Dilim türki, sözüm sadə... Güney Azərbaycan

Dilim türki, sözüm sadə...

M.Ə.Möcüzün, S.Ə.Gilaninin, N.Səlmasinin, F.Təbrizinin, M.C.Bağçabanın yaradıcılığı haqqında

XX yüzilliyin əvvəllərində Azərbaycanda oyanış, intibah, milli özünüdərk sayəsində istər Quzey, istərsə də Güney Azərbaycanın ictimai-siyasi həyatında bir sıra yeniliklər meydana çıxdı. Azərbaycanın hər iki tayında azadlıq hərəkatı geniş vüsət aldı, ən əsası yeni ideyaların rəvac tapmasına, yayılmasına imkan və şərait yarandı. Siyasi həyatda baş verən yeniliklər, təbii olaraq ədəbi aləmdə də əksini tapdı, milli şüur və düşüncədə bir canlanma hiss edilməyə başlandı. Özündən əvvəlki ədəbiyyatla müqayisədə daha inqilabi-demokratik və eyni zamanda milli dəyərlərə söykənən bir ədəbiyyatın yaranmasına tarixi zəmin yarandı ki, bunların hamısı zamanın tələbi, Rusiyada və İranda baş verən hadisələrin ədəbi mühitdə yaratdığı təbəddülatların labüd nəticəsi idi. Ədəbiyyatın mövzu və mündəricəsində baş verən dəyişmələr onu xalqa daha çox yaxınlaşmağa, xalq ruhunun tərcümanı olmağa vadar etdi.
Quzey Azərbaycanda nəşr olunan "Həyat", "Molla Nəsrəddin", "Füyuzat", "Tərəqq", "İrşad", "İttifaq", "Açıq söz", Güney Azərbaycanda çıxan "Azərbaycan", "Mədəniyyət", "Fəryad", "Səhənd", "Təcəddüd" və s. bu kimi mətbuat orqanlarında dərc olunan yazıların əksəriyyətində ikili taleyi ilə barışmaq istəməyən Azərbaycanın acı-ağrıları, camaatın zehniyyətində yuva qurmuş elmsizlik, xalqın düçar olduğu səfalət başlıca müzakirə obyektinə çevrildi. C.Məmmədquluzadə, Ə.Hüseynzadə, M.Hadi, Ü.Hacıbəyli, N.Nərimanov, H.Vəzirov, Ə.Səfərov, S.Səlmasi, S.Ə.Gilani, S.M.Qənizadə və bir çox başqa müəlliflərin əsərlərində Azərbaycan xalqının düçar olduğu müsibətlər, bu müsibətlərdən qurtulmağın yolları barədə düşüncələr geniş şəkildə təbliğ olunmağa başladı. Həmin illər Quzey Azərbaycandakı ədəbi mühit ədəbiyyatşünaslıqda kifayət qədər araşdırıldığından biz əsasən Güney Azərbaycan yazarlarının əsərlərinə müraciət etməklə kifayətlənəcəyik.
Bu dövrün ədəbiyyatında özünü göstərən ən ümdə keyfiyyətlərdən biri qələm sahiblərinin bir çoxunun eyni zamanda əldə silah daxili və xarici irticaya qarşı döyüş meydanına atılması ilə müşahidə olunurdu ki, bu da ədəbiyyata döyüşkən ruh, mübarizə əzmi gətirir, bədii sözün kəsərini daha da artırırdı. Zəmanəyə meydan oxumaq, azadlıq eşqi, gələcəyə inam tədricən ədəbiyyatın, xüsusilə poeziyanın baş mövzusuna çevrilirdi. Müəyyən ədəbi təcrübəsi olanların da, yenicə ədəbiyyat cəbhəsinə atılanların da əsərlərində vətən, xalq, millət və onun dili, şərəfli tarixi keçmiş və hazırkı əzici mühit tərənnüm və təsvir olunur, bir sözlə, ədəbiyyat zamanla nəfəs alırdı.
XX əsrin əvvəllərində yazıb-yaradan Güney Azərbaycan yazarlarının əksəriyyəti əsərlərini əsasən fars dilində yazsalar da, ruh etibarı ilə onların yaradıcılığı tamamilə milli idi və azadlıq məfkurəsinə söykənmişdi. S.Ə.Gilaninin "Zəfər təranəsi", "Ey vay, Vətən vay", "Laylay", "Təsnif", C.Xamneinin "Vətən", "Ümid fəlsəfəsi", F.Təbrizinin "Marş" şeirlərində əsas ideya şübhəsiz ki, hüquqları tapdanılan Azərbaycan xalqının gələcəyə ümid dolu arzu və diləklərini vəsf etməkdən ibarət idi.
Həmin illərdə ədəbi fəaliyyətə başlayan M.Qənizadə həm publisistik, həm də poetik əsərlərində azadlıq carçısı kimi çıxış edir, insanları əzab, işgəncə və s. bu kimi qeyri-insani üsullarla əzən quruluşa qarşı etiraz səsini açıq şəkildə bildirməkdən çəkinmirdi. Şeirlərinin kiçik bir qismi əldə olan Nimtac xanım Səlmasinin "Qadınların kişilərə xitabı", "Tehrana xitab" adlı şeirləri həmin illərin əhvali-ruhiyyəsini öyrənmək baxımından xarakterikdir. İkinci şeiri qeydsiz-şərtsiz əyalətlərin mərkəzi hökumətə protesti də adlandırmaq olar. Bu dövr ədəbiyyatını Mirzə Əli Mözüzsüz təsəvvür etmək çətindir. Əsərlərini doğma Azərbaycan türkcəsində yazan, "mən xalqımı Sabir kimi oyadacağam"-deyən M.Ə.Möcüz Yaxın Şərq və Azərbaycan ədəbiyyatının mütərəqqi ənənələri zəminində yetişən və onu tamamilə yeni ədəbi-estetik keyfiyyətlərlə zənginləşdirilən novator şairdir. Onun satira estetikası Güney Azərbaycan ədəbiyyatında orijinal mərhələ təşkil edir.
Güney Azərbaycanda Sabir ədəbi üslubunu məharətlə, özünəməxsus tərzdə davam etdirən və ölümündən sonra bir məktəb yaradan Möcüz poeziyasında iki istiqamət özünü göstərməkdədir: ciddi, qismən də lirikadan ibarət olan şeirlər və satirik-yumorist şeirlər. Mövzu və forma müxtəlifliyinə baxmayaraq, Möcüz şeirlərinin demək olar, hamısında maarifi, mədəniyyəti və azadlıq ideyalarını təbliğ edir, elmsizlik, cəhalət və insanı əzən zəmanədən, onun dövlət sistemi və qanunlarından acı-acı şikayətlənirdi. Böyük lirik və satirik olan Möcüz gerilikdən və əsarətdən qurtulmağın çarələri sırasında elmə, maarifə yiyələnməyi ən ümdə vəzifələrdən biri hesab edərək məşhur "Vətən" rədifli şeirində yazırdı:

Nə yatıbsan, ayıl, ey milləti-biçarə, ayıl,
Satır axır vətəni düşmənə əyani-vətən!
Əcnəbi mülkü dolub bisərü pa millətlə,
Niyə, ya rəb, belə xar oldu əzizani-vətən!
Düşmən elm ilə bizi eylədi həmmal özünə,
Kim zəlil etdi bizi? Cəhl! A müsəlmani-vətən!
Verəlim əl-ələ, təhsilü kəmal eyləyəlim,
Xabi-qəflətdən ayılsın gərək ixvani-vətən!

Sözün, qələmin qüdrətinə dərin inam bəsləyən Möcüz qarşısına belə bir müqəddəs vəzifə qoymuşdu: xalqı cəhalət yuxusundan oyatmaq! "Dilim türki, sözüm sadə, özüm səhbayə dildadə"-deyən Möcüz poeziyasının baş, əbədi və əzəli mövzusu vətən və millətin taleyi məsələsidir. Qalan bütün şairanə hiss və həyəcanlar, ricətlər bu mövzu ətrafında cərəyan edir. Möcüzə görə xalqın rəzalətə düçar olmasının səbəbi mütiliyin törətdiyi istibdad, qayğısızlıq və bundan doğan səfalətdir. Şairin qənaətinə görə, "Əyani-vətən"in xəyanəti ucbatından vətən düşmən tapdağına çevrilib demokratik idarəçilik prinsiplərinin yoxluğu, şah və məmurlarının hər cür nəzarətdən kənarda qalıb hakimi-mütləq olmaları ölkəni inkişafdan saxlayıb, geniş xalq kütləsi aclığa, üzücü əzab-əziyyətə məhkum edilib. "Molla Nəsrəddin" ədəbi məktəbinin tanınmış simalarından olan, bəzi mənbələrə görə M.Ə.Sabirin təklifi ilə, bəzilərinə görə Bakıda hamballıq etməsi ilə bağlı özünə "Hammal" təxəllüsü seçən Bayraməli Abbaszadə şeirlərinin baş qəhrəmanı ehtiyac qurbanı olan və bu səbəbdən də elindən, yurd-yuvasından didərgin düşən güneyli azərbaycanlılardır ki, şair çox vaxt bunları iranlı kimi qələmə verir.
Şeirlərini "Molla Nəsrəddin" və onun təsiri ilə çıxan satirik jurnallarında çap etdirən B.Abbaszadə əsasən, Quzey Azərbaycanda yaşayıb-yaratsa da, yaradıcılığında Güney və İran mövzusu mühüm yer tutur ki, bu da səbəbsiz deyil. Çünki o, Güney Azərbaycan milli-azadlıq hərəkatının bilavasitə iştirakçısı olmuş, xalqın səadəti uğrunda şəhid olmağı özünün idealı elan etmişdi. Vətən, yurd həsrəti, güneylilərin acınacaqlı taleyini düşünmək, onların tapdanmış hüquqlarını cəsarətlə müdafiə etmək B.Abbaszadə şeirinin baş, aparıcı xəttini təşkil edir. Şairin "Məşrutə", "İranlıların naləsi", "İranlı olmasaydı", "Keçər gedər", "Gözün aydın", "Hər yana baxıram" və s. bu kimi əsərlərində xalqın, ölkənin ümumi mədəni-siyasi vəziyyəti real şəkildə satirik və yumoristik boyalarla əks etdirilir. Vətən, ailə-uşaq həsrəti ilə qəlbi alışıb-yanan, diyarbədiyar gəzib hamballıq, əkinçilik, biçinçilik, çobanlıq, fəhləlik edən Güney zəhmətkeşinin arzu və istəkləri, acı fəryadları B.Abbaszadə satirasının başlıca mövzuları sırasında özünə yer alır. B.Abbaszadə poeziyasında bədii ümumiləşdirmə, adi əhvalatlarda böyük həqiqətləri göstərmə və həyati problemə toxunmaq meyli çox güclüdür.
B.Abbaszadə satiraları ilə vətənin, millətin halına ağlasa da, onda gələcəyə, xalqının mübarizə əzminə böyük inam var. O, əmindir ki, Səttarxan və Bağırxanın varisləri azadlıq uğrunda mübarizədə son məqsədə çatmaq üçün yenə silaha sarılacaq, istismar dünyasının daşını daş üstə qoymayacaqlar. Şərqin əzilən kütlələrini mübarizəyə çağıran, təsirli şeirləri ilə onların azadlıq eşqini alovlandırmağa çalışan şair əsərlərində bunları qeyd edirdi. İlk satirik əsərlərini məşhur "Molla Nəsrəddin" məcmuəsində dərc etdirən M.C.Əsgərzadə Bağçaban həm tanınmış maarif xadimi, həm də qələm sahibi kimi xalqına xidmət edib.
Yalançı, xalqı aldadıb, gözlərini yaşardıb ciblərini soymağı özlərinə peşə etmiş mollaların tənqidi M.Ə.Bağçaban satirasının baş mövzularındandır. Şairin "Təfaxir", "Bir şeyxin naləsi", "Mazaq", "Molla və hörümçək", "Kişmiş və molla", "Təbriknamə", "Qismət qazanır", "Turşulu aş" sərlövhəli şerlərində bu hiss çox güclüdür. C.Ə.Bağçabanın satirik ruhlu şeirlərində ev-eşik qayğısı çəkməyən, ailəsindən kənarda gününü xoş keçirməyi özlərinə adət etmiş kişilərin ("Başı batmış kişi"), "Çünki Əzrail ilə dostluq qatıb, qardaş olub, Qəbzi-ruh etməkdə Əzrailə fürsət verməyən" həkimlərin ("Şıllax"), "Öz bəbəyindəki tiri qılca görməyən, başqasının gözündəki qıldan dirək düzəldən" qəzetçilərin ("Çıxır"), milləti maarifdən, sənayedən uzaqlaşdıran, onları məscidə sürükləyən, cənnət xülyası ilə yaşamağa sövq edənlərin ("İsfahanlı oğlu deyir"), bir-birinin qanına susamış müsəlman qardaşların ("Qan eyləyir"), tiryək düşkünlərinin ("Tiryakilərə sər səlaməti") parlaq bədii obrazları yaradılıb.
İranda "ədəbi təcəddüd", "ədəbi-inqilab" prosesinə ciddi təsir edən, demokratik ədəbiyyatda yeni şeirin (şere-nov) əsasını qoyanlardan biri olan Tağı Rüfət Təbrizi Ş.M.Xiyabaninin redaktorluğu ilə çıxan "Təcəddüd" qəzeti ilə əməkdaşlıq edir, sonra isə qəzetin baş katibi vəzifəsində çalışır. Xiyabani hərəkatı zamanı onun köməkçisi və həmkarı olan Tağı Rüfət "Təcəddüd"lə yanaşı, "Azadistan" jurnalında da açıq imzası və ya "Femina" təxəllüsü ilə çıxış edir, yeniliyi qəbul etməyən mühafizəkarlara, xüsusən Məhəmməd Tağı Baharın redaktoru olduğu "Daneşkədə" məcmuəsinin liberal mövqeyinə qarşı kəskin mübarizə aparır. İstər şeir, istərsə də məqalələrində yeniləşmə tərəfdarı olan müəllif Təbrizdə farsca çap etdirdiyi "Azadistan" jurnalının 1920-ci il nömrələrindən birində yazırdı: "Bu, açıq və aydın bir həqiqətdir ki, yeni fikir və yeni hisslər ədəbiyyatda da yeniləşmə tələb edir. Daha doğrusu, ədəbi yeniləşmə, yəni təfəkkür və bəyan tərzində yeniləşmə fikirlərin və hisslərin yeniliyini göstərən yeganə sübutdur".

İslam Qəribli,
filologiya üzrə fəlsəfə doktoru