Vətəndaş və cəmiyyət -  3-cü yazı Layihə

Vətəndaş və cəmiyyət -  3-cü yazı

Professor Mübariz Əmirov: “Vətəndaş cəmiyyəti dedikdə inkişaf etmiş iqtisadi, mədəni, hüquqi və siyasi münasibətlərin mövcud olduğu cəmiyyət başa düşülür”

Vətəndaşlıq statusu insanlara həm müəyyən vəzifələr, həm də cəmiyyətin və dövlətin siyasi həyatında fəal iştirak etmək üçün geniş hüquqlar verir. Professor Mübariz Əmirov bildirir ki, vətəndaşın cəmiyyətin problemlərinin həllində iştirak etmək və hakimiyyətin qərarlar qəbul etməsinə təsir göstərmək hüququ vardır: “Vətəndaşların cəmiyyət həyatında iştirak formalarını iki qrupa ayırmaq olar: siyasi iştirak və sosial iştirak. Siyasi iştirak hakimiyyət orqanlarına təsir etməklə öz maraqlarını təmin etmək məqsədi daşıyır. Sosial iştirak isə vətəndaşların şəxsi və ictimai problemlərini, hakimiyyət orqanlarını cəlb etmədən, öz qüvvələri hesabına həllini nəzərdə tutur.
Siyasi və sosial iştirak formaları bir-birini inkar etmir. Onlar üst-üstə düşə bilər. Sağlam demokratiyanın mövcudluğu üçün həm siyasi, həm də sosial iştirak vacibdir. Demokratik dövlətlərdə vətəndaşların dövlət siyasətini dəyişdirməsi mexanizmi mövcuddur. Bu mexanizm dövlət proseduralarından ibarətdir. Dövlət proseduralarına məhkəməyə, əgər bu nəticə verməsə, beynəlxalq təşkilatlara və beynəlxalq məhkəmələrə müraciətlər daxildir. Deputatlara müraciət də dövlət prosedurası hesab olunur”.
Dünyada qeyri-zorakı vətəndaş itaətsizliyi təcrübəsi də var: “Qeyri-zorakı vətəndaş itaətsizliyi də vətəndaş iştirakının geniş yayılmış formalarındandır. XX əsrin 30-cu illərinin əvvlində ingilis müstəmləkəçiləri hind xalqının milli-azadlıq əzmini qırmaq üçün duz satışı üzərində inhisarı gücləndirmiş, əhalini duzsuzluğa düçar etmişdi. Hind milli-azadlıq hərəkatının lideri, qeyri-zorakı vətəndaş itaətsizliyi formasının ilhamçılarından biri olan Mahatma Qandinin rəhbərliyi altında xalq kütlələri ingilislərdən duzu almaqdan imtina etmiş, tarixdə məşhur «Duz yürüşü» adını almış dinc hərəkata başlamışlar. Onlar Ərəbistan dənizi sahillərinə yürüş edərək, dənizin suyunu buxarlandırmaq yolu ilə duz əldə etmişdilər. İngilis hakim dairələri bu hərəkat qarşısında geri çəkilərək, duz satışı üzərindəki inhisarı ləğv etməli olmuşdular. Tarixdə belə dinc vətəndaş itaətsizliyi halları haqqında məlumatlar çoxdur”.
Vətəndaş təşəbbüsləri dedikdə nə başa düşülür? Araşdırmaçı bildirir ki, elə problemlər var ki, vətəndaşların gücü ilə onları həll etmək olar. Məsələn, məhəlləyə su çəkilməsi, hər hansı yerli əhəmiyyətli yolun təmiri, yaxud kiçik çay üzərində körpünün salınması kimi işlər vətəndaş təşəbbüsləri yolu ilə həll edilə bilər.
Vətəndaş iştirakı formalarından daha geniş yayılanı qeyri-hökumət təşkilatlarıdır. QHT-lər vətəndaşlarının könüllü gəlirsiz təşkilatlarıdır. Onlar müxtəlif məsələlərin həlli ilə məşğul olur, çoxsaylı humanitar funksiyalar yerinə yetirir, insanların arzu və istəklərini hökumətin nəzərinə çatdırırlar. Bəzən QHT konkret problemin həlli üçün yaradılır. Vətəndaşlara hüquqi yardım göstərən, seçicilərin maarifləndirilməsi ilə məşğul olan, təhsil, səhiyyə və digər sosial problemləri həll etmək sahəsində fəaliyyət göstərən QHT-lər də az deyil. Azərbaycan cəmiyyətinin müxtəlif zümrələrini təmsil edən insanlar qeyri-hökumət təşkilatları şəbəkəsi ilə öz qabiliyyətlərini gerçəkləşdirir və dövlət quruculuğunun müxtəlif sahələrində onlardan müxtəlif şəkildə istifadə edirlər.
Həmkarlar ittifaqları vətəndaş iştirakı formalarının ən kütləvi olanıdır. SSRl dövlətində həmkarlar ittifaqları formal xarakter daşıyır və işləyən əhalinin bütün təbəqələri bu təşkilata avtomatik olaraq üzv qəbul olunurdu. Həmkarlar ittifaqı təşkilatları totalitar cəmiyyətdə vətəndaşların şəxsi və ictimai problemlərinin həlli ilə çox cüzi məşğul olurdular. Demokratik dövlətdə həmkarlar ittifaqlarının rolu böyükdür. Onlar vətəndaşların hüquq və mənafelərini qoruyur və vaxtaşırı olaraq dövlət orqanları, sahibkarlar qarşısında məsələlər qaldırırlar.
Respublikada vətəndaşların hüquqlarının qorunması və sosial problemlərin həllində həmkarlar ittifaqları mühüm rol oynayır. Ölkədə həmkarlar ittifaqı hərəkatının inkişafı üçün bütün şərait yaradılıb. Mülkiyyət hüququndan asılı olmayaraq, bütün müəssisə, təşkilat və idarə işçiləri öz həmkarlar ittifaqlarında birləşmək və fəaliyyət göstərmək hüququna malikdirlər. Respublika həyatının müxtəlif sahələrini əhatə edən sahə həmkarlar ittifaqları birləşərək vahid Həmkarlar İttifaqları Konfederasiyası yaratmışlar.
Azərbaycan Konstitusiyasının təsbit etdiyi bütün demokratik hüquq və azadlıqlardan geniş istifadə edən qadınlar demokratik dövlət quruculuğuna öz töhfələrini verirlər. Ölkədə müstəqil qadın təşkilatları fəaliyyət göstərir. Bu qurumların fəaliyyəti sülhün tezliklə əldə edilməsinə, qadın hüquqlarının müdafiəsinə, onların iqtisadi quruculuğa geniş cəlb olunmasına, ailə və uşaqların qorunmasına, qadınlar üçün iş yerlərinin açılmasına, ictimai-siyasi həyatda qadınların fəal iştirakına, ailənin mühafizəsinə, Qarabağ müharibəsindən əzab çəkmiş qadın və uşaqlara lazımi köməklik göstərilməsinə yönəldilib.
Vətəndaş iştirakının geniş yayılmış formalarından birini də seçkilərdə iştirak təşkil edir. Seçkilərdə iştirak etmək hər bir vətəndaşın öz hüququdur, yəni məcburi deyildir. Lakin unutmaq olmaz ki, vətəndaş ölkəsində gedən siyasi problemlərə biganə qala bilməz. Bəlkə də onun bir səsi hansısa ümummilli məsələnin müvəffəqiyyətli həllinə yardımçı ola bilər. Bəzi ölkələrdə, məsələn, Avstraliyada belə hesab edirlər ki, hökumətin və seçkili orqanların seçilməsində iştirak etmək təkcə bütün nəsillərin uğrunda mübarizə apardıqları hüquq deyil, həm də vətəndaşlıq borcudur. Lakin bizim ölkəmizdə də demokratik ölkələrdə olduğu kimi seçkilərdə iştirak könüllüdür. Azərbaycanda vətəndaşların seçib-seçilmək hüququ, habelə səs verdiyi millət vəkilləri vasitəsi ilə dövlətin siyasi idarə olunmasında fəal iştirak etmək hüququ var.
Üzvü çox olan cəmiyyətdə vətəndaş hadisələrə ancaq başqa vətəndaşlarla ittifaqda olduqda ciddi təsir göstərə bilər. Araşdırmaçı bildirir ki, siyasi partiyalar yaxın fikirləri və ümumi maraqları olan adamları birləşdirir. Onlar seçicilərə siyasi mövqe və proqramların geniş dairəsini təklif edərək, onlara seçkilərdə öz mövqelərini müəyyənləşdirməkdə kömək edirlər. Siyasi cəhətdən fəal olan vətəndaşlar üçün partiya dövlətin həyatında iştirak etmək və dövlət siyasətinə təsir etmək üçün vacibdir.
Vətəndaş cəmiyyəti nədir? Vətəndaş cəmiyyəti anlayışının ilk dəfə nə vaxt işlədildiyini demək çətindir. Araşdırmaçı prof. Mübariz Əmirov bildirir ki, ona həm antik müəlliflərin əsərlərində, həm orta əsrlər Avropa ədəbiyyatında, həm də yeni dövrün traktatlarında rast gəlmək olar. Vətəndaş cəmiyyəti dedikdə, adətən, inkişaf etmiş iqtisadi, mədəni, hüquqi və siyasi münasibətlərin mövcud olduğu cəmiyyət, yüksək sosial, iqtisadi, siyasi, mədəni və mənəvi statusa malik vətəndaşların cəmiyyəti başa düşülür.
İngilis tarixçisi və politoloqu Entoni Blekin fikrincə, vətəndaş cəmiyyətinin elementləri və dəyərləri artıq XIII əsrdə Avropada bərqərar olub. Antik Roma hüququ burada vətəndaş cəmiyyəti strukturunun yaranması üçün müəyyən zəmin yaradıb. Orta əsrlər Avropasında german tayfalarının bəzi ənənələri də (xalq yığıncaqları təsisatı, rəhbərliyin, hakimlərin seçilməsi) vətəndaş cəmiyyəti elementlərinin tədricən təşəkkül tapmasında az rol oynamayıb.
Nəticədə, Qərbdə vətəndaş cəmiyyəti dövlətdən asılı olmayan ictimai təsisatlar və münasibətlər sistemi kimi meydana çıxıb. Lakin vətəndaş cəmiyyətini dövlətdə ayrı nəsə bir şey kimi təsəvvür etmək olmaz. Vətəndaş cəmiyyəti dövlətdən “uzaqlaşmır”, əksinə, onu öz dəyər və maraqlarına uyğun olaraq formalaşdırır.
Vətəndaş cəmiyyətinin əsasını cəmiyyətdə qeyri-siyasi münasibətlər təşkil edir. Onlar könüllü surətdə formalaşmış assosiasiya və təşkilatlar vasitəsi ilə meydana çıxır. Vətəndaş cəmiyyəti elə bir cəmiyyətdir ki, burada vətəndaşlar çoxlu müstəqil təşkilatlar vasitəsi ilə kollektiv şəkildə problemlərini həll edə bilər, öz fikirlərini söyləyə bilər və hökumətə təsir göstərə bilərlər. Belə təşkilatlar vətəndaşlarla dövlət arasında əlaqə yaradır və dövlətin şəxsiyyət üzərində hökmranlığına mane olurlar. Bu o deməkdir ki, vətəndaş cəmiyyəti olan ölkədə dövlət yalnız müxtəlif təsisatlar, partiyalar, assosiasiyalar və s. ilə yanaşı mövcud olan bir elementdir.
Vətəndaş cəmiyyətinin quruluşu ilə bağlı professor qeyd edir ki, vətəndaş cəmiyyətində yuxarıda gostərilən müxtəliflik plüralizm adlanır. Bu şəraitdə bir çox təşkilat və təsisatlar özlərinin mövcud olması, qanuniliyi və nüfuzlarına görə dövlətdən asılı deyillər. Ölkəmizdə demokratik dövlət qurulduğundan, bu gün onların sayı yüzlərlədir. Belə təşkilatları aşağıdakı kimi təsnif edirlər:
- Siyasi partiyalar və kütləvi siyasi hərəkatlar.
- Peşəkar ittifaqlar.
- Yaradıcılıq assosiasiyaları və birlikləri.
- Qadınların, gənclərin, tələbələrin təşkilat və hərəkatları.
- Dini birliklər.
- Yerli etnik ittifaqlar.
- İctimai fondların hər cür növü.
- Şəxsi elmi-tədqiqatçılıq və təhsil mərkəzləri.
- Veteranlar, idmançılar, azarkeşlər, ekoloqlar assosiasiyaları və s.
Bunların məcmuyu əsasında vətəndaş cəmiyyəti qurula bilər. Vətəndaş cəmiyyətinin əsas elementlərinə, bu təşkilat və birliklərlə yanaşı, müstəqil kütləvi informasiya və rabitə vasitələri, hökumət siyasətinin bütün istiqamətlərinin dövlətdən asılı olmayan ekspertizaları da aiddir.

Elçin Qaliboğlu