Bir gündə İŞİD-in 56 üzvü öldürüldü Dünya

Bir gündə İŞİD-in 56 üzvü öldürüldü

ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələrinin aviazərbələri nəticəsində 15 min İŞİD-çi məhv edilib

Cavid

İraqda təhlükəsizlik və beynəlxalq koalisiya qüvvələrinin İŞİD terror təşkilatı ilə mübarizəsi çərçivəsində ölkənin müxtəlif şəhərlərində əməliyyatlar təşkil edilib.
Ötən gün bu əməliyyatlarda 56 yaraqlının öldürüldüyü bildirilib. Samirə şəhərində təhlükəsizlik qüvvələrinin təşkil etdiyi əməliyyatlarda 13 raket, 7 mərmi başlığı, 8 mərmi və müxtəlif partlayıcılar ələ keçirilib. Bu arada İraq prezidentinin köməkçisi Usamə ən-Nuceyfi Türkiyənin İraq səfiri Faruk Qaymaqçını Bağdaddakı ofisində qəbul edib. Nuceyfi Türkiyənin İŞİD terror təşkilatı ilə mübarizəsindəki rolunun önəmli olduğunu bildirib.
Nuceyfinin ofisindən verilən yazılı açıqlamada İŞİD-lə mübarizədə Türkiyənin rolu və bu rolun gücləndirilməsinin əhəmiyyətli olduğu qeyd edilib: "Terror təkcə İraqı deyil, beynəlxalq ictimaiyyəti və humanist dəyərləri də hədəf alır. Bu böyük təhlükəni ortadan qaldırmaq üçün əməkdaşlıq etmək lazımdır".
Türkiyə səfiri də ölkəsinin İŞİD-ə qarşı mübarizəsindəki səyi və terrorun kökünü kəsməyə qarşı işlərdə iştirakını vurğulayıb, həmçinin ölkəsinin yaxın günlərdə İraqa göndərilən suyun miqdarını artıracağını açıqlayıb. Onu da qeyd edək ki, ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələrinin aviazərbələri nəticəsində 15 min İŞİD-çi məhv edilib. Bunu "Əl Arabiya" telekanalına açıqlamasında Amerikanın İraqdakı səfiri Styuart Cons deyib. Onun sözlərinə görə, koalisiya qüvvələri İŞİD-ə qarşı 3 min hərbi uçuş həyata keçirib. Cons İŞİD-in tutduğu rayonlardan məhz hansının daha çox bombardman edildiyini açıqlamayıb.
İŞİD-ın vəhşiliyi isə hələ də davam etməkdədir. Belə ki, xarici medianın məlumatına görə, BMT nümayəndələri bu dəfə terrorçuların uşaqların satış qiymətini müəyyən edə biliblər. Qurumun xüsusi təmsilçisi Zainab Bangura İŞİD-ın seks kölələri üçün hazırladığı qiymət siyahısında 1-9 yaş arası uşqları 165 dollara satıldığını müəyyən edə bilib.
Onun sözlərinə görə, terrorçuların bir çox vəhşilikləri bu siyahıda yer alıb. Bunu onların dünyaya meydan oxuması kimi də qiymətləndirmək olar. Bangura deyib ki, aprel ayında İraqa səfər edib. Bu səfər zamanı qiymət siyahısının işində olan kitabça onun əlinə keçib. Burada yaşı az olan uşaqların daha çox pula getdiyi qeyd edilib. Bundan sonra İordaniya və Türkiyəyə də gedən BMT təmsilçisi siyahının doğruluğunu dəqiqləşdirə bilib.
Ötən həftə Nyu Yorkda açıqlama verən Bangura qız uşaqlarının əşya kimi qapı-qapı gəzdirilərək satıldığını deyib. "Bir qız uşağı 5-6 fərqli kişiyə satıla bilər. Terrorçular qızlarını geri almaq istəyən ailələrdən minlərlə dollar pul tələb edirlər. Terrorçuların avadanlıqları, proqramları, evlilik təşkil edən ofisləri də var".
Siyahıya görə, 1-9 yaş arası uşaqlar 165, yeniyetmələr 124, 20 yaşından böyüklər isə daha az pula satılır.
Uşaqlar və qadınlar əsasən bölgədən xaricdə olan zənginlərə satılır. ABŞ ordusunun Əfqanıstandakı komandiri general Con Kempel deyib ki, İŞİD terror təşkilatı Taliban üzvlərini yüksək miqdarda pul qarşılığında özlərinə cəlb edir: "Əfqanıstanın bəzi bölgələrində ordu Talibana və İŞİD-ə qarşı mübarizə aparır. Lakin İŞİD-in pulu daha çox olduğu üçün Taliban üzvlərini öz tərəfinə çəkə bilir. Eyni zamanda Talibanın lideri Molla Ömərin ölümü təşkilatda mənəvi böhrana səbəb olub və İŞİD-ə qoşulmaları artırıb".
Xatırladaq ki, İŞİD-ın 2014-cü il iyunun 10-da Mosulu və daha sonra bəzi başqa bölgələri ələ keçirməsi ilə başlayan qarşıdurmalar ölkənin müxtəlif şəhərlərində davam edir. İraq ordusu peşmərgə qüvvələri ilə İŞİD-in əlindəki bölgələri geri almaq üçün əməliyyatlar təşkil edir. ABŞ-ın rəhbərliyi ilə yaradılan koalisiya qüvvələri də İraq ordusuna havadan dəstək verir.