Milli fəal Nasir Xulusi apellyasiya məhkəməsindən bəraət alıb Güney Azərbaycan

Milli fəal Nasir Xulusi apellyasiya məhkəməsindən bəraət alıb

Təbrizli milli-mədəni fəal Nasir Xulusi apellyasiya məhkəməsinin 1-ci və 36-cı şöbələri tərəfindən verilmiş qərara əsasən əleyhinə irəli sürülmüş ittihamlardan bəraət qazanıb.

Şərqi Azərbaycan əyalətinin apellyasiya məhkəməsinin 1-ci şöbəsinin hakimləri “Məhəmməd Danişmənd Məliki” və “Səməd Həzrəti” milli fəala qarşı irəli sürülmüş “Güney Azərbaycan Milli Hərəkatının Müstəqil Fəallar Zümrəsində üzv olmaq” ittihamı ilə 6 aylıq həbs qərarı barədə ilkin rəyin ləğv edilməsinə və Nasir Xulusinin bəraət qazanmasına qərar veriblər.

Eyni halda apellyasiya məhkəməsinin 36-ci şöbəsinin hakimləri “Əli Əhmədi” və “Qulamrza Baqqali” N.Xulusiyə qarşı “Yalan məlumat yaymaq” ittihamını və ilkin məhkəmə prosesində haqqında çıxarılmış iki milyon tümən nağd cərimə cəzasını faktı təsdiqləyən sübut olmadığına görə ləğv ediblər.

Qeyd edək ki, fəal daha əvvəl öz İnstagram səhifəsində ona qarşı irəli sürülən bütün ittihamları rədd edərək hər hansı bir cinayət işlədiyinə dair heç bir sübutun olmadığını, 2018-ci ildə həbsdən çıxdıqdan etibarən heç bir siyasi fəaliyyət göstərmədiyini bildirib.

Təbriz sakini olan Nasir Xulusi inşaat mühəndisidir. O, 2017-ci il fevral ayında Təbrizdən Urmuya gedərkən “Sepah”ın kəşfiyyat əməkdaşları tərəfindən saxlanılmışdı. O, bir neçə ay sonra Urmu (Urmiya) Məhkəməsi tərəfindən “sistemin əleyhinə təbliğat aparmaq və milli təhlükəsizliyi pozmaq” ittihamı ilə 6 il həbs cəzasına məhkum edilmişdi.
Nasir Xulusi 2017-ci il payızın orta ayında həbs cəzasını çəkmək üçün təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq həbsxanaya aparılsa da təxminən 4 ay sonra 2018-ci il fevralın 15-də Təbrizin Mərkəzi Zindanından azadlığa buraxılıb.

Gunaz.tv