Yurdsuz deyiləm, çünki gözəl bir vətənim var! Güney Azərbaycan

Yurdsuz deyiləm, çünki gözəl bir vətənim var!

II yazı

Bu poemada daha önəmli rol oynayan "gürzə ilan"dır. İlan klassik ədəbiyyatda Həvvanı tovlayıb Adəmi yoldan çıxardan iblisdir. İlanın tovlaması üzündən Adəmlə Həvva cənnətdən qovulur. Şairin cənnətinin poemada hara olduğu oxucuya açıq-aydındır - şairin Ana Vətəni. İlan isə onu bu cənnətdən uzaqlaşdırmaq istəyir. O, bütün dünyanı şairə vətən kimi göstərməsilə marksistlərlə kommunistlərin internasional vətən fəlsəfəsini önə sürüb belə deyir:

"Millətçi bir Abdal!!
Həqqindi, bu zəncirdə sən qal!
Millət nədir? Aləm vətənindir,
Azər də sənin, Kürd də sənin, Rus da sənindir.
Millət nə deməkdir? Bunu bir qan!
Hamı bəşər övladı deyilmi?
Qanuni-təbiət onun ustadı deyilmi?
Fikr eylə, yadına sal:
Söylənməmiş əfradına hər millətin insan?
İnsandı bəli, dünyada hər yan.
Hər yerdə olursan, bəşərin qayəsi birdir:
Doğma bu təbiətdəki qanunları açsın və ucalsın.
Biz də bu yolun yolçusuyuq, bil.
Beynindən o millətçiliyin zir-zibilin sil;
Baş əy və əyil öp budağından,
Ta zənciri düşsün ayağından,
Ssonra tutaraq bir ağacın bir budağından
Kef çək, yeyib-iç, gəz, dolan azad;
İncə pəri qoynunda dad al, dad!!
Dünya vətənindir;
Sev dünyanı, dünya sevənindir.


Şair onun cavabını çox məntiqlə verir və bu dartışma poemanın təməl anlamıdır. "Al pərdə" deyiminin leksik anlamı qırmızı pərdədir. Qırmızı pərdə özü keçmiş SSRİ-nin bayrağı olmaqla kommunist dünyasının göstərgəsi idi, Qızıl Ordu isə bu dünyanın qəddar gücü. "Al" sözü bizim dilimizdə başqa bir anlama da işarə edir: aldatmaq. Şair bu poemada kommunist fəlsəfəsi ilə kommunist dünyasının nə qədər aldadıcı olduğunu ustalıqla açıqlayır:

"Qəlbimdə ümid, arzu təmənna və diləklər,
Açdıqca çiçəklər,
Etdikdə təbəssüm mənə istək,
Olduqda bütün varlığım azadlığa vurğun,
Etdikdə həqiqət pərisi qəlbimi məcnun,
Bir nəğmə bu dağlardan eşitdim;
Bir parça məlahət.
Hökm etmədədir, zənn elədim, burda ədalət.
Atdım dəli tək sevgini, yarı...
Səslər və işıqlar hamısı rəng imiş amma.
Al Pərdənin altında nə varmış?!
Sözlə əməlin bir bu qədər fərqi olarmış?!
Bilməm bu riyadan dolanır hansı dəyirman?!
Hakim kəsilibmiş buraya sanki əzəldən
Zülmətlə sükunət.

"Qürbət" sözünün isə bu danışıqlardan sonra şairin fəlsəfəsində nə anlam daşıması oxucuya açıqlanır. Professor Zehtabi SSRİ, Sibir, Düşənbə şəhəri, və başqa yerləri qürbət saysa da, onu daha çox sıxıb darıxdıran düşüncə və mənəviyyat qürbətidir. SSRİ-də hakim olan bolşevizmin varlığı bir vətənsevər Azərbaycan ziyalısına cəhənnəmdən də pis ola bilərdi. Bu durum onun öz vətənində də yarana bilərdi. Vətən övladı vətəni sevmək yerinə manqurtlaşır, yadelliyə qulluq edib qardaşını əzirsə, artıq vətən də bir vətənsevərə cəhənnəmdən daha pis ola bilər. Amma o, heç vaxt, hətta belə durumlarda belə vətəni atmır, vətən sevgisi ona hər nədən üstündür. Və bu durumda şair uzun ömür boyu istədiyi ideal bir vətənin həsrəti ilə yaşayıb yaradır. Bu ədəbiyyat özünə xas olan janr yaradıb "Həsrət ədəbiyyatı" adlanır. Bu janrın gözəl örnəklərindən Almas İldırımın yaradıcılığına işarə etmək yerinə düşərdi.
"Od" sözü isə bizim folklor, inam, tarix, incəsənət, və ədəbiyyatımızda özəl yeri, özəl anlamları var. Bu özəlliklərdən danışmaq ən azı başqa bir yazının sözü ola bilər, yalnız burda biz mifik çağlarımızdakı inamlarda odun qutsal yerinə, ocaqlardakı roluna və Azərbaycanın odlar yurdu olduğuna işarə edərsək yetər. Şair "od" sözünü poemasında öz kökü kimi istifadə edir, odun axtarışına çıxmış bir arif kimi mistik ədəbiyyatımızın yeni variantını ustalıqla yaradır.

"Coşqun ləpələr, canlı həyat aşiqi tək mən,
Göydən görərək bunca büsatı,
Atdım o həyatı,
Yurdu, eli, yarı,
Ta od aparım xəlqimə dərman.

"Şahin Zəncirdə" poemasının təməl anlamı - dünyagörmüş bir filosofun baxışından vətənsevərlik prinsipləridir. Şair bu prinsipləri açıqlamaq üçün özünü şahin, qarşı xarakter ya antaqonisti ilan, ağsaqqal ustadı ata və Nizami, alçaq insanları qarğa görüntüsündə, ayrı-ayrı bölümlərdə rol verərək çox bacarıqlı bir rejissor kimi səhnələri pərdə-pərdə ayırıb oxucuya bir tamaşa kimi göz önündə sərgiləyir. Şairin dramaturgiya sənəti ilə çox yaxın tanış olduğu elə qoşqunun adından və ilk sözü, ilk bəndindən aydındır.

"Şimşək kimi illər boyu sonsuzluğu yarmış,
Sübh çağları xəncər qanadın şehlə suvarmış,
Bir şahini Qaf dağlarının zirvələrində
Vurmuş qoca dünya yeni bəndə.

Burada şair lap ilk səhnəni zülmət dünyasının dəhşətli üzünü açıqlamaq üçün şimşək işiğı ilə işıqlandırmalı idi. Tamaşaçı bu səhnədə diksinib yuxusundan ayılmalıdır. İlk bənddə işlənən "Ş" səsi isə alliterasiya yaradaraq bu işığı tez sönməyə qoymur. Siqnal işığı vurduqca səhnə işıqlanıb o qaranlıqlar içində boğulmuş dəhşətli səmada və Qaf dağının zirvələrindəki zənciri ilə savaşmaqda olan şahini tamaşaçıya ardıcıl göstərir. O, bu səhnənin içində şahinin durumu ilə bu acınacaqlı duruma niyə düşdüyünü göstərir. Yalnız aydın düşüncəli bir eli belə praqmatik bir dərs verə bilər: "Bu fəlakətdə fəqət məndədir təqsir!"
"Şərqin əbədi məşəli, dahi ulu İlyas", Gəncəli Nizami özü dünya çapında tanınmış bir filosofdur. O deyəni əfsanə sanan hər kimsə çəkici boyalara aldanıb işıq ilə ulusallıq tapmaq yerinə İskəndər kimi gedib Qaf dağlarında qaranlığın toruna düşür. O dastanda qoca ariflər İskəndərə yol göstərib onu qurtarırlar, deməli, qaranlığa düşmüşlərin hamısı arif qocaların öyüdünə baxsalar, qurtula bilərlər. O, bu səhnədə kommunist dünyasının ideallarının nə qədər boş və yararsız olduğunu açıqlayıb:
"Çoxdan bəri göylərdə sönüb məhv olan ulduz,
Nurun qalır ancaq;
Cansız bir işıq, sanki sönüb mənbəyi çoxdan.
Şahiddi zaman, göy, qara torpaq;
Çoxdandı ki qəlbində sənin laxtalanıb qan.
Göydən görünürsən ulu bir dalğalı ümman,
Əslində və lakin
Qəlbində həyat nəbzi dayanmış ulu bir buz.
Artıq mənə hər bir şey olub gün kimi aydın:
Vicdanı sönük keçmişivə sırdaşımışsan.

Bu bölümdə "qəlbində həyat nəbzi dayanmış ulu bir buz" istiarəsi ardıca gələn "aydınlıq günəşi" ilə çox maraqlı bir cinas yaradır. Şair SSRİ ilə çar vaxtındakı Rusiya arasında olan bənzərliyi aydın bir həqiqət olaraq gün işığına çıxardır. O, demək istəyir ayrı-ayrı fəlsəfi düşüncələr ya siyasi məktəblər rusların ya hər hansı başqa yadellinin baxışını bir Azərbaycanlıya dəyişdirə bilməz. Dədə Qorqud buyurmuş: "Yad oğlunu saxlamaqla oğul olmaz, qarı düşməndən dost olmaz!"
Başqa bölümdə şair ilanı səhnəyə gətirib arxaik bir təsvir yaradaraq mifik adam aldadan İblislə Şahinin dartışmasını çox üstün bacarıqla canlandırır. Onun birinci görəvi prof. Zehtabi kimi birisini öz düşüncələrinə doğru yönəldib kommunist ideallarını ona qəbul etdirməkdir. Amma şair ona SSRİ ilə Pəhləvi rejimində olan durumu açıqlayaraq ədalətsizliyi və ədalətsiz hökümətlərin özəlliklərini belə açıqlayır:

"Bir yerdə əgər əsl ədalət ola sultan,
Qoymaz yarana orda Neronlar kimi məğrur,
Təqsirsizə zindan,
Haqsız əgər öldürsə birin, versə bəraət,
Kim söyləyəcəkdir belə qanuna ədalət?!
Acizlərə gər versə ölüm camı cinayət,
Qüvvətlilərə ad və şərafət,
Vardırmı o torpaqda ədalətdən əlamət?!
İnsanları məhrum eləsə kim yaşamaqdan,
Cani sayılır; doğru bu. Lakin
Vicdan pərisin məhv edən insan
Cani sayılırmı?
Aya belələr örtülü bir cani deyilmi?
Qanun belə heyvanlara sizlərdə də varmı?
Tarixi-əzəldən,
Həq pərdəsi altında gedən
Faciə divanı deyilmi?

Kommunist fəlsəfəli müfəttiş şairi "gəzmək, yeyib içmək, bu həyatın dadın anmaq, şöhrət qanadı ilə havalanmaq ..." dəyərləri ilə almaq istəyirsə də belə cavab alır:

"Nuh tufanı gər qopsa da, həqqin şamı sönməz!
Gər halə çəkə lalə tək ətrafına qan da,
Həqq aşiqi baş əyməyəcək zülmə bir an da!!!
Get yerdə sürün, get yaşa zülmətdə, dumanda,
Olmaz yarasa nur ilə həmdəm.
Matəmdir işıqlıq sənə, matəm!"

Müfəttiş ona çoxlu öyüd verərək deyir:

"Aqil kişi tapmış palaz hər yerdə bürünmüş,
Xəlq ilə sürünmüş.
Bir yaxşı düşün gör nədir aləm?
Ləzzətdir onun mənası, ya qəm?
Sən ləzzətin al, özgələrə olsa da matəm!!"

Şair gülərək ona cavab verir:

"Aqil?!
Aqil nədir? İnsanlığa biganə bir ünsür?
Ta inki hədəfsiz sürünə bir qədər artıq?!
Hər rəngi qəbul etmyə hazır?!
Aqil deyil, insan deyil, o, bir canavardır.
İnsanlığın öz qaydası, öz ölçüsü vardır.
Əsl insan olan misli çinardır;
Hər bir qocaman köklü çinar baş əyə bilməz,
Şiddətli küləklərdə sınar, lakin əyilməz."

Sonra müfəttiş öz sərvətindən, evlərindən, evlərindəki gözəllərdən, badədən, qüdrətindən və başqa maddi dəyərlərdən danışıb onu bu ötəri ləzzətlərlə aldatmağa çalışır, ancaq şair ona əsil insanın nə olduğunu belə açıqlayır:

"İnsanları insan eləməz gövdə, sümük, qan;
İnsan eləməz insanı nə təntənə, sərvət,
Nə cah, nə zinət,
Nə badə, nə şəhvət
Və nə qüdrət,
Nə də fərman.
İnsanlıq edər insanı insan,
Və günəşdən arı vicdan."

O, əsil sevgi dünyasında elə cumur hətta ayağındakı qandalı belə "vəfalı oğul" kimi sanır. Nədəni aydındır:

"Cismim də əsir olsa əgər, qəlbim azaddır;
Fəryad edirəmsə, ürəyim həmişə şaddır,
Çün çəkməyirəm vicdan əzabı.
Yurdsuz deyiləm, çünki gözəl bir vətənim var.
Çün mən sevirəm insanı, şəksiz sevənim var.
Daim məni sərməst eyləyir həqq şərabı,
Şəxsiyyətim alçalmağa mən vermirəm imkan.
Bəli! Bədənim bənddə isə, qəlbim azaddır
Mənim azad!!
Vicdan əzabım yoxdusa, hər zaddı bu, hər zad!

Şair bu dərin anlamlı dialoqu həqiqət aşiqi olan insanları "müqəddəs günəşə" bənzədib qutsallıqlarını gizli olduğu və "aya işıq bağışladığını" görə bilir. Bu ilişki ən təmənnasız ilişki olduğuna görə qutsallaşır. Şair bu bölümdə zəngin folklorumuza söykənib çox yayılmış qarğa ilə qartalın dialoqunu anladır. Qartal qarğadan niyə uzun yaşadığını soruşub belə cavab alır:

Gər mən kimi ömrün uzun olmaq diləyirsən,
Mən tək əlivi birkərəlik üz uca göydən...
Yüksəkliyə meyl etməyib alçaqlığa meyl et.
Torpaqda sürün, uçma uca sadə ağacdan;
Hər bir yana seyr etsə sürü, sən də sürün get.


Araz Əhmədoğlu
araşdırmaçı