Qaradağ rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər Layihə

Qaradağ rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər

Qaradağ rayonu inzibati ərazi vahidi kimi Puta-Şubanı mədəninin kəşfi ilə əlaqədar yaradılıb. 1923-cu ilin mayın 7-də Puta qəsəbəsindəki klubda ilk partiya konfransı kecirilib və rayonun əsası qoyulub. Rayon 1956-cı ilədək Molotov rayonu, 1956-63-cu illərdə Qaradağ rayonu, 1963-66-cı illərdə Əzizbəyov rayonu, 1966-cı ildən isə yenidən Qaradağ rayonu adlandırılıb. Bu həm də Zaqafqaziyada ilk dəmiryol stansiyalarından olan Qaradağ stansiyasının adı ilə bağlıdır. Qaradağ rayonunun inzibati ərazi vahidliyinə 11 qəsəbə daxildir. Mərkəzi şəhər tipli Lökbatan qəsəbəsidir. Lökbatan adının tarixi hazırki Xocəsən və Sənqəcal qəsəbələri arasında olan karvan yolu ilə bağlıdır. Vaxtı ilə qəsəbənin ərazisi dəvə karvanlarının dayanacaqları olub və dəvələr bataqlıqlara batdıqlarından ərazi Lökbatan (dəvə batan) adlandırılıb. Qəsəbənin əsası 1931-1934-ci illərdə ərazidə 45 saylı neft quyusunun fontanı (18 may 1933-cu il) ilə əlaqədar qoyulub. Qəsəbə inzibati ərazi vahidliyi kimi 1935-ci ildə təşkil olunub. Rayonun ikinci böyuk şəhər tipli qəsəbəsi Sahil qəsəbəsidir.
Yaxın keçmişdə Bakının mərkəzinə gəlib-gedən yolların bərbadlığı, ictimai nəqliyyatın pis işləməsi Qaradağ rayonunu paytaxtın ucqar, uzaq bir ərazisi kimi tanıdırdı. Burada yerləşən sənaye müəssisələrinin ekologiyanı çirkləndirdiyindən bu sahədə də Qaradağ başı uca rayonlardan deyildi.
Bu gün isə şəhər mərkəzinə gələn magistral yolların yenidən qurulması, yeni yol qovşaqlarının yaradılması, daxili yolların abadlaşdırılması, eləcə də sənaye müəssisələrinin yenidən qurulması Qaradağın həm də Xəzərsahili istirahət və turizm zonası kimi əhəmiyyətini önə çəkib. İndi Qaradağ rayonu abadlıq və ümumi görünüş baxımından paytaxt standartlarına yaxınlaşdığı kimi, yollardakı sürət və rahatlıq da diqqət çəkir.
Rayonda 30 təhsil müəssisəsi, 22 uşaq bağçası və körpələr evi, 7 səhiyyə müəssisəsi, 90-dan artıq sənaye müəssisəsi, 8 mədəniyyət evi, 1 muzey, 10 kitabxana, 10 mədəniyyət və istirahəı parkı, 1 dövlət qoruğu, 15 mədəniyyət və tarixi abidə var.
Qaradağ Rayon İcra Hakimiyyətinin 2014-cü ilin ilk 9 ayın sosial-iqtisadi inkişafının yekunları üzrə hesabatında deyilir ki, "rayon üzrə sənaye məhsulunun ümumi həcmi 447 milyon manat, nəqliyyat sektorunda xidmətlərin həcmi 8,7 milyon manat olub. Sosial-iqtisadi sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına 403,7 milyon manat investisiyadan istifadə edilib. İqtisadiyyatın aparıcı sahəsini təşkil edən neft və qaz sənayesi müəssisələrində 430 min ton xam neft və 653,3 milyon kubmetr təbii qaz hasil olunub. Pərakəndə əmtəə dövriyyəsi 1,4 milyard manat, əhaliyə göstərilən pullu xidmətlər isə 84,7 milyon manat təşkil edib. Ötən dövr ərzində rayonda orta aylıq əməkhaqqı 765 manat olub.
Hesabat dövründə əhalinin məşğulluğunun artırılması və ehtiyacı olan işsiz vətəndaşların ixtisasına uyğun işlə təmin edilməsi istiqamətlərində rayon İcra Hakimiyyəti tərəfindən bir sıra məqsədyönlü işlər görülüb. Əhalinin və sosial obyektlərin enerji daşıyıcıları və kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması istiqamətində xeyli işlər görülüb. Həmçinin geniş abadlıq, quruculuq işləri həyata keçirilib".
2014-cü ilin birinci rübünə aid hesabatda göstərilir ki, rayon üzrə 1 milyon ton sement istehsal edilib: "Hesabat dövründə rabitə xidmətlərinin həcmi 1,1 milyon manat təşkil etmişdir. Pərakəndə əmtəə dövriyyəsi 1,2 milyard manat, əhaliyə göstərilən pullu xidmətlər isə 46,3 milyon manat olmuşdur.
Ələt qəsəbəsində Beynəlxalq Dəniz Limanının inşası uğurla davam etdirilmişdir. Puta qəsəbəsində Metanol zavodunun tikintisi də başa çatmışdır. Zavod nəinki respublikamızda, eləcə də Cənubi Qafqazda ən nəhəng özəl müəssisələrdən biri sayılır.
Rayonun Səngəçal qəsəbəsi ərazisində Neft-Qaz Emalı və Neft-Kimya Kompleksinin salınması üçün 3850 hektar yer ayrılmışdır. Bu kompleksdə təqribən 2000 nəfər işlə təmin olunacaqdır. Bu ərazidə yeni yaşayış massivləri salınacaq, parklar, otellər, idman meydançaları, mədəni istirahət yerləri və digər yeni sosial obyektlər inşa ediləcək, əhalinin yaşayışı üçün yüksək səviyyəli müasir standartlara uyğun şərait yaradılacaq. Əhalinin və sosial obyektlərin enerji daşıyıcıları və kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması istiqamətlərində xeyli işlər görülmüşdür.
Belə ki, ötən altı ayda rayonun elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması üçün 4 ədəd yeni kompleks transformator məntəqəsi quraşdırılmış, 104 ədəd transformator məntəqəsində profilaktik təmir işləri aparılmış, 57,4 min metr müxtəlif kabel və hava xətləri çəkilmişdir. Mövcud qaz təchizatının yaxşılaşdırılması, qaz təsərrüfatının təhlükəsiz istismarının təmin etmək məqsədi ilə müxtəlif diametrli 16,4 min p/metr mövcud qaz xətti yenisi ilə əvəz edilmişdir.
Ötən qış mövsümündə rayon üzrə 10 saylı istilik sahəsi tərəfindən 95 bina, 10 orta məktəb, 4 uşaq bağçası və 3 səhiyyə obyekti istiliklə təmin olunmuşdur.
Ötən dövr ərzində Qaradağ Su kanal İdarəsi tərəfindən 7 min 590 p/m müxtəlif diametrli su xətti dəyişdirilmişdir. "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na əsasən bu istiqamətdə işlər davam etdirilir.
Qaradağ rayonunun Qurd qapısı tərəfindən olan girəcəyi və Bakı-Astara (Qazax) magistral avtomobil yolunun Lökbatan, Puta, Sahil və Səngəçal qəsəbələrinin inzibati ərazisindən keçən hissəsində 3 hektar ərazinin abadlaşdırılması işləri başa çatdırılmışdır. Ümumilikdə ötən cari dövr ərzində rayon ərazisində 30,1 min kv.metr sahədə yaşıllıq işləri aparılmış, 10 mindən artıq ağac və bəzək kolları əkilmişdir.
Rayon ərazisində olan yollara və məhəllədaxili həyətlərə ötən yarım il ərzində 31 min kv.m. asfalt döşənmişdir. Eyni zamanda yararsız vəziyyətdə olan küçələrə 550-ə yaxın maşın və ya 10 min kub.metrə qədər çınqıl və daş qırıntıları tökülərək yayılmış, 6224 p/metr beton bardür qoyulmuş, 2200 p/m səki mişar daşı ilə hörülmüşdür. Bu işlərin davamı olaraq Qobustan qəsəbəsində yerüstü keçid inşa edilmişdir. Hazırda istifadəyə verilməsi üçün son tamamlama işləri aparılır.
Uzun illərdir dam örtükləri yararsız vəziyyətdə olan binalarda 25,7 min kv.m. dam örtüyü yenidən vurulmuşdur. Hazırda rayonun qəsəbələrində bu işlər davam etdirilir.

Qaradağ rayonunda ekoloji sabitliyin qorunması, ətrafda olan göllərin qurudulması müvafiq Dövlət Proqramı əsasında həyata keçirilməkdədir. Lökbatan qəsəbəsinin inzibati ərazisində yer ayrılmış və "Hidrolotos" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən təmizləyici gücü sutkada 200 min kub.metr olan qurğunun tikinti işləri davam etdirilməkdədir.
"2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na əsasən əhalinin təhlükəsizliyini təmin etmək məqsədi ilə Lökbatan, Korgöz, Qızıldaş, Ümid, Qobustan, Ələt qəsəbələrində və Korgöz qəsəbəsinin AZNS, Ümid qəsəbəsinin yeni yaşayış massivi və Sahil qəsəbəsinin Sement zavodu evləri ərazisində sel sularının qarşısının alınması məqsədi ilə kanalların çəkilməsi nəzərdə tutulmuşdur.
Bundan əlavə baş verə biləcək fövqəladə halların qarşısının alınması zamanı operativ tədbirlərin həyata keçirilməsi məqsədi ilə Səngəçal qəsəbəsində yanğına qarşı yeni su hovuzunun tikintisi, Lökbatan, Sahil və Qobustan qəsəbələrinin ərazisində mövcud olan yanğına qarşı su hovuzunun təmiri, Qaradağ Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölməsinin tikintisi də Tədbirlər Planına salınmışdır.
Artıq Sahil, Səngəçal və Müşfiqabad qəsəbəslərində Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölmələrinin açılışı olmuşdur. Çeyildağ və Ələt qəsəbələrində isə son tamamlama işləri aparılır. Qaradağ rayonu ərazisində ötən altı ay ərzində təhsil, səhiyyə, mədəniyyət sahələri üzrə də bir çox işlər görülmüşdür.
Belə ki, Dövlət Proqramına əsasən təhsil sahəsi üzrə "Aynur", "Sevinc", "Bülbül", "Nağıl" və 300 nömrəli körpələr-evi uşaq bağçalarında əsaslı təmir işləri başa çatmış və istifadəyə verilmişdir. 326 körpələr-evi bağçası üçün 120 yerlik və 7 nömrəli Bakı Peşə məktəbi üçün yeni binaların inşası, 274 nömrəli məktəb üçün 20 əlavə sinif otağından ibarət yeni korpusun tikintisi, B.Əliyev adına uşaq bağçasının əsaslı təmiri başa çatmış və istifadəyə hazır vəziyyətdədir. D.Bəkirov adına uşaq bağçasının avadanlıqlarla təchizat işləri aparılır. Hazırda 301 saylı və V.Əsədov adına körpələr evi-uşaq bağçalarının əsaslı təmiri davam etdirilir. Ümid qəsəbəsindəki 294 nömrəli məktəb üçün əlavə tədris korpusunun tikintisi davam etdirilir. Qobustan qəsəbəsindəki "Şəngülüm" körpələr evi-uşaq bağçasında əsaslı təmir işləri davam edir".
Rayonunun Ümid qəsəbəsində "Holcim" şirkətinin Korporativ Sosial Məsuliyyət proqramı əsasında inşa edilmiş Gənclərin İnkişafı Mərkəzi fəaliyyətə başlayıb. Mərkəz Ümid qəsəbəsindəki gənclərin təhsil səviyyəsinin artırılması üçün kitabxana, ingilis dili və kompyüter kursları, liderlik və təcrübə proqramları təşkil edilib. Yeri gəlmişkən, 2014-cü ilin birinci rübündə rayon İcra hakimiyyəti başçısı aparatına vətəndaşlardan 400 ədəd yazılı müraciət daxil olmuşdur. İcra hakimiyəti bildirir ki, bu, 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 129 müraciət azdır.

Ülviyyə Tahirqızı

"Qaradağ Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə keçirdiyi müsabiqəyə təqdim etmək üçün"