ABŞ senatı Tillersonun dövlət katibi vəzifəsinə namizədliyini dəstəkləyib Dünya

ABŞ senatı Tillersonun dövlət katibi vəzifəsinə namizədliyini dəstəkləyib

ABŞ senatının xarici işlər üzrə komitəsi Rusiya ilə biznes əlaqələrinin olmasına görə narahatlığa baxmayaraq Exxon Mobil neft şirkətinin keçmiş rəhbəri Rex Tillersonun dövlət katibi vəzifəsinə namizədliyini dəstəkləyib. Səsvermə zamanı komitədə olan senatorların fikirləri partiya mənsubiyyəti üzrə fərqli olub, yəni 11 respublikaçı Tillersonun leyhinə, 10 demokrat senator isə əleyhinə səs verib. İndi Tillerson bu vəzifəyə təyin edilmək üçün bütün palatanın dəstəyini qazanmalıdır. Daha dəqiq o 100 səsdən azı 51-ni toplamalıdır.
Respublikaçılar senatda əksəriyyət, yəni 52 səsə malikdir. Bir neçə nüfuzlu respublikaçı, o cümlədən, senatorlar John Mccain, Lindsey Graham, Marco Rubio əvvəllər Tillersonun namizədliyini tənqid ediblər, lakin sonda onu dəstəkləmək qərarına gəliblər. Xarici işlər üzrə kabinetdə demokratik azlığın başçısı senator Ben Cardin əvvəllər qeyd edib ki, Tillersonun biznesə yanaşması dövlət katibi qismində onun işinə mənfi təsir göstərə bilər. Cardin, həmçinin Tillersonun Rusiya ilə münasibətindən narazıdır.
Plenar iclasda Tillersonun namizədliyi üzrə səsvermənin gələn həftədən tez olmayaraq baş tutması gözlənilir. Exxon Mobil-in başçısı olaraq Tillerson dəfələrlə Rusiyada olub, ölkə rəhbərliyi ilə əlaqə saxlayıb, hətta 2013-cu ildə Rusiya prezidentinin əlindən Xalqlar Dostluğu Ordenini alıb. Donald Trump Rex Tillersonu 2016-ci il dekabrın 13-də dövlət katibi vəzifəsinə namizəd elan edib. Yanvarın 11-də Tillerson nitq söyləyərkən, Rusiyanın təhlükə daşıdığını deyib, eyni zamanda Moskva ilə "təmiz və açıq" dialoqa çağırış edib.