Nazir: “Futbolçularımıza “Real”ın fəlsəfəsini öyrədirdilər” İdman

Nazir: “Futbolçularımıza “Real”ın fəlsəfəsini öyrədirdilər”

"Bu, "Real" klubu ilə Gənclər və İdman Nazirliyinin birgə layihəsidi və hər iki tərəfdən maliyyələşdirilir". Bu sözləri gənclər və idman naziri Azad Rəhimov deyib. Realmadrid Fondu Azərbaycan sosial futbol məktəbinin açılışı olub. Olimpiya Növləri üzrə Milli Komandalar üçün Təlim-Məşq Mərkəzində baş tutan mərasimdə Realmadrdid Fondunun nümayəndələri – "Real" klubunun elçisi Rikardo Qalleqo və Realmadrid Fondunun Avropa regionu üzrə baş meneceri Elena Fernandez də iştirak edib.
Tədbirdən sonra jurnalistlərin suallarını cavablandıran Azad Rəhimov görülən işlərdən, həmçinin layihənin verdiyi xeyirdən bəhs edib: "Hər iki aydan bir "Real"ın məşqçiləri bura gələrək, həm bizim məşqçilərə seminarlar keçir, həm də uşaqları məşqlərə cəlb edirdilər. Əsasən "Real"ın fəlsəfəsini, hansı üslubda məşqlərin keçirildiyini öyrədirdilər. Bu, dünyanın hər bir ölkəsində qəbul olunan fəlsəfədi. Hesab edirik ki, bizim gənc futbolçularımız və məşqçilərimiz üçün çox vacibdi. İlk növbədə layihə sosial təbəqələrə aid ediləcək. Məcburi köçkünlərin və imkansız ailələrin övladlarının üzünə qapılarımız açıqdı. İkinci vacib məsələ uşaqların futbola cəlb olunmasıdı. Həqiqətən də, futbolun sevilməsi üçün böyük səbəb var. Bu da layihənin ikinci üstün tərəfidi".
Qeyd edək ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə Realmadrid Fondunun birgə layihəsi olan RMF Azərbaycan sosial futbol məktəbi 2013-cü ildən fəaliyyət göstərir. 29 aprel 2013-cü il tarixdə imzalanmış "Əməkdaşlıq Müqaviləsi"nə uyğun olaraq yaradılan məktəb Realmadrid Fondunun MDB məkanında birinci, Avropada 8-ci layihəsi olub. 2013-2017-ci il tədris müddətini əhatə edən ilk mərhələdə görülən işlərin uğurlu olması səbəbindən tərəflər əməkdaşlığı davam etdirmək qərarına gəliblər. Beləliklə, Realmadrid Fondunun Azərbaycan sosial futbol məktəbi növbəti 4 il ərzində ölkədə futbolun inkişafı və kütləviliyinə dəstək verməkdə davam edəcək. Layihənin əsas icraedici tərəfdaşı İnkişaf Naminə İdman İctima Birliyidi.