Barak Obama Trampın “müsəlman qadağasını“ tənqid edib Dünya

Barak Obama Trampın “müsəlman qadağasını“ tənqid edib

Prezident Barak Obama qeyri-adi bir addım ataraq, ABŞ-da prezident seçkiləri kampaniyasına müdaxilə edib və Respublikaçılar Partiyasının prezidentliyə ehtimali namizədi, milyarder daşınmaz əmlak maqnatı Donald Trampı tənqidlərə məruz qoyub. Prezident Trampı müsəlmanların ABŞ-a gəlməsinə qadağa qoymaq haqda planını qınayıb və onun ritorikasının Birləşmiş Ştatları təhlükə qarşısında qoyduğunu deyib.
Orlando hücumu ilə bağlı Maliyyə Nazirliyində təhlükəsizlik müşavirləri ilə görüşəndən sonra prezident Obama Donald Trampın müsəlmanların ölkəyə daxil olmasına qadağa qoymaq planını tənqid edib. "Biz bütün müsəlmanlara eyni şəkildə baxaraq onların tələsinə düşsək, ya da bütöv bir dinlə müharibə apardığımızı düşünsək, o zaman biz terrorçuların işinə yardım etmiş olacağıq,"- deyə cənab Obama bildirib.
ABŞ prezidenti Trampın bazar günü Obama administrasiyası və Hillari Klintonu terrorçulara yardım edən siyasət yürütmək haqda ittihamlarına cavab verib. Obama deyib ki, bu kimi danışıqlar təhlükəlidir və ABŞ-ın mötədil müsəlmanların dəstəyini qazanmaq səylərini zərər vurur. "Respublikaçı rəsmilər həqiqətən də bununla razılaşırmı? Bizim istədiyimiz Amerika bu deyil. Bu, bizim demokratik ideallarımızı əks etdirmir. Bu, bizi daha təhlükəsiz etməyəcək, əksinə daha az təhlükəsiz edəcək."
Pensilvaniyada seçki kampaniyası aparan Hillari Klinton Trampı prezidentin terrorçuların tərəfini saxladığına dair iddialarına görə qınayıb. "Birləşmiş Ştatlar prezidentliyinə namizədin belə bir sözlər deməsi ağlasığmazdır." Tramp terrorizm "tarixi olan ölkələr"dən immiqrasiyaya son qoyacağını deyib. Tramp eyni zamanda Klintonu tənqid edib. "Hillari Klintonun fəlakətli immiqrasiya planı bu ölkəyə çox sayda radikal islamçının gəlməsinə gətirib çıxaracaq və bu, təkcə cəmiyyətimizi deyil, həyat tərzimizi də təhlükə altında qoyacaq,"- deyə o bildirib.
Trampın "müsəlmanlara qadağa" planı Nümayəndələr Palatasının spikeri Pol Rayn daxil olmaqla bəzi respublikaçılar da müqavimət göstərir. "Müsəlmanlar bizim tərəfdaşlarımızdır. Bu ölkə və dünyadakı müsəlmanların əksəriyyəti mötədildir. Onlar sülhpərvərdir, tolerantdır"- deyə Rayn bildirib. Təhlilçi Norm Ornstin deyir ki, Obama və Tramp arasında kəskin söz mübadiləsi ölkədə siyasi zəmində dərin fikir ayrılıqlarına işarə edir. "Hamıya aydınıdır ki, bizim siyasi sistem qütbləşib, qəbilə prinsipinə görə bölünüb. Və hər şeyi idarə edən də elə bu qəbilə kimliyidir, çünki müxtəlif qəbilələr bir-birlərini rəqib deyil, düşmən kimi görür."
Prezidentin seçki kampaniyasına müdaxilə etməsi onu göstərir ki, Tramp ümumi seçkilərdə iki rəqiblə üzləşə bilər - Demokrat partiyasının namizədi Hillari Klinton və onun müdafiəçisi olan Barak Obama.