Sevgiyə çatması dilə bağlıdır... Güney Azərbaycan

Sevgiyə çatması dilə bağlıdır...

Yəhya Şeydanın, Əli Şərif Dilcuyi Adsızın şeirləri haqqında

Güney Azərbaycanın görkəmli şairlərindən olan Yəhya Şey¬danın yaradıcılığının əsas qollarından birini qəzəl janrı təşkil edir. Onun çoxlu sayda aşiqanə, həkimanə, ibrətamiz, tərbiyəvi əhəmiyyətə malik olan qəzəlləri vardır. Yəhya Şeydanın qəzəl yaradıcılığında məziyyətlər əsasən ondan ibarətdir ki, o poetik bir fikri, əhvali-ruhuyyəni hamıya çatdırmaq üçün əruzun daha canlı, daha oynaq bəhrlərini seçir.
Qəzəlin təsirli olmasında, yadda qalmasında, beytlər arasında fikirdən doğan vəhdətdə, məntiqi bağlılıqla rədifin poetik ünsür kimi çox əhəmiyyəti var. Qafiyəni müşayiət edən, misralardakı fikrin məzmunundan çıxaraq bədii vurğunu daha gücləndirən rədif, şeirin, ələlxüsus da qəzəlin yaraşığıdır. Rədif Yəhya Şey¬danın qəzəllərinə xoş, nikbin, həyata, insana, onun məhəbbətinə, real, canlı şairanə münasi¬bətdən doğan bir əhvali-ruhiyyə verir:

Əsər qalmaz kədərdən sən kimi canan olan yerdə,
Qaçar zülmət, bu aydındır günəş taban olan yerdə.
Gədayi-dərgahəm, qovma qapından aşiqi-zarı,
Məgər olmaz fəqir, ey şəhriyar, ehsan olan yerdə.
Bəşər daim çəkir zillət, görə gör yoxdu hürriyyət,
Olar avarə Məcnun tək cahanda xan olan yerdə.
Dünən bu nəğməni bülbül oxurdu gül budağında,
Dolanmaq müşkül işdir, milləti nadan olan yerdə.
Əsər yarpaq kimi zalım, olar pünhan xəcalətdən,
Cəzası ədlilə daim onun divan olan yerdə.
Mənim şuridə bülbül tək məkanım Azəristandır,
Züleyxayə nə hacət Yusifi-Kənan olan yerdə.
Demə mümkün deyil bir an cəhalətdən kənar olmaq,
Cəhalət riştəsini qırmaq olar, ürfan olan yerdə.
Gərək nahəqqə ədlilə cahanda eyləmək üsyan,
Uçar zülmün binası ədlilə divan olan yerdə.

Yəhya Şeydanın klassik ənənəni saxlamaqla bərabər orijinal¬lı¬ğı qəzəl ədəbi növünün sadə, asan anlaşılan, yaxşı yadda qalan xalq ifadə tərzinə yaxın olmasıdır:

Neyləmişdim sənə mən, ey məhi-təban de görüm,
Başladın aşiqi zar ilə bu cəngi-cədəli.
Xəncəri-naz çəkib aşiqi öldürmə daha,
Sülb olub tabü təvanım səni bir an görəli.
Kirpigin ox kimi daim vururi qəlbimə tir,
Ey kamandar, nədir niyyətinin mahisəli?!
Oxlasa qəlbimi gər navəgi-dilduzi fəraq,
Şadəm ömrüm gözəlim, yetsə səninlə əcəli.
Mən sənin eşqinə pabənd olalı Məcnunəm,
Odur Leyli deyərək seyr edirəm mən cəbəli.
Eşqin aləmdə pozulmaz gedə gər mal ilə can,
Bir binadır bu məhəbbət ki, onun yox xələli.
Əhd qılmışdı ki, Şeyda qəzəli tərk eləyə,
Səni görcək alışıb yazdı bu şirin qəzəli.

İstər Quzey Azərbaycanda, istərsə də Güney Azərbaycanda qəzəl yazan şairlərin arasında elə birisini tapmaq olmaz ki, dahi Füzuliyə nəzirə yazmasın. Urmiyada anadan olmuş, artıq on dörd yaşında ikən şairliyə başlamış, satirik şeirlərini "Bağçadan baxan" və "Mizraq" təxəllüsü ilə yazan Əli Şərif Dilcuyi Adsız Füzuliyə nəzirə-parodiya yazmaqla ad çıxarıb. Füzuli sənətinin ideya-forma sərvətindən bəhrələnən şair klassik lirik və romantik şeirin sınaqdan çıxan bədii nüfuz və enerji ehtiyatını bilavasitə satiranın xidmətinə səfərbər edib:

Məndə Çingizdən füzun zalimlik istedadı var,
Zalimi-sadiq mənəm, Çingizin ancaq adı var.
Millərin kəsdim dilin, qoydum açılmış ovcuna,
Ol səbəbdən ağlayar, bizdən dili-naşadı var..
Cümlə dostlar sahibüm təkrümi şökət olduqlar,
Hər birin şəkliz deyil, dörd-beş dənə arvadı var.
Biz də aşiq olmuşuq pulə, vurulduq şöhrətə,
"Leylinin məcnunu, Şirinin əgər Fərhadı var".
Küfrə uymuşlar deyirlər dalımızca çoxlu söz,
Sanmayın ol sözlərin bir zərrəcə bünyadı var.
Ad qoyurlar müftəxor, ya bizlərə işçinüma,
İşçi cürət eyləməz, ta biz təkin səyyadı var.

Poeziyada xalq adət-ənənələri yalnız dövrün mübarizəsi və ruhi ilə bağlı olan, siyasi-ictimai hadisələri və xalqın məişətini əks etdirən əsərlərlə meydana çıxmır. Çoxlu əxlaqi-tərbiyəvi, hikmətamiz və fəlsəfi əsərlərdə xalq adət-ənənələri istiqamət¬ve¬rici rol oynayır. Azərbaycan ədəbiyyatında isə xalq adət-ənənələri ümumiyyətlə, daima aparıcı xətt olmuş və hər zaman yeni key¬fiyyətlər kəsb etmişdir. Bu keyfiyyətlər isə əsasən həyata daha dərindən nüfuz etmək, xalqın taleyi və gələcəyi üçün həlledici olan məsələlərlə uğraşmaq, xalqın hər bir üzvündə vətəndaşlıq duyğuları oyatmaqdan ibarətdir. Xalqın mə¬dəniyyəti, mənəviyyatı, tarixi, təfəkkürü, təbiəti, hiss və duyğuları onun adət və ənənələrində əks olunub. Poeziya bu mə¬nada nüfuzedici, tez anladıcı bir vasitə olub. Məsələn, Molla Pənah Vaqifin dövrünə, xalqımızın o zamankı düşüncə tərzinə, eyni zamanda adət və ənənələrinə bələd olmaq üçün məhz Vaqifin özünün bədii irsini, yaradıcılığını, poeziyasını nəzərdən keçirmək lazımdır. Şübhəsiz ki, şairin şeirləri bizə hər bir tarix kitabından qat-qat çox bu barədə məlumat verəcək.
Poeziya həm də xalqın yaddaşının ötürücüsüdür. Dil-ağız şeirinin isə burda xüsusi rolu vardır. Çünki poeziyanın bünövrəsi dil-ağız şeiri ilə qoyulub, sonradan yazılı poeziya meydana gəlib. Lakin şifahi xalq ədəbiyyatı yenə də mövcuddur. Babalarımız, nənələrimiz, ağsaqqalarımız, ağbirçəklərimiz hələ də kağızsız, kitabsız, dəftərsiz ağzını bayatı, qoşma, gəraylı, təcnislə açır. Çünki bunlar hamısı nəsildən-nəslə ötürülüb.
Güney Azərbaycan poeziyasında xalq adət-ənənələrinin bədii əksi daim aparıcı mövqedə olub və indi də be¬lədir. Zaman-zaman Güney Azərbaycan şeirinin mündəricəsi dəyişsə də, forması, obrazlı dili, bədii üsulları şəkildən şəklə düş¬sə də, xalq adət-ənənələri heç vaxt bu poeziyadan kənarda qalmayıb:

Bu bağçada aş təpəsi dərərdik,
Hey su açıb gərdiyə göz dikərdik.
Çıxmaq həmin dərib aşa tökərdik,
Fınqılışlar qaşıqlardan aslanı,
Yağlı desəm, quru ağzın islanı.

Bu döşlərdə quzuları yayardıq,
Axmasınlar ulduz təkin, sayardıq,
Quşqqovanı çəkib daşa dayardıq,
Quqovan da elə bil ki, qabandı.
Qurd uzaqdan deyər bəs ki, çobandı.

1950-1980-ci illərdə Güney Azərbaycan şeirinin yalnız məz¬munu, mündəricəsi dəyişmədi, onun forması da, bədii üsul¬ları da, obrazlı dili də böyük dəyişikliyə uğradı, şeirin vəzni əsasən klassik ölçüləri saxlasa da, daxilən daha oynaq, daha dinamik şəkil aldı. Bunu dahi şair Şəhriyarın şeirlərində aydın şəkildə görmək olur. Yeni mövzu mündəricəsi bu illərdə Güney Azərbaycan poe¬ziyasına vüsət verməli, dilinin və obrazlı ifadələrinin məhəlləçilik ünsürlərindən daha artıq təmizlənməsinə, ümumxalq ədəbi dili normalarıəna daha artıq yaxınlaşmasına kömək etməli idi.
Yeni mündəricə, yeni məzmun artıq yalnız tərənnümçülük şəklində əks olunmurdu və oluna da bilməzdi. Belə olsaydı, ri¬to¬rikadan, quru sözçülükdən yaxa qurtarmaq mümkün olmaya¬caq¬dı. Bu səbəbdən o dövrün şairləri neqativ halları, xalqa yuxarıdan aşağı baxanları, vətən xainlərini əvvəlkilərdən daha çox ifşa et¬mə¬yə, tənqid atəşinə tutmağa başladılar. Əlbəttə, hər şey ənənə çər¬çivəsində idi. Onlar yeni mündəricə seçsələr də, xalq yara¬dıcılığı ənənələrini saxlamışdılar və sadəcə olaraq ona yeni for¬malar vermişdilər. Belə ki, bu daim poeziyanın zamanın nəbzini tutmaq, xalqın istəklərini dəqiq və dürüst açıb göstərmək, xalqa olan təzyiqi poeziya dili ilə bəyan eləmək baxımından vacib idi.
Bu dövrdə, xüsusilə də 70-ci illərdə inqilabi coşğunluğun art¬dı¬ğı, şahlıq rejiminə qarşı silahlı üsyanlar başladığı bir zamanda, xalqın şahın buxovlarından azad olacağının duyulduğu dövrdə Güney Azərbaycan şairləri xalqa daha artıq yaxınlaşdılar və xalqın həyatı, gündəlik mübarizsəi ilə qaynayıb-qarışdılar. Artıq Güney Azərbaycan poeziyasının tematik dairəsi də çox ge¬nişlənmişdi. O, yalnız Güney Azərbaycan xalqının mü¬barizə pa¬fo¬sunu deyil, xarici ölkələrdə imperializm boyundu¬ruğunu birdə¬fəlik üzərindən atıb milli istiqlaliyyət və azadlıq yoluna çıxan xalqların da mübarizəsini də tərənnüm edirdi. Hələ çox gənc olan Adsız (Əli Şərif Dilcuyi) mətnaltı ifadələrlə xalqı mübarizəyə səsləyirdi:

Yankilərə lərzə salan,
Xalqın gücünə arxalan!
Alqış sənə, alqış sənə,
Həqq söyləyən, həqqin alan,
Əlsalvador.

Qızğın döyüşlər çağıdır,
Zülmün evini dağıdır,
Amerikanı xirtəkləyən,
Qartalların caynağıdır
Əlsalvador.

Aldı qabar əllər tüfəng,
Başlandı bir insani cəng.
Bil ki, zora dərmandı zor,
Dünya dənizində nəhəng
Əlsalvador.

Dilcuyinin bir çox şeirləri dərin mənalar kəsb edən aforizm¬lərlə zəngindir:

Quru budağıma qon, ay bülbülüm,
Demə: sona bülbül gölə bağlıdır.
Bu kiçik damladan gen gəzmə sonam,
Demə: gözəl sona gölə bağlıdır.

Söz bir dərin qabdır, mənalar dərin,
Dərinə get daim varsa hünərin.
Gəl ki, qoşa gəzək fikir çöllərin,
Bu məcnun ürəyim çölə bağlıdır.

Millətin fikrini sən bir zəmi san,
Bu zəmiyə dili sən bel kimi qan.
Bel bir fəsilədir mən sənə qurban,
Zəminin məhsulu belə bağlıdır.

Bax! Yer barlı olmaz, əgər sürməsən,
Torpağı boşlasan, daş olar qat-qat.
Təzə fikirləri sən cütə bənzət,
Bu cüt dil adlı bir kələ bağlıdır.

Elimin, xalqımın min nisgili var,
"Yaxşı həyat" adlı bir sevgili var,
İllər tapdalanmış zəngin dili var,
Sevgiyə çatması dilə bağlıdır.

Xalq həyatına çox yaxşı bələd olan şair, şifahi xalq ədəbiyyatı¬nın bədii fikir qaynaqlarını da çox gözəl bilir. Odur ki, bu şeirdə də şair başqa şeirlərində olduğu kimi başqalarının görə bilmədiyi mətləbləri şairanə idrakla poeziya dilinə çevirə bilib. Dilcuyi keç¬mişi də, bu günü də düşünəndə ona yalnız şair qəlbi ilə yox, tə¬fəkkür gözü ilə baxır, odur ki, hadisələrə bədii-fəlsəfi baxışı aparıcı mövqedə durur. Bu şeirin ideya-bədii qaynağı xalqın taleyidir.
Məlumdur ki, cüt sürmək, torpağı belləmək ta qədimlərdən ənənəyə çevrilib. Çünki torpaq şumlanmasa, yumşaldılmasa, şübhəsiz ki, ondan məhsul götürmək gülünc bir şey olar. Şair şeirə fəlsəfi məna verərək, millətin fikrini bir zəmi, zəminin məhsulunun yetişməsi üçün isə belə, yəni doğma dilə bağlı olduğunu poetik duyğu və hisslərlə əsl sənət dilinə çevirərək bəyan edir. Şair burda kənd təsərrüfatı alətlərini, eyni zamanda şum zamanı kəllərdən istifadə edilməsini göstərir, həm də hik¬mətli aforizmlərlə doğma Azərbaycan dilini qorumağı oxucusuna tövsiyə edir. Dilcuyinin poeziyası həm mövzu, həm mündəricə etibarilə zən¬gin və dolğundur. Vacib fikirləri tərənnüm edən şairin yara¬dıcılı¬ğının tükənməz həyat qüvvvəsi xalq həyatı ilə sıx təmasda, xalqın arzu və düşüncələrinə qırılmaz surətdə bağlı olmasındadır. Xalqımızın zəngin mənəviyyatı, əxlaqi gözəlliyi, yaradıcı əməyi, istək və arzuları, qaynar və mənalı həyatı özü-özlüyündə poeziya mənbəyidir. Lakin bununla belə şairin poeziyası bəşəri duyğularla, bəşəri hisslərlə də köklənib.

Vüqar Əhməd,
professor