Güney Azərbaycanda koronavirusa yoluxanların sayı sürətlə artır Güney Azərbaycan

Güney Azərbaycanda koronavirusa yoluxanların sayı sürətlə artır

Güney Azərbaycanın Qərbi Azərbaycan əyalətində 790 nəfər koronavirus şübhəsi ilə xəstəxanalarda müalicə alır.
Bu barədə Qərbi Azərbaycanın səhiyyə xidmətinin rəhbəri və Urmiya Tibb Universitetinin rəisi Cavad Ağazadə məlumat verib. Ağazadənin açıqlamasına əsasən, xəstəxanada müalicə alanlardan 332 nəfərinin COVID-19 testi pozitiv çıxıb.
O bildirib ki, son 24 saatda infeksiyaya yoluxmuş daha 142 nəfər xəstəxanaya yerləşdirilib, 20 nəfər dünyasını dəyişib.
Tibb Universitetinin rəisi Qərbi Azərbaycanda koronavirus qurbanlarının ümumi sayının 551 nəfərə çatdığını bildirib.
“İnfeksiyaya yoluxanlardan 172 nəfər reanimasiya şöbəsində müalicə alır. Onların 50 nəfərinin vəziyyəti ağırdır və ventilyasiya (süni tənəffüs) aparatına bağlıdırlar,” deyə Ağazadə qeyd edib.
Zəncan əyalətində də son 24 saatda daha 48 nəfərdə koronavirus infeksiyası aşkarlanıb. Zəncan Tibb Universitetinin rektoru Pərviz Qızılbaş əyalətdə koronavirus infeksiyasına yoluxanların ümumi sayının 2 min 51 nəfərə çatdığını bildirib.
Qızılbaşın sözlərinə görə, Zəncanda koronavirusdan ölənlərin sayı isə 207 nəfərə çatıb. Rəsmi xəstəliyə yoluxanlardan 1635 nəfərinin tam sağaldığını bildirib.
Qızılbaş həmçinin qeyd edib ki, hazırda 624 nəfər koronavirus şübhəsi ilə əyalətin xəstəxanalarda müalicə alır.
Güney Azərbaycanın Ərdəbil əyalətində də infeksiyanın yayılması sürətlə davam edir. Bu barədə məlumat verən Ərdəbil Tibb Universitetinin rektoru Şəhram Həbibzadə qeyd edib ki, hazırda əyalətdə xəstəliyə yoluxan 230 nəfər xəstəxanalarda müalicə alır. Onlardan 47 nəfəri reanimasiya şöbəsindədir.
Həbibzadə son 24 saatda daha 3 nəfərin koronavirusdan öldüyünü bildirib.