Güney Azərbaycan ədəbiyyatında tarixilik və müasirlik Güney Azərbaycan

Güney Azərbaycan ədəbiyyatında tarixilik və müasirlik

2-ci yazı
Ustad şair "Eynşteynə peyğam" poemasında daha bir tarixi hadisəyə çağdaş düşüncə prizmasından işıq salır. Atom enerjisi ixtira edən Albert Eynşteynin kəşfinin bəşəriyyətə ölüm, fəlakət gətirdiyinə, bu kəşflərdən imperialist qüvvələrin dünyanın dinc nizamını pozmaq, dağıtmaq üçün istifadə etmələrinə dərindən təəssüflənir. Elmin Allahı, böyük düha saydığı Eynşteynin əzab-əziyyətinə, böyük zəhmətinə heyfsilənən humanist şair atom enerjisinin ixtirası kimi misilsiz kəşfi ilə dünya elmindəki boşluğu dolduran, elmlə dini barışdıran və maddənin əzəldən enerji olduğunu sübut edən elm korifeyinə üz tutaraq yüz min dəfə əhsən, lakin yüz min də əfsus deyir. Çünki Eynşteynin tarixi kəşfindən istifadə edənlər bomba düzəldir, ölkələri dağıdır, kütləvi qırğınlar törədir. Şəhriyar əsərdə dünyanın müharibə əjdahasının əlilə cəhənnəmə deyil, sülhün, azadlıq günəşinin şəfəqləri altında cənnətə döndərilməsini, insanların qardaşlıq, sədaqət, məhəbbət bayrağı altında birləşməsini, Yer üzünün sakinləri arasında dini, irqi, milli fərqin aradan qaldırılaraq humanizm duyğularının, məhəbbətin var olmasını arzulayır... Elm dühasından dünyanı qorumağı, öz kəşfi ilə cahanı vicdan imperiyasına, behiştə çevirməyi təvəqqe edir. Diləyir ki, insanlar bir-birindən yalnız qəlbi, elmi, humanizmi ilə fərqlənsinlər:

Nə milli fərq olsun, nə də irqi fərq,
Din də ayırmasın qoy millətləri,
Məhəbbət yaşatsın ulu bəşəri.
İnsan ayrılmasın insanlığından,
Bir bayraq altında birləşsin cahan.

XX əsrin 60-cı illərindən başlayaraq Güney Azərbaycan ədəbiyyatı nümunələrində intuisiya, hiss və duyğuların dili ilə danışmaq xüsusi yaradıcılıq üsulu və meyarı kimi diqqət mərkəzinə çəkilir. Çünki intuisiya ədəbiyyatda müasirlik və tarixiliyin vəhdətinə xidmət edən əsas lirik-psixoloji elementlərdən biri sayılır. Güney şairlərinin yaradıcılığında da müasirlik və tarixilik prinsiplərinin uyğunlaşdırılması həm o dövr, həm də yeni mühitdə sənətkarlığın səviyyəsini göstərən meyar və məqsəd idi. Bu tendensiya bir sıra Güney şairinin, o cümlədən Həmid Nitqinin poemalarında da aydın müşahidə edilir. H.Nitqinin kəskin xarakterli, yığcam, müasir dünyamızın mənzərəsini oxucunun gözləri qarşısında aydın cızan əsərləri müasirlik və tarixiliyin bir-birini tamamlaması vasitəsilə insanın iç dünyası və xarici aləm arasındakı münasibətləri aça bilir. Həyatdan götürülmüş real hadisələr və tarixi faktlarla zəngin əsərlər yaradan H.Nitqi xəyali qavramlara, fantastik düşüncələrə aludə olmamış, utopiyanı ədəbiyyatın kənar həddi kimi qəbul etmişdi. O, iman adamı idi və Allahın insan övladına, bütöv bəşəriyyətə bəxş etdiyi ilahi eşqi dərk edir, duyur və hər canlı varlığın yaşam haqqının yalnız böyük Yaradanın onlara lütfü olduğu həqiqətini anlayırdı. Onun üçün yalnız bəşəriyyət - irqindən, dinindən, dilindən, milli mənsubiyyətindən asılı olmayaraq bəşər övladı anlamı vardı. O, Allahın bəxş etdiyi ruhun, qəlbin, kainatın, maddi və mənəvi dünyanın qədrini, qiymətini bilmədiyinə, sosial-siyasi mövqeyinə görə bir-birindən kəskin fərqlənən insan övladının özünə qənim kəsilməsinə, qardaş qanı axıtmasına, zülm və əsarət, zorakılıq üzərində xoşbəxtlik axtarmalarına təəssüflənirdi. Çünki bütün bunlar onun gözləri qarşısında baş verirdi. Buna görə də gerçəkliklər, təzadlı anlar onun yaradıcılığında parlaq lövhələrlə canlandırılır. İnqilab fədailərinin xarakterik obrazları ilə zəngin "Təbriz", "Dastan ölməz", "Günəş", "Tarix deyə bilmərəm", "Haqq" kimi poemalarında müasirlik və tarixilik prinsiplərinin gözləndiyi aydın müşahidə olunur. "Şeyx Məhəmməd Xiyabani gözlərini həyata yumduğu gün mən dünyaya göz açdım", - deyən Həmid Nitqi qələmə aldığı poemalarda çox ustalıqla tarixiliyi müasir anlama sızdırmaqla oxucunu düşündürə bilir.
İnqilabi mübarizələrin əhəmiyyətini tarixi kontekstdə və perspektivdə verə bilmək və bu kontekstdə müasirlik prinsipini qoruyub saxlamaq meyarı Həmid Nitqinin yaradıcılığına da xasdır. Bu baxımdan son dərəcə düşündürücü notlarla köklənmiş "Təbriz" poeması çox xarakterikdir. Bu poemaya güclü inqilabi ruh hakimdir.
Poemada tarixiliklə müasirliyin vəhdətinin ən müsbət cəhəti real həyat hadisələrinə xronoloji ardıcıllıqla yanaşan müəllifin əsərin sonunda oxucunu bədii həqiqətə inandıra bilməsidir. Həmid Nitqi "Təbriz" poeması ilə oxucunun qəlbində böyük qüdrətə tapınmaq inamı aşılaya bilir. Bəlalı yurdunun və xalqının əsrlər boyu başına gətirilmiş faciələrdən və buraxılan səhvlərdən nəticə çıxarmağı, örnək götürməyi tövsiyə edir. Axı, həqiqətən "İnsan üçün böyük dərslərdən biri də tarixdir. Aç qabağına tarixin səhifələrini və əgər gördün ki, bir vaxt İnsanlar bir para işlərdə səhv ediblər, dəxi sən həmin səhvi etmə" - deyən Ş.M.Xiyabani çox haqlıdır və bu məntiq şairin "Dastan ölməz" poemasında da izlənir. Məlumdur ki, qədim qəhrəmanlıq eposlarında xalq öz gücünü, iradəsini təxəyyülündə yaratdığı əfsanəvi qəhrəmana verirdi və bu seçilmiş qəhrəman xalqının taleyində həlledici rol oynayırdı. Bu baxımdan Maqandal əsas qəhrəman kimi "Dastan ölməz" poemasında xüsusi önəm daşıyır. Əgər xalq, tarix öz içindən Maqandal kimi "şəxsiyyət yetiribsə, deməli, onların xalqın, tarixin təəssübkeşi olması təəccüblü deyil".
Həmid Nitqi tarixdə olmuş həqiqətlərə poemalarında daha geniş yer ayırır və bu üsulla müasirlik effektinə nail olmağı vacib və əhəmiyyətli ədəbi üsul kimi dəyərləndirir. "Günəş" poemasında inqilabi mübarizənin həyati əhəmiyyəti tarixilik və müasirlik prinsipləri kontekstində əks olunmuş və qaranlıqların aydınlaşacağına sarsılmaz inamının təzahürü kimi yaranıb.
Əsərlərində dövrün ziddiyyətli hadisələrini ustalıqla qələmə alan şairin qənaətinə görə, cəmiyyətdə yaranmış hər hansı anormal hadisələrə elə cəmiyyət tərəfindən qiymət verilir və ən pis halda, qınaq obyektinə çevrilir. "Günəş" poemasında dövrün ziddiyyətli məqamları, anlaşılmazlıqları, insan haqlarının tapdalanması ön plana çəkilir. Analitik təfəkkürü, unikal yaddaşı və geniş dünyagörüşü ilə hadisələrə yanaşaraq düzgün nəticə çıxaran Həmid Nitqi insanları bir-birindən ayıran rejimi, siyasi quruluşu tənqid etməklə zəmanəni, dövrü qınaq obyektinə çevirmir, əksinə, dövranı və rejimi bütün zamanlarda bu vəziyyətə gətirib çıxaran, rəzalət törədən qüvvələri - nəfsinin qulu olan ünsürləri - özündən müştəbehləri, diktatorları, şovinistləri ifşa edir... Millətin taleyinə heç vəchlə biganə qalmayan mübariz şairin son qənaəti belə olur: Vətəndaş bu rəzalətə əsla boyun əyməməli, bütün hallarda öz sözünü deməyi bacarmalıdır.
"Günəş" poeması psixoloji və real hadisələri özündə əks etdirən bir əsərdir. Ədib bu mənada cəmiyyətin qurucuları - insanlar arasındakı fərqli tərəflərin müqayisəsini aparır və Tanrı nemətlərinin də tarixən yalnız bu müqayisə obyekti olan insanlara məxsusluğunu vurğulayır. Ancaq bu insanlar özlərini iki qütbə - ağalar və qullara, hakimlər və məzlumlara ayırıblar. Mütəfəkkir şair "Günəş" poemasında insanları ruhdan düşməyə qoymur, əksinə, sirr qapılarını onların üzünə taybatay açan ilahi duyğuların ardınca addımlamağa çağırır, dünya zövqünə aldananların, aldadıcı ehtirasların quluna çevrilən ağaların daxili "mən"inin miskin və rəzil olduğunu sübuta yetirən misallar gətirir:

Bu dağ günəş sönmədikcə
Şaxtalarda ruhumuzu buz tutmaz.
Göyqurşağı görsəndikcə,
Şam yelləri ümidlərin rişəsini qurutmaz.

Ümidlərin yalnız insanın cismani ölümündən sonra öldüyünə inanan şair, bu dövranın da sona qədər belə davam etməyəcəyinə, azadlıq günəşinin tezliklə doğacağına və insanlığın qələbə çalacağına, zülmətin həmin inamın işığında tezliklə yox olacağına ümid bəsləyirdi:

Bir axşamdı:
Bilinməyən bir zamanın yaylarından
Pərdə-pərdə aşıb gəldin ilk baharın nəğməsi.
Çox keçmədən cavab verdi
ona coşqun Bir bəstə ilə tar səsi.

Şair ruhun, torpağın, təbiətin oyanışını simvolik olaraq mənalandırdıqca, bəlkə də ilahinin söylədiyi bir müqəddəs "Ol" kəlməsinin qüdrəti ilə hər şeyin yenidən başlayacağını, yeni biçimdə, yeni ruhda qayıdacağını və bu dünyanın məhz böyük Yaradana, onun yaratdıqlarına aid olduğunu vurğulayır. İnsanın qəlbinin hərarətindən yaranan alovu Tur dağındakı əbədi alovla simvolizə edir:

Qocaman bir alovda
Turdakı kol misali,
Bir günəş oldu yandı.

Əslində Həmid Nitqi bununla Mahatma Qandi kimi, "Tanrı sevgidir" deyənlərə qatılır. Çünki "Tanrı məhəbbətdir, ancaq həm də məhəbbətin ötəsidir, həqiqətdir. Həqiqətə qovuşmanın ən yaxın yolu eşq və məhəbbətdir. Yalnız ali, ilahi məqama yüksələn yeganə əməl insanlıq adına görülən iş və müqəddəs əməllərdir".
Humanist duyğularla köklənən və ümumən insanlığa ünvanlanan, zorakılığın, haqsızlığın, azmanlığın məzlum xalq üzərində əbədi bərqərar olmayacağını, buna cəhd edənlərin isə gələcək nəsillərin lənət simvoluna çevriləcəyini, həyatda yalnız gözəlliyin və işığın qalib gələcəyini ifadə edən "Günəş" poeması məhz bəşəri məzmunu ilə böyük tarixi əhəmiyyət kəsb edir.
Ata-baba yurduna, xalqına və onun dilinə, yaratdığı folklor nümunələrinə duyduğu sonsuz sevgi əsərlərində yansıyan Muradəli Qureyşi Qaflantı (1933) "Bizim kəndin bir illik tarixi" poemasında 21 Azər hərəkatının baş verdiyi andan məğlub edildiyi günədək və bu qanlı olaydan sonra şairin doğulub boya-başa çatdığı Çaroymaq bölgəsindəki Heydərabad kəndində baş verən hadisələri qələmə almış, fədailərin qəhrəmanlıqlarını tərənnüm edib. "Bu əsər yüksək bədii səciyyədə olmasa da, həyat həqiqətlərini göstərməsi baxımından önəmlidir".
Poema vahid süjet xəttinə malikdir, sadə və aydın dillə qələmə alınıb. Lakin poemada elə hissələrə təsadüf olunur ki, adi danışıqdan seçilmir. Duyğu və hisslərin bədii dillə izharı da bəzən zəif təsir bağışlayır. Amma bütün hallarda şair fikirlərinə bədii həqiqətin məntiqi ilə sonluq verir və hadisələri ardıcıl olaraq tipikləşdirməklə oxucuda əsərə qarşı marağı stimullaşdırır. Diqqət yetirək:

Qaça-qaça kəndin altına yendim,
Qabaqda əmimi görüb sevindim.
Gəlib qapımızda atından düşdü,
Atamla qol-boyun olub görüşdü.

Bu tip sadə danışıq forması poemada üstünlük təşkil edir. Amma romantik-realist şair belə hallarda bədii fikrə keçid üçün asanlıqla yol tapır. Poema başdan-ayağa dərdlə süslənsə də, sonda nikbinlik ruhu özünü təzahür etdirə bilir.

Esmira Fuad
Filologiya üzrə elmlər doktoru