“ABŞ FETÖ-nun yerinə başqa bir təşkilat yaratmağa çalışacaq” Dünya

“ABŞ FETÖ-nun yerinə başqa bir təşkilat yaratmağa çalışacaq”

Rusiyalı politoloq Aleksandr Duginin "Bəşəriyyətin ön cəbhəsi Avrasiya" adlı yeni kitabı bu ay oxuculara təqdim olunub.
Dugin yeni kitabında Türkiyə ilə bağlı bir sıra məsələlərə aydınlıq gətirib. Türkiyənin 18 fevral 1952-ci ildə başlayan NATO macərasının portretini cızıb.
Dugin, həmçinin ABŞ-ın Fəthullahçı Terror Təşkilatının (FETÖ) dağılacağını da qeyd edib. Ancaq onu da qeyd edib ki, ABŞ isə bu təşkilatın yerində başqa bir təşkilat yaratmağa cəhd edəcək. Bu baxımdan ABŞ gələcəkdə maraqlarına xidmət edən siyasi, geosiyasi və ya ictimai bir güc yaratmaq üçün hər hansı bir etnik, dini, mədəni və ya siyasi hərəkatdan istifadə edə bilər.
Dugin kitabında təşkilatın gələcəyini və ABŞ-ın ortaya qoyacağı potensial həmlələrə dair proqnozlarını belə təsvir edir: "FETÖ dağılacaq, ancaq yekun həll bu deyil. Çünki ABŞ Taliban və ya Əl-Qaidədən də istifadə etmişdi, ancaq bir müddət sonra bunlara investisiya qoymağı dayandırdılar. Bu təşkilatlar aşağı-yuxarı müstəqil hala gəldilər. Amma eyni zamanda terror təşkilatı olmağa və ətraflarındakı hər şeyi dağıtmağa davam etdilər. Amma məncə, İslam əsaslarına söykənən Gülən təşkilatının vəziyyətinə baxsaq, Türkiyədə tamamilə qadağan olunduğu üçün heç bir gələcəyi yoxdur. Türklərin dəstəyi olmadan bu təriqət getməz, var ola bilməz. ABŞ-ın dəstəyi də gələcəkdə mövcudluğunu təmin etmək üçün yetərli deyil. Başqa bir şey xəyal edəcəklər".
Dugin kitabın sonrakı hissələrində Türkiyədə baş verən 15 iyul dövlət çevrilişi cəhdinin yalnız Türkiyəni maraqlandıran bir siyasi məsələ olmadığını vurğulayıb: "Bu tamailə geosiyasi məsələdir. Çünki Ərdoğanı devirməyə və Türkiyədə vətəndaş müharibəsi törətməyə çalışan Fethullahçı terror təşkilatının arxasında çox böyük bir aktyor, çox ciddi geosiyasi güc vardı. Bu təkcə Türkiyənin daxili məsələsi deyildi. Bu hal yalnız bir siyasi qüvvənin digərini taxtdan etməyə çalışması da deyildi. Bunun arxasında geosiyasi hesablar vardı " deyib.
Mərkəzi ABŞ-da olan Fəthullahçı şəbəkənin arxasında MKİ agentlərinin olduğunu vurğulayan Duginə görə, sözügedən hərəkat ABŞ tərəfindən Ərdoğan hökumətinə qarşı edilən bir növ müharibə elanıdır. Bu vəziyyət Ərdoğan tərəfindən Fətullah Gülənin ekstradisiyası tələbi zamanı aydınlaşdı. Çünki sözügedən tələb ABŞ tərəfindən rədd edildi.
Duginə görə, "Bu geosiyasi çevriliş təşəbbüsü ilə ABŞ məmnun olmadığı Ərdoğandan xilas olmağı hədəf seçmişdi. Sonra da Ərdoğanı Amerikanın Yaxın Şərqdəki planlarını icra edəcək kuklasına çevirəcəkdi".