Rus hakim dairəsinə bağlı mafiya Dünya

Rus hakim dairəsinə bağlı mafiya

Rusiya mafiyasının işini araşdıran İspaniya Baş Prokurorluğu cinayətkar qruplaşma liderləri ilə Rusiya hakimiyyətinin yuxarı dairələri arasında əlaqəni müəyyən edib.
Rusiyanın "Nyu Tayms" jurnalı xəbər verir ki, prokurorluğun ittihamnaməsində Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sankt-Peterburqdan olan müxtəlif cinayətkar qrupların yaradılmasında rolu olduğu bildirib.
Qeyd edək ki, İspaniyada rus mafiyası işi 2008-ci ildən bu yana polis tərəfindən araşdırılır. Bir müddət öncə İspaniya Baş Prokurorluğu bununla əlaqədar sənədləri məhkəməyə təhvil verib. İttihamda Sankt-Peterburqdan olan cinayətkarların adı yer alıb. Onlarla bərabər ittihamnamədə Rusiyanın yüksək çinli məmurlarının da adları var.
Rus mafiyası İspaniyada 1990-cı illərdən fəaliyyət göstərir. Təşkilatın rəhbərləri Aleksandr Malışev və Gennadi Petrov hesab edilir. Məhz bu qruplaşma İspaniyada 90-cı illərdən bu yana rusiyalı məmurların çirkli pullarının yuyulması ilə məşğul olub. Bu işdə isə daha çox saxta daşınmaz əmlak şirkətlərindən istifadə edilib. Petrovun özü 2008-ci ildə İspaniya polisi tərəfindən keçirilən "Troyka" əməliyyatında 20-dən çox qruplaşma üzvü ilə birgə həbs edilib. Həbs edilməzdən öncə qruplaşmanın liderlərinin telefon danışıqları 18 ay gizli dinlənilib. Petrov həbs olunandan qısa müddət sonra ölkəni tərk etməməsi şərti ilə azadlığa buraxılıb, lakin az sonra o, Rusiyaya qaçmağı bacarıb. İspaniyanın dəfələrlə müraciət etməsinə baxmayaraq, Rusiya Daxili İşlər Nazirliyi təqsirkarların öz ərazisində axtarılmasına izn verməyib. Rəsmi Madrid Petrovun indiyə qədər 20 milyon avronu İspaniyadan gizlətməyi bacardığını iddia edir.
Petrovun həmçinin Rusiya Prezidenti Vladimir Putinin dostları hesab edilən Nikolay Şamalov və Yuri Kovalçukla da yaxın münasibətləri olub. 1997-1998-ci illərdə onun sahib olduğu "Rusiya bankı" məhz Şamalovla Kovalçuk tərəfindən yaradılıb.
Lakin siyahı bununla bitmir. İspan prokurorlarının ittiham etdiyi şəxslər siyahısında olan rus deputat Vladislav Reznik təşkilatın Rusiya hakimiyyətinin ən yüksək instansiyaları ilə əlaqələrinə cavabdeh olub. Məhz Reznik sayəsində İlya Traber, keçmiş Müdafiə naziri Anatoli Serdiyuk, keçmiş Baş nazir Viktor Zubkov, keçmiş spiker Boris Qrızlov öz çirkli pullarını İspaniyada leqallaşdırmağı bacarıblar.
İspaniya təşkilatın ən böyük uğurunun Aleksandr Bastrıkinlə bağlı olduğunu bildirib. Polisin apardığı telefon dinləmələrinin birində Rusiya İstintaq Komitəsinin sədri Bastrıkinin keçmiş vəkili (hazırda Rusiya İstintaq Komitəsinin sədr müavini – red.) İqor Sobolevski Petrova müştərisinin təşəkkürünü çatdırır:
"Saşa onun vəzifəyə təyin edilməsinə yardım edən vasitəçiyə təşəkkür edir".
Hələlik vasitəçinin adı bilinmir. Lakin istintaq materiallarında Sobolevskinin məhz Petrov və Reznikin vasitəsilə 2008-ci ildə Bastrıkinə müavin təyin edildiyi yer alıb.
Petrovun Rusiya Narkotiklərin Dövriyyəsinə Nəzarət Federal Xidmətinin sədr müavini general Nikolay Aulovla da geniş əlaqələri varmış. Aulovla əlaqə hələ Rusiya Daxili İşlər Nazirliyinin Mərkəzi Federal Dairəsinin sədri olduğu vaxt yaranıb. General təkcə 18 ay ərzində Petrova 78 dəfə zəng edib. Onun sayəsində Rusiyada Petrova yaxın dairələrə maneə yaradan polislər həbs edilib.
Ən maraqlı məqamlardan biri isə rusiyalı deputat Mixail Monastırskinin ölümü olub. Rusiya mətbuatı Monastırskinin dindirilmə zamanı bu qruplaşmanın KQB və FSB ilə əlaqələrinin olduğunu bildirib. O, dindirilmə zamanı bu sözlərə xüsusi yer ayırıb: "Bu qruplaşmanın təsiri yalnız Putinin prezidentliyi başa çatanda sona yetəcək". Bu sözlərindən az sonra Monastırski təsadüfi qəza nəticəsində həlak olub.
"Rusiya islam aləmini özünə düşmən edəcək"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Qalın Rusiyanın bu gedişlə bütün islam aləmini özünə düşmən edəcəyini bildirib və vəziyyəti "ikinci Əfqanıstan sindromu" kimi dəyərləndirib.
Bu barədə İbrahim Qalın öz Tvitter hesabında yazıb.
Prezident sözçüsü RusiyanınİŞİD-i bəhanə edərək müxalifləri və vətəndaşları vurduğunu bildirib: "Rusların son bir ayda öldürdüyü mülki vətəndaş sayı 500-ü keçib. Rusiyanın qara təbliğatına heç kim inanmır".