Azərbaycan İslam koalisiyasına qoşula bilər Dünya

Azərbaycan İslam koalisiyasına qoşula bilər

Zahid Oruc: "Bu koalisiya İrana, Rusiyaya və Suriya prezidenti Bəşər Əsədə qarşı yaradılır"

Cavid

Qərbin dəstəyi ilə yaradılan "Terrorizmə qarşı İslam koalisiyası"nın tərkibində 3 milyon əsgər xidmət edəcək.
Səudiyyə Ərəbistanın başçılıq etdiyi koalisiyaya 34 ölkə qoşulub. Hərbi koalisiyada 19.471 tank terrorçuluğa qarşı istifadə ediləcək.
İslam İttifaqına Səudiyyə Ərəbistanın ən böyük rəqibi İran, həmçinin İraq və Suriya dəvət olunmayıb. Amma yeni yaradılan ittifaqa Azərbaycanın da daxil olacağı ehtimal edilir. Çünki Azərbaycana bununla bağlı təklif göndərilib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev açıqlamasında bildirib ki, Azərbaycanın "Terrorizmə qarşı İslam koalisiyası"na qoşulmasına dair müzakirələr aparılır.
Belə ittifaqlarda əsas prinsiplərdən biri hədəfə qarşı birlikdə addım atmaqdır. Yəni koalisiya dövlətlərindən hər hansı birinə qarşı təhlükə yaranarsa, bütün ölkələr onu müdafiə edir. Bu təcrübən ABŞ –da 11 sentyabrda baş verən terror hadisəsindən sonra tətbiq edilib. Həmin vaxt ABŞ terror hadisəsini təhlükəsizliyinə qarşı təhdid hesab edərək, məsələni Birləşmiş Millətlər Təşkilatında (BMT) müzakirəyə çıxarmışdı. Həmçinin ABŞ NATO-dakı müttəfiqləri ilə birlikdə terrordan müdafiə adı altında Əfqanıstanı işğal etdi.
Siyasi liderlər çıxışları zamanı terrorun millətinin və dininin olmadığını bildirirlər. Məlumdur ki, Azərbaycan uzun illər erməni terrorundan əziyyət çəkib. Həmçinin hazırda müharibə şəraitində yaşayan dövlətdir. Belə bir şəraitdə yeni Qarabağ müharibəsi başlayarsa, yaradılan koalisiyanın müttəfiq kimi Azərbaycana kömək edib - etməyəcəyi barədə sual ortaya çıxır.
Milli Məclisin Müdafiə, Təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Zahid Oruc bildirdi ki, "Terrorizmə qarşı İslam koalisiyası" nın Dağlıq Qarabağda bizimlə çiyin – çiyinə vuruşacağı real görünmür: "Bu koalisiya İrana, Rusiyaya və Suriya prezidenti Bəşər Əsədə qarşı yaradılır. Müharibə başlayarsa, Türkiyə və Pakistandan başqa heç bir dövlətin Azərbaycanı müdafiə edəcəyi real görünmür. İslam ölkələri heç vaxt güclü bir mərkəz kimi çıxış edə bilməyib".
Z.Oruc bildirdi ki, Azərbaycanın bu koalisiyada iştirakı onun beynəlxalq nüfuzuna zərər gətirə bilər: "Çünki "Terrorizmə qarşı İslam koalisiyası"nda bir müsəlman digərinə qarşı döyüşəcək. Ona görə də, Azərbaycan belə bir koalisiyaya qoşulmamalıdır. Koalisiyanı elan edən dövlətlər kimlə, harda və necə mübarizə aparacaqlarını bilmirlər. Bu səbəbdən "Terrorizmə qarşı İslam koalisiyası" na ümid bağlamaq olmaz".
"Terrorizmə qarşı İslam koalisiyası"na Səudiyyə Ərəbistanı, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Pakistan, Bəhreyn, Banqladeş, Benin, Türkiyə, Çad, Toqo, Tunis, Cibuti, Seneqal, Sudan, Syerra-Leone, Somali, Qabon, Qvineya, Fələstin, Komor adaları, Qətər, Fil Dişi Sahili, Küveyt, Livan, Liviya, Mali, Maldiv adaları, Malayziya, Misir, Mərakeş, Mavritaniya, Niger, Nigeriya və Yəmən daxildir.
Bu dövlətlərin toplaşıb, mübarizə apardığı ən böyük terror təşkilatı isə İŞİD-dir. İraq müharibəsinin qızğın dövründə Anbar, Ninəvə, Diyalə, Babil, Kərkük və Səlahəddin bölgələrində aktivlik göstərən qruplaşma üzvləri 2006-cı ilin 15 oktyabr tarixində paytaxtı Baquba şəhəri olan "İraq İslam Dövləti" adlı dövlət elan etdi. Bu tarixdən etibarən "Mücahidun Şura Konseyi" adı altında toplaşan qruplaşmaların keçirdiyi əməliyyatlar "İraq İslam Dövləti" adıyla keçirilməyə başladı.
İŞİD 2014-cü ilin yanvarında müstəqilliyini, 2014-cü ilin iyununda isə yeni xilafət yarandığını elan edib. Terror təşkilatı əsasən İraq və Suriya ərazisində fəaliyyət göstərir.
Müsəlmanların bir – biri ilə döyüşəcəyi koalisiyaya daxil olan dövlətlərin bəziləri heç özlərini silahla təmin etmək gücündə deyil. Güclü ərəb dövlətlərin əksəriyyəti isə Avropanın və ABŞ-ın nəzarəti altında olan ölkələrdir. Həmçinin İŞİD-in və Yaxın Şərqdəki digər terror təşkilatlarının tərkibində döyüşənlərin əksəriyyəti ərəb ölkələrindən gəlmələrdir. Bəzi mənbələr həmin ərəb dövlətlərinin terror təşkilatlarını maliyyələşdirdiyi bildirirlər. İndi isə həmin dövlətlər koalisiya yaradıb, terror təşkilatlarına qarşı mübarizə aparmaq istəyirlər.
Həmçinin koalisiya Rusiyanın terrorçuluğa qarşı mübarizəni genişləndirdiyi bir vaxtda yaradılır. Bir müddət əvvəl Rusiya prezidenti Vladimir Putin müsəlman dövlətlərin rəhbərlərinə terrorçuluğa qarşı birləşməyi təklif etmişdi. Yəqin ki, Qərb bu təklifdən narahat olub. Nəzərə almaq lazımdır ki, bu koalisiyada Rusiyanın təsiri altında olan Mərkəzi Asiya dövlətləri yoxdur. Ona görə də, koalisiyanın bilavasitə Qərbin sifarişi əsasında yaradıldığı aydın görünür.