Ermənistanın işğalçılıq siyasəti Layihə

Ermənistanın işğalçılıq siyasəti

Beynəlxalq təşkilatların sənədlərində işğalçıdan Azərbaycan torpaqlarından dərhal çıxması tələb edilir
I yazı
Azərbaycan müxtəlif dövrlərdə Ermənistan tərəfindən işğal və qətliamlara məruz qalıb. Bu işğal zaman-zaman reallaşdırılıb və bu gün də davam edir. 20 ildən artıqdır ki, Azərbaycanın Dağlıq Qarabağ regionu və yeddi ətraf rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanılır. Bu işğal nəticəsində bir milyondan artıq soydaşımız doğma torpaqlarından didərgin salınaraq qaçqın və məcburi köçkün həyatı yaşayır. Azərbaycanın uğurlu xarici siyasəti sayəsində Ermənistanın işğalçı dövlət olduğu artıq dünya ictimaiyyətinə də bəlli olub. Nüfuzlu beynəlxalq qurumlar işğalçı dövlətin qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən qətnamələr qəbul edib və bu işğala son qoymaq üçün çağırışlar ediblər. İlk qətnamələr 20 il əvvəl BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunsa da, bu vaxta qədər hələ də icra olunmamış qalır.
İndi artıq beynəlxalq təşkilatlara da bəllidir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bu vaxta qədər nizamlanmamasının əsas səbəbkarı Ermənistanın qeyri-konstruktiv münasibəti, işğalçı siyasətdən əl çəkməməsidir. Münaqişənin sülh yolu ilə həlli üçün Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasına nail olmaq lazımdır. ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən də aydın şəkildə dəstəklənən və BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrində təsbit olunmuş Azərbaycanın bu tələbinin yerinə yetirilməsi ilə regionda təhlükəsizlik, sərhəd və kommunikasiyaların açılması və etimad quruculuğu tədbirləri üzrə məsələlərin razılaşdırılması üçün geniş imkanlar yaranar.
Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizliyi, xüsusilə də BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə saymazlıq göstərməsi güclü erməni lobbisi olan ölkələrdə də ciddi tənqid atəşinə tutulur. Məsələn, Braziliyanın aparıcı qəzeti sayılan "Folha S.Paulo" da dərc olunan bir məqalədə erməni qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə dörd qətnamə qəbul etdiyi bildirilir və indiyədək bu qətnamələrin Ermənistan tərəfindən icra olunmadığı nəzərə çatdırılır. Beynəlxalq qurumların Dağlıq Qarabağla bağlı qəbul etdiyi sənədləri təqdim edirik.

Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası, qətnamə 822 (1993) 30 aprel 1993

30 Aprel 1993-cü il Təhlükəsizlik Şurası, Dağlıq Qarabağ münaqişəsinə dair Təhlükəsizlik Şurasının Sədri tərəfindən edilən 1993-cü il 29 yanvar 1 və 6 aprel 2 tarixli bəyanatlarına əsaslanaraq, Baş Katibin 14 aprel 1993-cü il 3 tarixli məruzəsini nəzərə alaraq, Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında münasibətlərin pisləşməsi ilə əlaqədar ciddi narahatçılığını ifadə edərək, Silahlı hərbi əməliyyatların genişlənməsini, xüsusilə, yerli erməni qüvvələrinin Azərbaycan Respublikasının Kəlbəcər rayonuna sonuncu hücumunu həyəcanla qeyd edərək, belə vəziyyətin regionda sülh və təhlükəsizliyə təhlükə yaratması ilə əlaqədar narahat olaraq, Böyük sayda mülki şəxslərin yerlərinin dəyişməsi və regionda, xüsusilə Kəlbəcər rayonunda, fövqəladə humanitar vəziyyətlə bağlı ciddi narahatçılığını ifadə edərək, Regionda bütün dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət edilməsini bir daha təsdiq edərək, Həmçinin, beynəlxalq sərhədlərin pozulmazlığını və ərazi əldə etmək məqsədilə gücdən istifadənin yolverilməzliyini bir daha təsdiq edərək, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi çərçivəsində həyata keçirilən sülh prosesini dəstəklədiyini bəyan edərək, silahlı hərbi əməliyyatların genişlənməsinin bu proses üçün dağıdıcı nəticə verə biləcəyindən dərindən narahat olaraq:
1. Möhkəm atəşkəsin əldə edilməsi məqsədilə bütün hərbi əməliyyatların və düşmənçilik aktlarının dərhal dayandırılmasını, həmçinin bütün işğalçı qüvvələrin Kəlbəcər rayonundan və Azərbaycanın digər bu yaxınlarda işğal olunmuş rayonlarından dərhal çıxarılmasını tələb edir;
2. Münaqişənin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin Minsk qrupunun sülh prosesi çərçivəsində həll edilməsi məqsədilə maraqlı tərəfləri danışıqları dərhal bərpa etməyə və problemin sülh yolu ilə həllini çətinləşdirən hər hansı hərəkətlərdən çəkinməyə çağırır;
3. Mülki əhalinin əzablarını yüngülləşdirmək üçün regionda, xüsusilə münaqişəyə məruz qalmış rayonlarda, humanitar yardımın göstərilməsi üzrə beynəlxalq fəaliyyətin maneəsiz həyata keçirilməsinə çağırır, bütün tərəflərin beynəlxalq humanitar hüququn prinsip və normalarına riayət etməyə borclu olduqlarını yenidən təsdiq edir;
4. Baş Katibdən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin Fəaliyyətdə olan Sədri, həmçinin Müşavirənin Minsk qrupunun Sədri ilə məsləhətləşmədə regionda, xüsusilə Azərbaycanın Kəlbəcər rayonunda vəziyyətin qiymətləndirilməsini aparmağı və Şuraya növbəti məruzəni təqdim etməyi xahiş edir;
5. Məsələ ilə fəal şəkildə məşğul olmağı davam etdirməyi qərara alır.
Qərar 3205 saylı iclasda yekdilliklə qəbul edilib.

Qətnamə 853 (1993) - 29 iyul 1993

29 iyul 1993-cü il Təhlükəsizlik Şurası, 30 aprel 1993-cü il tarixli 822 (1993) saylı qətnaməsini təsdiq edərək, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (ATƏM) Minsk qrupunun Sədrinin 27 iyul 1993-cü il1 tarixində dərc olunmuş məruzəsini nəzərdən keçirərək, Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında münasibətlərin pisləşməsi və onlar arasındakı gərginliklə əlaqədar ciddi narahatçılığını ifadə edərək, Maraqlı tərəflərin 822 (1993) saylı qətnamənin həyata keçirilməsi üzrə təxirəsalınmaz tədbirlər planını qəbul etməsini alqışlayaraq, Hərbi əməliyyatların genişlənməsini, xüsusilə Azərbaycan Respublikasının Ağdam rayonunun işğal edilməsini həyəcanla qeyd edərək, Belə vəziyyətin regionda sülh və təhlükəsizliyə təhlükə yaratmasının davam etməsi ilə əlaqədar narahat olaraq, Azərbaycan Respublikasında böyük sayda mülki şəxslərin yerlərinin dəyişməsi və regionda fövqəladə humanitar vəziyyətlə əlaqədar yenidən ciddi narahatçılığını ifadə edərək, Azərbaycan Respublikasının və regionda bütün digər dövlətlərinin suverenliyi və ərazi bütövlüyünü bir daha təsdiq edərək, Həmçinin, beynəlxalq sərhədlərin pozulmazlığını və ərazi əldə etmək məqsədilə gücdən istifadənin yolverilməzliyini bir daha təsdiq edərək:
1. Ağdam rayonunun və Azərbaycan Respublikasının digər bu yaxınlarda işğal olunmuş rayonlarının işğalını pisləyir;
2. Bundan başqa regionda bütün düşmənçilik hərəkətlərini, xüsusilə mülki şəxslərə hücumları və məskunlaşmış rayonların bombardman edilməsini pisləyir;
3. Bütün hərbi əməliyyatların dərhal dayandırılmasını, münaqişədə iştirak edən işğalçı qüvvələrin Ağdam rayonundan və Azərbaycan Respublikasının digər bu yaxınlarda işğal edilmiş rayonlarından dərhal, tam və qeyd-şərtsız çıxarılmasını tələb edir;
4. Maraqlı tərəfləri atəşkəsə dair möhkəm razılaşmalar əldə etməyə və onlara riayət etməyə çağırır;
5. Yuxarıdakı 3 və 4-cü maddələr kontekstində regionda iqtisadi, nəqliyyat və enerji əlaqələrinin bərpa edilməsinə dair özünün əvvəlki çağırışlarını yenidən təsdiq edir;
6. 822 saylı (1993) qətnamənin həyata keçirilməsi səyləri də daxil olmaqla, ATƏM-in Minsk qrupunun münaqişənin sülh yolu ilə həllinə nail olmaq üzrə davam edən səylərini bəyənir, hərbi əməliyyatların genişlənməsinin bu cəhdlər üçün doğurmuş dağıdıcı nəticələri ilə bağlı ciddi narahatçılığını ifadə edir;
7. Yerləşdirilməsi cədvəli ilə ATƏM-in müşahidə missiyasının hazırlanmasını, həmçinin Müşavirənin regionda iştirakının təmin edilməsi təklifinin Müşavirə çərçivəsində nəzərdən keçirilməsini alqışlayır;
8. Maraqlı tərəfləri münaqişənin sülh yolu ilə həllinə mane olan hər cür hərəkətlərdən çəkinməyə və ATƏM-in Minsk qrupu çərçivəsində, həmçinin birbaşa əlaqələr vasitəsilə məsələnin qəti həllinin əldə edilməsi məqsədilə onlar arasında danışıqları davam etdirməyə təkidlə çağırır;
9. Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunun ermənilər tərəfindən 822 saylı (1993) qətnamənin və hazırkı qətnamənin müddəalarına riayət edilməsi və bu tərəfin ATƏM-in Minsk qrupunun təkliflərini qəbul etməsi məqsədilə Ermənistan Respublikasının hökumətini öz təsirini göstərməkdə davam etməyi təkidlə çağırır;
10. Dövlətləri münaqişənin intensivləşməsinə və ya ərazi işğalının davam etdirilməsinə apara biləcək hər hansı silahın və hərbi sursatın təchiz edilməsindən çəkinməyə təkidlə çağırır;
11. Mülki əhalinin artan əzablarını yüngülləşdirmək məqsədilə, regionda, xüsusilə münaqişəyə məruz qalmış bütün rayonlarda, humanitar yardımın göstərilməsi üzrə beynəlxalq fəaliyyətin maneəsiz təmin edilməsinə bir də çağırır, bütün tərəflərin beynəlxalq humanitar hüququn prinsip və normalarına riayət etməyə borclu olduqlarını bir daha təsdiq edir;
2. Baş Katibdən və müvafiq beynəlxalq qurumlardan zərər çəkmiş mülki əhaliyə təcili humanitar yardım göstərməyi və qaçqın düşmüş şəxslərin öz evlərinə qayıtmalarına kömək göstərməyi xahiş edir;
13. Baş Katibdən ATƏM-in Fəaliyyətdə olan Sədri, həmçinin Minsk qrupunun Sədri ilə məsləhətləşmədə vəziyyət barədə Şuraya məruzələr təqdim etməsinin davam etdirilməsini xahiş edir;
14. Məsələ ilə fəal şəkildə məşğul olmağı davam etdirməyi qərara alır.
3259 saylı iclasda yekdilliklə qəbul edilib.

Cavid