Urmiyədə Beynəlxalq İngilis Dili Konfransı keçiriləcək Güney Azərbaycan

Urmiyədə Beynəlxalq İngilis Dili Konfransı keçiriləcək

Güney Azərbaycanın Urmiyə şəhərində Beynəlxalq İngilis Dili Konfransı keçiriləcək.
İngilis dili tədrisinin keyfiyyətini yüksəltmək məqsədi ilə keçiriləcək konfrans Urmiyənin Elm və Texnologiya və Əhvazın Çəmran universitetlərinin təşəbbüsü və əməkdaşlığı ilə baş tutacaq. Konfransın keçirilməsinə Qərbi Azərbaycan İngilis Dili Müəllimlərinin Elmi Təlim Mərkəzi də dəstək verəcək.
Beynəlxalq konfransın müdiri Bita Əsədi Urmiyənin 3 günlük beynəlxalq konfransın keçiriləməsinə hər cəhətdən hazır olduğunu bildirib. "Katibliyə 840 məqalə göndərilib, onlardan 510-u konfransa təqdim olunmaq üçün seçilib. Tədbirdə yerli və xarici qonaqlardan ibarət 700 alim iştirak edəcək. Konfransda əsasən dilçilik, dilin tədrisi, tərcümə və ədəbiyyat mövzularına təkid olunacaq"- deyə o bildirib.
Bita Əsədi əlavə edib ki, "konfrans Urmiyə universitetində keçiriləcək. Tədbirdə Amerika Birləşmiş Ştatları, İraq, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Yunanıstan kimi ölkələrdən 20 tanınmış dil ustadı iştirak edəcək."
Beynəlxalq Dil konfransının katibi Əlirza Cəlilifər isə bildirib ki, "konfransa qatılacaq xarici qonaqlar dil üzrə tanınmış mütəxəssislərdir. Urmiyədə ilk dəfədir ki, bu səviyyədə İngilis Dili Konfransı keçirilir."
Beynəlxalq Dil Konfransı oktyabrın 4-dən 6-dək Urmiyə universitetində keçiriləcək.
Urmiyədə ingilis dili ilə bağlı bu səviyyədə tədbir keçirilməsə də, fars dili mövzusunda hər il müxtəlif tədbirlər keçirilir. Lakin Azərbaycanın qədim şəhəri olan Urmiyədə türk dilində təhsil tələb edən vəya bu dilin inkişafı uğrunda çalışan fəallar vaxtaşırı təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq məhkəmə qarşısına çıxarılır. İslam Cümhuriyyəti Urmiyə də daxil olmaqla Güney Azərbaycanda ana dilində təhsil tələbinə təhlükəsizlik məsələsi kimi baxmaqda davam edir.