Erməni terrorizmi… Layihə

Erməni terrorizmi…

"Erməni terror təşkilatları tərəfindən törədilmiş qanlı aksiyalar xüsusi qəddarlıq və kəskinliyi ilə fərqlənir"

II yazı...

... Ramiz Sevdimalıyev deyir ki, erməni terror təşkilatları tərəfindən törədilmiş qanlı aksiyalar xüsusi qəddarlıq və kəskinliyilə fərqlənirdi və bir qayda olaraq bütöv yaşayış məskənlərinin, mədəni və dini abidələrin məhv edilməsi, uşaqlar və qadınlar da daxil olmaqla mülki əhalinin kütləvi qətllərilə müşayiət olunurdu.
Formalaşdığı andan etibarən erməni terrorizminə aşağıda göstərdiyimiz bir sıra xüsusiyyətlər məxsusdur: "Birinci, hesab edilir ki, beynəlxalq terrorizmin yaranması və terror qruplaşmalarının mütəşəkkil xarakter alması XX əsrin qüsurlarından və faciəli səhifələrindən biridir. Lakin erməni terrorizmi beynəlxalq terrorizm kimi XIX əsrdə meydana gəlmişdi və yarandığı andan artıq mütəşəkkil, sistematik, planlı xarakterə malik idi. 1885-ci ildə birinci erməni siyasi partiyası "Armenakan" yaradılmışdı. Partiyanın üzvləri Osmanlı dövlətindən və Avropa ölkələri ilə yanaşı, Rusiya və İran ərazilərində də fəaliyyət göstərirdilər. Onun rəhbəri Marselə (Fransa) mühacirət etmiş M.Portakalyan olub və orada silah alınması üçün pul toplanması ilə məşğul olan "erməni vətənpərvərlik cəmiyyətini" təşkil edib. Alınmış müasir silahlar Vanda və onun ətraflarında yaşayan ermənilər üçün nəzərdə tutulurdu. Orada onlara diversiya-terror müharibəsinin aparılması sənətini öyrədirdilər və "dost dövlətlərin göstərdiyi dəstəyə arxalanaraq ümumi üsyana" hazırlayırdılar.
1886-cı ildə Cenevrədə Nazarbekyan tərəfindən yaradılmış "Qnçak" ("Zəng") partiyası Osmanlı dövlətinə qarşı mübarizənin əsas metodunun terror olduğunu bəyan etmişdi. Bu partiyanın proqramının 4-cü bəndində göstərilirdi: "Nəzərdə tutulmuş hədəflərə nail olmaq üçün, inqilabçı hökumət aşağıdakı metodlara müraciət etməlidir: təbliğat, təşviqat, terror, təxribatçı təşkilatların yaradılması, fəhlə-kəndli hərəkatının inkişafı… Təşviqat və terror insanların daha güclü və cəsarətli yetişməsinə xidmət etməlidir və s.".
Onun fikrincə, başqa siyasi təşkilat - Erməni İnqilabi Federasiyası Daşnaksütyun (EİFD) 1890-cı ildə Tiflisdə yaradılmışdı: "Daşnaksütyun"un mərkəzi çap orqanı "Droşak" ("Bayraq") qəzeti 1891-ci ildən 1930-cu ilə qədər Cenevrədə çap edilib. Digər erməni siyasi partiyaları kimi "Daşnaksütyun"da öz fəaliyyətinin başlanğıcından, bu təşkilatın ideoloqlarının "Böyük Ermənistan" adlandırdığı "dənizdən dənizə kimi vahid, müstəqil Ermənistan " yaradılması üçün türk dövlət, siyasi və ictimai xadimlərinə qarşı mübarizənin əsas forması olaraq terroru qəbul edirdilər. "Daşnaksütyun" qısa müddət ərzində Cənubi Qafqaz şəhərlərində, İranda, Türkiyədə və Avropa ölkələrində çoxsaylı özəklərini yaratdı. İranda və başqa ölkələrdə bir çox dövlətlərin ərazisində çoxsaylı terror aksiyalarını yerinə yetirmiş döyüşçülərin bazaları yaradılmışdı. EİF "Daşnaksutyun" öz fəaliyyətində insanları silahlandırmaq üçün istənilən vasitələrə əl atır, toqquşmalar təşkil edir, hökumət məmurlarını və informatorları qorxudur, dövlət idarələrini qarət edir və dağıdırdı və s. "Daşnaksütyun" liderlərindən biri, sovet Rusiyasına birləşənə qədər bir müddət erməni dövlətinin baş naziri olmuş Saymon Vratzyan yazırdı ki, EİF "Daşnaksütyun"1891-ci il proqramına əsasən, "inqilabçı yolla məqsədlərinə nail olmaq üçün silahlı dəstələr təşkil edir, onlar isə, hökumətə [Osmanlı] qarşı fasiləsiz mübarizə aparırdılar". Erməni müəllifi A.Ter-Minasyan iddia edirdi ki, " XX əsrdə erməni fədailərinin hərəkatı İrandan Əlcəzairə qədər müsəlman dünyasında azadlıq mübarizəsinin xəbərçisi oldu".
"Daşnaksütyun" yarandığı andan əsas fəaliyyət üsulu kimi terror metodlarını seçib. "Daşnaksütyun"un tarixçilərindən biri Mikayıl Varandyanın K.S.Papazyana istinad edərək yazdığı kimi, " Rusiya xalqçıları və italyankarbonariləri daxil olmaqla bəlkə heç vaxt "Daşnaksütyun" kimi terror aktlarının həyata keçirilməsi sahəsində belə zəngin təcrübəyə malik inqilabçı partiya olmayıb, hansı ki, çətin şəraitdə ən amansız terrorçular, həmçinin qisas almaq üçün tapança, bomba və xəncərdən istifadə edən yüzlərlə peşəkar hazırlayıb ". Başqa erməni müəllifi Sarkis Atamyan iddia edirdi ki, "Daşnaksütyun" üçün "terrorizm populist və daşnakların gizli təşkilatının, Qərb anlayışında müharibəylə müqayisə edilə bilən cəsarət aktı oldu ".
Göründüyü kimi, bütün erməni siyasi partiyaları müxtəlif ölkələrdə yaradılırdı, bütün bu partiyalar terroru məqsədlərinə nail olmaq üçün effektiv metod hesab edirdi. Bu partiyaların fəaliyyətinin maliyyələşdirilməsi, daha əvvəl qeyd edildiyi kimi, bir qayda olaraq, təhdidlər və qorxutma ("könüllü ianə") yolu ilə pul yığılması hesabına həyata keçirilirdi. Bu terror təşkilatlarının döyüş dəstələri və fəalları üçün silah, faktiki olaraq, dünyanın bir çox ölkələrində "könüllü ianə"lərin pulu ilə alınırdı. "Erməni ərazilərinin" zorakı genişlənməsini dəstəkləyən terror təşkilatlarının əlində itaətkar alət olan ermənilərin düşüncələri üzərində bütün bu təşkilatlar daha böyük hakimiyyət əldə etmək uğrunda öz aralarında gizli mübarizə aparırdılar".
O, hesab edir ki, Osmanlı dövlətinin ərazisində terror aktları başqa dövlətlərin, xüsusilə çar Rusiyası və İran vətəndaşları tərəfindən də törədilirdi, başqa sözlə desək, ermənilərin cinayətkar aksiyaları transsərhəd xarakteri daşıyırdı: "Belə ki, Gülüstan və Türkmənçay müqavilələrinə əsasən Qarabağ, Naxçıvan və Cənubi Qafqazın başqa regionlarına köçürülmüş ermənilər XIX əsrin sonuncu dekadasında Osmanlı dövlətinin ərazisində dövlət obyektləri və yaşayış məntəqələrinə silahlı hücumlar etmək məqsədilə dəfələrlə sərhəddi keçmək cəhdlərinə təşəbbüs edirlər. Osmanlı dövlətinin Tiflisdəki baş konsulluğunun məlumatlarına, həmçinin 1891, 1894 və 1897-ci illərdə Daxili İşlər və Ədliyyə Nazirliklərinin yazışmalarına görə, onlar İrandan gəlmiş ermənilərlə Qars ətrafında birləşməyi və Van, Bəyazid və Muşa hücumlar həyata keçirməyi planlaşdırırdılar. Həmçinin qeyd edilməlidir ki, ermənilərin bu cinayətkar aksiyaları Eçmiədzin katolikosu tərəfindən xeyir-dua alırdı".
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun direktoru, hüquq üzrə fəlsəfə doktoru, millət vəkili Aytən Mustafayeva hesab edir ki, tarixən, qonşu dövlətlərə qarşı məkrli ərazi iddialarını gerçəkləşdirmək, "Böyük Ermənistan" yaratmaq xülyası ilə yaşayan erməni millətçiləri bütövlükdə bəşəriyyətə və insanlığa qarşı yönəlmiş soyqırımı, terror siyasəti həyata keçirib, dəhşətli cinayətlərə əl atıblar. Faktlar göstərir ki, bədnam qonşularımız bu qeyri-hüquqi iddialarını reallaşdırmaq naminə təcavüzkarlıq siyasətini "milli mübarizə" yoluna çevirərək dövlət səviyyəsində dəstəkləyib, bu zaman müəyyən xarici qüvvələrin maraqlarının ifadəçisinə çevriliblər.
Bəzi aparıcı dövlətlər isə Cənubi Qafqaz və Qərbi Asiyada möhkəmlənmək üçün tarixən "erməni məsələsi"ndən öz mənafelərinə uyğun şəkildə istifadə etməyə çalışıblar. Bu məqsədlə mərhələlərlə həyata keçirilən terror və soyqırımı siyasətinin qanlı fəsadları təkcə böyük türk dünyasının deyil, bütün bəşəriyyətin başı üstünü qara kabus kimi bürüməklə, əsrlər boyu bu vandalizmin qurbanı olub Azərbaycan xalqının qan yaddaşında dərin izlər buraxıb: "XIX əsrin 2-ci yarısından ermənilərin azərbaycanlılara qarşı soyqırımı təşkilatlanıb və planlı siyasət kimi aparılıb, Azərbaycan, Türkiyə və Gürcüstan ərazisində "Böyük Ermənistan" dövləti qurmaq xülyasına düşmüş ermənilər "Qnçaq" (1887-ci ildə Cenevrədə qurulub), "Daşnaksütyun" (1890, Tiflis), "Erməni Vətənpərvərləri İttifaqı", (1895, Nyu-York) kimi siyasi-terror təşkilatlarını bu istiqamətə yönəltmişdilər. Sözügedən təşkilatların fəaliyyət proqramında azərbaycanlılara qarşı ardıcıl terror və qırğın aksiyaları həyata keçirmək məramı əsas yer tuturdu.
Rus tarixçisi Nikolay Şavrov "Zaqafqaziyada Rusiya işlərinə yeni təhlükə" adlı kitabında qeyd edirdi ki, 1864-cü ildə Qafqaz idarələrində çoxluq təşkil edən erməni və gürcülərdə millətçilik fəaliyyəti oyandı. Erməni və gürcü çarlıqlarını yenidən dirçəltmək ideyası Londonda ustalıqla onların rəhbər şəxslərinin beyninə yeridildi. Bu, əslində, tarixi torpaqlara malik olmayan ermənilərin Zaqafqaziyada mümkün qədər çox ərazi ilhaqına həvəsləndirilməsi idi. Sonralar isə "Dənizdən dənizə Ermənistan" yaratmaq ideyası "Daşnaksütyun" partiyasının başlıca siyasətinə çevrildi. Erməni burjua-millətçi partiyası kimi, 1890-cı ildə Tiflisdə yaradılan "Daşnaksütyun" Türkiyə ermənilərinin azad edilməsi, Rusiya və Türkiyə ermənilərinin "vahid, ümumi vətəni" - "Böyük Ermənistan" yaradılması kimi avantürist ideya irəli sürərək, təbliğatını da bu istiqamətdə qurub.
Görkəmli tarixçilər İ.Dyakonov, B.Piotrovski və başqaları zorla qədim tarix yaratmaq istəyən saxtakar erməni alimlərini dəfələrlə ifşa ediblər. Lakin Z.Balayan, S.Xanzadyan, S.Ayvazyan və başqaları Azərbaycanı, İranın bir hissəsini, Türkiyənin xeyli hissəsini, Gürcüstanın bir hissəsini (Tiflislə birlikdə), Quzey Qafqazı, Rostovu və Voronejə qədər əraziləri "öz tarixi torpaqları" kimi qələmə verirlər...".

Ardı var...

Əli