Tramp “əsl kişi“ nümunəsini necə göstərir? Dünya

Tramp “əsl kişi“ nümunəsini necə göstərir?

"The Telegraph" qəzetinin müxbiri Guy Kelli ABŞ-ın yeni prezidenti Donald Trampın əl jestləri və vücud dilinə diqqət yetirib. Məqalədə deyilir ki, hətta əl jestləri də olmadan Trampın "əsl kişi" kimi görünmək niyyətindən xəbər verən əlamətlər var. Məsələn, elə onun ucaltdığı və öz adını daşıyan göydələnləri göstərmək olar. Müəllif belə bir xatırlama da verir ki, respublikaçı namizədlərin kampaniyası zamanı Tramp tez-tez "kişiliklə bağlı probleminin olmamasını" dilə gətirirdi.
Məqalədə deyilir ki, kişilər "kişiliyinə" görə alfa (güclü) və beta (zəif) adlı iki qrupa bölünür və Tramp birinci qrupa aid olduğunu daim vücud dili ilə vurğulamağa çalışır. Bunu onun sümük sındıran əltutmalarından tutmuş xanımı Melaniaya az qala allergik münasibət sərgiləməsindək bir çox hərəkətlərindən sezmək olar. Məsələn, ötən şənbə Tramp Palm Beacdə xanımı ilə görüşərkən Melania əlini ərinə uzatdı, o isə xanımının əlini bir neçə saniyə ovcunda saxladıqdan sonra o biri əli ilə onun əlinin üstünü döyəcləyib daş kimi əlindən buraxdı. Çünki Trampın nəzərində bir yerə gedərkən arvadı qabağa buraxmaq, onunla əl-ələ tutmaq beta kişilərin işidir. Prezident arvadının əlini yalnız özünə lazım olanda tutur.
Jurnalist belə bir məqama da diqqət yetirib ki, Tramp bəzən əlini adamların kürəyinə qoyub yüngülcə döyəcləməyi xoşlayır. Keelli yazır ki, Tramp adətən qalib gəldiyi adamlarla belə hərəkət edir. "Mitt Romneynin kürəyinə əl qoydu və ondan sonra Romneynin dövlət katibi olmaq arzusu gözündə qaldı".
Jurnalist yazır ki, Trampın əllə görüşləri kənardan çox cəfəng görünür. Məsələn, Mike Pencein əlini yüngülcə sıxır, amma Theresa Mayin əlini elə sıxır ki, sanki gücünü göstərmək istəyir. Hə, bir də Tramp əllə görüşəndən sonra, ayrılmazdan əvvəl həmsöhbətinin kürəyinə bir əl də vurur. O bunu, məsələn Hillari Klintonla etmişdi. Məqalədə deyilir ki, Trampın britaniyalı heyranlarından ifrat sağçı Nigel Farage "ağzının seliyi axa-axa" onu tərifləmək üçün diqqəti Trampın cüssəli qorilla kimi yanlarını basa-basa yeriməsinə çəkmişdi.
Guy Kelli yazır ki, cüssəli olmağına qorilla cüssəlidir, amma yeri gəlmişkən bu heyvanın erkək cinsi orqanı cüssəli bədəninə o qədər də mütənasib deyil. Bir də baş barmağını qaldırmaq jesti var Trampda, yəni "əla", "hər şey qaydasındadır" mənasında. Kelli yazır ki, fotolara diqqətlə baxdıqda Trampın baş barmağının çox gödək olduğu, axıradək açılmadığı və həddən ziyadə arxaya qanrıldığı diqqəti çəkir. Amma prezident bütün hallarda orta yaşlı kişilərə xas bu şux jesti sevir. "Yəni baxın ha, mənim də bütün böyük primatlar kimi güclü baş barmağım var" - yazır Kelli.