Kərkinin ermənilər tərəfindən işğalının görünməyən tərəfləri Layihə

Kərkinin ermənilər tərəfindən işğalının görünməyən tərəfləri

Bu kənd də xəyanət nəticəsində düşmənin əlinə keçdi

Azərbaycan tarixinin öyrənilməmiş səhifələrindən biri də Şərur rayonunun Kərki kəndinin işğalıdır. Kərki kəndi Sədərəkdən 10 km aralı Azərbaycanın 1990- cı il yanvarın 20-sinə qədər Ermənistan tərəfdə anklav ərazisi idi. 1988-ci ilin fevralından erməni ekstrimistlərinin təxribatları başlanandan ilk hədəflərindən biri də məhz Kərki kəndi olub. Hadisələri xronoloji ardıcılıqla izlədikdə məlum olur ki, Kərki Moskvanın tapşırıqlarını canla, başla yerinə yetirən o zamankı respublika rəhbərliynin acizliynin qurbanı olub. Bəs 25 il əvvəl Kərkinin işğalına qədər hadisələr hansı istiqamətdə getmişdi?
Tarixçi Məhərrəm Zülfüqarlının araşdırmasına görə, ermənilərin təxribatlarına baxmayaraq 1989-cu ilin martın 17- də Novruz bayramı münasibətilə Kərkililərin bayramını təbrik etmək üçün Sədərək kəndinin nümayəndə heyəti bayram xonçaları ilə Ermənistan SSR-in Arazdəyən kəndindən (indiki Erasx) keçməklə oraya getmişlər. Kərki kənd orta məktəbində təşkil olunmuş təntənəli bayram şənliyində Sədərəkdən gəlmiş musiqiçilər, Bahar qızı, Kosa və Keçəl kənd əhalisinə böyük sevinc bəxş ediblər. Nümayəndə heyəti geri qayıdarkən silahlı erməni quldurları KAMAZ və ZİL markalı maşınlarla Sədərək sərhəddinə qədər onları təqib edərək atəşə tutmuş, lakin xoşbəxtlikdən xəsarət alan olmamışdı.
1989-cu ilin yayında ermənilərin ara verməyən atəşlərinə baxmayaraq Sədərək və Kərki əhalisi ruhdan düşmür, hətta toy şənliklərini də keçirirdilər. 1989-cu ilin avqust ayında Kərkini müdafiə etmək üçün Sədərəkdən oraya göndərilmiş milis işçiləri silahı posta təhvil verərək növbədən geri qayıdarkən Cəhənnəm dərəsinin boğazı Əncirlikdə, Həsənqulu bağını zəbt edərək bostan əkmiş ermənilər tərəfindən mühasirəyə alınmışlar. Bir az keçməmiş İliç rayon (indiki Şərur) partiya komitəsinin birinci katibi Məmməd Abbasov Azərbaycan SSR daxili işlər naziri Aydın Məmmədovla birlikdə hadisə yerinə gəlirlər. Bu zaman yerli əhali vəziyyətin ağırlığını nəzərə alaraq onlardan toplanmış silahların qaytarılmasını nazirdən xahiş etmişlər. Bundan dərhal sonra nazirin əmri ilə Sədərəklilərdən yığılmış ov tüfənglərini geri qaytarmış, əlavə olaraq Sədərək milisinə bir neçə avtomat da verilmişdi. Gərgin döyüşlərdən sonra milis rəisinin müavini Novruz Quliyevin rəhbərlik etdiyi milis işçiləri, yerli əhali ilə birlikdə ermənilərin mühasirəsini yararaq mühasirədə olan milis işçilərini azad etmişlər.
Kərki kəndinin müdafiəsini zəiflətmək və əhalinin ərzaqla təmin edilməsinə imkan verməmək üçün erməni quldurları Kərkiyə Arazdəyəndən gedən yolu tez – tez bağlayırdılar. Buna görə İliç (Şərur) rayon XDS İcraiyyə Komitəsinin sədri Vəli Əsgərovun təşəbbüsü ilə Kərki kəndindən Şurut bulağından, Tejgar dağının ətəyindən Həsənqulu bağından keçməklə Sədərəyə yol çəkilişinə başlanılmışdı. Lakin vəziyyətin get-gedə daha da ağırlaşması bu işin başa çatdırılmasına imkan vermədi. 1990-cı ilin əvvəllərində Kərkini müdafiə etmək üçün kənddə cəmi 17 nəfər qalmışdı. Bunlar Topçu Ağoş, ovçular Manaf, Abbas və Vaqif , Vaqifin həyat yoldaşı Xavər , Əli Orucov, Əli və İsa qardaşları, Nadir və başqaları idilər. Hər iki gündən bir Sədərəkdən 20-30 nəfər könüllü növbə ilə onlarla birlikdə Kərkini qoruyurdular. 1990-cı il yanvarın 12-də gündüz İliç (Şərur) rayonunun mərkəzində izdihamlı mitinq keçirildi. Sədərəyin, o cümlədən Şərur rayonun digər ərazilərinin erməni təhlükəsi qarşısında qalması və hökümətin buna laqeydlik göstərməsi mitinqdə kəskin tənqid olundu.
Mitinq başa çatan kimi, təxminən saat 17-00-da İliç (Şərur) rayon partiya komitəsinin növbədənkənar pleumu öz işinə başladı. Plenumda rayonun bütün kəndlərindən, o cümlədən Sədərəkdən ağsaqqallar, idarə və müəssisə rəhbərləri, ziyalılar və Muxtar Respublika rəhbərliyindən dəvət olunmuş bir sıra məsul şəxslər iştirak edirdilər. Gecə plenumda iştirak etmiş Sədərəyin rəhbər işçiləri bir yerə yığışaraq baş verənləri bir daha müzakirə etmiş və qərara gəlmişlər ki, bütün aidiyyatı orqanlara bu təhlükə barədə rəsmi xəbər versinlər.
Səhəri gün, yanvarın 13-də, saat 14.00-da Sədərək kənd 1 saylı orta məktəbində geniş yığıncaq keçirildi. Gərgin keçən yığıncaq 7 saata qədər davam etdi. İclasda son dövrlər baş vemiş hadisələr ətraflı təhlil edilmiş və iclas iştirakçılarının irəli sürdüyü təkliflər toplanaraq 27 nəfərin imzası ilə Muxtar Respublikanın bütün rəhbər orqanlarına göndərilmişdi. Beş maddədən ibarət olan müraciətin sonunda qeyd edilirdi ki, "biz Sədərək və Kərki kəndinin azğın erməni basqınının təhlükəsi altında olduğunu və həmin kənd sakinlərinin tam gərgin vəziyyətdə yaşadığını Sizin nəzərinizə çatdırırıq. Bildiririk ki, 2 gün ərzində təcili tədbirlər görülməzsə, Sədərək və Kərki kəndləri əhalisinin təhlükəsizliyi təmin edilməzsə baş verə biləcək bütün faciəli halların məsuliyyəti sizin üzərinizə düşəcək.
15 yanvardan 16-na keçən gecə Kərki kəndindən hava telfonu ilə bildirmişlər ki, təxminən 2-3 min nəfər silahlı erməni kəndi mühasirəyə almışdır. Onlar səhər saat 7-dən kəndi atəşə tutmağa başlamış, kəndin müdafiəçiləri, Daxili Xidmət Qoşunlarının 60 nəfər əsgəri köməyə gələnə qədər onlarla döyüşmüş, düşmənin qarşısını kəsmişlər. Ermənilər kənddəki mağazanı, pavilyonu və bir evi yandırsalar da geri çəkilməyə məcbur olmuşlar. Bu döyüşdə bir erməni öldürülmüş, ikisi isə yaralanmışdı. Kərki müdafiəçilərinə Sədərəkdən BTR-lə gəlmiş 3 nəfər Lənkəranlı hərbçi yaxından köməklik etmiş, onların səyi nəticəsində faciənin qarşısı alınmışdı. Ermənilər geri çəkildikdən sonra körpünün altından ABŞ-da istehsal olunmuş 2 avtomat və çoxlu patron tapılaraq SSRİ Müdafiə Nazirliyinə təhvil verilmişdir.
Arazdəyənlə Sədərək arasında yerləşən milis postunda növbədə olan milis kapitanı Vidadi Qafarov yanvarın 17-də telefonla İliç rayon Daxili İşlər Şöbəsinə bildirdi ki, ermənilərin bir qrupu Sədərək mebel sexinin tuşundan dəmir yoluna tərəf enərək sərhədlərimizə yaxınlaşırlar. Bu xəbərdən sonra milis rəisi Allahverdi Həsənov xidməti maşını ilə hadisə yerinə gələrək əməliyyata rəhbərlik etməyə başladı. Şərab zavodu yaxınlığındakı posta milis əməkdaşları Azər Seyidov, Vidadi Qafarov, Bayram Rzayev, Əli Əliyev, Samil Rəhimov, mebel sexi yaxınlığındakı posta isə kapitan Məhərrəm Seyidov, milis əməkdaşları Saleh Əzizov, Səfər Məmmədov göndərildi. Bir qədər sonra vəziyətin gərgin olmasını nəzərə alaraq həmin əraziyə baş leytenant F. Novruzov, leytenant F. Zamanov və baş leytenant Ş. Hüseynov da göndərildi. Postların gücləndirildiyini görən ermənilər səhər saat 11.00 radələrində həmin postları raket, plumyot və top atəşinə tutdular. Az sonra cavab atəşi ilə qarşılaşdıqlarını görən ermənilər fürsətdən istifadə edib müxtəlif istiqamətlərdən Sədərək kəndini mərmi atəşinə tutdular.
Yanvarın 18-i səhər də Kərki kəndi inadla müdafiə olunurdu. Axşama qədər Kərkinin igid müdafiəçiləri ermənilərə layiqli müqavimət göstərdilər. Lakin qüvvələr nisbəti qeyri-bərabər olduğuna görə vəziyyət faciə ilə nəticələnə bilərdi. Daxili xidmət qoşunlarının nümayəndələri telefonla Sədərəkdəki komandirlərinə bildirirdilər ki, mülki şəxslər və polis işçiləri kəndi tərk etməlidirlər. Bundan sonra Kərkini erməni quldurlarından müdafiə edən 34 nəfər mülki şəxs və iki milis işçisi Moskvadan idarə olunan Azərbaycan rəhbərliyinin əmri ilə kəndi tərk edib, dağ yolları ilə Sədərəyə gəldi. Bundan sonra rus hərbiçilərinin təkidi ilə Kərkini əhalisi kəndi tərk etməyə məcbur edildi və Kərki rus hərbiçilərinə təhvil verildi. Onlar da kəndi ermənilərə hədiyyə etdilər. Beləliklə, Kərki hadisələr başlayandan ermənilərin işğal etdiyi ilk Azərbaycan kəndi oldu. Kərki də digər işğal olunmuş ərazilərimiz kimi xəyanət nəticəsində düşmənin əlinə keçdi.
Kərkinin işğalından sonra sovet hərbiçilərinin Sədərək ərazisindən Naxçıvana girməsinin qarşısının alınması böyük bir facənin qarşısını almış oldu. Rus zabitləri guya hərbi birləşmənin Naxçıvandan keçərək Mehriyə təlim keçməyə getdiyini bildirsə də sonradan bunun yalan olduğu üzə çıxdı. Onların məqsədi Bakıda 20 Yanvar facəsi baş verən zaman qarışıqlıqlardan istifadə edib, Naxçıvanın idarəsini əllərinə almaq və sonradan bu ərazilərini ermənilər tərəfindən işğalına yardım etmək idi. Bu təxribatın qarşısının Naxçvan Muxtar Respublikası Məclisinin o zamanki sədri Afiyəddin Cəlilovun rəhbərliyi ilə özünü müdafiə qüvvələri tərəfindən alınması sonrakı faciələrin baş verməsinə imkan vermədi.
Kərki və digər işğal olunmuş kəndlərin müdafiəsində iştirak etmiş qəhrəman insanların fəaliyyəti tədqiq olunmalı, işğalın səbəbləri araşdırılmalı, bundan başqa Sədərək uğurunda gedən döyüşlər barədə obyektiv tədqiqatlar davam etdirilməlidir. Bütün bunlar Azərbaycan tarixinin qara ləkələrdən təmizlənməsində, həqiqətlərin ortaya çıxarılmasında, vətənin ərazi bütövlüyünün bərpasında mühüm rol oynaya bilər.

Cavid