Türkiyə ordusu küçə döyüşlərinə hazırlaşır Dünya

Türkiyə ordusu küçə döyüşlərinə hazırlaşır

Türkiyənin cənub-şərq vilayətlərində PKK terror təşkilatının evlərdə silah topladığına dair kəşfiyyat məlumatları Ankaranı hərəkətə keçirib.
Türkiyə mediasının verdiyi xəbərə görə, ehtiyac olduğu halda Boluda yerləşən Bolu Komanda Briqadası şəhərlərə enəcək.
Türkiyə Silahlı Qüvvələrinin Baş qərargahının saytında Türkiyə ordusunun ən seçilmiş güclərindən olan Bolu Komanda Briqadasının təlimlərindən çəkilən fotolar yerləşdirilib. Türkiyə mediasının yazdığına görə, PKK-nın kabusu hesab olunan briqadanın şəhərlərə enməsinə ehtiyac çoxdan yaranıb.
Belə ki, əldə edilən kəşfiyyat məlumatları və rəsmilərin açıqlamaları PKK-nın şəhərlərdə genişmiqyaslı hücuma hazırlaşdığını göstərir. Ceylanpınar bələdiyyə başçısı Menderes Atilla dünən PKK terror təşkilatı ilə bağlı qorxuducu iddialar səsləndirib. Atilla PKK-nın böyük bir hücuma hazırlaşdığını, evlərin zirzəmilərinin silahla dolu olduğunu bildirib: "PKK terror təşkilatı həll müddətindən faydalanaraq şəhərlərdəki gücünü artırıb. Şəhər terrorçuları evlərinə silah-sursat toplayıblar. Böyük bir hücumda istifadə edilməsi üçün nəzərdə tutulub".
PKK-nın Türkiyəyə qarşı qorxunc planları hələ avqust ayının əvvəlində ortaya çıxmışdı. Türkiyə xüsusi xidmət oqranları Şərqi və Cənub-Şərqi Anadoludakı böyük şəhərlərdə küçə döyüşlərinə hazırlıq çərçivəsində PKK-ya yaxın şəxslərin evlərini silah deposuna çevirdiyini üzə çıxarıb. Bu evlərdə ən azı 80 min avtomat yerləşdirilib. Araşdırmalarda terror təşkilatının silahların hansı evlərdə saxlanıldığı və markaları ortaya çıxıb. Silahlar arasında Kalaşnikov, ov tüfəngi və tapança çoxluq təşkil edir. Xüsusilə Hakkari, Şırnak, Ağrı kimi bölgələr və Nuseybin, Cizre, Silopi kimi qəsəbələrdə PKK-nın güclü silahlandığı məlum olub.
Xatırladaq ki, dünən qardaş ölkənin silahlı qüvvələri ağır itki verub.
Hərbçilərin olduğu avtomobil Sirt-Şirvan yolunda PKK terrorçuları tərəfindən basdırılmış minaya düşüb.
Partlayış nəticəsində 8 əsgər şəhid olub.