“Qəbələ”nin şərəfini qoruyuramsa, bu komanda üçün savaşmalıyam” İdman

“Qəbələ”nin şərəfini qoruyuramsa, bu komanda üçün savaşmalıyam”

"Qəbələ"nin yarımmüdafiəçisi Elvin Məmmədovun apasport.az saytına müsahibəsi
- Qış fasiləsindən sonrakı ilk turu əvəzedicilərin heyətində keçirdiniz və "Qarabağ"la görüşdə 2 qol vurdunuz. Əsas komandadan kənarda qalmağınız nə ilə bağlı idi?
- Səbəb o idi ki, baş məşqçi əsas komandada oynamayanları forma yığmaları üçün əvəzedici heyətə göndərmişdi. Başqa bir səbəb yoxdu.
- Baş məşqçinin bu qərarı sizin tam hazır olmamağınızdan xəbər verir?
- Bu sualın cavabını mən verə bilmərəm. Baş məşqçi bəlkə başqa cür fikirləşir. Bunun cavabı ondadı. Mən məşqlərdə əlimdən gəldiyi qədər maksimum gücümlə çalışıram ki, heyətə düşüm. Amma baş məşqçinin necə gördüyünü bilmirəm.
- Milli üzvü və təcrübəli futbolçu kimi prinsipial rəqiblə oyunu buraxıb, əvəzedici heyətdə çıxış etməyin psixoloji cəhətdən mənfi təsiri olmadı?
- Xeyr. Futbolda hər şey olur. Bu gün oynayıb, sabah kənarda qala bilərsən. Məsələ əvəzedicidə oynamaq və ya ora getməyi istəməməkdə deyil. Bizim də, "Qarabağ"ın da əsas komandasının bir neçə oyunçusu əvəzedicilərin görüşündə iştirak edirdilər. Həmçinin əvəzedicinin bir neçə üzvü əsas komandada məşq edir. Burda utanmalı bir şey yoxdu. Bu, bizim işimizdi.
- Premyer Liqanın XVI turunda "Zirə" ilə qarşılaşacaqsınız. Hər halda komandaların turnir cədvəlindəki mövqeyi bizi maraqlı mübarizənin gözlədiyindən xəbər verir...
- "Zirə" amili bizim üçün çox önəmlidi. Çünki bu komandalar 2-ci yer uğrunda mübarizə içindədilər. Eyni hədəfi olan kollektivlərdi. Bizim üçün 3 xallıq oyundu. Düzdü, "Zirə"nin çox yaxşı, mübarizə aparan kollektivi var. Amma istənilən halda, meydana qələbə üçün çıxacağıq. Məqsədimiz bu görüşdən sonra 2-ci pillədəki mövqeyimizi möhkəmlətməkdi.
- Sizdə sabiq komandanıza qarşı xüsusi motivasiya varmı?
- Hər oyuna xüsusi motivasiya ilə hazırlaşıram. Bu gün "Qəbələ"nin şərəfini qoruyuramsa, burda pul qazanıramsa, bu komanda üçün "savaşmalıyam". Peşəkarlıq bunu tələb edir. Heç bir rəqibə fərqli gözlə yanaşmıram. Çempionat uzun marafondu. Hər matça 3 xal qazanmaq üçün çıxırıqsa, deməli, bütün rəqiblərə qarşı böyük məsuliyyətlə hazırlaşmalıyıq.
- Ötən turda "Qarabağ"a qarşı sərgilənən oyun göstərdi ki, çempionluq şansınız o qədər də yüksək deyil. Necə düşünürsünüz, "Qarabağ"ı üstələmək indiki vəziyyətdə mümkündümü?
- Əlbəttə ki, çox çətindi. Amma futbolda hər şey mümkündü. Qış fasiləsindən sonra ilk oyunumuz olduğu üçün istədiyimiz kimi alınmadı. Fasilədən sonrakı birinci görüş həmişə çətin olur. Məqsədimiz növbəti turda "Zirə"yə qalib gəlib, çempionluq uğrunda mübarizəni davam etdirməkdi. 6 xallıq fərq futbolda böyükdü. Amma bu o demək deyil ki, rəqibimiz bundan sonrakı bütün matçlarda qələbə qazanacaq. Əgər biz ardıcıl qələbələr qazansaq, rəqiblərimiz də xal itirmiş olacaqlar.
- Ölkə kubokunun yarımfinalında "Neftçi" ilə qarşılaşacaqsınız. Ordakı şansınızı necə dəyərləndirirsiniz?
- Kubokda autsayder-lider anlayışı olmur. Burdakı matçlara bütün komandalar fərqli motivasiyada hazırlaşırlar. Hamı bilir ki, bura Avropaya yollanmaq baxımından ən qısa yoldu. Bu üzdən hər kəs bütün gücünü ortaya qoyur. Mən yarımfinala adlayan 4 komandanın da eyni şansa malik olduğunu düşünürəm.
- Klubla müqavilə müddətiniz mövsümün sonuna qədərdi. Gələcəyinizlə bağlı bir qərara gəlmisinizmi?
- Bu barədə heç fikirləşmirəm də. İnşallah, "Qəbələ"də qalıb, həm çempion olmaq, həm də kuboku qazanmaq istəyirəm. Mövsümün sonunda bu məsələyə baxacağıq. İstəsələr qalacam, istəməsələr yeni komanda tapacam.
- Belə çıxır ki, rəhbərliyin qərarından asılı olacaq?
- Həm rəhbərlik, həm məşqçi amili var. Bir qədər gözləmək lazımdı. Çempionatda ikinci yarı hələ yeni başlayır. İndi yalnız çempionatda və kubokda maksimum nəticə qazanmaq barədə düşünürük.