Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət idarəçiliyi Layihə

Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət idarəçiliyi

Azərbaycan qədim və zəngin dövlətçilik tarixinə malikdir. Azərbaycan torpaqlarında Manna, İskit şahlığı, Atropatena, Albaniya, Sacilər, Salarilər, Rəvvadilər, Şəddadilər, Böyük Səlcuq imperatorluğu, Şirvanşahlar, Eldənizlər, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi və Əfşar imperatorluqları kimi qüdrətli dövlətlər mövcud olub. Bu dövlətlər Azərbaycanda dövlət idarəçiliyi mədəniyyətinin daha da yüksəlməsində mühüm rol oynamışlar. Cəmi 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyəti də Azərbaycanın dövlətçilik tarixində dərin iz qoyub.
XX əsrin əvvəllərində Rusiya imperiyasında böhran vəziyyəti ilə əlaqədar islahatlar dövrü başladı. 1905-ci ildə H.Z.Tağıyev tərəfindən himayə olunan Əlimərdan bəy Topçubaşov, Şəmsi Əsədullayev, Əhməd bəy Ağayev, Ədil xan Ziyadxanov, Əli bəy Hüseynzadə və bir çox digər Azərbaycan ziyalıları türk-müsəlman əhalisinin imperiyanın mərkəzi hakimiyyət orqanlarında təmsil olunmasını, ayrı-seçkilik hallarının aradan qaldırılmasını tələb edirdilər. Aparılan gərgin mübarizə nəticəsində Azərbaycanın tanınmış ziyalıları Əlimərdan bəy Topçubaşov, İsmayıl xan Ziyadxanov, Əbdürrəhim bəy Haqverdiyev, Məmməd Tağı Əliyev, Əsədulla bəy Muradxanov 1906-cı ildə Rusiyanın ilk parlamentinə - I Dövlət Dumasına deputat seçilmişdilər.
1917-ci ilin fevralında Rusiyada Romanovlar mütləqiyyəti devrildi. Monarxiya rejimi aradan qaldırıldıqdan sonra hakimiyyətə gələn Müvəqqəti hökumət Cənubi Qafqazın idarəçiliyi üzrə Xüsusi Komitə yaratdı. Ancaq Müvəqqəti hökumət uzun müddət hakimiyyətdə qala bilmədi. 1917-ci ilin oktyabrındakı hakimiyyət çevrilişi nəticəsində Cənubi Qafqazdan Rusiyanın Müəssislər Məclisinə seçilən deputatlar Petroqrada və Moskvaya gedə bilmədilər. Onlar 1918-ci il fevralın 14-də Tiflisdə Zaqafqaziyanın ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymini, başqa sözlə Zaqafqaziya Parlamentini yaratdılar. Lakin istər daxili, istərsə də xarici siyasət sahəsində kəskin milli mənafe ziddiyyətlərinin olması Zaqafqaziya Seymi və Birləşmiş Zaqafqaziya Cümhuriyyəti hökumətinin konkret addımlar atmasına imkan vermədi. Nəticədə 1918-ci il mayın 25-də gürcü nümayəndələr Seymdən çıxdılar və ertəsi gün - mayın 26-da Gürcüstanın müstəqilliyini elan etdilər.
Seymin Azərbaycan nümayəndəliyi mayın 27-də fövqəladə iclas keçirdi. Yaranmış vəziyyətin çətinliyini nəzərə alaraq yekdilliklə Azərbaycanın idarə olunmasını öz öhdəsinə götürməyi qərara aldı və özünü müvəqqəti Milli Şura elan etdi. M.Ə. Rəsulzadə Milli Şuranın sədri təyin olundu. H.Ağayev, M.Seyidov onun müavinləri seçildilər. Sonra Milli Şuranın 9 nəfərdən ibarət İcraiyyə orqanı yaradıldı ki, onun da sədrliyinə F.X.Xoyski seçildi. Mayın 28-də Milli Şuranın 26 nəfərin iştirakı ilə keçirilən birinci iclasında Seymin buraxılması və Gürcüstanın istiqlaliyyətinin elan edilməsi ilə əlaqədar Azərbaycandakı vəziyyət müzakirə edildi. Şuranın üzvü X.Xasməmmədov məruzə edərək təxirə salınmadan Azərbaycanın müstəqil respublika elan edilməsinin zəruriliyini əsaslandırdı. Şuranın üzvlərindən Yusifbəyli, Şeyxülislamov, Seyidov və b. bu fıkrə tərəfdar çıxdılar. Milli Şura 24 səslə Azərbaycanın istiqlaliyyətinin elan edilməsi haqqında qərar qəbul edərək 6 bənddən ibarət İstiqlal Bəyannaməsini bəyan etdi.
1918-ci ilin 28 Mayında M.Ə.Rəsulzadənin sədr seçildiyi Azərbaycan Milli Şurasının qəbul etdiyi 6 maddəlik “İstiqlal bəyannaməsi”:
1. Bu gündən etibarən Azərbaycan xalqları suveren hüquqlara malikdirlər, Şərqi və Cənubi Zaqafqaziyadan ibarət olan Azərbaycan tam hüquqlu müstəqil dövlətdir.
2. Müstəqil Azərbaycanın siyasi quruluş forması Xalq Cümhuriyyətidir.
3. Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlər, xüsusilə qonşu xalqlar və dövlətlərlə mehriban qonşuluq münasibətləri yaratmağa çalışır.
4. Azərbaycan Xalq Cümhuriyyəti öz sərhədləri daxilində milliyyətindən, dinindən, sosial vəziyyəti və cinsindən asılı olmayaraq, bütün vətəndaşlara vətəndaşlıq və siyasi hüquqlar təmin edir.
5. Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisi daxilində yaşayan bütün millətlərə azad inkişafı üçün geniş imkanlar verir.
6. Müəssislər Məclisi çağırılana qədər bütün Azərbaycanın idarəsi başında xalq seçkiləri ilə seçilmiş Milli Şura və Milli Məclis qarşısında məsuliyyət daşıyan Müvəqqəti Hökumət durur.
İstiqlal bəyannaməsi elan edildikdən sonra Milli Şura F.X.Xoyskiyə hökumətin yaradılmasını tapşırdı. Azərbaycanın ilk müvəqqəti hökuməti belə tərkibdə təqdim edildi:
F.X.Xoyski - Nazirlər Şurasının sədri, Daxili işlər naziri; Xosrovpaşa bəy Sultanov - Hərbi nazir; N.Yusifbəyli - Xalq maarifı və Maliyyə naziri; M.H.Hacinski - Xarici işlər naziri; X.B.Məlikaslanov - poçt, teleqraf və yollar naziri; Ə.Şeyxülislamov - Əkinçilik və əmək naziri; X.Xasməmmədov - Ədliyyə naziri; M.Y.Cəfərov - Ticarət və sənaye naziri; Camo Hacinski - Dövlət nəzarəti naziri.
Eyni zamanda 1918-ci il iyunun 21-də dövlət bayrağı qəbul edilib. İlk dövlət bayrağında qırmızı materialdan üstündə ağ aypara və qırmızı fonda ağ səkkiz guşəli ulduzun təsviri verilmişdi. Daha sonra 1918-ci il noyabrın 9-da Azərbaycanın milli bayrağını mavi, qırmızı və yaşıl rəngli ağ aypara və səkkiz guşəli ulduzun təsviri olan bayraq kimi qəbul edilib. 1918-ci il iyunun 27-də Türk dili dövlət dili kimi qəbul edilib. Dövlət gerbi haqqında ilk dəfə 1919-cu ilin martın 23-də müsabiqə elan edilmişdi. 1920-ci il yanvarın 30-da dövlət bayrağı istisna olmaqla, digər rəmzlər üzrə daha əhatəli müsabiqə keçirmək qərara alındı. Dövlət gerbinin layihəsi də sifariş verildi. Lakin 1920-ci ilin 27 aprelindən – Azərbaycan bolşeviklər tərəfindən işğal edildikdən sonra müsabiqənin keçirilməsi mümkün olmadı və sovet Azərbaycanı öz gerbini qəbul etdi. Müəllifləri Ü.Hacıbəyli və Əhməd Cavad olan dövlət himnimiz Azərbaycan Milli Məclisinin 1992-ci il 27 may tarixli qərarı ilə qəbul edilib.
Dövlət hakimiyyəti üç qoldan ibarət idi: Azərbaycan parlamenti, Hökumət, məhkəmə hakimiyyəti. Dövlət parlamentin qəbul etdiyi qanun və qərarlar əsasında idarə olunurdu. Parlamentdə Azərbaycan ərazisində yaşayan bütün xalqlar, o cümlədən sayları çox az olan xalqlar da öz deputatları ilə təmsil olunmuşdular. İcra hakimiyyəti Hökumətə məxsus idi. Hökumət Parlament qarşısında cavabdeh idi. AXC Hökuməti 1918-ci il mayın 28-dən iyunun 16-dək Tiflisdə, iyunun 16-dan sentyabrın 17-dək Gəncədə, sentyabrın 17-dən 1920-ci il aprelin 28-dək Bakıda fəaliyyət göstərmişdi.
Akademik Yaqub Mahmudov yazır ki, AXC mövcud olduğu qısa tarixi dövr ərzində, son dərəcə mürəkkəb və ziddiyyətli tarixi şəraitdə olduqca fəal xarici siyasət yeritdi. Azərbaycan dövləti 1920 il yanvarın 11-də Paris sülh konfransında Azərbaycan haqqında xüsusi qərar qəbul edilməsinə nail oldu. Həmin qərara əsasən, konfrans iştirakçısı olan ölkələr Azərbaycanı müstəqil dövlət kimi de-fakto tanıdılar. Azərbaycan Xalq Cümhuriyyəti Türkiyə, İran, Ukrayna, Böyük Britaniya, ABŞ, Fransa, İtaliya, Belçika, Hollandiya, Yunanıstan, Polşa, İsveçrə, İsveç, Danimarka, Latviya, Litva, Estoniya, Finlandiya, Rumıniya, Almaniya, Gürcüstan, Ermənistan, Dağlılar Respublikası, Krım və başqa ölkələrlə səfirlik və nümayəndəliklər səviyyəsində diplomatik münasibətlər yaratdı, ikitərəfli və çoxtərəfli müqavilələr, sazişlər imzaladı.
Yeni yaradılmış Azərbaycan dövlətinin ilk addımlarından biri 1918-ci il iyunun 4-də Batumda Osmanlı dövləti ilə sülh və dostluq müqaviləsinin imzalanması oldu. İyun ayının 16-da Azərbaycan hökuməti Tiflisdən Gəncəyə köçdü. O zaman Bakıda Moskvanın iradəsi ilə yaradılmış Bakı Xalq Komissarları Soveti (BXKS) - Bakı Kommunası hökmranlıq edirdi. Onun əsas özəyini daşnakpərəst bolşeviklər təşkil edirdi. Bakı Kommunasının süqutundan sonra Bakıda ağalıq menşevik və eserlərin Mərkəzi Xəzər diktaturasının əlinə keçmişdi.
1918-ci il sentyabrın 15-də Bakı Türkiyə və Xalq Cümhuriyyəti qoşunları tərəfindən azad edildi. Sentyabrın 17-də Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyətinin Bakı dövrü başladı. Xalq Cümhuriyyəti bütün Azərbaycan ərazisində bərqərar oldu. Azərbaycan Xalq Cümhuriyyətinin ali orqanı Milli Şura idi. Milli Şura 1918-ci il noyabrın 19-da “Azərbaycan Cümhuriyyətinin parlamentinin” yaradılması haqqında qanun qəbul etdi.
1918-ci ilin dekabrın 7-də Azərbaycan parlamentinin ilk iclası keçirildi. Parlamentin sədrliyinə isə Əlimərdan bəy Topçubaşov seçildi. Parlamentdə qərarlar səsvermə yolu ilə qəbul olunurdu və bütün sənədlər Azərbaycan dilində tərtib edilirdi. Parlamentin səlahiyyətinə qanunvericilik fəaliyyəti ilə yanaşı, Azərbaycanın müstəqilliyini möhkəmləndirmək, Azərbaycanın tanınmasına nail olmaq kimi məsələlər daxil idi. Qanunverici orqan 1919-cu ilin iyulun 21-də “Azərbaycan Respublikasının Müəssisələr Məclisinə seçkilər haqqında Əsasnamə”ni təsdiq etdi. Bərabərhüquqlu bu seçkilərdə Şərqdə ilk dəfə qadınlara kişilərlə bərabər seçki hüququ verildi.
Parlamentdə 11 komissiya - Maliyyə-büdcə komissiyası, Qanunvericilik təklifləri komissiyası, Müəssisələr Məclisinə seçkilər keçirmək üçün mərkəzi komissiya, Mandat komissiyası, Hərbi komissiya, Aqrar məsələlər komissiyası, Sorğular üzrə komissiya, Təsərrüfat-sərancamverici məsələlər üzrə komissiya, Ölkənin istehsal qüvvələrindən istifadə üzərində nəzarət komissiyası, Nəşriyyat-redaksiya komissiyası və Fəhlə məsələləri üzrə komissiyalar fəaliyyət göstərirdi.
Azərbaycan Parlamentində Müsavat ən böyük partiya kimi təmsil olunurdu. Parlamentdə təmsil olunan siyasi partiyalar dövlətin möhkəmləndirilməsinə yönəlmiş qanun layihələri və islahat proqramları ilə qanunvericilik hakimiyyətinin fəaliyyətinə istiqamətləndirilirdilər. Onlar qüvvətli ordu yaradılması, torpaqların kəndlilər arasında pulsuz bölüşdürülməsini, 8 satlıq iş günü, söz, mətbuat, ittifaq və digər demokratik azadlıqların bərqərar edilməsinə çağırırdılar.
Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dövründə beş hökumət yaradılmışdır. İcraedici hakimiyyət olan Nazirlər Şurası hökumətin fəaliyyətini istiqamətləndirirdi. Nazirlər Şurasının fəaliyyəti dövründə müxtəlif məsələlər üzrə 636 qərar və sərəncam vermişdi.
İlk müvəqqəti hökumətə başçılıq edən F.Xoyski ikinci və üçüncü hökuməti də təşkil etmişdi. 1919-cu ilin martında səhhətinə görə istefa verən F.Xoyskinin əvəzinə, aprelin 14-də Nəsib bəy Yusifbəyli dördüncü hökumət kabinetini yaratmışdı. 1919-cu ilin sentyabrında Bakı Dövlət Universiteti təsis edildi. Təhsil sistemi milliləşdirildi. Dövlətin ərazi bütövlüyü təmin edildi.

Uğur