Nəhs oyun: minimum 2 qol?! İdman

Nəhs oyun: minimum 2 qol?!

Azərbaycan Premyer Liqasının XXII turunun "Neftçi" və "Sumqayıt" arasında böyük maraq kəsb edən oyunu Əliyar Ağayev üçün nəhs xarakteri daşıyır. FİFA referisi mövsümdə 13-cü qarşılaşmasını idarə edəcək. O, Premyer Liqanın 3 dövrəsinin 21 turunda 12 dəfə baş hakim olub. Maraqlıdı ki, Ağayevin idarə etdiyi son 6 görüş "qol/qol"la bitib, yəni hər iki komanda fərqlənib. Sonuncu üç görüşdə isə 2:1 hesabına təsadüf olunub. 12 görüşdə meydan sahibləri 5, qonaqlar 6 dəfə qalib gəlibsə, yalnız 1 heç-heçə qeydə alınıb. Həmin görüş də qollu bitdiyindən referi 0:0-a şahid olmayıb. Ümumilikdə isə Ağayev 12 qarşılaşmada 36 qol qeydə alıb. Səfərdə oynayan komandalar daha məhsuldar oynayıb – 19:17.
FİFA hakim 38 sarı vərəqə, 1 qırmızı vərəqə göstərib. Meydan sahibləri 18 xəbərdarlıq alıb ki, onlardan ikisi sonradan qırmızıya çevrilib. Qonaq komandalar isə 20 sarı ilə cəzalanıb. Onun təyin etdiyi yeganə penalti isə sonuncuların lehinə verilən qərardı. Ağayev 4 dəfə "Neftçi", 4 dəfə "Sumqayıt"ın matçında baş hakim kimi meydana çıxıb. "Ağ-qaralar"ın bütün oyunlarında qonaqlar qalib gəlib. Bakılılar "Qarabağ" (1:3), "Zirə" (1:2) və "Qəbələ"yə (2:3) evdə uduzub, səfərdə "Kəpəz"i məğlub edib – 1:0. Paytaxt təmsilçisi 7 sarı, 1 qırmızı və 1 penalti ilə, rəqibləri 5 xəbərdarlıqla cəzalanıb. "Sumqayıt"la Ağayevin yolları kəsişəndə isə qonaqlar qələbəyə həsrət qalır. "Gənclik şəhəri" təmsilçisi evdə "Keşlə"ni 3:1, "Kəpəz"i 2:1 hesabı ilə məğlub edib, səfərdə "Qəbələ"yə 0:1 hesabı ilə uduzub və "Zirə"dən xalla dönüb – 1:1. Sumqayıtlılar 5, rəqibləri 7 sarı vərəqə ilə cəzalanıb.