
Səid Şirzad, Həmid Babayi və Məsud Ərəbçubdar Tehranın Evin zindanından Kərəcin Rəcayişəhr zindanına sürgün edilib.
Fevralın 16-da (bəhmənin 27-də) Evin zindanının 8-ci bölümünün (bənd) məhbusları isti paltarsız və məcburi bir şəkildə tənəffüsə çıxarılıb. Soyuq havada məcburi tənəffüsə çıxarılan məhbuslar etiraz edib və bu etirazın nəticəsində 8 məhbus təknəfərlik məhbəsə köçürülüb. Sözü gedən 8 məhbus köçürüldükləri məhbəslərdə aclıq aksiyasına başlayıb.
Fevralın 17-də (bəhmənin 28-də) 8 məhbusdan 3-ü Rəcayişəhr zindanına intiqal edilib.
Səid Şirzad, Həmid Babayi və Məsud Ərəbçubdar hazırda Rəcayişəhr zindanında aclıq aksiyalarını davam etdirir. "Herana" xəbər verir ki, məhbuslar intiqal edilərkən S.Şirzadla bədrəftarlıq olunub, o məmurlar tərəfindən döyülüb.
Qeyd edək ki, S.Şirzad 2014-cü il iyunun 2-də (xordadın 12-də) Təbrizdə öz iş yerində təhlükəsizlik qüvvələri tərəfindən tutuqlanıb. Fəal qısa müddət sonra Tehranın Evin zindanına intiqal edilib. O 2012-ci il avqustun 21-də (1391-ci il mordadın 31-də) Qaradağda baş verən qağıdıcı zəlzələ nəticəsində təbii fəlakətdən zərərçəkənlərə yardım etmək məqsədi ilə Əhər şəhərinə gedib və təhlükəsizlik qüvvələri tərəfindən tutuqlanıb. O 19 gün saxlandıqdan sonra zəmanətə buraxılıb.