08:58
504
Məkkədə imzalanmış "Birgə Müdafiə Sazişi" yeni bir geosiyasi reallığı əks etdirir; bu reallıqda Yaxın Şərq və Cənubi Asiyanın regional nəhəngləri ABŞ-ın təhlükəsizlik zəmanətlərindən asılılığı azaltmağa və öz səyləri hesabına yeni güc balansı yaratmağa çalışırlar.
Xalqcebhesi.az xəbər verir ki, bunu gürcü eksperti Vasili Papava deyib.
Onun sözlərinə görə, Riyadın maliyyə resurslarını, Ankaranın hərbi-sənaye potensialını və İslamabadın nüvə statusunu vahid çətir altında birləşdirmək, ilk baxışdan, güclü bir çəkindirmə mexanizmi təşkil edir. İranla gərginləşən münaqişə və dəniz nəqliyyat arteriyalarının blokadaya alınması təhlükəsi fonunda bu pakt regionda çoxqütblü təhlükəsizlik arxitekturasının açıq şəkildə formalaşdığından xəbər verir.
"Bununla belə, bu ittifaqa qarşı şübhə ilə yanaşmaq üçün ciddi əsaslar mövcuddur; belə ki, sözügedən sənəd vahid hərbi bloku təmsil etməkdənsə, üzvlərin ziddiyyətli maraqlarını pərdələyir. Sazişdə avtomatik hərbi cavab tədbirləri üçün dəqiq mexanizmlərin nəzərdə tutulmaması belə bir sual doğurur: məsələn, Səudiyyə Ərəbistanının husilərin hücumlarına qarşı müdafiəsində birbaşa iştirak etmək Türkiyə və ya Pakistanın öz milli maraqlarına zidd olacağı təqdirdə, onların belə bir addım atması nə dərəcədə realdır?
Bundan əlavə, Ər-Riyadın Hindistanla sıx strateji və iqtisadi tərəfdaşlığı Pakistanın həyati mənafeləri ilə kökündən ziddiyyət təşkil edir. Nəhayət, "İslam NATO-su" barədə söhbətlər şişirdilib və Məkkə Sazişi effektiv hərbi alyansdan daha çox siyasi bəyanatı xatırladır. Hər bir iştirakçı öz məqsədlərini güdür:
Səudiyyə Ərəbistanı təhlükəsizlik təminatlarını şaxələndirməyə çalışır, Türkiyə öz təsir dairəsini və müdafiə sənayesi ixracını genişləndirir, Pakistan isə iqtisadi faydalar əldə etməyi gözləyir" - o, qeyd edib.
Papavanın fikrincə, müttəfiqlər böhranlara qarşı konkret reaksiya mexanizmləri yaratmadıqları və daxili geosiyasi fikir ayrılıqlarını aradan qaldırmadıqları təqdirdə, bu saziş kağız üzərində sadəcə bir çərçivə razılaşması olaraq qalacaq.
Cavid