Şərqdə tarazlıq dəyişir Dünya

Şərqdə tarazlıq dəyişir

Donald Tramp prezident seçildikdən sonra Şərqdə diplomatik canlanma hiss edilib. Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl-Cübeyr Bağdada rəsmi səfər edib. Bu səfər bir çox mətləblərdən xəbər verir. 13 ildən sonra bir Səudiyyə naziri və 27 il sonra Səudiyyənin xarici işlər naziri İraqa səfər etdi. Bu tarixi bir hadisədir. Uzun müddətdir ki, Səudiyyə Ərəbistanı rəsmi Bağdadı İranla yaxın münasibətlərdə və sünnilərə qarşı ayrı-seçkilikdə günahlandırırdı. Bu ziyarət isə iki ölkə arasında yeni bir səhifənin açılması mənasına gəlir.
Səudiyyə Ərəbistanı xarici işlər naziri iraqlı həmkarı İbrahim əl-Cəfəri və İraqın baş naziri Heydər əl-İbadi ilə görüşüb. Görüşlərin əsas müzakirə mövzusunun terrora qarşı mübarizə olduğu bildirilir. Tərəflər bölgəni və dünyanı təhlükə altına alan terror və ideologiyaya qarşı birlikdə mübarizə aparacaqlarını vurğulayıblar. Cübeyr təxirə salınan bütün mövzuların gündəmə gələcəyini, qarşılıqlı səfərlərin artacağını və Cumeyme sərhəd qapısının açılacağını, təyyarə səfərlərini artıracağını bildirib. İraq tərəfi isə bu yaxınlarda müəyyən məsələləri müzakirə etmək üçün Ər-Riyada qonaq göndərəcəyini bildirib. Eyni zamanda, Səudiyyə Ərəbistanı Bağdada yeni səfir göndərəcəyini də qeyd edib.