Güney Azərbaycanda mətbuatın yaranması və inkişafı Güney Azərbaycan

Güney Azərbaycanda mətbuatın yaranması və inkişafı

II yazı

Artıq XIX əsrin II yarısında Azərbaycanda çoxlu çapxanalar mövcud olmasına baxmayaraq, onlar Avropa ölkələrindəki mətbəələrdən texniki baxımdan çox geri qalırdı. Əl əməyi ilə işləyən litoqrafiya çapxanalarının çoxunun avadanlığı köhnəlmişdi. Çap dəzgahlarında çap olunan məhsulun tirajı yüksək olanda (adətən tiraj 500-600-dən çox olmurdu) onun keyfiyyəti çox pis olurdu, mətn çətin oxunurdu. 1871-ci ildə Nəsrəddin şahın göstərişi ilə İranda çap və tərcümə işlərini mərkəzləşdirən "Mətbuat və tərcümə evi" yaradılır. Oraya onun təşəbbüskarı Məhəmmədhəsən xan rəhbərlik etməyə başlayır. Artıq 70-ci illərin sonu 80-ci illərin əvvəllərində, İranda və Azərbaycanda kitab çapının yeni mərhələsi başlanır. Nəşriyyat işində, istər kitabların, istərsə də mətbuat nümunələrinin, həm texniki cəhətdən, həm də məzmun baxımından keyfiyyəti dəyişib, müasir dövrün tələblərinə uyğunlaşırdı.
Bu dönüşü doğuran amillər, yaranmaqda olan burjuaziya ziyalılarının maarifçi fəaliyyətlərinin qüvvətlənməsi, habelə Qərblə, ilk növbədə Rusiya ilə mədəni əlaqələrin genişlənməsi idi. Sovet dövrünün tədqiqatçıları Qacarlar barəsində yazdıqları əsərlərdə bu sülaləyə məxsus hökmdarların İranı viran qoymuş bir müstəbid, Azərbaycanı da zorla ələ keçirmiş bir işğalçı kimi təqdim edirdilər. "Qacarın Azərbaycanı işğal edən bir şəxs kimi qələmə verilməsi, habelə parçalanaraq daxili feodal müharibələri məngənəsində boğulan bir məmləkətdə, Azərbaycan Səfəvi dövlətini, yenidən dirçəldib onun tarixi sərhədləri daxilində inkişafına nail olmaq istəyən bir azərbaycanlı sərkərdəsinə işğalçı damğası vurmaq ən azı ədalətsizlik idi".
Maraqlıdır ki, müasir tədqiqatçılar Qacarları İran dövlətçiliyinin, dirçəldilməsi və inkişaf etdirilməsində oynadığı tarixi rol mövqeyindən yanaşıb, araşdırırlar. XIX əsrin 80-ci illərində İranda kitab nəşrinin yeni mərhələsi başlandı. Ölkədə ziyalıların maarifçi fəaliyyətləri və Avropa ilə əlaqələrin qurulması nəticəsində bir çox sahələrə mütəxəssis kadrlar hazırlamaq üçün elmi biliklər tədris edən kitabların tərcüməsinə və nəşrinə böyük ehtiyac vardı. O dövrdə tərcümə və nəşriyyat naziri Məhəmmədhəsən xan Etimadülsəltənənin bu sahədə böyük xidmətləri olmuşdu.
Müqəddəm Məhəmmədhəsən xan Etimadülsəltənə dövrünün mütərəqqi şəxsiyyətlərindən idi. İctimai xadim adını qazanmış Məhəmmədhəsən xan tarixçi-alim idi. Qacarların rəsmi tarixçisi olmuş, sonralar mətbuat və çap işləri naziri təyin olunmuşdu. O, İranda və Güney Azərbaycanda maarifin, o cümlədən elmin, kitab çapı və qəzet nəşrinin inkişafında əvəzsiz xidmətlər göstərmişdi. Layiqli qiymətini almamış, xalqı tərəfindən az tanınmış istedadlı, cəfakeş ziyalı Məhəmmədhəsən xan haqqında daha ətraflı məlumat vermək yəqin ki, yerinə düşərdi.
Məhəmmədhəsən xan Cənubi Azərbaycanın qədim və sənət ocaqlarından olan Marağa şəhərində əsl-nəcabətli ziyalı ailəsində doğulmuşdu. Gənc yaşlarında orduda xidmət etmiş, sonra sarayda diplomat kimi çalışmışdı. Məhəmmədhəsən xan Müqəddəm Tehran darülfünunun ilk məzunlarından olmuş, istedadlı tələbə kimi ən yüksək ödülə layiq görülmüşdü. 1863-67-ci illərdə Fransada təhsilini davam etdirməklə yanaşı, İran səfirliyində attaşe kimi çalışmışdı. Məhəmmədhəsən xan bir çox Şərq və Avropa dillərini yaxşı bildiyi üçün uzun illər Nəsrəddin şah Qacarın (1831-1896) şəxsi mütərcimi, tərcümə və nəşriyyat naziri olmuşdu. Məhəmmədhəsən xan əvvəl "Sani-əd-daulə" (Dövlət sənətkarı),sonralar "Etimad-ül-səltənə" (Sultanın etimadı) ləqəblərini daşıyır. 1871-ci ildə Nəsrəddin şah Qacarın göstərişi ilə İranda çap və tərcümə işlərini mərkəzləşdirən (Darültəba və Darültərcümə) – Mətbuat və Tərcümə evinin əsası qoyulur və bu elmi müəssisəyə Məhəmmədhəsən xan rəhbərlik etməyə başlayır. Onun başçılığı ilə çalışan bütöv bir işçi heyəti elmi nəşriyyat işləri ilə məşğul olur, dövlət qəzetlərini, rəsmi sənəd və fərmanları çap edirdi."Darültərcümədə Avropa dillərindən hərbi və diplomatik işə aid kitablar, coğrafiya, kimya, fizika, tarixə dair dərsliklər tərcümə olunurdu. İranda Avropa mədəniyyətinin yayılmasında bu idarənin rolu çox böyük idi".
Məhəmmədhəsən xan Qacarların tarixinə, ictimai elmlərə, həmçinin İranın, eləcə də Azərbaycanın tarixi və coğrafiyasına aid 30-dan artıq kitabın müəllifidir. Avropa ədəbiyyatından etdiyi tərcümə kitablarının sayı 10-u keçir. Məhəmmədhəsən xan 10-a yaxın qəzetin çap olunmasında iştirak edir, bir çoxunun redaktoru olur. Onlar aşağıdakılardır:
1. "Ruznameye milli".
2. "Ruznameye dövləti".
3. "Ruznameye elmi".
4. "İran".
5. "Mərrix".
6. "Miratüs səfər".
7. "Ruznameye orduye humayun".
8. "Ettila".
9. "Şərəf".
Bu mətbu orqanlarının bir neçəsindən bəhs etmək yerinə düşər. "Ruznameye milli" ("Millət qəzeti") ilk nömrələrindən biri böyük mütəfəkkir M.F.Axundovun ürək yanğısı ilə "xalqa və millətə heç bir faydası olmayan qəzet adlandırdığı "Millət qəzeti", sonralar Məhəmmədhəsən xanın publisistik fəaliyyəti nəticəsində o dövr üçün xarakterik darıxdırıcı, quru materiallar çap edən orqandan, özünə çoxlu oxucu toplayan bir qəzetə çevrilir. Artıq bu qəzetdə rəsmi saray xəbərləri ilə yanaşı elmi və ədəbi xarakterli yazılar görünməyə başlayır. "Ruznameyi-milləti" 1866-67-ci (1283 h.q.) ildən çap olunmağa başlamışdı. Məhəmmədhəsən xan 1871-ci ildən etibarən bu qəzetə nəzarət edir. Bu orqanın cəmi 33 sayı çıxmışdı. Qəzetdə vaxtaşırı Məhəmmədhəsən xanın klassik fransız ədəbiyyatından etdiyi tərcümələr verilirdi. "Ruznameye elmi" ("Elm qəzeti") 1876-cı (1293 h.q.) ildən etibarən çap olunur. Redaktoru Məhəmmədhəsən xan idi. Həftədə 3 dəfə nəşr olunurdu. 1863-70-ci illərdə Elm naziri Əliqulu Mirzə Qacarın rəhbərliyi ilə çıxan İranda ilk elmi orqan olan Ruznameye-elmiyyə-dövləte-aliyyə-İran qəzetinin bir növ davamı idi. Qəzetin 64 sayı işıq üzü görüb.
Qəzetdə məhkəmə işləri, dövlətin tərəqqisi ölkənin təhlükəsizliyini təmin etməyi genişləndirmək və s. ilə bağlı yazılar da olurdu. Bu səbəbdən də bu qəzet daha çox İran liberallarının və nəşr olunan başqa qəzetlərin tənqidinə məruz qalırdı. İlk dövrlərdə bu qəzetin müasir elmlərdən bəhs edən şöbəsi də vardı. Səhifənin aşağı hissəsində Məhəmmədhəsən xanın qələm tərcüməsində "Kapitan Hatterin macəraları" adlı bir rubrikası da vardı. Hər iki qəzetdə məhkəmə xəbərləri, rütbə və vəzifələrə təyin olunma və çıxarılma, şah fərmanları, ov səfərləri, dini məsələlər və s. və başqa dövlət funksiyalarını əks etdirirdi. "Ruznameye dövləti". ("Dövlət qəzeti") 1868-ci (1285 h.q.) ildən nəşr olunan bu qəzetdə yerli, xarici informasiyaya və məhkəmə ilə bağlı xəbərlərə geniş yer ayrılırdı. Əldə olan 622-ci sayının 1- ci səhifəsində bir çox rəsmi qəzetlərdə olduğu kimi "Şir və günəş" təsviri var.
Məhəmmədhəsən xan fitnə-fəsadlara baxmayaraq, mühüm məsələlərə düzgün mövqeyini saxlamış, siyasi mübarizədə iştirak edib. Avropalılar Məhəmməd xanı o qədər də sevmirdilər. Çünki, o, bacardıqca onların əlində oyuncaq olmamışdı və Qərbin Şərq ölkələrinə aid tədqiqatları ilə o qədər razılaşmamışdı. Xarici inhisarın ölkədə fəaliyyətinə etiraz ifadə edən Nəsrəddin şaha yazdığı məktublarından birində çar Rusiyası və İngiltərə kimi imperialist dövlətlərin İran haqqında planlarını açmağa çalışırdı. İranda ilk rəsmi qəzet Mirzə Tağı xanın təşəbüsü və Nəsrəddin şahın "İran xalqının mədəniyyətinin inkişafı, daxili və xarici xəbərlərdən məlumatlandırılmasına" göstərdiyi sayğı sayəsində 1851-ci ildə işıq üzü görmüşdür. Cənubi Azərbaycanda teleqrafın təsis olunması da həmin ilə təsadüf edir. Dövlət siyasətini təbliğ edən bu qəzet "Ruznameyi-Vaqeyi-İttifaqiyyə" adlanırdı və oradakı siyasi məqalələri Mirzə Tağı Əmir Kəbir hazırlayırdı. Qəzetin redaktoru isə Xoylu Mirzə Cabbar Təzkirəçi idi.
İranda ilk qəzetlər Mətbuat Nazirliyinin nəzdində olan xüsusi nəşriyyat idarəsi tərəfindən hazırlanıb, məqalə və məlumatlar əsasında tərtib olunurdu. Bu qəzetlərdə yenilik və həyati həqiqətlər az əks olunduğundan, oxucuları da cəlb edə bilmirdi. İranın tanınmış mətbuat tədqiqatçısı M.Bərzini yazırdı: "Əhali çox nadir hallarda qəzet alıb oxuyurdu. Ona görə də dövlət onları rəsmi orqanlara göndərib, dövlət qulluqçularına zorla abunə etdirirdi. Elə bu səbəbdən o zaman qəzetləri zornamə (fars dilindəki "qəzet-ruznamə" sözünə qarşılıq olaraq-P.M.) adlandırırdılar".
1858-ci ildə Təbrizdə "Azərbaycan" adlı ilk rəsmi qəzet nəşr olundu. Bununla, Güney Azərbaycanda dövrü mətbuatın əsası qoyuldu. "Əxbari-darülsəltəneyi-Azərbaycan" və başqa adlar altında çıxan bu qəzetin səhifələrində, o dövrün rəsmi qəzetlərinə xas olan saray xəbərləri, şahın və vəliəhdin səyahət və səfəri ilə bağlı məlumatlar, ölkə daxili və xaricində baş verən hadisələrin qısa xülasəsi verilirdi. Təbii ki, bu qəzet də digərləri kimi texniki tərtib və məzmun baxımından çox zəif olur, özünə oxucu toplaya bilmirdi.
Nəşr olunan qəzetlərdə ölkədəki sosial-siyasi məsələlərə toxunmaq qadağan edilmişdi. Hətta xarici mətbuatı tərcümə zamanı, belə mövzulara toxunmaq olmazdı. Bəzən də tərcüməçiləri sözü dəyişdirməyə vadar edirdilər. İranda qanun haqda fikir yalnız XIX əsrin sonunda yaranmağa başlayır. Tanınmış İran tədqiqatçısı Ə.Kəsrəvi yazırdı ki, bu tarixə qədər iranlılar arasında belə bir fikrin olması haqda heç bir məlumat və xəbər yox idi. Tanınmış alim "Zəkaülmülkü məcbur etmişdilər ki, öz tərcümələrində, artıq qanun adını çəkməsin. O da qanun əvəzinə qayda kəlməsi işlətməyə məcbur olurdu. Məsələn, yazırdı; filan adam Londonda qayda üzrə üç il həbsə məhkum olunub". İnformasiyanın əksər hissəsi o vaxtlar Röyter agentliyinin Avropada hazırlanan, Şərq ölkələrindəki qəzetlər üçün nəzərdə tutulan "İctimai yeniliklər"dən əxz olunurdu. Rəsmi xarici teleqraf xəbərləri, Avropa ölkələrinin elmi nailiyyətləri, xarici ölkələrin mədəniyyət və tarixi ilə bağlı məsələlər ixtiyarsız olaraq, oxucuların maarifləndirilməsinə xidmət edirdi.
Güney Azərbaycanda yeni maarifin rüşeymi 1869-cu ildə Təbrizdə "Mədrəsəye-Nasiri" məktəbinin açılması ilə qoyulmuşdu. Dövlət tərəfindən Təbrizdə təsis edilən ilkin məktəb isə 1877-ci ildə açılan "Təbriz" mədrəsəsi idi. Tədqiqatçılar bu tədris ocağını Tehran darülfünunu ilə müqayisə edərək, ona tən olduğunu yazırlar. Bu mədrəsənin açılması Cənubi Azərbaycanda dünyəvi təhsilin inkişafında atılmış ilk addım idi. "Təbriz" mədrəsəsi 1893-cü ildən "Müzəffəriyyə" adlandırılır. Güney Azərbaycan maarifinin tanınmış araşdırçısı Hüseyn Ümid yazır ki, Azərbaycanda yeni maarifin ilk bünövrəsi, həmin məktəbin əsası üzərində qurulmuş və bu təhsil müəssisəsi bir çox alimlər yetişdirib cəmiyyətə vermişdi.
1893-cü ildə "Müzəffəriyyə" mədrəsəsində "Nasiri" adlı qəzet çap olundu. Bir çox üstün keyfiyyətləri ilə seçilən bu qəzetin redaktoru, "Müzəffəriyyə" məktəbinin müdiri idi. Bununla, Güney Azərbaycanda yeni bir ənənənin tədris müəssisəsində – məktəb və mədrəsələrdə qəzet, jurnal çapının əsası qoyuldu. Mədrəsə və məktəblər yetişdirdikləri gəncləri dərs vəsaiti ilə təmin etmək məqsədi ilə çap maşınlarına və avadanlıqlarına malik idilər.


Pərvanə Məmmədli
araşdırmaçı