti oxunaqlı etməyin, sevdirməyin, şöhrətləndirməyin yolları çox idi və kollektivdən onlardan faydalanmaq tələb olunurdu.
Beləliklə, yaradıcı kollektiv yeniləşmiş "Samur" qəzetini buraxmaq üçün konkret proqram hazırlayıb həyata keçirməyə başladı. Onun zəhməti hədər getmədi. 1999-cü ildə qəzetin abunəçilərinin sayı 500 nəfər artdı. Qəzetdə ləzgicə 50, azərbaycanca 40, rusca 20 rubrika açıldı. Həmin rubrikalar altında elə maraqlı materiallar dərc olundu ki, "Samur" əldən-ələ gəzdi. Redaksiyanın apardığı ictimai rəy sorğusu nəticəsində ləzgicə və azərbaycanca açılmış "Bura doğma vətəndir", "Samur"un qonaqları", "Kəndlərimiz", "Samur"un lüğəti, "Samur"un məktəbi, "Bilirsinizmi?", "Nadir məqalələr", "1918-ci il Quba faciəsi", "Bizim məşhurlar", "Samur"un lətifələri", "Yeni ləzgilər", "Qusar, qusarlılar", "Ləzgi dili haqqında söhbətlər", "Gəlimli-gedimli dünya", "Adamlar və talelər", "Redaktor sözü", "Ağsaqqallarımız, şöhrət tacımız", "Məşhur ləzgilər haqqında bilmədiklərimiz", "Ləzgilər dünyanın hər yerində" rubrikaları altında dərc edilən məqalələrin oxucular tərəfindən maraqla qarşılandığı məlum oldu. Bunu oxucular öz məktublarında da bildirdilər və həmin il redaksiyaya 1164 məktub daxil oldu. Məktubların əksəriyyəti Azərbaycanın 23, Dağıstanın 14 rayon və şəhərindən göndərilmişdi. Rusiyanın ayrı-ayrı vilayətlərindən, xarici ölkələrdən redaksiyaya ünvanlanmış məktublar da az deyildi.
2000-ci ildə"Samur"un 100-cü sayı işıq üzü görməli idi. Ona görə də redaksiya yaradıcılıqla və qəzetin yayılması ilə bağlı müsabiqə elan etdi. Həmin müsabiqədə 1300-dək oxucu iştirak etdi. Başqa tədbirlər də həyata keçirildi. Redaksiyanın kollektivi və yüzlərlə oxucu "Samur"un 100-cü sayının çapdan çıxmasını Bakının R.Behbudov adına Mahnı Teatrında təntənə ilə qeyd etdi. Azərbaycanın milli siyasət məsələləri üzrə sabiq dövlət müşaviri Hidayət Orucov həmin tədbirdə çıxış edərək, qəzetin fəaliyyətinə yüksək qiymət verdi. Dağıstan Respublikasının milli məsələlər, informasiya və xarici ölkələrlə əlaqələr naziri Maqomedsalih Qusayev qəzeti təbrik etdi. Azərbaycanın və Dağıstanın 10-dan çox hökumət orqanının rəhbərləri, alimlər və jurnalistlər, 40-a yaxın mətbu orqanının redaktorları, 11 xarici ölkədə yaşayan oxucuları redaksiyaya təbrik məktubları və teleqramları göndərdilər. Azərbaycanın və Dağıstanın 30-dan çox qəzet və jurnalı, 6 telekanal "Samur"un səmərəli fəaliyyəti ilə bağlı məqalələr və xəbərlər verdi.
"Samur" qəzetinin baş redaktoru Sədaqət Kərimovanın iştirakı ilə 2000-ci ildə Mahaçqalada Dağıstan Respublikasının rəsmi dövlət qəzeti olan "Ləzgi qəzeti" redaksiyasında keçirilmiş "Dəyirmi masa"da həmin mətbu orqanının baş redaktoru Ağariza Saidov demişdi: "Azərbaycan və Dağıstan xalqları arasındakı dostluğu möhkəmləndirən, ləzgi xalqının taleyüklü məsələlərindən, mədəniyyətindən, güzəranından, tarixindən çox qiymətli məqalələr dərc edən "Samur" özünün xalqın tərbiyəçisi, köməkçisi və dayağı olduğunu sübut etdi. Digər tərəfdən, o, bizim dilimizin qorunması və inkişaf etdirilməsi sahəsində əsl nümunə göstərir. "Ləzgi qəzeti"nin kollektivi "Samur"la fəxr edir. Biz peşəkarlığı "Samur"un jurnalistlərindən öyrənirik. Onlar çox nəfis və məzmunlu qəzet buraxırlar".
2001-ci il Azərbaycanın bütün kütləvi informasiya vasitələri üçün ağır il oldu. 250-dən çox qəzet və jurnal maddi çətinliklər üzündən bağlandı. "Samur" bu çətinliyə dəyanətlə tab gətirdi. Oxucular ayda iki dəfə qəzet aldılar. Həmin il onlardan redaksiyaya 1247 məktub daxil oldu. Bu, qəzetin oxucular arasındakı nüfuzundan xəbər verirdi. 2005-ci ildə "Samur"un abunəçiləri daha 400 nəfər artdı. Qəzet 2400 nüsxə tirajla çap olundu. Beləcə "Samur" getdikcə daha çox şöhrətləndi və tədricən dünya ləzgilərinin qəzetinə çevrildi. Hazırda qəzet Dağıstanda, Rusiyada, Estoniyada, Qırğızıstanda, Qazaxıstanda, Özbəkistanda, Ukraynada, Türkiyədə, Almaniyada, ABŞ-da, Belorusiyada, İsveçrədə, bir sözlə, 23 xarici ölkədə oxunur.
Ötən illər ərzində qəzet tariximizin indiyədək qaranlıq qalan neçə-neçə səhifələrini, yüzlərlə qəhrəmanları, şairləri, alimləri və digər məşhur insanları üzə çıxarıb. O, azsaylı xalqların hüquqlarının qorunması ilə bağlı mühüm beynəlxalq sənədləri dərc edərək, oxuculara çatdırır. Məşhur ləzgi alimi, filologiya elmləri doktoru, akademik Əhmədulla Gülməhəmmədovun qeyd etdiyi kimi, ötən 20 il ərzində minlərlə oxucusu olan "Samur" xalqın düşünən beyninə, danışan dilinə çevrilib. "Samur" yarandığı gündən gənc yazarlarla iş aparır. 1997-2007-ci illərdə 68 gənc müəllifin əsərləri ilk dəfə olaraq "Samur" qəzetində işıq üzü görüb. Artıq həmin yazarlardan bir neçəsinin ayrıca kitabları çap olunub. 2000-ci ildə redaksiya öz hesabına gənc şairlərin əsərlərindən ibarət "Yaxşı yol!" adlı şeirlər kitabını oxuculara çatdırdı. Qəzetin baş redaktoru Sədaqət Kərimovanın təşkil etdiyi ləzgi dili kurslarında onlarca gənc ana dilində yazıb-oxumağı öyrənib.

Cavid